NATO-da Ermənistana qarşı sanksiya təklifi
Bizi izləyin

Nida.az

NATO-da Ermənistana qarşı sanksiya təklifi

Bu gün Budapeştdə NATO Parlament Assdambleyasının (PA) növbəti sessiyası işinə başlayıb.

Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya verdiyi məlumata görə, bugünkü sessiyada Rusiyaya tətbiq olunan sanksiyalarının bu ölkənin iqtisadiyyatına təsiri ilə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı çıxış edən Q. Həsənquliyev NATO-ya üzv ölkələri ikili standartlar siyasəti yürütməkdə ittiham edib: “Çıxışımda bildirdim ki, bu sanksiyalarla Rusiya iqtisadiyyatına təsir etmək mümkün deyil. Çünki Rusiya iqtisadiyyatı enerji resurslarından asılıdır. Sanksiyalar isə enerji sektoruna tətbiq olunmur”. Q. Həsənquliyev Rusiyaya işğal faktı ilə sanksiyalar tətbiq olunduğu halda, bunun Ermənistana tətbiq olunmamasının səbəbini də soruşub: “Ermənistan işğalçı dövlətdir. Bu ölkə 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğal atında saxlayır, bunun nəticəsində bir milyon azərbaycanlı qaçqın şəraitində yaşayır. Ermənistan nə BMT-nin qətnamələrinə, nə də ki beynəlxalq hüquqa məhəl qoyur. Mütəmadi olaraq sülh danışıqlarını pozur, regionda sülhü və sabitliyi təhdid edir. Belə bir dövlətə qarşı sanksiya tətbiq edilməməsi ikili standartdan xəbər verir”.

Q. Həsənquliyev həmçinin xatırladıb ki, Krımla bağlı məsələdə NATO ilə əməkdaşlıq edən ölkələrin hamısı Ukraynanın ərazi bütövlüyünü tanıyıb, BMT-dəki müzakirələrdə bununla bağlı birmənalı mövqe nümayiş etdiriblər: “ Burda yeganə istisna Ermənistan olub, Ermənistan Rusiya ilə eyni mövqe nümayiş etdirib. O zaman niyə Rusiyaya tətbiq olunan sanksiyalar Ermənistana tətbiq olunmur?”.

Millət vəkili bildirib ki, belə olan halda Ermənistanın NATO ilə əməkdaşlığa davam etməsi ikili standartla yanaşmadır. Q. Həsənquliyev NATO PA-da Ermənistanla bağlı məsələnin müzakirə olunub, bu ölkəyə sanksiya tətbiq edilməsini təklif edib. Millət vəkilinin sözlərinə görə, onun çıxışından dərhal sonra Ermənistanın NATO PA-da nümayəndə heyətinin üzvü Tevon Paqosyan bir neçə dəfə söz alaraq cavab verməyə cəhd etsə də, sessiyanın sədarəti buna icazə verməyib. Qeyd edək ki, bu il mayın 16-18-də Budapeştdə NATO PA-nın növbəti sessiyası keçirilir. Azərbaycan sessiyada Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinə Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Tahir Süleymanov daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm