Rasim Musabəyov: “Bundan sonra Bakı və Ankaranın geosiyasi çəkisi daha da artacaq”
Bizi izləyin

Nida.az

Rasim Musabəyov: “Bundan sonra Bakı və Ankaranın geosiyasi çəkisi daha da artacaq”

“TANAP təkcə strateji qaz kəməri deyil, həm də Azərbaycanla Türkiyəni birləşdirən daha bir polad bağdır”.


Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.


Onun sözlərinə görə, Qarsda TANAP-ın təməlinin atılması Cənub Qaz Dəhlizi layihəsinin reallığa çevrilməsi deməkdir: “TANAP geosiyasi münasibətlər kontekstində Türkiyəni Rusiya qazının çatdırılmasından asılılığını azaldacaq. Eyni zamanda, Avropa bazarında hələlik o qədər də böyük görünməyən, lakin kifayət qədər əhəmiyyətli olan Azərbaycan – Türkiyə tandemini yaradacaq. TANAP həm də Azərbaycan və Türkiyəni bağlayan BTC və Bakı-Tiflis-Ərzurum kəmərləri, Bakı-Tiflis-Qars dəmiryolu şəbəkəsində daha bir polad bağ funksiyasını oynayacaq. Bu layihə Bakı və Ankaranın regionda və dünyada geosiyasi çəkisini artıracaq”.


R. Musabəyov layihənin maliyyə-iqtisadi aspektinə də diqqət çəkir. Onun sözlərinə görə, bu layihə həmçinin TAP daxili vəsaitlər hesabına həyata keçiriləcək: “Bu addım təhlükəsizlik baxımından səmərəlidir. Çünki İran təcrübəsi göstərdi ki, ehtiyatlarımızı Rusiya, yaxud Qərb maliyyə institutlarına həvalə etsək, bu, sonradan problemlərə gətirib çıxarır”.


Politoloq regionda yeni peyda olan “Türk axını” haqda da danışıb.


“Bu layihənin taleyi hələ ki qeyri-müəyyən olaraq qalır. Avropa “Türk axını”na inam bəsləmir. Digər tərəfdən, Ankara Rusiya ilə qiymət məsələsində razılaşmadığı üçün Qara dənizin öz iqtisadi zonasında kəşfiyyat işlərinə razılıq verməyə tələsmir. Ümumi proseslər çox ləng gedir. Lakin qaz kəmərlərinin rəqabətində bazara birinci çıxa bilmək çox əhəmiyyətlidir”, - deyə o qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm