"Rusiya-Qərb müharibəsi başlasa, Cənubi Qafqaz…”- Ekspert şərhləri
Bizi izləyin

Nida.az

"Rusiya-Qərb müharibəsi başlasa, Cənubi Qafqaz…”- Ekspert şərhləri

İndi Ukraynada və Ukrayna ətrafında baş verən olaylar belə sualları və onlara cavab axtarışını qaçılmaz edir.

Azərbaycan GUAM üzvü kimi Rusiyanın Krıma hərbi müdaxiləsinə, şərqi və cənub-şərqi Ukraynada apardığı separatçı fəaliyyətə necə yanaşır, rəsmi Bakının reaksiyası necə olmalıdır? İndi Ukraynada və Ukrayna ətrafında baş verən olaylar belə sualları və onlara cavab axtarışını qaçılmaz edir. Publika.Az –ın verdiyi xəbərə görə, “Azadlıq” radiosu rəsmilər və siyasi ekspertlərin köməyi ilə bu suallara cavab verməyə çalışıb.

Rəsmi mövqe

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev martın 2-də BMT-in baş katibi Pan Ki Munun “Sakit beyinlər qalib gəlməlidir” bəyanatını “twitter”də ingilis atalar sözü ilə müqayisə edib: “Danışmaqdansa, iş gör”.

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin vahid mövqeyi var. Bu da Ukraynanın ərazi bütövlüyünün heç bir halda pozulmamasıdır. “Biz Ukraynanın ərazi bütövlüyünün, vahid sərhədlərinin toxunulmazlığının tərəfdarıyıq”, - səfir söyləyib.

Xarici işlər nazirinin müavini Araz Əzimov da ötən həftə jurnalistlərə açıqlamasında Ukraynanın ərazi bütövlüyü və sabitliyin Azərbaycan üçün vacib olduğunu dilə gətirib.

Dağlıq Qarabağ faktoru

Politoloq Vəfa Quluzadə Azərbaycanın kövrək mövqeyini birbaşa Dağlıq Qarabağ münaqişəsinə bağlayır və Ukraynaya müdaxilə edən Rusiyanın 20 ildir atəşkəs xəttini “od püskürən” vəziyyətdə saxladığını yada salır:

“Nəyə görə saxlayır? Rusiya bilir ki, Qərblə münasibətləri pisləşəndə Qərbə zərbə vurmaq üçün Tiflisi işğal edəcək. Axı Abxaziya və Osetiyanı əlinə alıbsa, demək, Tiflis mühasirədədir. Azərbaycan da mühasirədədir. Rusiyanın 2 variantı var. Biri - Ukraynada olduğu kimi, həyasızcasına, Qusardan irəliləyib Bakını ala, ya da erməni bayrağı altında, öz qüvvələrini ermənilərə birləşdirməklə Azərbaycanın digər yarısını da götürə bilər”.

Vəfa Quluzadə bu səbəbdən Azərbaycanın rəsmi, yəni ehtiyatlı mövqeyini “normal” adlandırır. Onun fikrincə, ölkənin Qərb tərəfdaşları bu kövrək durumu anlamalıdır. Bəs Moskva-Vaşinqton arasında münasibətlərin pisləşməsi Qarabağ probleminin çözümünə necə təsir göstərə bilər?

Vəfa Quluzadə deyir ki, Qərblə Rusiya müharibə həddinə çatsa, Azərbaycanla Gürcüstan işğala məruz qalacaq:“Bu müharibədə Rusiya məğlub olacaq, Qərb qalib gələcək. Ancaq Rusiya da Qərbin Cənubi Qafqazdakı maraqlarına zərbə vurmaq istəyir. Yəni, bu qələbəyədək bizim başımız əziləcək. ABŞ-ın, NATO-nun Rusiya üzərində qələbəsinədək döyüş gedəcək. Bu döyüşdə Cənubi Qafqaz ayaq altında qalacaq”.

“Cənubi Qafqaz Rusiyanın tələsik müdaxilə edəcəyi regiondur”

“Rəsmi Bakı Ukraynada yaranan beynəlxalq konsensusa əməl etməli və başqaları kimi Rusiyanın Krıma hərbi müdaxiləsini pisləməlidir”. Bunu isə “Azadlıq” radiosuna Beynəlxalq Böhran Qrupunun Avropa proqramının direktoru Sabine Freyzer deyir:

“Rusiyanın Krımda indiki hərəkətləri Ukraynanın ərazi bütövlüyünün pozulmasıdır. Rusiya ordusunu qonşu ölkəyə göndərməyi normal saysa, bu, bütün region üçün xeyli təhlükəlidir. İndi çox vacibdir ki, Rusiya zirehli texnikasını və əsgərlərini Krımdan geri çəksin. Rus ordusu Ukraynanın şərqinə və digər hissələrinə də girsə, təhlükə çoxalacaq. Azərbaycan və Dağlıq Qarabağ danışıqları üçün bütün bunlar təşviş doğurur, çünki bütün bunlar Rusiyanın bir regiona necə sürətlə hərbi müdaxilə edə bildiyini göstərir. Cənubi Qafqaz Rusiyanın potensial olaraq tez-tələsik, Azərbaycanın iradəsi əleyhinə müdaxilə edəcəyi bir regiondur”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm