Nida.az
Türkiyə dilemma qarşısında: ya müharibə, ya da... - TƏHLİL
Ərdoğan “heç vaxt icazə verməyəcəyik deyir”, Qərb isə Türkiyəni müharibəyə sürükləyir. Türkiyə dilemma qarşısında qalıb.
Türkiyədə parlament seçkilərində AKP-nin təkhakimiyyətlilik istəyi
gerçəkləşməyəndən sonra koalision hökumət müzakirələri davam edir.
Ortada nəticə yoxdur və hər şey Türkiyənin ziyanına işləyir. Lakin
bu gün ölkənin tək problemi kimin hakimiyyətə gəlməsi, yaxud
kimlərlə koalisiya qurulması deyil. İkinci və əsas problemin
yanında bəlkə də birincisi çox kiçik görünür.
Qərb, konkret Amerika kürdlərin Aralıq dənizinə çıxışını təmin
etməyə çalışır və bu, Türkiyənin regional güc olmasını şübhə altına
alır, neoosmançılıq fəlsəfəsini alt-üst edir və bu, bölgənin köklü
dövlətlərinin heç birinə sərf etməyən kürd dövlətinin qurulmasına
aparır.
Hazırda Türkiyə ilə sərhəddə yerləşən Şimali Suriyanın tamamilə
kürdlərin əlinə keçmək təhlükəsi var. Belə ki, İraq kürd
muxtariyyətinin nəzarətində olan Şimali İraq sərhədindən Suriyanın
Kobani vilayətinə qədər olan ərazilər kürdlərin nəzarətindədir.
Kürdlər həmçinin Afrin kontonuna nəzarət edir. Kobanidən Afrin
kontonuna qədər olan ərazilərin böyük qismi İŞİD-in, kiçik bir
zolağı isə mülayim Suriya müxalifətinin əlindədir. Hələbin Azaz
vilayətini əhatə edən bu ərazilər Türkiyə ilə sərhəddir. Türkiyəni
burada Öncüpnar sərhəd-keçid məntəqəsi ayırır. Türkiyə bu kiçik
dəhlizlə Suriya müxalifətinə öz yardımlarını verir.
Plan: Əsas məqsəd xəritədə göy rəngində qeyd
olunan kiçik dəhlizin Suriya müxalifətinin əlindən alınması və
Türkiyə ilə əlaqənin kəsilməsidir. Bu, müxalifətdən çox, Türkiyəyə
böyük zərbə ola bilər. Çünki İŞİD-in nəzarət etdiyi və müxalifətin
olduğu ərazilər kürdlərin əlinə keçərsə, Şimali İraqda Afrin
kontonuna qədər bütün Şimali Suriyaya kürdlər nəzarət edəcək. Bu,
Türkiyənin cənub sərhədlərinin kürdlərin nəzarətinə keçməsidir.
Lakin hər şey təkcə ərazilərə nəzarətdən ibarət deyil.
Kürdlər bura nəzarəti ələ alarsa, nələr baş verə bilər?
1. Kürdlər Aralıq dənizinə açıq çıxış əldə edir.
Beləliklə, Şimali İraqda kürdlərin nəzarət etdiyi neft ehtiyatları
“kürd dəhlizi” adlanan bu ərazilərdən keçərək Aralıq dənizinə,
oradan da Avropa bazarlarına çıxarılır.
2. Şimali İraq nefti rəsmi Bağdadın əli ilə Avropa
bazarlarına çıxarılır. Razılaşmaya görə, Bağdad hökuməti neftin
satışından əldə olunan gəlirlərin 17 faizini kürd muxtariyyətinə
verir. Lakin plan baş tutarsa və kürdlər Aralıq dənizinə çıxış əldə
edərsə, Bağdad hökumətinə ehtiyac qalmayacaq. Beləliklə, kürdlər
neft satışından əldə olunan gəlirlərin 100 faizini əldə edəcək və
mərkəzi İraq dövlətindən asılılıq ləğv olunacaq. Bu, kürd
dövlətinin qurulması planının tərkib hissəsidir.
3. Bu, eyni zamanda, ABŞ-ın enerji planının
gerçəkləşməsidir. Belə ki, kürd muxtariyyəti Bağdad hökumətindən
qurtulmaq üçün neft ehtiyatlarını Türkiyə ərazisindən keçərək,
Azərbaycanın da əsas payçı olduğu Bakı-Ceyhan boru kəməri ilə
Avropa bazarına çıxmaq tezisini irəli sürürdü. Bu, kürdlərin
asılılıqda saxlanılması üçün Ankaraya sərf edir. Lakin Amerika
Türkiyəni bu enerji planından kənarda saxlamaq məqsədini güdür.
İndiyə qədər ABŞ Şimali İraq neftini üç xətlə ixracını nəzərdə tuturdu. Birincisi, İraq ərazisindən boru kəməri çəkməklə İsrail limanlarının birinə çıxarmaq və tankerlərlə daşımaq. Digər ikisi isə Suriya limanlarına çıxararaq oradan ixrac etmək. Türkiyə hər üç variantda kənarda qalır. Lakin birinci variantda kürd muxtariyyətinin İraq hökumətindən asılılığı yenə də qalır. Bu həm də ABŞ-İraq münasibətlərinin yaxşı olduğu dövrdə ortaya çıxan ideya idi. Lakin indiki situasiya fərqlidir. Suriya ərazisində nəzərdə tutulan digər iki variant isə Bəşər Əsəd hakimiyyətinə sərfəlidir. Hazırda bu da ABŞ-a sərf etmir. Şimali İraqda Aralıq dənizinə qədər əraziləri əhatə edəcək “kürd dəhlizi” yaranacağı təqdirdə isə bunların heç birinə ehtiyac qalmır. Türkiyə yenə də bu layihədən kənarda qalır və əlavə itkilərlə üzləşir. Amerika gələcəkdə İran neftini də bu ərazidən daşımağı düşünür.
4. Türkiyə bununla ərəb ölkələrinə olan çıxışını
itirir və beləliklə, gələcəkdə gerçəkləşdirilməsi nəzərdə tutulan
neoosmanizm ideologiyasının praktikaya keçidi mümkün olmur.
5. Bu həm də Türkiyənin Yaxın Şərqdəki proseslərə
müdaxiləsini zəiflədir və regional güc amilini azaldır.
Plan işə düşdü və Ankara düyməyə basdı
ABŞ-ın “kürd dəhlizi” planı birbaşa İŞİD-in əli ilə işə salındı.
Qeyd edək ki, Əsədin devrilməsi üçün 2011-ci ildə başladılan
ssenari və İŞİD faktorunun ortaya çıxması, ardınca bu terror
qruplaşmasının İraqa girməsi və bölgədə bir çox prosesin
iştirakçısına çevrilməsinin arxasında Amerikanın dayandığı artıq
məlum məsələdir.
“Kürd dəhlizi” planı Şimali Suriyada Telabyad bölgəsinin İŞİD
tərəfindən boşaldılması ilə başladı. Təxminən bir ay öncəyə qədər
bu ərazi İŞİD-in nəzarətində idi və kürdlərin nəzarətində olan
Heseke vilayəti ilə Kobanini bir-birindən ayırırdı. Belə demək
mümkünsə, Şimali İraq sərhədlərindən başlayaraq Telabyada qədər
olan ərazilər PKK-nın Suriya qolu olan PYD-nin nəzarətində,
Telabyad İŞİD-in, Kobani kürdlərin, buradan Suriya müxalifətinin
sahib olduğu ərazilərə qədər olan bölgə yenə İŞİD-in əlində idi.
Yəni Şimali Suriyaya kürdlər, İŞİD, Türkiyənin dəstək verdiyi
Suriya müxalifəti olmaqla üç qrup nəzarət edir. “Kürd dəhlizi”nin
yaranması yolunda bir yox, iki əngəl var idi. İŞİD bir ay öncə heç
bir döyüşsüz, qarşıdurmasız Telabyaddan sakit şəkildə çıxdı.
Kürdlər bura daxil olmaqla Kobani ilə aralarındakı əngəli
qaldırdılar. Daha sonra ikinci əngəli aradan qaldırmaq qalırdı.
Bunun üçün İŞİD Suriya müxalifətinin nəzarət etdiyi ərazilərə qədər
olan əlindəki bölgədən çıxmalıdır. Təbii ki, bunu sakit formada
yox, məhz PYD-nin müdaxiləsinə əsas yaratmaqla etmək mümkün idi.
Ötən ayın ortalarında İŞİD Kobaniyə hücum edərək PYD ilə ciddi
qarşıdurmaya getdi və yüzlərlə ölənlər oldu. Bu kürdlərin İŞİD-ə
qarşı hücuma keçməsinə əsas yaratdı. Əgər bu baş versəydi çox güman
ki, İŞİD geri çəkiləcək və Türkiyə üçün mühüm olan ərazilər qədərki
bölgəni PYD-yə təslim edəcəkdi. Beləliklə, “kürd dəhlizi”nin
qarşısındakı əngəl götürüləcək, Afrin kontonuna birləşərək Aralıq
dənizinə çıxış üçün sadəcə kiçik bir ərazini işğal etmək qalacaqdı
və bunun reallaşma ehtimalı daha böyük idi.
İŞİD Kobaniyə hücum edərək PYD-nin müdaxiləsinə əsas yaradanda
Ankara düyməyə basdı. İŞİD-lə PYD arasında Fərat çayı sahilində
döyüşlər şiddətləndiyi zaman kürdlərin çayı keçmək ehtimalı
yüksəldi və bu vaxt Türkiyə Milli Təhlükəsizlik Şurası toplandı.
Rəsmi Ankaranın açıqladığı qırmızı cizgilərində PYD-nin Fərat
çayını keçməməsi əsas amildir. Türkiyə Şimali Suriya ilə sərhədə
qoşun yeritdi və bəyan etdi ki, kürdlər Fərat çayını keçəcəyi
təqdirdə dərhal müdaxilə edəcək. Məhz bundan sonra bölgədə sakitlik
yarandı. Lakin bunun nə vaxta qədər belə davam edəcəyi şübhə
altındadır. Çünki ABŞ-ın “kürd dəhlizi” planını indiyə qədər bu
bölgə üçün qurulan bütün ssenarilərin onurğa sütunu hesab oluna
bilər.
İndi Türkiyə dilemma qarşısında qalıb. PYD qırmızı xətti keçəcəyi
təqdirdə Türkiyə ordusu müdaxilə edəcək. Bu, ABŞ-ın Türkiyənin
müharibəyə çəkmək planına xidmət edir. Hansı ki, bu plan əvvəldən
mövcuddur. Misal üçün, Suriya ərazisində Türkiyənin eksklavı olan
Süleyman şah türbəsi bunu üçün ən səmərəli yol idi. İŞİD Hələbdə
yerləşən bu türbəyə müdaxilə edəcəkdi və Türkiyə bununla müharibəyə
girəcəkdi.
Türkiyə mediasının sonradan ortaya çıxardığı ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru David Petraeusun iştirakı ilə planlaşdırılan ssenari diqqət çəkir.
“2014-cü il sentyabrın 13-də İŞİD Kobaniyə hücum etdi. Eyni
gün HDP-nin həmsədri Səlahəddin Demirtaşa Vaşinqtondan dəvət gəlib.
İŞİD Kobanini ələ keçirdikdən bir neçə gün sonra Demirtaş ABŞ-a
gedib. Demirtaş Türkiyəyə qayıtdıqdan sonra, Türkiyə hökumətinin
İŞİD-ə silah göndərdiyini və həmin silahlarla kürdləri öldürdüyünü
bildirib. Türkiyə Süleyman Şah Türbəsini köçürmək məcburiyyətində
qalıb, əks halda, ikinci bir “Çuval hadisəsi” baş verəcək və
Türkiyə ordusu Suriyaya hərbi müdaxilə etməli olacaqdı. Petraeusun
rəhbərlik etdiyi bölük Suriya əsgərlərinin geyimində Süleyman Şah
Türbəsinə hücum edəcəkdilər. Bu hadisədən sonra Türkiyənin döyüşə
girməsi qaçılmaz olacaqdı. Ancaq Petraeusun bu əməliyyatı barədə
informasiya sızdırıldı. Türk tərəfi tələni gördü və geri çəkildi.
Petraeus bunu öyrənəndə dəli oldu. İnformasiyanı sızdıran adamı
tapmaq üçün bir neçə şübhəlini öldürdü. Türk casusun edam
edilib-edilmədiyini bilmirəm. Amma əməliyyat barədə informasiyanı
sızdıran bir türk idi”, - deyə “Takvim” qəzetinə danışan
müəmmalı mənbə bildirib.
Göründüyü kimi, Türkiyəni bütün vasitələrlə müharibəyə çəkmək
istəyirlər. Süleyman şah türbəsi planında Ankara önə keçdi. Lakin
bu dəfə vəziyyət fərqlidir. Çünki Ankara kürdlərin bu dəhlizə
yiyələnməsinə göz yumacağı təqdirdə, böyük geostrateji itki ilə
üzləşəcək. Məhz buna görə də Suriya ilə sərhədə ordu yeridilib.
Türkiyəni bu bölgədə oyuna salmaqla hədəflənən məqsədlər də bu
ölkəni uçuruma aparır.
a) Türkiyə Suriyada müharibəyə girəcəyi təqdirdə
ilk növbədə maliyyə və ordu baxımdan itkilərə məruz qalacaq. Bu,
dövlətin zəifləməsi ilə nəticələnə bilər.
b) Dünyada Türkiyənin imici korlanacaq və müdaxilə
edən dövlət olaraq qəbul olunacaq. Onsuz da kürdləri müdafiə edən
dünya gücləri bu dəfə Ankaranı ittiham etmək üçün yaxşı əsas
tapacaq.
c) Türkiyənin Suriyada kiminlə müharibə aparacağı
da sual altındadır. Yəni bir tərəfdən, kürdlər, digər tərəfdən İŞİD
əsas qüvvə olaraq ortaya çıxarılacaq. Hər iki qüvvənin də arxasında
Amerika dayanır. Belə ki, Vaşinqton Suriya torpaqlarında kürdlərin
və İŞİD-in əli ilə Türkiyəyə qarşı müharibə aparacaq. Bu Türkiyə
dövlətini uçuruma apara bilər. Necə ki, ötən əsrin 80-ci illərində
SSRİ Əfqanıstanda “tanımadığı düşmənə” qarşı apardığı müharibədən
“sağ” çıxa bilmədi və daha sonra dövlət olaraq dağıldı. Türkiyə də
eyni proseslə qarşılaşa bilər.
d) Türkiyəni müharibəyə cəlb etməkdə ilkin məqsəd
AKP hökumətinin, konkret Ərdoğanın iqtidardan getməsidir. Əgər
müharibə olacaqsa, zəifləyən Türkiyə AKP-ni dəstəkləməyəcək. 7 iyun
seçkilərində 40 faiz səs toplayaraq zəiflədiyini etiraf edən AKP
buna gedəcəksə, daha acı nəticələrlə üzləşə bilər.
Asif Nərimanlı
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub