“Siyavuş Novruzovun prezidentliyinə razıyıq, İsa Qəmbərin yox” - Vidadi İsgəndərli
Bizi izləyin

Nida.az

“Siyavuş Novruzovun prezidentliyinə razıyıq, İsa Qəmbərin yox” - Vidadi İsgəndərli

“AXCP sədrinin müavini mənə deyib ki, 200 dənə gizli profilimiz var”

“Mən “Facebook”da yazım ki, “Azadlıq” qəzeti Milli Şurada sədr olan Cəmil Həsənlinin çıxışını tezis kimi yayır, amma Əli Kərimlinin 15-20 dəqiqəlik çıxışını həm video, həm də yazı formasında tirajlayır. Bundan sonra AXCP-nin zombiləri mənim səhifəmi şikayət etdilər ki, guya mən 50 nəfər dostluq göndərmişəm. Halbuki mən son 7 ayda bircə Dudayevin arvadı Alla Dudayevə bir statusla bağlı dostluq göndərmişəm, o da qəbul edib. Belə müxalifətçilik olmazı axı”.

Bu barədə hüquq müdafiəçisi Vidadi İsgəndərli Publika.Az -a açıqlamasında dünən yazdığı statusdan sonra “Facebook” profilinin bağlanması ilə bağlı deyib. Hüquq müdafiəçisi qeyd edib ki, “Azadlıq” qəzeti Əli Kərimli və AXCP-nin monopoliyasındadır.

“AXCP sədrinin müavini mənə deyib ki, 200 dənə gizli profilimiz var”

Hüquq müdafiəçisi qeyd edib ki, bunu başa düşüb etiraf etməlidirlər: “İctimai Palatada nə mənə, nə Mirmahmud ağaya, nə İsa Qəmbərə imkan vermirdilər danışaq. Ancaq özlərinkini təbliğ edirlər. Mən həbs olunanda hakimiyyət mediasına istinadən yazdılar ki, guya sərxoş halda tutulmuşam. Bu gün də məni prokurorluqda dindirirlər, amma bir cümlə nədir, o qəzet vermir. Mən də sosial şəbəkədə yazanda, başlayırlar üstümə tökülüşməyə. AXCP sədrinin müavini mənə deyib ki, 200 dənə gizli profilimiz var. Onlar da zombi kimi hərəkət edirlər. Artıq 7 dəfədir ki, mənim profilim dağıdılır. Bilirsiniz, mən heç kəslə düşmənçilik etmirəm, hüquq müdafiəçisiyəm, mənim üçün müxalifət də, iqtidar da eynidir. Seçkiyə qədər siyasətlə məşğul oldum, seçki bitdi, artıq hüquqla məşğul oluram. İstər iqtidar, istər müxalifət, istərsə qardaşım, xalam oğlu, dayım olsun, fərq etməz, mən həqiqəti deyəcəm. Həqiqətsə budur: Bu gün Milli Şurada Cəmil Həsənlidən Əli Kərimlinin təbliğatı üçün istifadə edirlər. Milli Şuranın sədri Cəmil Həsənlidir. Onun və digər çıxış edən siyasilərin, ziyalıların çıxışlarının tezis formasında verdikləri halda, Əli Kərimlinin bütün çıxışını yayırlar”.

“Əli Kərimli ironiya ilə dedi ki, hər yoldan keçənin telefonuna cavab verməliyəm”

V. İsgəndərli bildirib ki, ötən ilin mart ayında da Əli Kərimli ilə belə şeylərin üstündə mübahisəsi düşüb.
“Mənim məqalələrimi qəzetdə vermirdilər ki, sən radikal yazırsan. Bəs, mənim başıma bu qədər hadisə gəlir, həbs olunuram, niyə bir dəfə xəbər kimi vermirsiniz. Amma bir cəbhəçinin başına yalandan da olsa nəsə gəlsə, haray çəkirlər ki, ay aman, qoymayın hakimiyyət cəbhəni dağıtdı. Mən o zaman Əli Kərimliyə zəng etdim. Kobud cavab verdi. İroniya ilə dedi ki, mənə 9 milyon adam zəng edir, hər yoldan keçənin telefonuna cavab verməliyəm. Mən də dedim ki, sən mənim böyük yox, heç kiçiyim də deyilsən. Ondan da bu söhbətlər düşdü. İndi də nə edirəm “Azadlıq” qəzeti mənə qarşı çıxır. Sonra Əli Kərimlinin yaxın adamlarından biri mənə dedi ki, Vidadi İsgəndərli sən başa düş, siyasətlə məşğul olandan artıq bazara girirsən, onda da sənə hüquq müdafiəçisi kimi deyil, rəqib kimi baxırlar. Mən də dedim ki, getdim hüquq müdafiəçiliyinə”-deyə hüquq müdafiəçisi vurğulayıb.

“Elçibəyin ölümündən sonra “Azadlıq” qəzeti Əli Kərimlinin monopoliyasına keçdi”

Qeyd edib ki, “Azadlıq” qəzetinin 98 faizi AXCP-nin üzvüdür: “Yəni AXCP-nin qəzetidir də. Amma əgər bu gün həmin qəzetdə mən də bir müsahibə versəm, Əli Kərimli də, mənim müsahibəmi 50 min oxuyacaq, Əli Kəriminkini isə 5 min. Mən onlara sübut etmək istəyirəm ki, desinlər bu qəzet Əli Kərimli və AXCP-nindir. Vaxtilə jurnalist Xədicə İsmayılla da bunun üstündə mübahisəm düşdü. Mənə dedi ki, niyə cığallıq edirsən, qəzet onlarındır, özləri bilərlər. Mən də dedim ki, bunu açıq formada deməlidirlər, onda mən niyə onlarla birgə mübarizə aparıram. O mübahisədən sonra Xədicə İsmayıl məni Azadlıq radiosuna dəvət etmədi. Mən istəyirəm ki, açıq formada desinlər hər kəs bilsin. Halbuki “Azadlıq” qəzeti vaxtilə AXC adlanan qurumun qanı bahasına ərsəyə gəlib. İndi heç kim onu monopoliyaya ala bilməz. 1998-ci ildə Əbülfəz Elçibəy “Azadlıq”ı müstəqil qəzet elan etdi. Amma 2000-ci ildə onun ölümündən sonra qəzet Əli Kərimlinin monopoliyasına keçdi. Mən bunun söhbətini edirəm, dava etmirəm. Sübut etmək istəyirəm ki, deməsinlər ki, müxalifət qəzetidir, desinlər Əli Kərimlinin qəzetidir”.

“Bir cəbhəçinin yanında İsa Qəmbəri tərifləsən, olacaqsan düşmən”

V. İsgəndərli bildirib ki, siyasətlə məşğul olduğu 8 ay ərzində siyasətə ermənilərə nifrət etdiyi qədər nifrət edib. Buna səbəbsə qısqanclıqlar, zombilər, fanatlar, siyasi savadsızlıqlar olub: “Mən bir dəfə dedim ki, Müsavat mənim döyünən ürəyim, AXCP qanımdır. Cəbhəçilər dedi ürəyini dəyiş, müsavatçılar dedi qanını. Nə qədər istədim ki, bu iki partiyanı yola gətirim, alınmadı”.

Hüquq müdafiəçisi maraqlı bir faktı da dilə gətirib: “Həbsxanada cəbhəçilər və müsavatçılarla bir yerdə idik. Bəlkə də bu dövlət sirri kimi bir şeydir, amma deyəcəm. Cəbhəçilər dedi ki, Siyavuş Novruzovun prezident olmasına razıyıq, amma İsa Qəmbərin prezidentliyinə yox. Belə müxalifətçilik olmazı axı. Bu da Milli Şurada Cəmil Həsənlidən sui-istifadə edirlər. Vaxtilə AXCP-dən Cəmil Həsənlini mən qovmamışam, cəbhəçilər qovub. İndi nə oldu ki, o dahi şəxsiyyət oldu. əgər müxalifət olmaq istəyirlərsə, Ukraynadan öyrənsinlər. Bizdə başqa cürdür. Əgər sən bir cəbhəçinin yanında İsa Qəmbəri tərifləsən, olacaqsan düşmən”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm