Qubad İbadoğlu: “Müsavatı avtoritar üsullarla idarə edənlər hər cür yalana əl atır”
Bizi izləyin

Nida.az

Qubad İbadoğlu: “Müsavatı avtoritar üsullarla idarə edənlər hər cür yalana əl atır”

Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının sədri, Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu Müsavat Partiyasında baş verənlərə münasibət bildirib.

Publika.az xəbər verir ki, hazırda Amerikada olan Q. İbadoğlu Müsavat və ADR üzvlərinə çağırış edib.

O, Müsavatda baş verənləri ürəkağrısı ilə izlədiyini deyib.

“Partiyanı avtoritar üsullarla idarə edən bir qrup onların nizamnamədən kənar hərəkətlərinə etiraz bildirən üzvləri müxtəlif bəhanələrlə partiyadan uzaqlaşdırır, ünvanlarına hər cür yalan, böhtan yağdırır, bəzən hətta təhqirlərə də əl atırlar. Təbii ki, bu cür məsələlərdə müzakirələrdən kənarda qalmaq çətin olur. Gəlin unutmayaq ki, çox da uzaq olmayan zamanlarda Müsavat xalqın ümid yerinə çevrilmiş bir siyasi qüvvə olub. Amma əfsuslar olsun ki, son qurultaydan sonra Müsavatda rəhbərliyi mənimsəyənlər şəxsi və qrup mənafeyinə xidmət edən səbatsız siyasət və səriştəsiz idarəçiliyi ilə partiyanı ağır duruma salıblar. Çox təəssüf ki, partiyanın indiki rəhbərliyi və onları müdafiə edən bir qrup səhvlərdən nəticə çıxarmaq, narazılıqları araşdırıb aradan qaldırmaq əvəzinə yanlış qərarları, uğursuz açıqlamaları və bu zaman istifadə etdikləri xoşagəlməz və təhqiramiz ifadələri ilə sizləri yersiz müzakirələrə cəlb edirlər. Müzakirələr zamanı müşahidə etdiyim qarşılıqlı aşağılayıcı açıqlamalar, ittiham dolu yazışmalar, bəzən də təhqirlə müşayiət olunan ifadələr bir çoxları kimi mənə də xoş gəlmir və çox güman ki, cəmiyyətdə də yaxşı qarşılanmır. Bütün bunlar həm də ümumi demokratik dəyərlərə və mübarizəyə də zərbə vurur. Odur ki, sizlərə - uzun illərin mübarizə dostlarına güvənərək xahiş edirəm ki, söz atışmalarını dayandırasınız, belə müzakirələr zamanı yolverilməz ifadələrdən, təhqiramız sözlərdən istifadə etməyəsiniz”, - deyə ADR sədri bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm