Lozannada bitən qorxu: İrana pəncərə Bakıdan açılır - TƏHLİL
Bizi izləyin

Nida.az

Lozannada bitən qorxu: İrana pəncərə Bakıdan açılır - TƏHLİL

Uzun illər dünyanı gərginlikdə saxlayan İran problemi həll olundu. Tehranla “5+1” qrupu arasında keçirilən nüvə müzakirələrində ilkin razılıq əldə olundu.

Tərəflər uranın zənginləşdirməsi üzrə proqramın 10 il müddətində izlənilməsi barədə razılaşdı: İranın zənginləşdirdiyi uran azaldılacaq, yaxud da başqa bir ölkəyə göndəriləcək. Daha sonra ölkəyə qaytarılaraq enerji istehsalında istifadə olunacaq. Yəni, İran nüvə bombası istehsal edə bilməyəcək. Bu razılaşma bütün dünya, eləcə də ABŞ-İran qarşıdurmasına görə haqlı narahatlıqlar yaşayan Bakı üçün yaxşı xəbərdir. Baxmayaraq ki, Azərbaycan qonşusu İrana ona qarşı hansısa hücumda müstəvi olmayacağını başa sala bilmişdi və ikitərəfli münasibətlər düz yola çıxmışdı. Amma bütün hallarda son görüşün nəticələri regionun təhlükəsizliyinə zəmanəti gücləndirdi.

Lozannanın şahidliyi

Hər şeydən öncə razılığın əldə olunduğu Lozanna diqqət çəkir. Bu şəhər tarixdə növbəti mühüm hadisəyə şahidlik etdi. Osmanlı imperiyasının 1923-cü ildə dünya xəritəsindən ləğvinin rəsmən təsdiqləndiyi Lozannada farsların imperiyası çökdürülməsə də, 1979-cu il inqilabından sonra İran üzərində qələbə çalındı. Dünyanın “pul kisəsi” olan kiçik bir ölkədə Qərbin Şərq üzərində daha bir qələbəsinə imza atıldı. Hərçənd, bunun “Bəyaz sarayda” oturan Ərdoğanın yeni osmanizminə qarşı tuşlandığını da hesab etmək olar. Yəni Qərb bir güllə ilə iki hədəfi vurur. Bu haqda bir az sonra.

Qorxu, Qərbin “barıtı” və xoflu manşetlər

İranla anlaşma, daha doğrusu Tehranın nüvə silahı istehsal etmək cəhdlərindən imtina dünyaya, eləcə də regiona sülh gətirə bilər. Vaşinqtondan regiona gələcək sülhün hansı rəngdə olacağı şübhəli olsa da, ilkin razılaşma ürəklərdəki qorxunu arxa plana keçirir.

Bu qorxu hələ 12 il öncə virus kimi yayıldı. Təbii ki, Qərb mətbuatının formalaşdırdığı ictimai rəy “barıtı” bir qədər artıq etmişdi. Lakin sakit Azərbaycanda stabil həyata təhdidlərə qədər bir çox iddiaların gündəmə gəlməsi bizə də təsir etməyə bilməzdi. “III Dünya müharibəsi Azərbaycan sərhədlərində başlayır” tipli atılan manşetləri, yəqin ki, unutmamışıq.

İranın nüvə iddiaları necə başladı, necə bitdi?

İran 1968-ci ildə Atom enerjisi üzrə beynəlxalq agentliklə (MAQATE) imzaladığı müqavilədə nüvə silahının yayılmaması haqda razılığa gəlib. O vaxtdan Tehran öhdəliklərinə əməl edib, hətta İslam inqilabı dövründə belə bu şərtlər pozulmayıb. Lakin hər şey 2002-ci ildə dəyişdi. İran Buşehir Atom Elektrik Stansiyasının (AES) bərpasına start verdi. Daha sonra Natanz və Araqda nüvə obyektlərinin olduğu xəbəri yayıldı. Vaşinqton Tehranı kütləvi ölüm silahını hazırlamaqda ittiham etdi. İran MAGATE inspektorlarını ölkəyə buraxmadı.

2003-2004-cü illərdə məsələ ilə bağlı danışıqların ilk raunduna start verildi.
Böyük Britaniya, Almaniya və Fransa İrana nüvə proqramı ilə bağlı danışıqlara başlamaq haqda müraciət etdi. Üç ölkə xarici işlər nazirlərini Tehrana göndərdi və ilk razılıq əldə olundu. Razılığa görə, MAGATE ekspertləri nüvə obyektlərini yoxlaya biləcəkdi. 2004-cü ildə üç ölkə ilə İranın imzaladığı razılıqla uranın zənginləşdirilməsi proqramının dayandırıldığı elan olundu.

Bu razılığın müddəti cəmi bir il çəkdi. 2005-ci ilin iyununda keçirilən prezident seçkilərində Mahmud Əhmədinejat qələbə çaldı və İranın siyasi manevrlərində ciddi dəyişiklik baş verdi. Seçkidən cəmi iki ay sonra İsfahandakı zavodda uranın zənginləşdirilməsi prosesi yeniləndi. BMT və MAGATE səviyyəsində yoxlamalar yenidən başladı və dünya birliyi uranın zənginləşdirilməsi prosesinə son verilməsi tələbi ilə çıxış etdi. Tehran bunu qanunsuz adlandırdı və dünyanı qorxuda saxlayan “müharibə” ehtimalı gündəmə gəldi. 2007-ci ildə İrana ilk iqtisadi sanksiyalar tətbiq olundu. Lakin Tehran dediyindən dönmədi və Əhmədinejat nüvə bombası hazırlamağa yetəcək qədər uran zəngiləşdirdiklərini açıqladı.

2008-ci ildə ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya, həmçinin Almaniya yeni danışıqlar üçün “5+1” formatını formalaşdırdı. Bu vaxt artıq İran İsfahanda nüvə yanacağının istehsalı üzrə birinci zavodu açmışdı. Danışıqlar 2009-cu ildə yeniləndi. Beynəlxalq diplomatiya İrana xaricdə az zənginləşdirilmiş uranın istehsalı haqda müqaviləni təklif etdi. Tehran radioaktiv xammalı öz hüdudlarından kənara çıxarmaqdan imtina etdi və 2010-cu ildə uranın 20 faiz qədər zənginləşdirildiyini açıqladı. 2011-2012-ci illər dünya birliyinin İrana qarşı kəskin sanksiyalarının başladığı dövr olaraq tarixə düşdü. İran embarqolara rəğmən, uranın zənginləşdirilməsini sürətləndirdi.

Hər şey 2013-cü ildə hökumət dəyişikliyinə qədər davam etdi. Özünü Şərqin yeni lideri hesab edən Əhmədinejatı daha liberal Həsən Ruhani əvəz etdi və qorxunun yerini ümidlər aldı. Ruhani dərhal danışıqlara başladı. Onun 1979-cu ildən sonra ilk dəfə İran lideri olaraq Obama ilə telefon danışığı 35 illik “həsrətə” son qoydu. Bu, üç onillikdən sonra ilk rəsmi təmas idi. İran MAGATE-nin yoxlamaları üçün qapılarını açdı. Ardınca davam edən istiləşmə dünənki razılıqla başa çatdı. Yekun razılaşma üçün son tarix 30 iyul təyin olundu.

Qorxunun yerini ümidlər aldı: qurbanlar kim olacaq?

Bu razılığı Rusiyaya qarşı hesab edənlər var. Hərçənd ki, son üç ildə yarısı gizli, yarısı açıq olmaqla yüksək səviyyəli danışıqlar aparılıb və mənfi, yaxud müsbət olmasından asılı olmayaraq, nəticə olmalı idi. Bu baxımdan, razılığın kiməsə qarşı olduğu yox, baş verən geosiyasi proseslərə necə təsir edəcəyi aktualdır.

Rusiya-Qərb qarşıdurması məlum məsələdir. Bu proses fonunda İranla müsbət razılıq və bu ölkənin neytrallaşdırılması ən azından onun Rusiyaya dəstəyinin aradan qaldırılması ilə nəticələnə bilər. Görünür, Kreml təklənir.

Şərq - Qərb Araşdırmalar Mərkəzinin sədri, politoloq Ərəstun Oruclu Publika.az-a açıqlamasında bunun birbaşa Rusiyaya qarşı olması fikri ilə razılaşmır.

“İkitərəfli danışıqlar çoxdandır davam edir və bir il yarım bundan qabaq açıq müstəviyə keçib. Hesab edirəm ki, bu ABŞ-ın Yaxın Şərq strategiyasına daxil olan məsələdir. Lakin bunun regional sülhə töhfə verəcəyi və geosiyasi mənzərəni dəyişdirəcəyi də məlumdur”, - deyə politoloq qeyd edib.

Politoloq Natiq Miri Publika.az-a açıqlamasında bu razılaşmanın qlobal təhlükəsizliyə xidmət etdiyini deyib. Onun fikrincə, dünya və region ən azından müəyyən müddətə nüvə təhlükəsindən sığortalandı.

Proseslərsə təkcə Rusiyanın yox, Türkiyənin də təklənə biləcəyi fikrini gündəmə gətirir. Qərb regionda İrana dəstək verməklə güc tarazlığını yarada bilər. Ərdoğan iqtidarının Türkiyəni regionda yeni gücə çevirmək cəhdləri Qərbdə soyuq qarşılanır. Hətta Şərqə doğru genişlənərək keçmiş Osmanlı imperiyasının tarixi sərhədlərində təsir imkanlarını bərpa etmək istəyən Ankara bir çox hallarda bunun acısını yaşayıb. Burda Türkiyəni öz qınına çəkmək cəhdləri açıq şəkildə görünür.

“Regionda, xüsusilə Şərqdə İrana yeni oyunçu olaraq üstünlüklər verilir. Bu Türkiyənin son zamanlar Rusiyaya yaxınlaşması kontekstində baş verir və Türkiyə təklənir. ABŞ Türkiyəni əvvəlki statusuna qaytarmaq istəyir. Son terror hadisələrini də bu kontekstdə dəyərləndirmək lazımdır”, - deyə N. Miri vurğulayıb.

Azərbaycan: dəyişən geosiyasi mənzərədə Tehranın çıxış yolu

Bu anlaşma Azərbaycana hansı formada təsir edəcəyi bizim üçün aktualdır. Məhz nüvə proqramına görə baş verən qarşıdurmada Bakının yaşadığı çətinlik unudulmayıb. Bu baxımdan, Tehranla istiləşən münasibətlərin daha davamlı olacağı ehtimalı böyükdür. Təbii ki, sanksiyaların aradan qaldırılması iqtisadi əməkdaşlıq üçün də yeni imkanlar açır. Bakının Tehran üçün oynaya biləcəyi mühüm rol bu anlaşma fonunda diqqət çəkir.

Sanksiyaların yumşalması və tədricən aradan qalxması İranın Qərbə çıxışını aktuallaşdırır. Bu prosesdə İran üçün Azərbaycan kimi sərfəli və mühüm pəncərə ola bilməz. Həmçinin Avropanın enerji təhlükəsizliyində rol oynayan Azərbaycanın enerji layihələrinə İran qazı da qoşula bilər. Hansı ki, buna qədər ehtimallar mövcud idi.

Politoloq N. Miri hesab edir ki, Azərbaycan İranın həm Qərb, həm də Türkiyə ilə münasibətlərində körpü rolunu oynaya bilər: “Ruhani hakimiyyətə gələndən sonra Tehran və Bakı arasında kifayət qədər istiləşmə baş verdi. Qarşıdakı dönəmdə münasibətlərin daha çox inkişaf edəcəyini proqnozlaşdırmaq mümkündür. İranın Dağlıq Qarabağ münaqişəsində Ermənistana dəstəyinin zəifləcəyi ümidləri də var və bu ehtimallar böyükdür. İran qarşıdakı geosiyasi mənzərədə Azərbaycanın əhəmiyyətini gözəl anlayır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm