“Əkilməyən torpaqlara yüksək vergi tətbiq edilməlidir” - Komitə sədrindən ŞOK TƏKLİF
Bizi izləyin

Nida.az

“Əkilməyən torpaqlara yüksək vergi tətbiq edilməlidir” - Komitə sədrindən ŞOK TƏKLİF

“Hazırda Azərbaycanda əkinə yararlı olan, ancaq istifadə edilməyən torpaqlar çoxdur. Xüsusilə də pay torpağı alan şəxslərin əksəriyyəti onu istifadə etmirlər”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin regional məsələlər komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun rəhbəri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib.

Onun sözlərinə görə, bütün bunların qarşısını almaq üçün ilk növbədə normativ sənədlər hazırlanmalıdır. Komitə sədri deyib ki, istifadə olunmayan torpaq sahiblərinə qarşı vergi 2-3 dəfə artırılmalıdır: “Ümumiyyətlə, elə tədbirlər görülməlidir ki, insanlar o torpaqları istifadə etməyə maraqlı və ya məcbur olsunlar. Hesab edirəm ki, torpağı alıb, ancaq onu becərməmək böyük qəbahətdir. Şəxsən mən düşünürəm ki, bu cür torpaqlara yüksək vergi tətbiq edilməlidir”.

A.Rəhimzadə onu qeyd edib ki, hazırda Azərbaycanda torpaq vergisinin yığılmasına böyük laqeydlik mövcuddur: “Bu, dözülməzdir. Hazırda Azərbaycanda orta hesabla 1 milyon 500 min hektar əkin sahəsi var ki, 2012-ci ildə isə bu əkin sahəsindən cəmi 130 min manat vergi vəsaiti toplanılıb. İndi özünüz hesablayın, görün bir hektara nə qədər vergi vəsaiti düşür. Belə vergi olar? Təbii ki, bütün bunlar da heç kəsi daha çox torpağı əkib becərməyə, bundan gəlir əldə etməyə vadar etmir, stimullaşdırmır. İnsanlar torpaqlarının hamısını becərmirlər, düşünürlər ki, əkilməməsi daha sərfəlidir və sairə. Ancaq bu cür yanaşma doğru deyil”.

A.Rəhimzadə gələcəkdə bu sahədə ciddi irəliləyişin əldə olunması üçün qanunvericiliyə müvafiq əlavə və dəyişikliklərin edilməsini zəruri hesab edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm