Milli Məclisin iclası keçirilir
Bizi izləyin

Nida.az

Milli Məclisin iclası keçirilir

Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başlayıb.

Publika.az-ın məlumatına görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 18 məsələnin müzakirəsi daxil edilib. Müzakirə olunacaq məsələlər sırasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi, "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi, dövlətlərarası saziş və protokolların təsdiq edilməsi yer alıb.

Bundan başqa, iclasda "Yol hərəkəti haqqında", "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Pasportlar haqqında" qanunlara və Miqrasiya, Cinayət, İnzibati Xətalar məcəllələrinə, "Mühasibat uçotu haqqında" qanuna dəyişiklik edilməsi məsələlərinə də baxılacaq. Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi, "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişikliklər edilməsi də müzakirə olunacaq məsələlər sırasındadır.

İclasın gündəliyi səsə qoyulub və təsdiq olunub. Çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov ilk olaraq mayın 19-da Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli binada baş verən yanğınla bağlı danışıb. Spiker təklif edib ki, həmin yanğın hadisəsi zamanı həlak olan 15 nəfərin xatirəsi parlamentin bu gün keçirilən iclasında bir dəqiqəlik sükutla yad edilsin: “Bildiyiniz kimi, mayın 19-da Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli binada baş verən yanğın zamanı 15 nəfər dünyasını dəyişib, xeyli sayda insan xəsarət alıb. Hadisədən dərhal sonra Azərbaycan Prezidenti yanğınla bağlı Dövlət Komissiyası yaradıb və hazırda həmin komissiya işini davam etdirir. Hörmətli deputatlar, istərdim ki, həmin yanğın hadisəsi ilə bağlı həlak olan insanların xatirəsi anılsın”.

Daha sonra millət vəkilləri yanğında həlak olmuş insanların xatirəsini anıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm