"Bu il qeyri-neft sektorumuz daha da arta bilər"
Bizi izləyin

Nida.az

"Bu il qeyri-neft sektorumuz daha da arta bilər"

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda yekun nitq söyləyib. Prezident deyib:


- Qeyd etdiyim kimi, ilin birinci rübünün göstəriciləri bizi çox sevindirir. Çalışmalıyıq ki, ilin sonuna qədər bu templəri saxlayaq və ölkə iqtisadiyyatının inkişafını təmin edək.

Giriş sözümdə qeyd etdiyim kimi, qeyri-neft sektoru prioritet olaraq qalır, bütün lazımi tədbirlər görülür. Hesab edirəm ki, bu il qeyri-neft sektorumuz daha da arta bilər. Birinci aylarda yeddi faiz artım əlbəttə ki, gözəl göstəricidir. Çalışmalıyıq ki, ümumiyyətlə, qeyri-neft sektorumuz ümumi daxili məhsulun çox böyük hissəsini təşkil etsin. Ancaq o da həqiqətdir ki, bir neçə ildən sonra “Cənub” qaz dəhlizi işə düşəndən sonra bizim qaz ixracımız kəskin şəkildə artacaq. Beləliklə, neft-qaz sektorumuz daha da böyüyəcək. Belə olan halda qeyri-neft sektorunun daim neft sektorunu üstələməsi üçün biz əlavə tədbirlər görməliyik. Bu tədbirləri görürük. Onların içərisində, əlbəttə ki, infrastruktur layihələri bölgələrdə iqtisadi inkişafa şərait yaradır. Eyni zamanda, dövlətin sahibkarlara olan münasibəti, diqqəti və dəstəyidir.

Mən sahibkarlarla il ərzində dəfələrlə görüşürəm. Hər il biz regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını müzakirə edərkən bu görüşlər olur. Ondan sonra mənim bütün bölgələrə, rayonlara səfərlərimdə bölgələrdə hansısa sənaye obyektinin açılışı nəzərdə tutulur. Beləliklə, sahibkarlara göstərilən siyasi dəstək kifayət qədər yüksəkdir. Eyni zamanda, dövlət sahibkarlığın inkişafı üçün digər tədbirlər də görür. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli şərtlərlə kreditlər verilir. Bu kreditlər real iqtisadiyyatın inkişafını təmin edir, iş yerlərinin yaradılmasına şərait yaradır. Bu il də kifayət qədər böyük məbləğdə kreditlər ayrılıb. Bu kreditlərin demək olar ki, tam həcmi sonra qaytarılır və yenidən resurs baza kimi sahibkarlara verilir. Həm dövlət büdcəsində sahibkarlığın inkişafı üçün vəsait nəzərdə tutulur, eyni zamanda, əvvəlki illərdə verilmiş və qaytarılmış kreditlər yenidən sahibkarlara verilir. Yəni, o kreditlərin qaytarılması yenə də sahibkarlığın inkişafına şərait yaradır.

Azərbaycanda, deyə bilərəm ki, hazırda çox böyük sahibkarlıq sinfi yaradılmışdır. Ölkəmizin ümumi inkişafı bundan sonra daha çox sahibkarlığın inkişafından asılı olacaq. Əlbəttə, dövlət inhisarında olan strateji sahələr dövlətin əlində qalmalıdır. Bu, strateji nəqliyyat infrastrukturu, neft-qaz sektoru, strateji enerji infrastrukturudur. Çünki bu sahələr dövlət tərəfindən idarə edilməlidir ki, işlər məqsədyönlü şəkildə aparılsın. Əlbəttə ki, əsas infrastruktur qurumları dövlət monopoliyasında olanda tariflərə də dövlət nəzarət edir və imkan vermir ki, tariflər artsın yaxud da insanların yaşayış səviyyəsinə mənfi təsir göstərsin.

Digər sahələr isə artıq sahibkarlıq hesabına formalaşır. Ümumi daxili məhsulumuzun haradasa 80 faizdən yuxarı hissəsi özəl sektorda formalaşır. Keçən il “Sənaye ili” elan edilmişdir və qeyd etdiyim kimi, bu sahəyə böyük diqqət göstərilir. Biz özümüzü bütün tikinti materialları ilə tam şəkildə təmin etməliyik. Artıq biz buna yaxınlaşırıq. Bu rəqəmləri mən artıq müşavirələrdə səsləndirmişdim. İndi biz bir çox pozisiyalar üzrə tikinti materiallarımızı özümüz istehsal edirik və eyni zamanda, ixrac edirik. İxrac üçün də bizə yeni bazarlar lazımdır.



Bazarlara çıxmaq o qədər asan deyil, gərək məhsul rəqabətqabiliyyətli və qiyməti ucuz olsun. Dövlət öz tərəfindən sahibkarlara bu dəstəyi də göstərir. Çünki Azərbaycanda yanacaq kifayət qədər ucuzdur. Özəl sektora və ümumiyyətlə, əhaliyə satılan qazın qiyməti çox aşağıdır, cəmi yüz manatdır. Halbuki dünyada qiymət ondan bir neçə dəfə artıqdır. Elektrik enerjisinin qiyməti kifayət qədər aşağıdır. Yəni, bütün bunlar sahibkarlığın inkişafı üçün dövlət tərəfindən verilən böyük güzəştlərdir. Azərbaycanda istehsal olunan məhsulların rəqabətqabiliyyətliliyi üçün bu, əlavə bir güzəştdir, üstünlükdür. Sahibkarlar da bundan səmərəli şəkildə istifadə etməlidir. İlk növbədə, daxildə satılan malların qiyməti süni şəkildə qalxmamalıdır. Dövlət bu sahəyə nəzarət edir. Eyni zamanda, xarici bazarlara girmək üçün də əlbəttə ki, qiymət də münasib olmalıdır. Yəni, əgər Azərbaycanda yanacağa qoyulan tariflər bu qədər aşağı səviyyədə olmasaydı, bu, sahibkarlar üçün də böyük problem yaradardı. Sahibkarlar bunu bilməlidir ki, dövlət tərəfindən bu, çox böyük dəstəkdir. Kreditlər də, eyni zamanda, siyasi dəstək və hətta İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən metodik tövsiyələr də sahibkarlara təqdim edilir. Onların qoyduqları investisiyaların həcminə görə müxtəlif tövsiyələr paketi də verilir.

Regionlarda da sənaye inkişafı sürətlə gedir. Artıq biz bir neçə sənaye mərkəzi müəyyən etmişik. İndi növbə gəlib ki, hər bir rayonda sənaye zonası yaradılsın. Birinci zona Neftçalada yaradılır. Mənə verilən məlumata görə, yerli sahibkarlar tərəfindən çox böyük həvəslə, böyük maraqla qarşılanır. Hətta görürük ki, o sənaye zonasında fəaliyyət göstərən sahibkarların sayı nəzərdə tutduğumuzdan daha da çoxdur. Bu, çox sevindirici haldır, bu, birinci pilot layihəsidir. Hesab edirəm ki, biz indi başqa rayonlarda da buna oxşar zonalar yaratmalıyıq. Bu barədə mən bir neçə ay bundan öncə öz fikirlərimi bildirmişdim ki, hər bir rayonda xüsusi yer olmalıdır. Orada infrastruktur, nəqliyyat yolları - bütün lazımi təminat olmalıdır ki, sənaye potensialımız bir yerdə inkişaf etsin.

Bu il “Kənd təsərrüfatı” ili elan edilmişdir. Bu da bu sahəyə göstərilən diqqətin təzahürüdür. Sənaye, kənd təsərrüfatı hər bir ölkənin uğurlu iqtisadi inkişafını təmin edən sahələrdir. Xüsusilə Azərbaycan kimi ölkənin - bizim əhalimizin təxminən yarısı bölgələrdə, kəndlərdə yaşayır. Ərzaq təhlükəsizliyi bizim üçün prioritetdir. Çünki biz hələ tam şəkildə ərzaq təhlükəsizliyimizi təmin edə bilməmişik. Ancaq bu istiqamətdə böyük yol keçmişik. Çünki bu gün Azərbaycan özünü əsas ərzaq məhsulları ilə təmin edir. Düzdür, bəzi hallarda bu məhsulların komponentləri idxal edilir. Bu, əlbəttə, birinci mərhələ üçün hesab edirəm ki, məqbul variantdır. Ancaq çalışmalıyıq ki, Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının bütün komponentləri Azərbaycanda istehsal olunsun, toxumdan tutmuş ta hazır məhsullara qədər. Ona görə bütün bu zənciri biz yaradırıq, yaradacağıq. İlk növbədə, əlbəttə ki, biz sənaye, yəni, emal müəssisələrini yaradırdıq. Bəzi hallarda o müəssisələrdə istehsal olunan mallar xaricdən xammal kimi gətirilirdi, burada paketlənirdi, ya süzülürdü. Bu, birinci mərhələ idi. Biz indi əsas mərhələyə keçirik, lokalizasiya 100 faiz olmalıdır. Çünki ərzaq təhlükəsızliyi bundan sonra dünya üçün ən böyük məsələ olacaq, o ölkələr ki, ərzaq təhlükəsizliyini təmin etməyib, onlar böyük problemlərlə üzləşəcəklər.



Əlbəttə ki, bazar iqtisadiyyatı prinsipləri bizim üçün əsasdır. Biz idxal da, ixrac da edirik. Ancaq görürük, bəzi hallarda əgər biz hansısa mənbədən asılıyıqsa, onda müəyyən problemlər yaranır, o cümlədən qiymətlə bağlı olan problemlər. Bizim son illər ərzində gördüyümüz işlər imkan verdi ki, indi inflyasiya çox aşağı səviyyədə olsun. Nəyə görə? Çünki biz xarici bazarlardan, xarici ərzaq bazarlarından o qədər də asılı deyilik. Çünki yerli istehsal artıq kifayət qədər güclüdür. Yerli istehsal əgər yüz faiz yerli xammal üzərində qurulacaqsa, o zaman, ümumiyyətlə, xaricdə gedən proseslər, böhranlı vəziyyət, yaxud da ki, neftin qiymətinin ucuzlaşması bizə təsir etməyəcək.



Ona görə ərzaq təhlükəsizliyi birinci məsələdir. Yerli istehsalın artırılması prosesi gedir. Müxtəlif yerlərdə emal müəssisələri yaradılır və ixrac imkanlarımız da genişlənir. Biz indi ixrac nomenklaturamızı da genişləndirməliyik. Azərbaycandan ənənəvi olaraq meyvə-tərəvəz ixrac edilirdi. İndi isə daha çox hazır məhsul və digər, yəni, süd məhsulları ixrac edilməlidir. Gələcəkdə ət məhsulları və digər məhsullar ixrac edilməlidir.

Kənd təsərrüfatının inkişafı üçün çox ciddi tədbirlər görülür, islahatlar aparılır. Torpaqların elektron uçotu, qeydiyyatı indiki mərhələ üçün çox önəmli məsələdir. Biz buna nail ola bilsək, onda həm şəffaflıq olar, həm də biz dəqiq biləcəyik ki, nəyimiz var. Çünki bəzi hallarda tərtib olunan xəritələr həqiqətlə uzlaşmır. İndi bu məsələ aydınlaşdırılır, təftiş edilir. Verilən pay torpaqları, ayrılan sahələr bunlar həqiqəti əks etdirmir. Peykdən əldə edilən görüntülər xəritədə göstərilən görüntülərlə üst-üstə düşmür. Bu, çox ciddi məsələdir. Vaxtilə bu sahədə böyük səhvlər buraxılmışdır. Ona görə biz indi hər şeyi yenidən tənzimləməliyik. Elektron uçot ona görə lazımdır ki, sahibkarlar hansı torpağın sahibi olduqlarını bilsinlər. Eyni zamanda, dövlət də bilməlidir ki, kimin hansı torpağı var, o torpaqlarda nə yetişdirilir və ya yetişdirilmir. Bəzi hallarda torpaqlar götürülür, ondan sonra təyinatı dəyişdirilir. Yaxud da ki, hasarlanır, sadəcə olaraq mülkiyyət kimi saxlanılır. Buna yol vermək olmaz. Burada vəziyyəti tam şəffaflaşdırmaq üçün torpaqların elektron uçotu məsələsi öz həllini tapmalıdır. Bu, sadəcə olaraq statistika deyil. Bu, məhsuldarlıqdır, bu, aqrar siyasətimizdir. Həmçinin biz tövsiyə də edə bilərik, əlavə güzəştlər də verə bilərik ki, sən bu torpaqda bu məhsulu yetişdirirsən, gəl bu məhsulu yetişdir. Dövlət sənə daha da çox subsidiya verəcək, kömək edəcək. Çünki dövlətə, ölkəyə bu lazımdır. Ona görə bu, çox ciddi məsələdir. Mən bilirəm, indi Kənd Təsərrüfatı Nazirliyi bu işlərlə çox ciddi məşğuldur. Gərək bütün aidiyyəti qurumlar da buna qoşulsunlar ki, biz torpaqların elektron uçotunu tərtib edək. Burada uyğunsuzluq aradan götürülməlidir.



Biz son illər suvarmaya, meliorasiyaya çox böyük diqqət göstərdik. Biz bu sahəyə böyük maliyyə resursları ayırdıq. Hesab edirəm ki, bu, tamamilə düzgün bir siyasət idi. İndi Taxtakörpü və Şəmkirçay su anbarları artıq fəaliyyət göstərir. Bu anbarlar bizə bundan sonra daim xidmət edəcək. Suvarılan torpaqların sahəsi böyük dərəcədə artacaq, artır və meliorasiya tədbirləri bundan sonra da aparılacaqdır. Biz indi daha çox kanalların tikintisi ilə məşğul olmalıyıq. Çünki anbarlar yaradılıb. O anbarlarda elektrik stansiyaları da qurulub, kanallar da var. Amma kanalların şaxələndirilməsi də önəmlidir. Çünki biz nəzərdə tutulan torpaqları maksimum su ilə təmin etməliyik. O rəqəmlər dəfələrlə səsləndirilmişdir. Yüz min hektardan çox yeni əkin sahələri dövriyyəyə veriləcək və mövcud olan torpaqlarda suvarma yaxşılaşdırılacaqdır. Bu işlər əlbəttə ki, böyük əhəmiyyət daşıyır. Mən daim bu sahəni diqqət mərkəzində saxlayıram.



Keçən il Xızı rayonunda olarkən orada boş, yəni, yararsız torpaqlarla tanış oldum. İndi o yerlərə su veriləcək. Bu ilin sonuna qədər Xızı rayonunda üç min hektardan çox torpağa artıq su verilməlidir. Bu, daim diqqət mərkəzindədir. Ümumiyyətlə, Taxtakörpü su anbarının fəaliyyəti nəticəsində on minlərlə hektar torpaq suvarılacaq. Orada hansı məhsul yetişdiriləcək? Bunu Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye nazirlikləri müəyyən etməlidir. Sahibkarlara kömək göstəriləcək, kreditlər veriləcək. Ondan sonra sahibkarlara deyiləcək ki, sən burada nəyi əkməlisən. Burada özbaşınalıq, hərc-mərclik ola bilməz. Dövlət bu siyasəti aparır və tövsiyə edir, yaxud da ki, göstəriş verir. Çünki biz bilməliyik hansı məhsullar yetişdirilməlidir, hansı məhsullar üçün bazar var. Yoxsa biz burada da müəyyən problemlərlə üzləşə bilərik. Gəlirli, çox gəlir gətirən məhsul var, az gəlir gətirən məhsul var. Vəsaiti tez qaytaran məhsul var, gec qaytaran məhsul var. İndi biz bunun hamısını yaxşı bilirik - dövlət üçün, daxili tələbatı təmin etmək üçün nə lazımdır və biz bunları hansı bazarlara ixrac edəcəyik.

Biz indi yeni bazarlar axtarırıq, tapırıq. İndi ənənəvi bazarlar var. Ənənəvi bazarımız Rusiya bazarıdır və bizim kənd təsərrüfatı məhsullarımızın böyük əksəriyyəti bu bazara ixrac edilir. İndi Qazaxıstanın Aktau şəhərində böyük logistika bazası yaradılır və orada on min ton məhsulu saxlamaq mümkün olacaqdır. O bazar da bizim üçün çox maraqlıdır. Hesab edirəm ki, bu ilin sonuna qədər bu sahədə də artıq biz real nəticəni görəcəyik. Dövriyyəyə buraxılacaq yeni torpaqlarda bazarların tələbatına uyğun məhsul yetişdirilməlidir. Ona görə burada yüz faiz dövlət nəzarəti və dövlətin rəhbərliyi olmalıdır. Biz yüz minlərlə hektar torpağı dövriyyəyə qatırıq, suvarmanı təmin edirik. Buna milyardlarla vəsait xərclənibdir. Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisinə qoyulan vəsait təqribən 1,5-2 milyard manata yaxındır. Hələ kanalların şaxələndirilməsi, ondan sonra digər tədbirlər var. Nəyə görə? Ona görə ki, imkan yaradaq insanlar daha da yaxşı yaşasınlar, kəndli məhsul yetişdirsin, pul qazansın, biz bu məhsullardan düzgün istifadə edək. Daxili bazarları təmin edək ki, qiymətlər qalxmasın. Xaricə sataq ki, həm sahibkara, həm də dövlətə daha çox pul gəlsin. Ona görə burada mən bir daha demək istəyirəm ki, dövriyyəyə buraxılacaq yeni torpaqlarda heç bir özbaşınalıq ola bilməz. Ancaq bu torpaqlardan dövlətin göstərişi ilə istifadə olunmalıdır. Mən iki nazirliyə göstəriş vermişəm, orada kənar müdaxilə ola bilməz.



Aqroparklar da artıq Azərbaycanda yaradılır. Bu da çox gözəl təşəbbüsdür. Birinci aqroparkın təməli artıq qoyuldu. İri fermer təsərrüfatlarının, taxılçılıqla məşğul olan təsərrüfatların fəaliyyəti genişləndirilir. Pilot layihəsi özünü doğrultdu. Pilot layihəsində məhsuldarlıq 55 sentner idi, - halbuki ölkə üzrə bu rəqəm haradasa 24, bəzi yerlərdə 25-26 sentnerdir, - yəni, iki dəfədən çoxdur. Ona görə də biz bu pilot layihələrini, bu təcrübəni bütün başqa sahələrə də yaymalıyıq ki, məhsuldarlıq artsın. Əgər biz buna nail olsaq, onda mövcud torpaqlarla taxıla, buğdaya olan tələbatımızı özümüz təmin edəcəyik.



Ümumiyyətlə, ixrac - kənd təsərrüfatının ixracı və sənaye məhsullarının ixracı gələcəkdə iqtisadiyyatımızın əsas hərəkətverici qüvvəsi olacaqdır. Çünki ixrac ölkəyə valyuta resurslarını gətirir. Bizim valyuta resurslarının mənbəyi neft-qazdır. Elə etməliyik ki, ərzaq məhsulları, sənaye, tikinti materialları, hazır məhsullar istehsal edək, ixrac edək və biz bu yolla gedəcəyik.

Makroiqtisadi sabitlik daim diqqət mərkəzindədir. İnflyasiya çox aşağı səviyyədədir. Mən keçən il demişdim ki, bu il də inflyasiya birrəqəmli olacaq və birinci rübdə cəmi 2,8 faiz artıb. Bu, çox gözəl göstəricidir. Baxmayaraq ki, fevral ayında manatın məzənnəsində dəyişiklik edilmişdir və bu da istər-istəməz idxal olunan malların qiymətinə təsir edə bilərdi. Ancaq görülən tədbirlər nəticəsində istehlak bazarında vəziyyət tam sabitdir. Biz qiymətlərin qalxmasına imkan vermədik. Qiymətlər sabitdir, sabit də qalmalıdır.

Ümumiyyətlə, manatın məzənnəsinin dəyişdirilməsi, - mən bu barədə artıq bir dəfə öz fikirlərimi bildirmişəm, bir daha demək istəyirəm, - bu, qaçılmaz bir hal idi. Çünki biz 2005-ci ildə pul islahatını apararkən bir manatı bir dollara bərabərləşdirdik. O vaxta qədər bir dollar beş min manat idi. Bu balans saxlanılmalı idi. Əslində biz imkan verməməli idik ki, manat çox bahalaşsın. Çünki iqtisadçılar yaxşı bilir, bu, yerli istehsalçılara da mənfi təsir göstərir, bizim ixrac imkanlarımıza da əngəllər törədir. Ancaq ölkə iqtisadiyyatının çox sürətli inkişafı və neft gəlirlərinin kütləvi şəkildə xəzinəyə daxil olması əlbəttə ki, manatı çox gücləndirdi. 2005-ci ildə biz pul islahatını apardıq, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşdü və böyük gəlirlər gəlməyə başladı. Nəticə etibarilə biz gördük ki, bir manat artıq 1,3 dollar səviyyəsində idi. Ondan sonra gördük ki, hətta bir manat bir avrodan da qiymətli və bahalıdır. Yəni, bu, tamamilə qeyri-təbii bir məzənnə idi. Buna son qoyulmalı idi və bu gün bütün mötəbər beynəlxalq maliyyə qurumları bizim addımımızı dəstəkləyir, alqışlayır, eyni zamanda, əhali də görür ki, məzənnənin dəyişdirilməsinin gündəlik həyata təsiri olmamışdır. Ona görə ki, ilk növbədə, vaxtilə görülən işlər nəticəsində gündəlik tələbat məhsullarının böyük hissəsini özümüz istehsal edirik. Digər tərəfdən, istehlak bazarına nəzarət gücləndirilmişdir və möhtəkirlərə qarşı çox ciddi mübarizə aparılmışdır.

Bilirsiniz ki, biz istəyirdik məzənnəni tədricən, yavaş-yavaş dəyişdirək. Amma ondan sonra ajiotaj yarandı. Hər gün 500 milyon dollar vəsait bazarlardan yığışdırılırdı, alınırdı və belə getsə idi, bizim Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə aşağı düşə bilərdi.


Ona görə görülən tədbirlər, iqtisadiyyatımızın şaxələndirilməsi, sosial siyasətimiz nəticəsində və biz imkan vermədik ki, natəmiz insanlar bu vəziyyətdən istifadə etsin. Bax, bütün bu məsələlər vəziyyətin sabit saxlanmasına xidmət göstərmişdir.

Mənim narahatçılığım, eyni zamanda, dərman preparatlarının qiymətləri ilə bağlı idi. Mən xüsusi göstəriş vermişdim ki, bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin. Eyni zamanda, onu da qeyd etməliyəm ki, dərman preparatlarının bazarı əfsuslar olsun ki, Azərbaycanda müəyyən dərəcədə nəzarətdən kənarda qalmışdır. Bu, əslində dözülməz bir hal idi. Bu hadisə deyə bilərəm ki, bizim diqqətimizi bu sahəyə daha da ciddi şəkildə yönəltdi və gördük ki, bu sahədə çox böyük pozuntular, uyğunsuzluqlar var. Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir. Yəni, burada tamamilə özbaşınalıq və anarxiya hökm sürürdü. Kim dərmanı hansı qiymətə istəyirdi, o qiymətə də satırdı. İnsanlar da məcbur olub o dərmanları alırdılar, böyük vəsait xərcləyirdilər, xüsusilə pensiyaçılar ki, onlara daha çox dərman lazımdır.

Eyni zamanda, bəzi hallarda ölkəyə o qədər də böyük keyfiyyətə malik olmayan dərmanlar da gətirilir. Ona görə mən Səhiyyə Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə göstəriş vermişəm ki, bu sahədə vəziyyət tamamilə nəzarətə götürülsün. Eyni zamanda, hökumətə tapşırmışam ki, ciddi nəzarət olmalıdır və indi yeni mexanizm işlənilir. Ümid edirəm ki, bir neçə aydan sonra biz bu mexanizmi tətbiq etməyə başlayacağıq və insanlar bunu gündəlik həyatda görməlidirlər. Qiymətlər qalxmamalıdır. Mən hesab edirəm ki, bəzi dərmanların qiymətlərində kəskin azalma da olacaqdır.

Bu mövzu ilə bağlı bir məsələni də qeyd etmək istəyirəm. Bu vəziyyət onu bir də göstərdi ki, yerli istehsalın ölkə iqtisadiyyatı üçün nə qədər böyük əhəmiyyəti var. Ona görə İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırıram ki, yerli istehsalın stimullaşdırılması üçün əlavə tədbirlər hazırlasın, təklif versin və biz lazımi qərarlar, sərəncamlar verəcəyik.

Onu da qeyd etməliyəm ki, Azərbaycan yeganə ölkə deyildi ki, milli valyuta devalvasiyaya uğramışdır. Mənə verilən arayışda bəzi rəqəmlər var. İstəyirəm, sadəcə olaraq Azərbaycan ictimaiyyəti son vaxtlar bizim qonşuluğumuzda hansı hadisələrin baş verdiyini bilsin. Yəni, son vaxtlar bölgədə vəziyyət bundan ibarətdir: Qazaxıstanda milli valyuta 20 faizdən çox aşağı düşdü, Türkmənistanda 20 faizdən çox devalvasiyaya uğradı. Gürcüstanda milli valyuta 30 faizdən çox qiymətdən düşdü. Türkiyədə 2013-2015-ci illərdə türk lirəsi qiymətini 40 faiz itirdi. İranda milli valyuta 2013-2015-ci illərdə 113 faiz aşağı düşdü. Rusiyada son vaxtlar Rusiya rublu 80 faiz aşağı düşdü. Dünyanın aparıcı valyutalarından biri, yəni iki, ya üç aparıcı valyutasından biri avro qiymətini 25 faiz itirdi. Norveç milli valyutası qiymətini 34 faiz itirdi. Yəni, sadəcə olaraq mən bu rəqəmləri müqayisə üçün səsləndirirəm.

Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda bu məzənnənin dəyişdirilməsi əslində məzənnənin bərpası deməkdir. Biz 2005-ci ildə müəyyən etdiyimiz məzənnəni bərpa etdik. O vaxt bir manat bir dollar idisə, bu gün də bir manat bir dollardır. Hesab edirəm ki, bundan sonra belə də olmalıdır.


Eyni zamanda, biz inhisarçılığa qarşı mübarizəni daha da gücləndirməliyik, əlavə tədbirlər görülməlidir. Yerli istehsalın stimullaşdırılması ilə bərabər, bu sahəyə də diqqət yetirilməlidir, əgər ya qanunvericilikdə, ya hansısa tənzimləyici qərarlarda hansı əlavə tədbirlər lazımdırsa, biz bunu edəcəyik. Biz azad, ədalətli rəqabəti təmin etməliyik.

Bu il sosial infrastruktur layihələrinin icrasi - məktəblərin, xəstəxanaların, uşaq bağçalarının, peşə məktəblərinin tikintisi davam etdiriləcəkdir. İndi buna böyük ehtiyac var. Bu il əlavə üç “ASAN xidmət” mərkəzi açılmalıdır. “ASAN xidmət” mərkəzlərinin sayı səkkizə çatıbdır - dördü Bakıda, dördü rayonlarda. Üç mərkəz tikilir. Hazırda Bakıda dörd mərkəz fəaliyyət göstərir. Gəncə, Sumqayıt, Sabirabad, Bərdə şəhərlərində “ASAN xidmət” mərkəzləri artıq açılıbdır. Hazırda Bakıda daha bir mərkəz tikilir. Qəbələdə və Masallıda da “ASAN xidmət” mərkəzləri tikilir.

Biz ilin birinci rübündə elektroenergetika sahəsində ciddi islahatlar apardıq. “Azərişıq” qurumu yaradılmışdır. “Azərişıq” “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin əsasında qurulubdur və əsas məqsəd rayonlarda elektrik enerjisi ilə təchizatı Bakının səviyyəsinə qaldırmaqdır. Bax, bu idi əsas məqsəd. Çünki son illər ərzində Bakı şəhərində “Bakıelektrikşəbəkə” təşkilatı çox uğurla fəaliyyət göstərirdi. Artıq “Barmek”in dövrü çoxlarının yadından çıxıb. “Barmek” Azərbaycanı nə günə salmışdı?! “Bakıelektirkşəbəkə” o təsərrüfatı öz üzərinə götürənə qədər “Barmek”in təsərrüfatı nə gündə idi?! O günlər çox yaxşı ki, hamının yadından çıxıb. Amma o qaranlıq gecələr hamımızın yadındadır. Yəni, gənc nəsil yəqin ki, bunu xatırlamır, heç xatırlamasa yaxşıdır.

Rayonlarda isə hələ ki, görüləsi işlər çoxdur. Bilirsiniz ki, mən bölgələrdə tez-tez oluram, demək olar ki, hər ay. Elə rayonlar, şəhərlər var ki, orada 10 dəfədən çox olmuşam. Hər halda Azərbaycanda elə bir yer yoxdur ki, mən orada ən azı iki dəfə olmayım. Hər dəfə olanda həm maraqlanıram, həm başqa məlumat mənbələrim var ki, qaz, içməli su, elektrik enerjisi ilə təchizatla bağlı vəziyyət necədir. Bəzi hallarda mənə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri çox müsbət mənzərə təqdim etməyə çalışırlar. Ancaq reallıq ondan ibarətdir ki, bölgələrdə elektrik enerjisi ilə bağlı vəziyyət istədiyimiz səviyyədə deyil. Düzdür, biz indi böyük enerji gücləri, elektrik stansiyaları yaratdıq. Son illər ərzində yaratdığımız enerji potensialı bütün sovet dövründə yaradılan potensialdan böyükdür, ondan çoxdur. Nə qədər elektrik stansiyaları yaradıldı. Onlar olmasaydı, indi bizim iqtisadi, sənaye inkişafımız mümkün olmazdı. Yəni, biz diqqəti bu sahəyə yönəltdik ki, generasiya güclərini yaradaq. Azərbaycanda həm alternativ su elektrik stansiyaları və əsas qaz elektrik stansiyaları tikilmişdir. Amma ötürücü xətlərdə hələ ki, vəziyyət o qədər də yaxşı deyil. Xüsusilə, rayonlarda, kənd yerlərində bir balaca külək əsən kimi dirəklər aşır, işıq verilməsi dayandırılır. Buna dözmək olmaz. Mən dəfələrlə məsələ qaldırmışdım, demişdim, göstəriş vermişdim ki, gedin bu sahəni düzəldin. Bölgələrdə insanlarla görüşlər əsnasında mən onların xahişlərini, problemlərini eşidirdim. Deyirdilər ki, tez-tez işıqlar sönür, tez-tez işıqsız qalırıq. Azərbaycan kimi ölkədə belə vəziyyət dözülməzdir. Ona görə görəndə ki, bu inzibati tədbirlər səmərə vermir, biz struktur islahatlarına keçdik. Əminəm ki, “Azərişıq” yaxın zamanlarda bütün şəhər və rayonlarımızda elektrik enerjisi ilə təminatı Bakının səviyyəsinə qaldıracaqdır. Bu, çox ağır, çətin işdir. İndi böyük səylər göstərilməlidir. Ancaq qarşıya vəzifə qoyulub və mən birinci rübdə bu struktur islahatını xüsusilə vurğulamaq istəyirəm.


Azərbaycanda, o cümlədən Bakıda ekoloji tədbirlər daim aparılır, göllər təmizlənir, ağaclar əkilir, parklar salınır. Bakı indi parklar, bağçalar şəhəridir. Eyni zamanda, bölgələrdə insanları içməli su ilə təmin etmək üçün təmizləyici qurğular yaradılır. Biz içməli su problemini həll etmək üçün üç istiqamətdən istifadə edirik. İlk növbədə, “Azərsu” tərəfindən icra edilən layihələr. Burada da bir neçə şəhərdə artıq içməli su layihəsi başa çatıbdır və bu proses gedir, əhali tərəfindən də çox gözəl qarşılanır. Eyni zamanda, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti bu işləri görür. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi çaylar boyu yerləşən kəndlərdə təmizləyici qurğular quraşdırır. Bu günə qədər çaylar boyu, xüsusilə Kür, Araz çayları boyu yerləşən kəndlərdə 480 min əhali artıq təmiz içməli su ilə təmin edilmişdir. 292 kənddə müasir təmizləyici qurğular quraşdırılmışdır. Bu vaxta qədər onlar suyu çaydan götürürdülər, duruldurdular, yaxud da ki, kanallardan su içirdilər. Bu, insanların sağlamlığına mənfi təsir göstərirdi. Hazırda 28 kənddə işlər gedir, təmizləyici qurğular quraşdırılır. Bu kəndlərdə 51 min insan yaşayır. Hesab edirəm ki, bu işlər bu ilin sonuna qədər tamamlanmalıdır. Beləliklə, 530 min insan ancaq bu təmizləyici qurğular hesabına içməli su ilə təmin ediləcəkdir.

Avropa Oyunlarının keçirilməsinə az vaxt qalır. Biz Nazirlər Kabinetinin növbəti toplantısını ilin altı ayının yekunlarına həsr edəcəyik. Ona görə Avropa Oyunlarına qalan müddət ərzində bütün müvafiq qurumlar daha da fəal işləməlidir. Əslində, biz bütün hazırlıq işlərini artıq başa çatdırırıq. Nəqliyyat, infrastruktur, təhlükəsizlik, texniki-təşkilati məsələlər öz həllini tapır. Təşkilat Komitəsi çox fəal və səmərəli işləyir. Beynəlxalq Əməliyyat Komitəsi də fəal işləyir. İdman obyektlərimiz demək olar ki, hazırdır. Keçən ay biz Bakı Olimpiya Stadionunun və Bakı Atıcılıq Mərkəzinin açılışını qeyd etdik. Su İdmanı Sarayında son tamamlama işləri gedir. Heydər Əliyev adına İdman-Konsert Kompleksində təmir işləri başa çatır. Bulvarda yerləşən idman sarayında da işlər yekunlaşır. Bildiyiniz kimi, həm yeni idman obyektləri yaradılır, həm əvvəlki illərdə yaradılan obyektlər əsaslı şəkildə təmir olunur, əslində yenidən qurulur.

Avropa Oyunları Parkı yaradılır. Bu, əslində müvəqqəti idman qurğuları kimi nəzərdə tutulurdu. Ancaq nəzərə alsaq ki, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları Bakıda keçiriləcəkdir, hesab edirəm, Avropa Oyunlarından sonra Avropa Oyunları Parkı qalmalıdır. Ola bilər İslam Həmrəyliyi Oyunlarından sonra da qalsın. Çünki indi Bakıda yeni gözəl bir istirahət zonası yaradılır. Bayraq Meydanından ta Bibiheybətə qədər gözəl bir park və istirahət zonası, idman zonası yaxın zamanlarda ictimaiyyətin istifadəsinə veriləcəkdir. Biz tədricən bulvarı genişləndiririk. Yadınızdadır, Bayraq Meydanı yaradılandan bir qədər sonra insanların sərəncamına verildi. İndi Bayraq Meydanından Bibiheybətə tərəf olan hissədə böyük tikinti, abadlıq işləri görülür. Beləliklə, “Ağ Şəhər” bulvarı ilə birlikdə bulvarın uzunluğu 16 kilometrə çatacaqdır.

Tofiq Bəhramov adına Stadionda təmir-bərpa işləri artıq başa çatmışdır. İndi orada da müvafiq qurğular tikilir. “Crystall Hall”da bir neçə idman növü üzrə yarışlar keçiriləcəkdir. Orada da işlər hazırdır. Mingəçevirdəki “Kür” avarçəkmə bazasında müvəqqəti qurğular, tribunalar yaradılır. Atletlər Kəndi demək olar ki, hazırdır, Media Kəndi yaradılıbdır. Media Kəndi - deyə bilərəm ki, ümumiyyətlə, ilk dəfə belə bir yer olacaq. Çünki Yay Olimpiya və Qış Olimpiya oyunlarında heç vaxt Media Kəndi olmamışdı, jurnalistlər hərəsi bir yerdə qalırdı. Biz isə jurnalistlərə də diqqət göstərərək onlar üçün də gözəl yaşayış yerlərini müəyyən etdik, düz Atletlər Kəndinin yanında yerləşir.

Oyunlara dünyada çox böyük maraq var. Altmışa yaxın telekanal artıq müqavilə bağlayıb ki, bu Oyunları yayımlasın və beləliklə, “Bakı-2015” birinci Avropa Oyunları dünya ictimaiyyəti tərəfindən də izlənəcək. Yəni, son mərhələdəyik, ona görə şadam ki, çox qısa bir müddətdə - iki il yarım ərzində biz bu işin öhdəsindən gəldik. Əslində mən şübhə etmirdim, çünki bizim başladığımız bütün işlər uğurla yekunlaşır. Əminəm ki, Avropa Oyunları da böyük idman və dostluq bayramına çevriləcəkdir.

Bir sözlə, vəzifələr aydındır. Biz ilin sonuna qədər fəal işləməliyik ki, bütün vəzifələri uğurla icra edək, ölkəmizi daha da gücləndirək. Sağ olun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm