BMT təmsilçisinin ayaqqabısına vurulan Qarabağ düyünü və ya gəlib çıxmayan gələcək
Bizi izləyin

Nida.az

BMT təmsilçisinin ayaqqabısına vurulan Qarabağ düyünü və ya gəlib çıxmayan gələcək

22 il öncə: İrəvanın “Zvarnots” aeroportunda təyyarəyə doğru addımlayan BMT təmsilçisinin ayaqqabısının bağı açılır. Onu yola salan erməni diplomatlardan biri tərəddüd etmədən dizini yerə qoyur və açılmış bağlara düyün vurur.


Martın 24-ü Dağlıq Qarabağ münaqişəsinin həlli üçün fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun yaradılmasının 23-cü ildönümü idi.
Bu il də “yubiley” keçirən institut geridə qalan müddətdə nəticəsiz fəaliyyəti ilə yaddaşlarda özünə yer edib. Ümumiyyətlə, münaqişələrin həll olunmaması təcrübəsində sülhə nail olmaq üçün vasitəçilik missiyası mövcuddur. Lakin belə missiyalar müəyyən müddətə nəyəsə nail ola bilmədiklərində ya dəyişdirilir, ya da ləğv edilir. Minsk qrupunun vasitəçilik missiyası isə 23 illik nəticəsiz fəaliyyətinə rəğmən, hələ də münaqişə ətrafında “dolaşır”.


Çağırılmayan Minsk konfransı – bizə qalan nə oldu?


1992-ci ildə artıq gərginlik müstəvisinə keçən Dağlıq Qarabağ müharibəsinin region üçün real təhlükə yaratdığını nəzərə alan beynəlxalq birlik münaqişənin həlli məqsədilə nə isə etməyin vacibliyini anladı. Bunun üçün ATƏM (1994-cü ilin dekabr ayında Budapeşt sammitində ATƏM-in təşkilati strukturu təkmilləşərək ATƏT-ə çevrildi – red.) vasitəçiliyi seçildi. Çünki Azərbaycan və Ermənistan həmin ilin yanvarında quruma üzv seçilmişdi.


Həmin ilin fevral ayının 2-də quruma sədrlik edən Çexoslovakiya prezidenti dəftərxanasının müdiri Karel fon Şvartsenberqin başçılıq etdiyi nümayəndə heyəti münaqişə haqqında məlumat toplamaq üçün regiona gəldi. Bir həftə çəkən səfər çərçivəsində nümayəndə heyəti Bakıda, İrəvanda və Xankəndidə olaraq topladıqları məlumatı martın 1-də Praqada keçirilən konfransa təqdim etdi. Həmin vaxt ermənilərin Xocalıda soyqırımı törətməsinə baxmayaraq, qurum münaqişə ilə bağlı formal bəyanat qəbul etdi. ATƏT-in Dağlıq Qarabağla bağlı ilk təcili iclası isə martın 13-də Helsinki qurumunun Daimi Şurası tərəfindən keçirildi. 11 günlük müzakirələrdən sonra martın 24-də münaqişənin nizamlanması üçün vasitəçilik formatı müəyyənləşdirildi.

Bu məqsədlə yaradılan işçi qrupunun tərkibi ATƏT-ə sədrlik edən cari, ötənilki və növbəti ölkələrdən ibarət üçlüyü təmsil edən Almaniya, Çexoslovakiya və İsveç, o cümlədən münaqişənin həllində maraqlı olan 5 dövlət - Rusiya, ABŞ, Fransa, Türkiyə və İtaliyadan ibarət idi. İclasda qəbul edilən qərara əsasən, işçi qrupu Azərbaycan və Ermənistan arasında sülh yollarını araşdırmalı, sülhə nail olmaq üçün münaqişə tərəfləri ilə müzakirələr aparmalı, müzakirələrin nəticələri ilə bağlı Belarusun paytaxtı Minskdə sülh konfransı çağırmalı idi. Həmin vaxt konfransa ev sahibliyi edən Belarus da qrupa daxil idi. Minsk qrupuna üzv dövlətlərin ümumi sayı isə 9 idi. Lakin sonradan Minskdə konfransın çağırılması reallaşmadı. Bununla da Belarusun işçi qrupundakı missiyası qüvvədən düşdü, lakin Minsk şəhəri Dağlıq Qarabağ münaqişəsi tarixində vasitəçilik missiyasını yerinə yetirən qrupun adını daşıdı.

Belarusun qrupdakı fəaliyyəti dayandıqdan sonra, Minsk qrupunun tərkibində yenidən dəyişiklik baş verdi. Belə ki, 1993-cü ildə Çexoslovakiyanın Çexiya və Slovakiyaya bölünməsi ilə qrupa üzv dövlətlərin sayı 10 oldu. Münaqişənin həlli üzrə vəziyyətə isə daha çox 5 dövlət - ABŞ, Rusiya, Türkiyə, Fransa və Almaniya nəzarət edirdi və bu ölkələrin hər birinin münaqişə üzrə xüsusi nümayəndəsi fəaliyyət göstərirdi.


Kazimirovun “keçi inadı”


1996-cı ilə kimi iki həmsədr formatı olan Minsk qrupunda Rusiyanın təsiri daha çox idi. Bunu həmsədrlərin dəyişilməsi prosesi də göstərir. 1993-1996-cı ilə kimi Rusiyadan olan həmsədr Vladimir Kazimirov Avropa dövlətləri olan İtaliya, Macarıstan, Finlandiya, İsveç diplomatlarını yola sala bilmişdi. 1996-cı ilin dekabrında ATƏT-in Lissabon sammitində Minsk qrupunda sabit həmsədrlik institutu yaradılması qərara alındı. Rusiya yenə həmsədrlik postunu saxladı. Münaqişə tərəfləri olan Ermənistan həmsədrlik üçün Fransanı, Azərbaycan isə əvvəlcə Almaniyanı, daha sonra Amerikanı təklif etdi. Azərbaycanın irəli sürdüyü namizədlərdən hansının bu posta gəlməsi üzərində iki aya yaxın bir vaxtda müzakirələr aparıldı. Nəhayət, 1997-ci il fevralın 27-də Minsk qrupunda Rusiya, Fransa və ABŞ həmsədr dövlətləri olaraq fəaliyyətə başladılar.


“Paket”, “Mərhələli”, “Ümumi” - Ter-Petrosyan niyə devrildi?


Minsk qrupunun fəaliyyəti münaqişənin həllinə ciddi töhfə verməsə də, problemin həlli üçün bir sıra təkliflərlə çıxış edib.


1997-1998-ci illərdə Minsk qrupu münaqişə tərəflərinə üç konkret sənəd -“paket həlli”, “mərhələli həll” və “ümumi dövlət” planlarını təklif edib. Lakin bu təkliflər səmərəsiz qaldı. Çünki ilk iki təklifi Ermənistan, üçüncü təklifi isə Azərbaycan qəbul etməkdən imtina etdi. Əslində, Ermənistan tərəfi “mərhələli” həll təklifinə yaxınlaşmışdı. 1997-ci ildə Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan birinci mərhələdə Dağlıq Qarabağ ətrafındakı 6 rayonun azad olunması, ikinci mərhələdə Dağlıq Qarabağın statusu, sonda isə Laçın dəhlizinin aqibətinin həll olunmasına razılaşmışdı. Lakin bu razılıq onun prezident postunu itirməsi ilə nəticələndi. Bununla ermənilər münaqişənin həll olunmaması üçün hər şeyə hazır olduqlarını göstərdilər.


BMT təmsilçisinin ayaqqabısına vurulan düyün


1993-cü ilin 18 mart tarixində BMT baş katibinin xüsusi nümayəndəsi Sayrus Vensin Qarabağ münaqişəsi ilə tanış olmaq üçün regiona səfəri zamanı müşahidə olunanlar diqqət çəkirdi. Həmin vaxt İrəvanın “Zvarnots” aeroportunda BMT təmsilçisinin ayaqqabısının bağının açıldığını görən erməni diplomatlardan biri dizini yerə qoyaraq onu bağlayır. Bununla da onlar bütün vasitələrlə, istər yaltaqlıq, istər şantaj və digər yollarla Dağlıq Qarabağ münaqişəsinə düyün vurmaqda idilər.


1992-ci ildən etibarən, beynəlxalq birliyin Minsk qrupu simasında Dağlıq Qarabağ münaqişəsində sülhə nail olmaq istiqamətindəki fəaliyyəti nəticəsiz başa vurulub. Həmsədrlərsə regiona adətən “kabab yemək” üçün gəlirlər. Yeri gəlmişkən, yubiley tarixi ilə bağlı həmsədrlər iki gün öncə Vyanada hesabat verib. Amerikalı həmsədr Ceyms Uorlikin fikrincə, müzakirələr müsbət keçib və gələcəkdə atılan addımlar müəyyənləşib. Lakin haqqında danışılan gələcək hələ də gəlib çıxmır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm