Şenol Kantarcı: “Ermənilərin cəbhədə təxribatı arta bilər”– MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Şenol Kantarcı: “Ermənilərin cəbhədə təxribatı arta bilər”– MÜSAHİBƏ

Akdeniz Universitetinin İqtisadi və İdarəçilik Bilikləri Fakültəsinin Beynəlxalq əlaqələr bölümünün üzvü, türkiyəli tarixçi Şenol Kantarcının Publika.az-a müsahibəsi


- Qondarma “erməni soyqırımının” 100 illiyi ərəfəsində Türkiyəyə qarşı bir çox qərarlar qəbul olundu. Bunun hansı təsirləri olacaq?


- 1915-ci il olayları ilə bağlı 2015-ci ildə istər Ermənistanın, istərsə erməni lobbisinin Türkiyəyə qarşı qarayaxma kampaniyasının artacağı gözlənilirdi. Yəni bu gözlənilməz bir proses deyildi və belə də oldu. Avropa Parlamenti 1987-ci ildə çıxardığı qərarı bu il yenidən qəbul etdi. Buna bənzər bir açıqlama Vatikanda Papa Fransiskdən gəldi. Vatikan üçün də bu yeni deyil. 2001-ci ildə Vatikanda indiki açıqlamaya bənzəyən sözlər ifadə olunmuşdu. Almaniya da Papa və Avropa Parlamentinin yolunu gedir. Bütün bunların ortaq nöqtəsi Türk və İslam əleyhinə ikili standartlardan irəli gələn islamafobiyanın xüsusi bir nümunəsidir.


- Maraqlıdır ki, bu il Türkiyədə səs gətirən bir çox terror aktı təşkil olundu. Bunu “erməni soyqırımının” 100 illiyi fonunda dəyərləndirmək mümkündürmü?


- Son günlər müxtəlif ölkələrin parlamentlərində gündəmə gətirilən erməni iddiaları ilə Qərb dünyası erməni problemi məsələsində Türkiyəni təzyiq altına alaraq küncə qısnamaq istəyir. 1970 və 1980-ci illərdə ASALA terror təşkilatı tərəfindən 40-dan çox türk diplomatı şəhid edildi. 1980-ci illərin ortalarından passiv müstəviyə keçən ASALA-nın yerini PKK terror təşkilatı tutdu. Son dövrlər baş verən olaylara nəzər yetirdikdə, ASALA və PKK tipli terror təşkilatlarının əvvəlkilərə bənzəyən terror aktları törətməsi burda mümkün əlaqənin olduğuna dair ehtimalı gücləndirir.


- Bu gün Çanaqqalada dünyanın bir çox liderləri toplaşıb. Azərbaycan Prezidenti İlham Əliyev də türkiyəli həmkarı Ərdoğanın yanındadır. Bunu necə dəyərləndirərdiniz?


- Prezident Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə ortaq mətbuat konfransında Çanaqqala zəfərinin 100-ci ildönümü mərasiminə birlikdə qatılacaqlarını və digər dünya liderlərinə birlikdə ev sahibliyi edəcəklərini açıqlamışdı. “İki dövlət bir millər” prinsipi ilə Ankara – Bakı ittifaqı ortaq problemlərə qarşı birlikdə hərəkət edəcəklərinin siqnalını həmin mətbuat konfransında bir daha verdilər. Hörmətli İlham Əliyevi “G-20” zirvəsinə dəvət edən Prezident Ərdoğan Azərbaycanla münasibətlərə verdiyi önəmi bir daha ortaya qoydu. Digər bir əhəmiyyətli məsələ isə TANAP layihəsinin önəminin vurğulanmasıdır. Bu layihə Türkiyə və Azərbaycanın Qərb üçün enerji təhlükəsizliyi məsələsində strateji önəmini artırıb. Bununla yanaşı, Ərdoğam ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin həllində yetərli iş görmədiyini və bu məsələdə Azərbaycanın yanında olmağa davam edəcəyini ifadə etdi. Bununla Ankara hər zaman Bakının yanında olduğunun açıq mesajını verdi.


- Son günlər Azərbaycan - Ermənistan cəbhə xəttində erməni hərbi birləşmələri təxribat hücumlarını artırıb. “Erməni soyqırımının” 100 illiyi dönəmində cəbhədə yeni bir gərginlik ola bilərmi?


- 2014-cü ildə Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı silahlı qarşıdurmanın olduğunu bilirik. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi ilə başlayan Qarabağ problemi dondurulmuş olaraq qalır. Ermənistan BMT-nin münaqişə ilə bağlı qətnamələrini yerinə yetirmir. ATƏT-in Minsk qrupunun münaqişənin həllində uğursuzluğu münaqişənin yenidən qızışmasına səbəb ola bilər. Enerji layihələrinin və boru xətlərinin keçdiyi bu bölgədə hər-hansı münaqişənin baş verməsi Qərb üçün də təhlükədir. Buna görə də dünya gücləri birləşərək Ermənistanı səhv yoldan çəkindirməsələr, cəbhədə gərginliyin artacağı gözləniləndir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm