İlham Əliyev: "Ermənistan dövlətində bir neçə ildən sonra erməni əhalisi qalmayacaq”
Bizi izləyin

Nida.az

İlham Əliyev: "Ermənistan dövlətində bir neçə ildən sonra erməni əhalisi qalmayacaq”

"Biz Ermənistana qarşı daha da fəal mübarizə aparmalıyıq, aparırıq. Onları bütün beynəlxalq və regional layihələrdən təcrid etmişik".

Trend-in AzTV-yə istinadən verdiyi məlumata görə, bunu Prezident İlham Əliyev aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqində deyib.

Prezident deyib ki, Ermənistanın rəsmi statistik məlumatlarına görə, əhalinin 30 faizi yoxsulluq, səfalət içərisində yaşayır: “Amma real göstərici 50-60 faizdir. Ermənistanın rəsmi məlumatına görə, hər il ölkədən 50-60 min insan həmişəlik köçür. Amma bizdə olan məlumat göstərir ki, hər il Ermənistandan köçənlərin sayı 100 minə yaxındır. Yəni tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistan dövlətində bir neçə ildən sonra erməni əhalisi qalmayacaq”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan cəmiyyəti, xüsusilə gənc nəsil Ermənistanın tarixi Azərbaycan torpaqları üzərində qurulduğunu heç vaxt unutmamalıdır: “Bu, bizim tarixi, dədə-baba torpaqlarımızdır, bütün toponimlər Azərbaycan mənşəlidir. Bunun üçün XX əsrin əvvəlində çar Rusiyasında tərtib olunan xəritələrə baxmaq kifayətdir, o xəritələrdə bir erməni toponimi tapmaq mümkün deyil. İndiki Ermənistan ərazisinin 80 faizindəki kəndlər Azərbaycan adlarını daşıyırdı. Bu, bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq, başqa cür mümkün deyil. Bu, bizim strateji hədəfimizdir və bu hədəfə çatmaq üçün çalışırıq, çalışacağıq”.

İlham Əliyev bildirib ki, Ermənistan sülh istəmir, status-kvonun dəyişilməz qalmasına çalışır, buna görə də münaqişə həll olunmur.

Azərbaycan Prezidenti vurğulayıb ki, keçən il həmsədr ölkələrin dövlət başçılarının iştirakı ilə təşkil olunan görüşlərdə Ermənistan hər zaman özünü qeyri-səmimi aparıb, münaqişənin həllində maraqlı olmayıb, Azərbaycan ərazilərinin işğal altında saxlanmasını davam etdirib.

Prezident İlham Əliyev bir daha qeyd edib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalı, ikili standartlara son qoyulmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm