SAM-ın direktoru: “Azərbaycan enerji daşıyıcılarını Avropaya çıxarmaqda maraqlıdır”
Bizi izləyin

Nida.az

SAM-ın direktoru: “Azərbaycan enerji daşıyıcılarını Avropaya çıxarmaqda maraqlıdır”

Bu gün Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və İtaliyanın Beynəlxalq Əlaqələr İnstitutunun birgə təşkilatçılığı ilə " Avropada Enerji Təhlükəsizliyinin Təminatı: Xəzərdən qaz nəqlində imkanlar və maneələr" mövzusunda dəyirmi masa keçirilir.

Publika.az-ın məlumatına görə, dəyirmi masa iştirakçılarını salamlayan SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, rəhbərlik etdiyi qurum 30-dan çox ölkənin beyin təşkilatları ilə əməkdaşlıq edir. Onun sözlərinə görə SAM xüsusilə İtaliyanın ən böyük və ən qədim beyin mərkəzlərindən biri olan Beynəlxalq Əlaqələr İnstitutu (Istituto Affari Internazionali) ilə sıx əməkdaşlıq edir.

Fərhad Məmmədov bildirib ki, bu gün Avropa qitəsində enerji məsələsi olduqca aktualdır. Azərbaycan neftin və gələcəkdə qazın Avropa bazarına çıxarılmasında maraqlıdır: "Bu məsələdə bizım maraqlarımız Avropanın maraqları ilə üst-üstə düşür. Avropada proseslər o dərəcəyə gəlib çatıb ki, birliyə daxil olan dövlətlərin enerji təhlükəsizliyi artıq sırf həmin dövlətlərin nəzarətindən çıxaraq Avropa Birliyi tərəfindən tənzimlənən məsələyə çevrilib. Buna görə də enerji ittifaqının yaranması zərurəti formalaşıb və bu istiqamətdə diskussiyalar gedir. Lakin yaxın illər ərzində vahid bir mövqeyə gəlib çıxacağı gözlənilir".

Daha sonra İtaliya Beynəlxalq Əlaqələr İnstitutunun (Istituto Affari Internazionali) direktoru Ettore Qreko çıxış edib: “Azərbaycanı dünyada tanıdan trendlərdən biri məhz enerji daşıyıcılarıdır. Azərbaycan bu istiqamətdə uzun bir yol keçib. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycan enerji sektoruna yeni texnologiylara cəlb edib”. O bildirib ki, İtaliya Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Məhz buna görə də siyasi müstəvidə davam edən əməkdaşlıq iqtisadi sektora da inteqrasiya olunub: "Bu gün İtaliyanın enerji ehtiyatlarının böyük hissəsini Azərbaycandan idxal olunan məhsullar təşkil edir. Gələcəkdə qaz sahəsində də tərəfdaşlığımız davam edəcək".

Moderatorunun SAM-ın direktor müavini Gülşən Paşayevanın olduğu dəyirmi masada İtaliyanın Beynəlxalq Əlaqələr İnstitutunun baş elmi işçiləri Nikolo Sartori və Nona Mixelidze, SAM-ın aparıcı elmi işçisi Gülmirə Rzayeva, Bakı Dövlət Universitetinin müəllimi Bəxtiyar Aslanbəyli və s. qonaqlar iştirak edirlər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm