“Krımda Dağlıq Qarabağ ssenarisi gedir” - Yusif Bağırzadə Dublində danışır
Bizi izləyin

Nida.az

“Krımda Dağlıq Qarabağ ssenarisi gedir” - Yusif Bağırzadə Dublində danışır

“Krımda Dağlıq Qarabağ ssenarisi gedir” - Yusif Bağırzadə Dublində danışır

“Avropa İttifaqının genişləndirmə siyasətini Avropanın bütün xalqları üçün uğurlu bir model hesab edirəm. Hesab edirəm ki, Avropa İttifaqının indiki və gələcəkdə genişləndirilmiş vəziyyətini bu birliyə qoşulmaq istəməyən ölkələr özlərinə qarşı təhlükə kimi qəbul etməməlidirlər. Əksinə, həmin ölkələr də Avropa da bu gün üçün mükəmməl model olan Aİ modelinə inteqrasiya etmək barədə düşünməlidirlər. Bu gün Ukraynada şahidi olduğumuz vəziyyət hamını narahat edir. Ölkənin Aİ ilə yaxınlaşma istəyinə Rusiya tərəfindən verilən reaksiya təəssüf doğurur”.

Publika.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə Dublində keçirilən Avropa Xalq Partiyasının Qurultayında Ukrayna böhranı barədə çıxışı zamanı deyib.

Partiya sədri bildirib ki, Rusiyanın hazırda sərgilədiyi mövqe bu ölkənin hakimiyyətinin mövqeyidir: “Əminliklə demək istərdim Rusiya xalqlarının əksəriyyəti bunun tamam əksini istəyir. Avropadakı avtoritar üsulla idarə olunan dövlətlər Avropa İttifaqı ilə münasibətlərə soyuq yanaşırlar. O ölkələrdə ki, demokratik institutlar normal formalaşmayıb, iqtisadi azadlıqlar qorunmur, siyasi hakimiyyət xalqın iradəsindən asılı olmadan formalaşır, təbii ki, həmin dövlətlərin hakimiyyətləri bu interqrasiyanın əleyhinə olurlar və yaxın qonşularını da hər yolla bu yoldan çəkindirməyə çalışırlar. Çünki Avropa İttifaqının öz standartları var. Bu birliyə daxil olan və ya olmaq istəyən dövlətlər öz ölkələrində siyasi iqtisadi islahatlar aprmalıdır. Bu islahatlar aparılacağı təqdirdə isə öz hakimiyyətlərini itirəcəklərini yaxşı bilirlər. Hesab edirəm ki, bu gün üçün mövcud olan ədalətli standartlar hələ ki budur. Rusiya hakimiyyətinin Ukraynaya qarşı olan bu münasibəti dediyim faktordan qaynaqlanır”.

Y. Bağırzadə qeyd edib ki, Ukraynanın Avropa İttifaqına doğru addımlayacağı halda Rusiya özü ilə böyük bir sərhədi olan, demokratik iqtisadi azadlıqları olan bir dövlətlə qonşu olmaq məcburiyyətində qalacaq. Onun fikrincə, sonradan bunun Rusiyanın özündə demokratik cəmiyyət uğrunda mübarizə aparan insanlara stimul verəcəyi faktoru da rəsmi Moskvanı narahat edir.

“Ən başlıcası Ukraynasız Gömrük İttifaqının yaranması o deməkdir ki, bu təşkilatın gələcəyi yoxdur. Eyni zamanda Ukraynada demokratik qüvvələrin qələbə qazanması bu qələbəni sona qədər qoruyub xalqın etimadını doğrultması, Azərbaycanın da Avropa İttifaqı ilə yaxınlaşmasına stimul olacaq. Bunun üçün Avropa Birliyi Ukrayna xalqlarını bu yolda daim dəstəkləməlidir. Ukraynanın ərazi bütövlüyünün pozulmasına yol verməməlidirlər. Bu gün Krımda baş verənlər hamını narahat etməlidir. Biz belə problemlərin necə yarandıldığının şahidiyik. Sovet İttifaqı dağılandan sonra, o zamankı Rusiya hakimiyyətinin planı ilə keçmiş respublikalarda separatçı meyllər gücləndirildi. Nəticə olaraq, Azərbaycan üçün Dağlıq Qarabağ, Gürcüstan üçün Abxaziya və Osetiya, Moldova üçün Dnestryanı problemləri yaradıldı. Bu problemlərdən bu günə qədər təzyiq vasitəsi kimi həmin dövlətlərə qarşı istifadə olunur. Krımla bağlı da bu ssenarinin həyata keçirilməsi təhlükəsi var. Amma ümid edək ki, Ukrayna xalqının öz gələcəyi uğrunda apardığı mübarizə müsbət sonluqla nəticələnəcək”-deyə AMİP sədri çıxışında diqqətə çatdırıb.

Qeyd edək ki, martın 6-7-si tarixlərində keçirilən qurultayda AMİP sədri “Ukraynadakı böhran və Avropa İttifaqının Şərq tərəfdaşlığı siyasəti” mövzusunda dəyirmi masada çıxış edib. Qurultayın plenar iclasında da Ukrayna böhranı və Rusiya təhlükəsi əsas mövzu olub. İclasda Ukraynadan Yuliya Timoşenko və Vitali Kiliçko çıxış ediblər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm