Obamaya Qarabağ çağırışı: “Səbir” etmək bəhanədir
Bizi izləyin

Nida.az

Obamaya Qarabağ çağırışı: “Səbir” etmək bəhanədir

ABŞ-ın Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin eksperti Qriqori T. Kili bu ölkənin prezidenti Barak Obamanı Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayırmağa çağırıb.

Publika.az xəbər verir ki, “Roll Coll” saytında yayımlanan “Strateji səbir üçün vaxt yoxdur: Azərbaycan nümunə kimi” başlıqlı məqaləsində Q. Kili Barak Obamanın yeni Milli Təhlükəsizlik Strategiyasında yer alan “strateji səbir” çağırışlarına qarşı çıxış edib: “Avropa, Afrika və Yaxın Şərq boyu Obama administrasiyasının strateji səbrinin mənfi nümunələri artıq ortadadır. Liviyada biz Qəddafini devirmək üçün kampaniyanı dəstəklədik. Suriyada biz qumda xətt çəkdik, daha sonra qiyamçıları tərk etdik. İraqda İŞİD terror qruplaşmasının ayaqlanması əvvəldən gözlənilən idi.

Mən konstruktiv öhdəliyə qayıtmağı təklif edirəm və buna nümunə kimi Azərbaycanı göstərirəm. Azərbaycan və qonşu Ermənistan arasında son aylar döyüşlər qızışıb. Hərçənd dünyanın bir çox yerində mövcud olan konfliktlər istiləşir. Dağlıq Qarabağ münaqişəsi isə regionda stabilliyi hədələyir. Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün işləyən Minsk qrupunda Rusiya və Fransa ilə birgə təmsil olunur”.

Müəllif qeyd edib ki, Azərbaycan rəsmiləri Vaşinqtonda keçirilən forumda Obama administrasiyasını Cənubi Qafqaz üçün daha aydın, uzunmüddətli geosiyasi strategiya hazırlamağa çağırıb. Onun sözlərinə görə, Vaşinqtonun “regional münaqişələrin həlli istiqamətində Qafqaz ölkələri ilə əlaqələri artırmaq” qeydi regiona diqqət baxımından yetərli deyil.

“Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etdi. Bu müddətdə o, enerji istehsalçısı olaraq Birləşmiş Ştatların etibarlı partnyoru kimi özünü sübut edib. Hazırda Bakı-Tiflis-Ceyhan neft kəməri günə bir milyon barel Azərbaycan neftini ixrac edir. Təklif olunan Transxəzər qaz kəməri Avropanın təhlükəsizliyi üçün lazım olan neft və qaz ehtiyacını ödəyə bilər. Azərbaycan həmçinin ABŞ-ın Əfqanıstana hərbi qoşun, təchizat aparmasında strateji tranzit rolunu oynayıb. Bu ölkə NATO-nun beynəlxalq təhlükəsizlik qüvvələrinin təxminən yarısının Əfqanıstana təhlükəsiz formada getməsi üçün əsas marşrutdur”, - deyə ekspert qeyd edib.

T. Kili silahlı müdaxiləyə çağırış etmədiyini, sadəcə olaraq, dünya lideri kimi ABŞ-ın daha fəal olmasının vacib olduğunu vurğulayıb: “Azərbaycan ABŞ rəhbərliyindən Qarabağ münaqişəsinə diqqəti artırmağı tələb edir. “Səbir” etmək bizim milli təhlükəsizliyimizi, eləcə də Avropada müttəfiqlərimizi təhlükə altına ala bilər. Bu məqsəd deyil, sadəcə olaraq, dünyada lider rolunu üzərinə götürməkdən boyun qaçırmaq üçün bəhanədir”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm