Rasim Musabəyov: “Bakının əhəmiyyətinin azalacağı haqda fikirlər spekulyasiyadır”
Bizi izləyin

Nida.az

Rasim Musabəyov: “Bakının əhəmiyyətinin azalacağı haqda fikirlər spekulyasiyadır”

“İranla “altılıq” ölkələrinin nüvə proqramı ilə bağlı razılığa gəlməsindən dərhal sonra bir sıra analitiklər neft qiymətlərinin sürətlə düşəcəyini qeyd etdilər. Əslində neft bir qədər düşmüşdü və sonra yenidən qalxdı. Tehran bazarı neft və qazla dolduracaq. Lakin hazırda tam razılığın əldə edilməsi üzərində iş gedir və İrana qarşı BMT sanksiyaları qüvvədədir. Burda bəzi detalları aydınlaşdırmaq lazımdır. Xüsusilə İsraili bu ittifaqa inandırmaq və Tehranla razılaşmanın etibarlılığını Amerika ictimaiyyətinə başa salmaq lazımdır”.


Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.


Onun sözlərinə görə, İrana qarşı BMT sanksiyalarından savayı Amerika sanksiyalarının ləğvi də tələb olunur: “Bunun üçün Obama Konqresdən razılıq almalıdır. Hansı ki, bu gün Konqresdə əksəriyyət respublikaçılardır. Bu, Amerikanın böyük energetika korporasiyaları, müasir texnologiyalar və investisiyaların İrana gözlənildiyi qədər tez gəlməyəcəyi deməkdir. Digər tərəfdən, avropalılar İranda daha əlverişli investisiya mühitinin olmasını gözləyəcəklər. Bu halda, İran neftinin sürətlə bazara daxil olacağını gözləmək hələ tezdir. Xüsusilə, İraq və Suriyadakı müharibəyə Yəməndə vətəndaş müharibəsi əlavə olunduğu bir vaxt bu haqda tələsik danışmaq yersizdir. Hazırda Yəməndəki barrikadanın tərəflərində İran və Səudiyyə Ərəbistanı dayanır və bu regionda neftin ixracına mənfi təsir göstərən amildir. Bu situasiyada ABŞ, həmçinin Avropa Birliyi, Türkiyə və İsrailin özünü necə aparacağı da bəlli deyil”.


R. Musabəyov əlavə edib ki, İranla razılaşmadan sonra Azərbaycanın regional strateji əhəmiyyətinin azalacağı haqda fikirlər yanlışdır: “Bu daha çox spekulyativ xarakter daşıyır. Bakı haqlı olaraq İrana qarşı hansısa hərəkətlərdə müstəvi olmayacağını bildirmişdi. Lakin Tehran İsrail və Qərblə Bakının isti münasibətlərinə narazılığını dilə gətirirdi. İndi bu razılıqdan sonra Tehrandakı şübhələr də azalmalıdır. İrana qarşı sanksiyaların aradan qaldırılması ilə Azərbaycan-İran arasında ticari əlaqələr genişlənəcək, əhəmiyyətli olan birgə layihələrin həyata keçirilməsi reallaşacaq. Məsələn, Astara vasitəsilə “Şimal-Cənub” dəmiryolu dəhlizini başa çatdırmaq mümkün olacaq. Eyni zamanda, İran qazının TANAP-a cəlb olunması reallaşa bilər”.


Politoloq hesab edir ki, İran təcrid olunmaqdan yaxa qurtarmaq üçün Azərbaycana bel bağlaya və dostların dəstəyinə söykənməlidir.


“Regionda yeni ittifaqın konturları görünür və bu, təkcə Türkiyə ilə yekunlaşmaya bilər. Hazırda Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfər edib. Bu yaxınlarda Bakıda Pakistan prezidenti Məmnun Hüseyn səfərdə olmuşdu. Bunlar olduqca əhəmiyyətli məqamlardır”, - deyə R. Musabəyov vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm