“Türk axını” da tarixə qovuşur: Bütün ümidlər Bakıyadır
Bizi izləyin

Nida.az

“Türk axını” da tarixə qovuşur: Bütün ümidlər Bakıyadır

Türkiyənin “Aksion” jurnalı “Türk axını” layihəsinin gerçək olmadığı fikrini müdafiə edən məqalə dərc edib.

Publika.az xəbər verir ki, “Türk axını gerçək deyil” başlıqlı məqalədə Ukraynanın Türkiyədəki səfirinin fikirlərinə əsaslanaraq, TANAP-ın “Türk axını” ilə müqayisədə real layihə olduğu deyilir.


Səfir Sergey Korsunski ləğv olunan “Cənub axını” layihəsinin əvəzinə Rusiya tərəfindən irəli sürülən “Türk axını” layihəsinin real olmadığına əmindir.

“Rusiya Avropada hansısa qrupların köməyi ilə bu təbliğatı aparır və layihədən nifaq salmaq üçün istifadə edir”, - deyə səfir qeyd edib.


Ekspertlər “Cənub axını”nın ləğvindən sonra Ukraynadan yan keçərək Avropaya təbii qazın çatdırılması üçün Türkiyənin də iştirakı ilə irəli sürülən “Türk axını” layihəsinə Moskvanın düşdüyü vəziyyətdə özünə dəstək axtarmaq cəhdi kimi baxırlar.

Səfir Korsunskiyə görə, bu layihə siyasi rüşvət kimidir. Onun fikrincə, “Türk axını”nı reallaşdırmaq Rusiya üçün olduqca çətindir. Səfir layihənin həddindən artıq bahalı olduğuna da diqqət çəkir: “Türkiyənin Avropa ərazisində qazı sualtı boru kəməri vasitəsilə almağa və Yunanıstan sərhədinə çatdırmağa imkan verən infrastrukturu yoxdur. Bundan başqa, boru kəmərinin keçəcəyi ərazilərin alınması da çox bahalı olacaq. Həmçinin, proqnozlaşdırılan ölçüdə boru kəmərinin tikintisi və qazın saxlanılması üçün lazım olan texnologiya da yoxdur”.


Səfir layihənin reallaşmasının qarşısını alan digər çətinlikləri də sadalayıb.

“Bu layihənin gücünün ildə ən azı 50 milyard kubmetr təşkil edəcəyi güman edilir. Tutaq ki, boru kəməri tikildi, bəs sonra necə olacaq? Qaz Yunanıstanla sərhədə çatdırılsa da, onu Avropanın digər yerlərinə aparacaq kəmərlər yoxdur. Bu şəraitdə 50 kubmetr qazı saxlamaq üçün anbarlar lazımdır. Hansı ki, belə anbarların tikintisi də külli miqdarda vəsait tələb edir. Bu vəsaiti kim xərcləyəcək? Digər tərəfdən, 50 milyard kubmetr qaza ehtiyac da yoxdur. Hətta Balkanlar da daxil olmaqla Cənubi Avropanın qaz ehtiyacı bu rəqəmdən aşağıdır. Hesab edirəm ki, Rusiya “Türk axını” layihəsini daha çox siyasi investisiya olaraq ortaya atır. “Cənub axını” da siyasi investisiya idi. Ruslar bundan imtina etmələrinə səbəb kimi Avropa Birliyinin üçüncü enerji paketini göstərdilər. Lakin bu həqiqətə uyğun deyil”, - deyə o vurğulayıb.


Səfirin fikrincə, “Türk axını” layihəsinin reallaşması ehtimalı sıfıra bərabərdir. Onun sözlərinə görə, bu layihə Türkiyəyə xeyirdən çox, ziyan vurur.


Maraqlıdır, bəs nə üçün təhlükəli və iqtisadi baxımdan qeyri-mümkün olan bir layihəyə Türkiyə imza atır?

Cənab Korsunski hesab edir ki, bu təklif Rusiyadan gəlib. Belə ki, Moskva Ankaraya belə bir təklif verib. Qarşı tərəf də “əgər xərcləri öz üzərinə götürəcəksənsə, problem deyil” deyə cavab verib. Yəni məsuliyyət Türkiyənin üzərinə düşmürsə, Ankara Moskvaya etiraz edərək düşmən qazanmaq istəməyib.

Bununla yanaşı, Türkiyə dəfələrlə TANAP-ın əhəmiyyətini qeyd edib və türkmən qazının bu kəmərə qoşulması ehtimalından heç vaxt imtina etməyib.


“Azərbaycan Rusiya deyil və Türkiyə bunu yaxşı bilir. Əgər sən Rusiyadan 60 faiz qaz alırsansa, deməli təhlükədəsən. Əgər bu rəqəm 75 faizdirsə, deməli tamamilə rusların əlindəsən. Biz Ukraynanın təcrübəsində bunu yaşadıq. Ankara bunu anlayır və onlara ən yaxın müttəfiq olan Bakı heç vaxt belə hərəkət etməyəcək. Bu TANAP-ın daha sərfəli və real olmasına daha bir səbəbdir. Hazırda isə Türkiyə ehtiyatlı davranır. Hətta Krım tatarlarına qarşı rusların etdiklərinə də göz yumur. Səbəb çox sadədir. Türkiyə Rusiyadan enerji idxal edir və hər şey Azərbaycan və Türkmənistan qazının borulara vurulmasına qədər davam edəcək. Ondan sonra isə vəziyyət dəyişəcək”, - deyə səfir vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm