İsmayıl Alper Coşqun: "Azərbaycan müzakirəsiz G20-yə dəvət edildi"
Bizi izləyin

Nida.az

İsmayıl Alper Coşqun: "Azərbaycan müzakirəsiz G20-yə dəvət edildi"

"Azərbaycanın G 20-də iştirakı ölkə iqtisadiyyatının səviyyəsinin göstəricisidir".

Bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun Trend-ə açıqlamasında bildirib.

Səfir qeyd edib ki, Türkiyə Azərbaycanın tədbirə dəvət edilməsi üçün hər hansı müzakirə aparmayıb: “Türkiyənin G 20-yə bir ölkə dəvət etmək hüququna malik olduğu bilinən andan ağla ilk olaraq Azərbaycan gəldi. Adətən hər hansı bir ölkənin seçilməsi üçün Türkiyədəki qurumlar arasında müəyyən müzakirələr aparılırdı. Bu dəfə isə Azərbaycan heç bir müzakirəsiz G20-yə dəvət edildi, əslində elə ortaq qənaət də bunu zəruri edirdi. Bu da məni Türkiyənin Azərbaycandakı səfiri olaraq çox sevindirdi”.

Onun sözlərinə görə, Azərbaycanın müzakirəsiz olaraq G 20-yə dəvət alması bu ölkənin Türkiyədə bütün səviyyələrdə yüksək yerdə olmasının göstəricisidir. Bütün bunlarla yanaşı, Azərbaycanın G 20-də iştirakı ölkənin səviyyəsinin və Türkiyənin ondan güc ala biləcəyinin sübutudur.

Diplomat bildirib ki, G 20-də iştirakı Azərbaycanın Türkiyə ilə ikitərəfli, eyni zamanda, Gürcüstan da daxil olmaqla, üçtərəfli iş birliyi (həyata keçirilən bütün iqtisadi layihələr nəzərə alınmaqla) çərçivəsində region və dünya iqtisadiyyatına təsir edə bilən ölkə olduğunu göstərir: “Türkiyə məhz bu prinsipdən çıxış edərək G 20 zirvəsində Azərbaycanla birgə hərəkət etmək istəyir. Rəsmi Bakının iştirakı Türkiyə və Azərbaycanın iqtisadi layihələrinin dünyaya hansı töhfələri verə bilməsi ilə yanaşı, G 20 toplantısında yeni ideyaların ortaya qoyulmasına da təkan verəcək. Buna görə də bütün bunların həm Türkiyə, həm Azərbaycan, eyni zamanda, G 20 ölkələri üçün də müsbət nəticə verəcəyinə ümid edirik”.

İ.Coşqun qeyd edib ki, Türkiyənin G 20-yə başçılıq etməsi həm məsuliyyətli, həm də qürurvericidir və Türkiyə G 20-də sədrliyə başlamadan əvvəl “üçlük” çərçivəsində hazırlıqlar aparırdı: “Sammitlə bağlı prioritetlərimizi həm G20-nin verdiyi imkanları, həm də dünyadakı əsas problemləri nəzərə alaraq hazırladıq. Türkiyə tərəfindən üç əsas prioritet müəyyən edildi. Bunlardan birincisi, əhatəlilik prinsipidir. Yəni dünya miqyasında inkişaf səylərinin, gəlirlərin bərabərliyinin təşkil olunması, xüsusən də qadınların və gənclərin iqtisadi yüksəliş prosesindən kənarda qalmamasını hədəfləyirik. Türkiyə bunu həm inandığı üçün, həm də etik prinsiplərə əsaslanaraq gündəmə gətirib. Digər tərəfdən, qadınların və gənclərin iqtisadi inkişaf prosesinə inteqrasiya edilmədiyi təqdirdə iqtisadiyyatın güclü və davamlı olmayacağına inanırıq”.

Səfir ikinci prioritetin sadalananların tətbiq edilməsi olduğunu açıqlayıb: “Dolayısı ilə, zirvə toplantısında qəbul ediləcək qərarların həyata keçirilməsi üçün daha effektiv fəaliyyət göstərilməlidir. Üçüncüsü isə, investisiya məsələsidir. Xüsusən də infrastrukturlara yönəlmiş investisiyalar iqtisadiyyatın təməlini təşkil edir. Buna misal olaraq Azərbaycanı göstərmək olar. Məhz bu ölkədə infrastrukturlara böyük investisiyalar yatırılır və bundan sonra iqtisadiyyatın şaxələndirilməsi davam etdirilir. Bu təcrübənin beynəlxalq səviyyədə tətbiqi üçün bu bəndi prioritetlərimizə əlavə etdik”.

Diplomatın sözlərinə görə, bütün bunlara yanaşı, bəzi tematik prioritetlər də var, bunlardan biri də kiçik və orta biznesin və sahibkarlığın dəstəklənməsidir: “Təbii ki, bütün bunları bir qədər də Türkiyə təcrübəsinə əsaslanaraq həyata keçirməyi düşünürük”.


Səfir onu da qeyd edib ki, Türkiyənin G20-yə rəhbərliyi çərçivəsində bu ilin 15-16 noyabr tarixlərində Antalyada G20 Sammiti təşkil ediləcək və Azərbaycan bu tədbirdə prezident səviyyəsində təmsil olunacaq. Onun sözlərinə görə, bu toplantıya qədər G20-yə üzv ölkələrin XİN rəhbərlərinin, maliyyə nazirlərinin və mərkəzi bank sədrlərinin iclası, eləcə də ilk dəfə olaraq G20 çərçivəsində energetika nazirlərinin görüşü təşkil olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm