Cümhuriyyətin süqutundan keçən 97 il: Böyük xəyanət
Bizi izləyin

Nida.az

Cümhuriyyətin süqutundan keçən 97 il: Böyük xəyanət

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 97 il keçir.

Məhz 97 il bundan öncə şimaldan XI Qızıl Ordu Azərbaycan ərazisinə daxil oldu. Bunun üçün əsas zəmini o zaman paytaxt Bakıdakı siyasi destabilizasiya hazırladı. Fətəli xan Xoyskiyə qarşı çıxış edən və sərt Rusiya xəttinin tərəfdarı olan o zamankı Daxili İşlər naziri Məhəmməd Hacınski ruslarla əlaqəyə daha çox üstünlük verilməsini tələb edirdi. Lakin tezliklə Hacınski təhlükəsi sovuşdurulsa da, o, yenidən Ticarət naziri formasında öz vəzifəsinə qayıtdı. Qısa müddət ərzində Dağlıq Qarabağ ərazisində daşnakların qiyamı Bakıda Rusiya meyilli qüvvələrin daha da fəallaşmasına səbəb oldu. Bunun ardınca isə Nəsib bəy Yusifbəyov hökuməti istefaya getmək məcburiyyətində qaldı. Yeni hökumətin formalaşdırılması işi Məhəmməd Hacınskiyə tapşırıldı. O, bolşevikləri yeni hökumətdə görmək istədiklərini söyləsə də, ikincilər bundan imtina edirlər.

Daşnak qiyamı sovet ordusunun Azərbaycanın şimalında möhkəmlənməsinə şərait yaratmışdı. Moskva bu qiyamı təşkil etdirməklə Azərbaycan Xalq Cümhuriyyətini çarəsiz vəziyyətdə qoymuşdu. Onsuz da tam formalaşmayan ordu iki hissəyə parçalanmaq məcburiyyətində qalmışdı. Bakı həmin vaxt ordunun əsas hissəsini Qarabağ və Gəncəbasarda ayağa qalxan ermənilərin üzərinə göndərmişdi. Bundan əlavə, ölkə daxilindəki bolşeviklər də hökumətin üzərinə hücuma keçir, onları Qarabağdakı milli münaqişəni həll etməməkdə günahlandırırdılar. Əslində, məhz bu, bolşeviklərin Moskvaya müraciət edərək, onlardan yardım istəməsinə səbəb olurdu. Maraqlı faktlardan biri 1920-ci il aprelin 1-də Əliheydər Qarayevin parlamentdə çıxış idi. O deyirdi: “Qırmızı ordu artıq "Yalama" stansiyasında dayanıb və mən sizə təklif edirəm ki, onu köməyə çağırıb hakimiyyəti bolşeviklərə təhvil verəsiniz. Çünki bolşevik hakimiyyəti milli məsələni həll etməyə qadir olan yeganə hakimiyyət, XI Qırmızı Ordu isə milli qırğına son qoyacaq yeganə ordudur".

Dərbənd yaxınlığında toplaşan sovet ordusundan AXC hakimiyyəti məlumatlı idi. Bakının Moskvaya nota göndərməsinə baxmayaraq, Rusiya buna məhəl qoymadı. Tezliklə rus ordusu Azərbaycana daxil oldu və Bakıya tərəf istiqamətləndi. Ruslar bura gəlməzdən əvvəl Mikoyanın rəhbərliyi altında bolşeviklərin qiyamı olmalı idi. Bunda məqsəd dünya ictimaiyyətində Azərbaycan hökumətinin xarici hərbi müdaxilənin deyil, daxili qiyamın qurbanı olması fikrini yaratmaq idi.

Tezliklə parlament hakimiyyətin bolşeviklərə verilməsi haqqında qərar çıxardı. Lakin bu təhvil üçün Moskva qarşısında bir neçə şərt qoyuldu. Bunlar belə idi:

1) Rus ordusu Bakıya daxil olmadan dəmiryolu ilə birbaşa Anadolunun köməyinə gedəcək;

2) Azərbaycanın istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz və ilhaqdan qorunacaq;

3) Azərbaycan ordusu olduğu kimi saxlanılacaq;

4) Azərbaycan siyasi partiyaları üçün fəaliyyət sərbəstliyi təmin olunacaq;

5) keçmiş dövlət xadimləri, hökumət üzvləri və millət vəkilləri təqib olunmayacaq, dövlət idarələri qulluqçularının iş yerləri saxlanılacaq, yalnız rəhbər vəzifəli şəxslər dəyişdiriləcək;

6) azad şəraitdə toplanacaq Azərbaycan şuraları hakimiyyətin idarə şəklini təyin edəcək.

Bununla AXC-nın fəaliyyətinə son qoyuldu. Parlamentin irəli sürdüyü şərtlərin heç biri yerinə yetirilmədi. Qısa müddət ərzində AXC-nin əsas liderlərinə qarşı təqiblər başlandı. Bundan əlavə, Azərbaycan hərbçilərinin əksər hissəsi həbs edildi və qısa zaman içərisində güllələndi.

Sovet ordusunun vurduğu ən ağır zərbə isə 113,9 min kvadrat kilometr əraziyə sahib olan Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini parçalaması idi. AXC dövründə bunların 97,3 min kv. kilometri mübahisəsiz, 16,6 min kv. kilometri mübahisəli ərazi idi. Lakin Moskva bunların da heç birinə məhəl qoymadı. Qısa müddət ərzində Azərbaycan ərazisi 86,6 min kv. kilometr təşkil etdi. 27,2 min kv. kilometr ərazi isə ölkədən parçalanaraq Ermənistana verildi və müasir Ermənistanın formalaşmasına yardım edildi. Bundan əlavə isə məhz sovetlərin işğalından sonrakı müddətdə Qarabağda ermənilər üçün xüsusi muxtariyyət təşkil edildi ki, bu da sonralar Bakı üçün ən ağrılı məsələyə çevriləcəkdi.

AXC-nin süqutundan sonra Bakıdan gedən azərbaycanlı liderlərin fəaliyyəti də uğurlu olmadı. Ermənilər ölkə xaricində də onları izləməyə başlamışdı. Daşnakların türk liderlərə qarşı hazırladığı “Nemezis” planı bu şəxslərə də şamil olundu. Qısa müddət ərzində Fətəli xan Xoyski, Behbud bəy Cavanşir və digərləri erməni terrorunun qurbanı oldular.

AXC yaşadığı müddət ərzində dünya və Qafqaz tarixinin mühüm parçasına çevrilməyi bacardı. Daima müharibələrlə zəngin olan bu diyarda 100 illik əsarətdən sonra nəhayət müstəqil dövlət qurulmuşdu. Məhz bu ölkə qadınlara ilk seçki hüququnu verməyə nail olmuşdu. Doğrudur, AXC çox yaşaya bilmədi, amma onun fəaliyyəti gələcək Azərbaycan Respublikasının yaranması üçün əsas zəmin oldu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm