Nida.az
TAP-a süni əngəllər: “Troya atları” və ya şoumenin təbiət “sevgisi” – TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında çıxışı zamanı Cənub Qaz Dəhlizi layihəsinin reallaşması istiqamətində aparılan işlərdən danışarkən maraqlı məqama toxundu.
Publika.az xəbər verir ki, dövlət başçısı
Transadriatik Qaz Kəməri (TAP) layihəsinə bəzi süni əngəllərin
yaradıldığını vurğulayaraq, bunun aradan qaldırılmasının
vacibliyini qeyd edib.
“TAP layihəsi də icra edilməlidir. Hesab edirəm ki, TAP layihəsinin icrası üçün bəzi hallarda yaradılan süni maneələr aradan qaldırılacaq və Avropa ölkələri, bu layihədə iştirak edən ölkələr və Avropa İttifaqı bu məsələləri özləri həll edəcəkdir. Hər halda, Azərbaycan və Türkiyə üzərinə düşən vəzifələri, TANAP layihəsinin icrası ilə bağlı bütün vəzifələri vaxtında yerinə yetirəcək”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi
olaraq “Şahdəniz-2” yatağından çıxarılan Azərbaycan qazını Avropaya
aparacaq. Hazırda layihənin birinci əsas hissəsi hesab olunan
TANAP-ın inşası istiqamətində işlər sürətlə aparılır. TAP haqda isə
bunu demək çətindir.
Dövlət başçısının dediyi kimi, Azərbaycan və Türkiyə öz üzərinə
düşən işi yerinə yetirir, lakin rəsmi Brüssel ilə Birlik ölkələri
arasında fikir ayrılığı yaşanır.
Avropa Birliyi daxilində “Troya atları”, Moskvanın solçu
kartı və ya Afina Brüsseli niyə qəzəbləndirir?
Azərbaycan lideri çıxışında konkret ad açıqlamadı. Lakin süni
əngəlləri yaradanlar haqda müəyyən ehtimallar var.
Söhbət ilk növbədə Yunanıstandan gedir: hər şey bu ilin ilk ayında
Afinada radikal solçuların iqtidara gəlməsindən sonra başladı. Yeni
iqtidarın ətraf mühit və energetika naziri Panayiotis Lafazanis
SOCAR-ın satın aldığı DESFA-nın özəlləşdirilməsinə yenidən
baxılacağını açıqladı.
Halbuki SOCAR 2013-cü ilin iyununda tenderdə qalib gələrək 400
milyon avroya DESFA-nın 66 faiz səhmini əldə edib. Həmin ilin
noyabrında Avropa Birliyinin antiinhisar idarəsinin DESFA-nın
səhmlərinin SOCAR tərəfindən alınmasına dair sazişin yoxlanılmasına
başladığı məlum olub. Avropa Komissiyası sazişin üçüncü energetika
paketinə uyğun olmadığını düşünür. Lakin bu saziş imzalananda
sözügedən paket qəbul olunmamışdı. Afina da məhz bu amili bəhanə
olaraq irəli sürür.
Ortada aydın olan məsələ isə odur ki, hər şey məsələnin iqtisadi
tərəfi ilə yekunlaşmır və SOCAR-ın yunan bazarına girişi təkcə
Avropanın energetika paketinə uyğun olmamasından irəli gəlmir.
DESFA Azərbaycan qazının Avropaya çıxaracaq TAP-ın əsas qaz
paylayıcı şəbəkəsidir. Rəsmi Bakı Avropadakı iqtisadi böhrandan
sonra ölkənin strateji gələcəyinə yaxşı kapital ola biləcək addımı
ataraq bu şirkəti almışdı. Görünür, Azərbaycanın Avropa qaz
bazarında söz sahibinə çevrilməsi kimlərəsə sərf etmir.
Digər tərəfdən, ortada Rusiya amili da özünü açıq şəkildə büruzə
verir. Solçular Afinanın başına keçəndə ekspertlər Yunanıstanın
Rusiyaya doğru əyiləcəyini boş yerə gündəmə gətirməmişdi. Yeni
hökumətin solçu nazirlərinin mütəmadi olaraq Moskvaya səfəri də
bunu deməyə əsas verir. Elə bu ilin 30 martında Moskvaya gedən
solçu Lafazanisin Rusiyanın “Cənub axını”ndan sonra gündəmə
gətirdiyi “Türk axını”na qoşulmaq niyyətində olduğunu açıqlaması da
çox şey deyirdi.
“2019-cu ildən etibarən Rusiya qazı Avropaya şimal və cənub dəhlizi
ilə daxil olacaq. Biz “Türk axını” layihəsində iştirak etmək və
daha ucuz qaz əldə etmək istəyirik”,- deyə Lafazanis qeyd edib.
Onun ardınca yunan solçularının lideri, baş nazir Aleksis Tsipras
Moskvaya işgüzar səfərə gəldi. Bu səfərdən dərhal sonra Rusiyanın
“Kommersant” qəzeti Afinanın “Türk axını”nda iştirak etmək arzusuna
olan ölkələr arasında olduğunu yazdı.
Yunanıstanın yeni hökumətinin solçular olaraq Rusiyaya yaxınlığı
daha çox tarixi bağlılıqla əlaqələndirilir. Hansı ki, Avropa
İttifaqının tərkibində onlar kommunizm arzusundadırlar. Məhz bu
faktor Moskvaya Avropa Birliyini parçalamaq üçün yetərlidir. Lakin
ümumi mənzərə rəsmi Brüsselin Azərbaycan qazını heç kimə dəyişmək
istəyində olmadığını göstərir. Tsiprasın Moskva səfərinə Avropa
Parlamentinin sərt reaksiyası, Afinanın Rusiyanın Birliyə qarşı
siyasi oyunlarında spekulyator rolunda iştirakda ittiham olunması
da bunu göstərir.
Avropa Parlamentinin sədri Martin Şults “Hannoversche Allgemeine
Zeitung” nəşrinə müsahibəsində Yunanıstanı Avropa İttifaqını
parçalamaq cəhdlərindən çəkinməyə, Afinanı öz avropalı
tərəfdaşlarını “qəzəbləndirməməyə” çağırıb.
Bundestaqda Avropa İttifaqı Məsələləri Komitəsinin rəhbəri
Günter Krixbaum da bəyan edib ki, əgər Yunanıstan hökuməti Kremldə
öz xilaskarlarını tapacağına ümid edirsə, o, bu mərci uduzacaq.
Brüssel narahatdır, lakin Moskva Yunanıstanla yanaşı, yunan Kipri
və Macarıstanı kənd təsərrüfatı mallarının idxalı ilə
şirnikləndirərək Avropa Birliyi daxilində çatı genişləndirir.
Afinanın bu xoşagəlməz gedişləri Birləşmiş Ştatlarda da
narahatlıqla izlənilir. Hətta solçu Lafazanisə inansaq, Vaşinqton
bunun qarşısını almaq üçün onlara təzyiq də göstərir.
Rəsmi Bakı da bundan narahat olmaya bilməz. Təbii ki, Azərbaycan öz
enerji ehtiyatlarının Avropa bazarına çıxarmaqla kiməsə qarşı
olmaq, yaxud hansısa siyasi oyunlarda yer almaq niyyətində deyil.
İqtidar sadəcə öz ölkəsinin milli maraqlarını düşünür və yaxın
qonşu Rusiya ilə uzaq əməkdaş Avropaya kimi hər kəslə
bərabərhüquqlu münasibət qurmaq istəyir. Amma dünya heç də ədaləti
əldə bayraq etməyib və siyasi oyunlar qızğın şəkildə hər keçən gün
artır.
Bu oyunların TAP-a zərər vurmaması indi Brüsselin əlindədir və Avropa Birliyi öz daxilindəki “Troya atları"ndan qurtulmalıdır.
İtaliyalı “təbiətsevərlər”, yaxud şoumen Qrillonun
təbliğatı
Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP-a yaradılan süni
əngəllər təkcə Yunanıstanın radikal solçuları ilə bitmir. Burda
“təbiətsevərlər” də maşa olaraq istifadə olunur.
Növbəti məkan İtaliyadır. Lakin bu dəfə söhbət Romanın rəsmi
siyasətindən yox, bir “şoumen”dən gedir.
Belə ki, İtaliya hökumətinin kəmərin marşrutunu təsdiq etməsinə
baxmayaraq, Adriatik dənizi sahillərindəki Apuliya yarımadasının
yerli hakimiyyəti TAP kəmərinin bu ərazilərdən keçməsinə qarşı
çıxır. Onlar ətraf mühitin qorunmasını əsas gətirir və layihəyə
qarşı təbliğat aparırlar.
Bu işə keçmiş italiyalı şoumen, hazırda “5 Star” (5-Star
Movement-M5S) adlı siyasi hərəkata başçılıq edən və parlamentdə 23
faizlik fraksiyası olan Beppe Qrillo rəhbərlik edir. O, Rusiya
KİV-nə müsahibəsində Azərbaycan qazının İtaliyadan keçməməsi üçün
əlindən gələn hər şeyi edəcəyini açıqlayıb.
Tanış mənzərədir: dünyada adətən ətraf mühitin mühafizəsi məhz
hansısa siyasi oyunlarda yada düşür və bu, adətən Yaşıllar
hərəkatı, yaxud “Greenpeace” proqramı adı altında aparılır.
Lakin ümumi proseslər bu layihənin “süni əngəllərə” görə tarixə
qovuşacağını göstərmir. Baş verə biləcək hər-hansı gözlənilməz
haldan isə yalnız Brüssel ziyan görəcək...
Asif Nərimanlı
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK