Türkiyənin Uşak vilayətində Xocalı soyqırımına həsr olunmuş abidə açıldı
Bizi izləyin

Nida.az

Türkiyənin Uşak vilayətində Xocalı soyqırımına həsr olunmuş abidə açıldı

Türkiyənin Egey bölgəsindəki Uşak şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilib.

Türkiyənin Egey bölgəsindəki Uşak şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilib.Mərasimdə əvvəlcə Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənmiş, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Uşak müftisi Xocalı qurbanlarının ruhuna dualar oxuyub.Mərasimi açan Uşak bələdiyyəsinin sədri Əli Ərdoğan bildirib ki, onun rəhbərlik etdiyi bələdiyyə məclisi Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılması haqqında qərar qəbul etmiş və şəhərin ən görkəmli yerində möhtəşəm heykəl qoyulmuşdur. O vurğulamışdır ki, Xocalı qətliamı Türkiyənin də faciəsidir və türk xalqı azərbaycanlı qardaşlarının sevincini paylaşdığı kimi, kədərini də bölüşür.

Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov çıxışında demişdir ki, bu möhtəşəm abidə ulu öndərlərimiz Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamlarına uyğun olaraq, sevincini və kədərini paylaşan, bir millət, iki dövlət olan Türkiyə və Azərbaycanın həmrəyliyinin daha bir rəmzidir.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev mərasim iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Ərəstun Mehdiyev bu möhtəşəm abidənin ucaldılmasına görə Azərbaycan xalqı və dövləti adından Türkiyə xalqına, Uşak bələdiyyəsinə təşəkkürünü bildirib.

Abidənin müəllifi Mert Kılınç bu abidənin Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin rəmzi olmasından məmnunluğunu ifadə edib. O, belə abidələrin başqa şəhərlərdə də ucaldılmasının zəruriliyini vurğulayıb.

Sonra abidənin üzərindəki örtük götürülüb.Mərasim iştirakçıları ətrafdakı parkda Xocalı soyqırımı ilə bağlı təşkil edilmiş fotosərgiyə baxıb.Mərasimdən sonra Uşak Universitetində "Xocalını unutma!" mövzusunda seminar keçirilib.

Uşak Universitetinin rektoru, professor Sait Çelik seminarı açaraq bildirib ki, hər il universitetdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılır. O, Azərbaycanda gedən sürətli inkişaf proseslərini qürurla izlədiklərini söyləyib.

Xocalı soyqırımı haqqında məlumat verən Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov bildirmişdir ki, Türkiyənin müxtəlif şəhərlərində, o cümlədən Uşakda hər il anım mərasimlərinin keçirilməsi bizi keçmişimizi unutmamağa çağırır. O, Türkiyədə təhsil alan gənclərə müraciətlə bildirmişdir ki, gələcəkdə millətimizin başına bu cür müsibətlərin gəlməməsi üçün onlar layiqli vətəndaş olmalı və yaxşı təhsil almalıdırlar.

Seminarda çıxış edən Ərəstun Mehdiyev qeyd edib ki, bu gün Azərbaycanın ən faciəli gününü əks etdirən möhtəşəm bir abidənin açılışında iştirak etdik. Bu soyqırımı müstəqillik yoluna qədəm qoymuş Azərbaycana, eləcə də bütün türk dünyasına qarşı yönəlmiş bir cinayət idi. Bu gün də Türkiyə və Azərbaycana qarşı müəyyən mərkəzlərdən fitnəkar hərəkətlər davam edir. Həmin ağır gün dinc əhalini qətlə yetirən erməni cəlladları özlərini məzlum xalq kimi təqdim edərək saxta iddialarla Türkiyəni 1915-ci ildə "soyqırımı" törətməkdə ittiham edirlər. Bəzi beynəlxalq qüvvələr onların bu fitnə-fəsadından türklərə qarşı istifadə etmək istəyirlər. Bu hadisələrin araşdırılması və gələcək nəsillərə obyektiv şəkildə çatdırılmasında universitetlərin üzərinə böyük vəzifələr düşür.

Milli Məclisin deputatı Aqil Abbas və Türkiyədəki Azərbaycanlıların Mədəniyyət və Təhsil Vəqfinin sədri Erol Göllü Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və Anadoluda erməni quldur dəstələrinin törətdikləri qətliamlardan bəhs ediblər.Seminar iştirakçıları Xocalı soyqırımından bəhs edən sənədli filmə baxmışlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm