Arif Rəhimzadə: “Çalışacaqlar ki, bizi daim iynələsinlər”
Bizi izləyin

Nida.az

Arif Rəhimzadə: “Çalışacaqlar ki, bizi daim iynələsinlər”

“Biz Rusiya ilə münasibətdə Azərbaycana sərf edən və düzgün hesab etdiyimiz mövqe tutduğumuzdan, bunu böyük qəbahət kimi görürlər”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Azərbaycan-Rusiya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Arif Rəhimzadə bildirib.

Komitə sədrinin sözlərinə görə, Qərb Azərbaycanın onun himayəsinə keçməsini istəyir: “Onlar çalışacaqlar ki, nə qədər imkan varsa, Azərbaycanı iynələsinlər. Ancaq onlar istədiklərinə nail ola bilməyəcəklər. Açığı deyim ki, bu cür məsələləri nə Avropa Birliyi, nə də Avropa Şurası həll etmir”.

A.Rəhimzadə Azərbaycan ilə Rusiya arasındakı münasibətlərin hazırkı səviyyəsini də qiymətləndirib: “Rusiya ilə münasibətlərimizdə heç bir yenilik yoxdur. Biz bu münasibətləri uzun illərdir ki, dünyaya bəyan etmişik. Yəni, biz müstəqil və Azərbaycanın milli maraqlarını güdən siyasət aparırıq. Azərbaycan kiməsə görə özünü çətinliyə salan deyil. Əgər bizə mənfəətli hesab olunan hər hansı məsələ beynəlxalq hüquq normalarına cavab verirsə, o zaman biz bu normalar çərçivəsində hərəkət edəcəyik. Bizim Rusiya ilə apardığımız indiki siyasət 10 ildir ki, davam edir. Biz hər zaman eyni mövqedə olmuşuq. Hazırda da biz düz yolumuza davam edirik. Bu yol isə hər kəsə aydın olan bir yoldur. Bizim siyasətimiz açıq və başa düşüləndir. Biz Rusiya ilə heç də bütün məsələlərdə razılaşmırıq. Yalnız bizim maraqlarımıza cavab verən məsələlərdə anlaşırıq. Əlbəttə ki, bizim Rusiya ilə razılığa gəldiyimiz və gələ bilməyəcəyimiz məsələlər var. Misal üçün, biz ərazi bütövlüyü məsələsində beynəlxalq hüquq normalarının əsas olduğunu hesab edirik. Bu cür məsələlər çoxdur”.

Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinə də toxunan A.Rəhimzadə qeyd edib ki, danışıqlar prosesində hazırda durğunluq var: “ATƏT-in Minsk qrupu bu istiqamətdə lazımınca fəaliyyət göstərmir. Bizi məhdudlaşdıran amillər də var. Ancaq Azərbaycan bu istiqamətdə öz siyasətini davamlı olaraq aparır. Çox təəssüflər olsun ki, burada hər şey təkcə bizim siyasətdən asılı deyil. Burada digər məsələlər də var”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm