Vəfa Quluzadə: “Cəhənnəmə təzminat istəsinlər, heç nə almayacaqlar” – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Vəfa Quluzadə: “Cəhənnəmə təzminat istəsinlər, heç nə almayacaqlar” – MÜSAHİBƏ

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Publika.az-a müsahibəsində Avropa Parlamentinin qondarma “erməni soyqırımı” haqda qərarını və bundan çıxacaq nəticələri şərh edib.


- Avropa parlamentinin “erməni soyqırımı” haqda qərarı hansı nəticələrə səbəb ola bilər və buna qarşı necə davranmaq lazımdır?


- Hesab edirəm ki, Türkiyə bu barədə düşünməlidir. Görünür, Avropa müasir Türkiyənin siyasətini qəbul etmir. Məsələn, Rasmussen belə bir fikir səsləndirdi ki, Putin Rusiyası Sovet İttifaqından, Ərdoğan Türkiyəsi isə Osmanlı imperiyasından pisdir.


Türkiyə düşünməlidir ki, hansı səbəb görə bütün Avropa Birliyi onlara belə münasibət bəsləyir. Avropa Birliyi və ABŞ-la yaxşı münasibətlərin olması Türkiyənin marağındadır. Sözsüz ki, “erməni soyqırımı” məsələsində Avropa Parlamentinin qəbul etdiyi qərar ədalətsizdir. Çünki heç kim bunu araşdırmayıb, Ermənistan tarixin araşdırılmasından boyun qaçırır. Dəqiq araşdırmalar olmadan belə qərarlar verilir. Lakin bu qərar faktiki olaraq soyqırımı tanımaq yox, müasir Türkiyənin əleyhinə atılmış addımdır. Ən yaxşısı, emosiyalara qapılmayaraq, Avropa Birliyinin belə mövqe sərgiləməsinin səbəbləri üzərində düşünmək lazımdır.


- Sizcə, burda səbəblər nədir?


- Türkiyə son vaxtlar addımlarını siyasət naminə yox, yalnız ədalət naminə atır. Siyasətdə çox vaxt ədalət axtarmağa dəyməz. Siyasətdə rasional addımlar atmaq lazımdır ki, ölkənin və xalqın mili maraqlarını təmin edəsən. Misal üçün, “Müsəlman qardaşları”nın lideri Məhəmməd Mursi prezident olandan sonra Türkiyə onunla sıx əlaqələr qurdu. Sonra Misirdə dövlət çevrilişi olanda Türkiyə bunu şiddətlə pislədi. Bu da Amerika və Qərbin siyasətinə qarşı bir mövqe idi. Halbuki Türkiyənin mövqeyi ədalətli idi. Çünki “Müsəlman qardaşları” seçki yolu ilə hakimiyyətə gəlmişdi. Lakin onlar İslam dövləti qurmaq və İsrailin əleyhinə çıxmaq istəyəndə Qərb bunu qəbul etmədi. Türkiyə Qərbin Misirdə “müsəlman qardaşları”nın hakimiyyətinə dözməyəcəyini düşünməli idi. Buna görə Qərblə münasibətləri pozmağa dəyərdimi? Siyasətdə ədalət və rasionallıq haqda dediyim budur. Azərbaycanın qanunsuz olaraq 20 faiz torpağı işğal olunub, bir milyon qaçqın və məcburi köçkün var, Xocalıda dəhşətli soyqırımı törədilib. Lakin bunu veclərinə almırlar. Çünki dünya siyasətində ədalət axtarışı doğru deyil. Rasional olmaq və adekvat hərəkət etmək lazımdır. Ədalət arxasınca qaçsaq, onda gedib radikallara qoşulaq və cihad aparaq. Lakin bu xeyrimizə deyil. Mən tək insanam və heç kimə məsləhət vermək istəmirəm. Hər bir dövlət birinci növbədə xalqının və ölkəsinin maraqlarını təhlil edərək addım atmalıdır.


- Bu qərar Ermənistana nə verəcək?


- Soyqırımın tanınması Ermənistana heç bir şey vermir və heç nə qazandırmayacaq. Qərb bunu özü üçün edir. Yazıq vəziyyətdə olan ermənilər bundan sonra da ac olaraq qalacaqlar. Əgər onlar erməniləri sevsəydilər, pul verərdilər. Bu gün Ermənistan diasporun puluna və ABŞ-ın öz maraqlarına görə bəzən ayırdığı paya möhtac qalıb. Bu isə erməni xalqını acınacaqlı vəziyyətdən çıxara bilmir. Xalq özü özünü pis vəziyyətdən çıxarmalıdır, başqası yox. Hesab edirəm ki, Türkiyə bu siyasi oyunu başa düşüb adekvat addımlar atmalıdır.


- Belə çıxır ki, Ermənistanın Türkiyədən təzminat istəyi mənasız gözləntilərdir?


- Cəhənnəmə təzminat istəsinlər. Türkiyə heç bir təzminat verməyəcək. Belə çıxır ki, Azərbaycan da Çar imperiyası və Sovet İttifaqının işğallarına görə indiki Rusiyadan təzminat istəməlidir? İstəsə belə Rusiya bunu verməz. Baxın, Özbəkistan, Türkmənistan və Qazaxıstan dünyanın ən zəngin torpaqlarına malik olan ölkələrindəndir. Vaxtilə Sovet təbliğatı hesab edirdi ki, bu ölkələrdə kommunizm qurulub. Əvəzində onların sərvətləri nüvə reaktorlarında yandırılaraq xərcləndi. İndi vəziyyətləri bərbaddır. İndi Rusiya onlara təzminat verməlidir? Yaxud, başqa fakt. Sovet İttifaqının əmlakı bölünəndə Rusiya bizə heç nə vermədi. Bunu tələb etsək belə verməyəcəklər.


- Sizcə, Ankara və Bakı Avropanın bu ədalətsiz siyasətinə qarşı hansı addımı atmalıdır?


- Onlar öz rəylərini bildirməlidir. Lakin Avropa ilə düşmənçilik etmək zərərlidir. Çünki bura inkişaf etmiş Qitədir və biz onun üstünlüklərindən istifadə etməliyik. Belə emosional məqamlarda düşmənçilik etmək heç nəyə yaramır.


- Yəni hesab edirsiniz ki, öz mövqelərini inandırmalıdırlar?


- Öz mövqeyimizi indiyə qədər demişik, deyirik, bundan sonra da deməliyik. Avropada böyük türk diasporu var. Bizim diaspor onlarla birləşməli və buna qarşı ağıllı addımlar atmalıdır. Lakin düşmənçilik edilməməlidir. Çünki bizim düşmənlərimiz də istəyir ki, Azərbaycan və Türkiyənin Avropa ilə aralarında uçurum yaransın. Buna imkan verməməliyik.

Mən bir tarixi məqamı da vurğulamaq istəyirəm. Osmanlı imperiyası niyə çökdü? Çünki Avropa elmdə, texnikada onu üstələdi. Lakin Avropa liderləri Osmanlı sultanına göndərdikləri məktublarda “Türk ordusu dünyanın ən güclü ordusudur, Türkiyə də ən böyük ölkəsidir” deyə yazırdılar. Onlar qorxurdular ki, Avropanın inkişaf etdiyini desələr, sultan qəzəblənər və onları cəzalandırar. Ona görə də Osmanlı geridə qaldı və dağıldı. İndiki Türkiyə də özünü tam haqlı və ən inkişaf etmiş ölkə hesab edəndə uduza bilər. Türkiyə bu barədə düşünməlidir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm