Qafqaza İŞİD xəbərdarlığı: “20 yaşlı tələbə qız Bakıdan İstanbula uçdu və...”
Bizi izləyin

Nida.az

Qafqaza İŞİD xəbərdarlığı: “20 yaşlı tələbə qız Bakıdan İstanbula uçdu və...”

Demək olar hər gün insanlar Şimali Qafqazdan Suriya və İraqa gedərək İŞİD-ə qoşulur. Bu hal Rusiya xidmət orqanlarını ciddi şəkildə narahat edir. Problem bölgə ilə həmsərhəd olan Cənubi Qafqazda da diqqətlə izlənilir. Xüsusilə bu məsələ Azərbaycana ciddi təhlükə yaradır və Bakı haqlı olaraq narahatlıq keçirir. Doğrudur, hüquq-mühafizə orqanları tərəfindən radikallaşmış kəsimlərə qarşı daimi olaraq profilaktik tədbirlər görülür. Lakin hazırda ən narahatedici məsələ gedənlərin geriyə qayıtmasıdır.


Publika.az xəbər verir ki, ABŞ-ın “The Daily Beast” nəşri İŞİD-in MDB ölkələrindən olan döyüşçülərin geri qayıdışı problemini araşdırıb.


“Dərbənddə yaşayan Sevin Novruzova bu problemi yaxından izləyir. O, müasir geyimi ilə radikal dindarların yaşadığı Şimali Qafqazı başdan-başa rahat şəkildə gəzir və “Skayp” vasitəsilə İŞİD-ə qoşulan Rusiya vətəndaşları ilə danışır.


O, Dağıstanda ekstremizmin profilaktikası mərkəzinin rəhbəri kimi öz bacarıqlarını bu işə sərf edir. Hətta Rusiya təhlükəsizlik agentləri onun taktika və metodlarını mənimsəyir.


Bu gün Dağıstanda yüzlərlə gənc oğlan və qız cihada qoşulmaq üçün evlərini tərk edir. Onlar əsasən Suriya, İraq və Əfqanıstana üz tutur. 2013-cü ildə Boston marafonunda terror aktı törətmiş Sarnaev qardaşları da burda böyüyüb-başa çatmışdı.


Novruzovanın mərkəzi ilə mütəmadi söhbət edən kişi və qadınlar öz inamları üçün ölməyə hazır olduqlarını deyirlər”.


Nəşrə açıqlama verən S. Novruzova İŞİD-in internet üzərindən apardığı təbliğatın qruplaşmanın əsas strategiyası olduğunu deyib. Onun sözlərinə görə, xüsusi xidmət orqanları son iki ildə kütləvi şəkildə həbslər həyata keçirsə də, bu, ümumi vəziyyətə az təsir edib.


“Gənclər kütləvi şəkildə İŞİD-ə qoşulmaq üçün gedir. Son vaxtlar Dağıstandan yüzlərlə belə insan evini tərk etdi”, - deyə o bildirib.


İŞİD şeyxləri videoçarxlar yayaraq gəncləri cihada səsləyir. Getmək istəyənlər hansısa yollarla 500 dollar pul, təyyarə bileti və ilkin ehtiyaclar üçün lazım olan əşyalarla təmin edilir.


“Bu yalnız həvəs deyil, bu, həyatın stilidir. Müsəlman cəmiyyətinin əksər nümayəndəsi müqəddəs müharibəyə gedərkən daha çox ideyanı düşünürlər. Onlar üçün pul çox az maraqlıdır. Lakin ümid edirlər ki, nə vaxtsa şəriət dünyasına yaşamaq şansı var”, - deyə o vurğulayıb.


İŞİD-ə qoşulanlar sırasında kişilərlə yanaşı qadınlar da var.


“Dərbənddə yaşayan 20 yaşlı tələbə qız fevralın 27-də həmişəki kimi öz ailəsi ilə səhər yeməyini yeyib. Amma bir neçə saat sonra o Rusiya-Azərbaycan sərhədini keçən maşında olub. O, Bakı aeroportuna üz tutub. Daha sonra Türkiyəyə uçub və oradan Suriyaya keçib. Anası hələ də qızını qaytarmaq ümidi ilə yaşayır”.


S. Novruzova hazırladığı siyahını açıqlayıb. Sənəddə son illər Dərbənddən Suriyaya getmiş 86 oğlan və qızın adı var.


“İŞİD-ə qoşulan hər kəs zombiləşməyib. Onlara heç kim pul da təklif etmir. Bir çoxu ziyalı ailələrin təmin olunmuş övladlarıdır. Əgər döyüşçülər evə qayıtmaq istəyirlərsə, bizə zəng edə bilərlər. Nömrəmiz internetdə var”, - deyə mərkəzin rəhbəri vurğulayıb.


Hazırda o, öz övladlarının evə qayıtması ümidi ilə yaşayan iki ailə ilə işləyir: “Onların övladları Suriyada müsəlmanın müsəlmana qarşı döyüşdüyünü görüb peşman olublar. Orda uşaqlar öldürülür, başlar kəsilir, liderlərsə təmtəraqlı villalarda yaşayır”.


Lakin S. Novruzova gedənlər arasında İŞİD-ə yüksək miqdarda yardım edənlərin də olduğunu bildirib.


“Ən son nümunəni götürək. Cambulat Paşayev Rusiyada yaşayırdı. Yaxşı təhsili var idi, Moskvanın nüfuzlu rayonlarının birində böyük evə sahib olmuşdu. Cəmi 25 yaşı var idi. Lakin o, Suriyaya getməyə və orada ölməyə qərar verdi. Zəngin gənc müsəlmanlar öz maşınlarını satır, minlərlə avro ilə gedərək İŞİD-ə yardım edirlər”, - deyə o qeyd edib.


S. Novruzova öz şəxsi ailəsindən də nümunə göstərib. 2008-ci ildə onun kiçik qardaşları Ramil və Roma Dağıstanda fəaliyyət göstərən gizli İslam təşkilatına üzv olub. Bir neçə həftə sonra hüquq-mühafizə orqanları tərəfindən keçirilən anti-terror əməliyyatında hər ikisi öldürülüb.
Öldürülməmişdən bir qədər əvvəl ikinci kurs tələbəsi olan Ramil kinoya getməyi dayandırıb, dostları ilə kafeyə getməkdən imtina edib. Bir neçə şəxslə Dərbənddə yerli məscidlərin birində radikal şəxslərə qoşulub. Nəticədə isə öldürüldü.


“The Daily Beast” qeyd edir ki, İŞİD ən birinci Rusiya üçün ciddi təhlükədir. Çünki Şimali Qafqazdan yetərli sayda insan qruplaşmanın tərkibində döyüşür və onların geri qayıdışı təhlükəsi var. Bu təhlükə Rusiya vasitəsilə Cənubi Qafqaza, xüsusilə Azərbaycana sıçraya bilər. Dövlət orqanları bu təhlükəyə qarşı ciddi şəkildə tədbirlər görür, lakin bu, hər şeydən sığortalanmaq deyil.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm