Qüdrət Həsənquliyev: “Milli Şura siyasi riyakarlıq edir”
Bizi izləyin

Nida.az

Qüdrət Həsənquliyev: “Milli Şura siyasi riyakarlıq edir”

Milli Şura aprelin 15-də Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan-Avropa Birliyi münasibətləri“ movzusunda dəyirmi masa təşkil edib. Toplantıda Milli Şuranın sədri Cəmil Həsənli çıxış edib. O, bildirib: “Qarşıdakı Riqa sammitində Azərbaycan Avropa Birliyi ilə Assossasiya sazişi imzalamalıdır. ”

Milli Şura sədrinin bu çağırışına BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin münasibətini öyrəndik. BAXCP sədri vurğuladı ki, Azərbaycan Respublikasının xarici siyasətinin mühüm prioriteti Dağlıq Qarabağın işğal azad edilməsi, qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın öz doğma yurdlarına qayıtmasıdır: “İndi “Avropa” deyə çığır-bağır salanlar bu problemi görməzlikdən gəlir və torpaqlarımızın işğal altında olduğunu xalqa unutdurmaq istəyirlər. Halbuki hər kəsə gün kimi aydındır ki, Avropa dövlətləri və qurumları işğalçı Ermənistana heç bir təzyiq göstərmir. Əksinə, münaqişənin həllini uzadılmasına maraq göstərərək Ermənistanın mövqelərini gücləndirirlər. Ona görə də mən dəfələrlə demişəm ki, madam vəziyyət belədir, o zaman biz Rusiya ilə danışıqlar masasına oturmalı və Kremlin öz təsir imkanlarından istifadə edərək Qarabağı Azərbaycana qaytarmasına nail olmalıyıq. Biz bu zaman Azərbaycanın müstəqilliyinə, suverenliyinə xələl gətirməyəcək bütün məsələlərdə Rusiyanın maraqlarını nəzərə ala bilərik. Çünki Qərb diplomatları özləri də etiraf edirlər ki, Dağlıq Qarabağın Azərbaycana qaytarılması Rusiyadan asılıdır”.

BAXCP sədri xüsusi vurğuladı ki, bu gün Milli Şuranın Azərbaycanı Riqa sammitində Assossasiya sazişi imzalamağa çağırması siyasi riyakarlıqdan başqa bir şey deyil. Qüdrət Həsənquliyev xatırtlatdı ki, Milli Şura yaranan zaman Azərbaycanın geopolitik oriyentasiyası ilə bağlı suallara cavab verməkdən yayınırdı: “Hətta rəsmi sənədlərində də qeyd edirdilər ki, Avropa Birliyi ilə bağlı məsələlər referendum yolu ilə müəyyən edilməlidir. Görünür, belə bir müddəa ilə çıxış etdiklərini indi xatırlamaq istəmirlər. Ancaq bunu onların və cəmiyyətin yadına salmaq lazımdır”

Millət vəkilinin sözlərinə görə, əslində Avropa ölkələrinin diplomatik korpusu Milli Şuranın yaranmasında Rusiyanın əlində alət olan Rüstəm İbrahimbəyovun əsas rol oynadığını bilirlər. O zaman Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərindən sonra Milli Şuranın qurucularının oyuncaq olduqları üzə çıxdı. Qərb diplomatları yaxşı başa düşürlər ki, hazırda Əli Kərimli bu cür tədbirlər təşkil etməklə bu faktı ört-basdır etmək, özünü Qərb dairələrinə yenidən yaxın göstərmək istəyir.

Qüdrət Həsənquliyev daha sonra deyib ki, Milli Şurada təmsil olunan şəxslər milli maraqlardan uzaq olduqları kimi, hansısa dəyərlərin daşıyıcısı və qoruyusu da deyillər: “Cəmil Həsənli işinə gələndə kitab yazır, Prezident İlham Əliyevin uğurlarını tərənnüm edir, onun Azərbaycanı Qafqazın lider dövlətinə çevirdiyini söyləyir. Ancaq indi bütün yazdıqlarından imtina edib, tamamilə əks fikirlərlə çıxış edir. Azərbaycanda hər kəs bilir ki, onun öz mövqeyini dəyişməsi maddi mənfəətləri ilə bağlıdır”.

Bütün bunlardan sonra BAXCP sədri Milli Şuranın bu günkü tədbirinə, orada çıxış edənlərə və səslənən fikirlərə atalar deyimi ilə ironik münasibət bildirib: “Utanmasan oynamağa nə var ki”?

Taleh Şahsuvarlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm