İranın TANAP-a qoşulması kimə sərf etmir? – ŞƏRH
Bizi izləyin

Nida.az

İranın TANAP-a qoşulması kimə sərf etmir? – ŞƏRH

“SOCAR prezidentinin bəyanatı və ardınca Türkiyə energetika nazirinin TANAP-da hissələrimizin satılması haqda açıqladığı fikirlər Ermənistan və Rusiya mediasında, hətta bizim də bəzi KİV-də uğursuzluq kimi təqdim olundu. Lakin reallıq bu iddiaların tam əksinədir”.


Bu barədə Publika.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.


R. Musabəyov qeyd edib ki, İrana qarşı sanksiyalar aradan qalxsa, bu ölkənin qazının Avropa bazarına çıxışı aktuallaşacaq: “Bu istiqamətdə ən unikal marşrut TANAP-dır. İrəvanda və Moskvada vicdansız “analitiklərin” absurd iddialarına rəğmən, İran qazının bu istiqamətdə çıxışı layihənin əhəmiyyətini yüksəldir. Bu analitiklər İranın “Şahdəniz”də 10 faiz paya malik olduğunu unudurlar. İndiyə qədər bu ölkənin TANAP-da iştirakına sanksiyalar mane olurdu. Sanksiyaların ləğvi ilə İran qaz kəmərində pay ala bilər”.


Politoloq Azərbaycanın boru kəməri layihələri haqda böhtan kampaniyalarının yeni olmadığını vurğulayıb.

“Vaxtilə Bakı-Tiflis-Ceyhan kəməri haqda da pessimist proqnozlar verilirdi. Lakin bədxahlar rüsvay oldu. BTC vaxtında tikildi və hazırda səhmdarlara, tranzit ölkələrə sabit gəlir gətirir. TANAP-ın perspektivləri ondan da yaxşıdır”, - deyə o bildirib.


“Nə üçün TANAP-a İran və Türkmənistanın qoşulması gündəmə gətirilir” sualına cavabında R. Musabəyov bildirib ki, hər şeydən öncə enerji ehtiyatlarına malik ölkələrin bura qoşulması ticarət cazibədarlığını yüksəldəcək: “Bununla yanaşı, SOCAR-ın idarəçilik paketi saxlanılmaqla bu ölkələrin layihədə pay sahibi olması Azərbaycan və Türkiyənin investisiya yükünü azaldacaq. Hətta TANAP-da hissə satışı dərhal olmasa belə, bunun müzakirəsi layihəyə minus gətirməyəcək”.


R. Musabəyov İranın TANAP-a qoşulmasının kimin üçün xoşagəlməz perspektivlər vəd etdiyini də şərh edib.


“Avropa Birliyinin Ukraynanın boru kəmərləri ilə gələcəkdə Rusiya qazının alacağı niyyətində olduğu haqda açıqlamasından sonra Moskvanın elan etdiyi “Türk axını” layihəsini lazımsız edir. Təbii ki, konkret iddialarla çıxış etmək yersizdir. Lakin baş verən proseslər bir sıra məqamları açıq şəkildə göstərir. Digər tərəfdən, burda ən böyük zərbə Ermənistana vurulur. Ona görə də bədxah qonşularımız bunun reallaşmasının qəti əleyhinədir”, - deyə o vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm