“Bu əməkdaşlıq İrəvanın iddialarını dəf edəcək”
Bizi izləyin

Nida.az

“Bu əməkdaşlıq İrəvanın iddialarını dəf edəcək”

“Bakı, Tiflis və Ankara hərbi əməkdaşlığı inkişaf etdirir. Lakin bu yalnız regionda sabitliyi və təhlükəsizliyi möhkəmləndirəcək”.

Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, üçtərəfli əməkdaşlıq formatı hər ay daha da güclənir: “Ənənəvi əlaqələr hazırda geniş miqyaslı layihələrlə tamamlanır. “Bakı-Tiflis-Ceyhan” neft kəməri, “Bakı-Ərzurum” qaz kəməri mövcuddur, hazırda isə “Cənub qaz dəhlizi” layihəsi həyata keçirilir. Bu günlərdə Qarsda üç dövlətin liderləri TANAP-ın təməlini atdı. Tezliklə Bakı-Tiflis-Qars dəmir yolu istifadəyə veriləcək. Bununla yanaşı, üçtərəfli siyasi əlaqələr də xüsusi qeyd olunmalıdır. Ötən il və cari ildə prezidentlər, xarici işlər nazirləri, iqtisadiyyat, FHN nazirləri, parlamentlər, müdafiə nazirləri görüşüb. Bu gün Azərbaycan müdafiə naziri Zakir Həsənov Tiflisdə Gürcüstan və Türkiyədən olan həmkarları ilə bir araya gəlir. Buna qədər boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı üçtərəfli hərbi əməkdaşlıq var idi. Görünür, bu əməkdaşlıq daha geniş spektrə keçir”.

R. Musabəyov qeyd edib ki, bu, hərbi ittifaq deyil və xarici təhlükəyə qarşı yönəlməyib: “Tutaq ki, üç ölkənin hansınasa kənar təcavüz olarkən buna qarşı iştirakı nəzərdə tutmur. Lakin belə əməkdaşlığın təxribatlara qarşı güclü təsir edəcəyi bir faktdır. Hansı ki, bu gün regionda Ermənistan kimi təcavüzkar təhlükə mövcuddur. Rusiyanın himayəsi ilə bu ölkə Azərbaycana qarşı hərbi təcavüz edib və separatizmi inkişaf etdirir. Eyni zamanda, Gürcüstan və Türkiyəyə qarşı da ərazi iddiaları ilə çıxış edir”.

Politoloq hesab edir ki, Bakı-Tiflis-Ankaranın üçtərəfli əməkdaşlığı regionda dağıdıcı ambisiyaları cilovlaya və xüsusilə Cənubi Qafqazda sabitlik və təhlükəsizliyinin təminatçısı ola bilər.

“Vaşinqton da bunda maraqlıdır və hazırda regional təhlükəsizliyi qoruyacaq ittifaqın formal əsası var. Türkiyə NATO-nun üzvü olaraq Amerika ilə ikitərəfli təhlükəsizlik haqda müqaviləyə malikdir. Gürcüstan da yaxın vaxtlarda Konqres tərəfindən NATO-nun müttəfiqi elan edildi”, - deyə R. Musabəyov vurğulayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm