Nida Təhlil
Gündüz TBMM-də, axşam Qəndildə: terrorun “sivil üzü”nə gecə əməliyyatı - TƏHLİL
Türkiyədə gecə əməliyyatı ilə HDP-nin həmsədri
Səlahəddin Dəmirtaş və 11 millət vəkili həbs olundu. Qərb mediası
bu xəbəri "türk polisi müxalifət partiyasının sədrini həbs etdi"
başlığı ilə manşetə çıxardı. Türkiyədə isə "PKK-nın sözçüləri həbs
olundu" manşetləri atıldı.
HDP həqiqətənmi müxalifətdir, yoxsa məsələnin əsli haralara qədər
gedib çıxır?
Təxminən bir il öncə Türkiyə Silahlı Qüvvələrinin PKK-nın əsas
qərargahı olan Qəndili bombalayarkən, terror təşkilatının rəhbər
şəxslərindən də yaralananlar olmuşdu. Yaralananlar arasında
Nurəddin Dəmirtaş adlı biri də var idi. Hansı ki, bu şəxs HDP
həmsədri Səlahəddin Dəmirtaşın böyük qardaşıdır. Kiçik qardaş "abim
(böyük qardaş) ölməyib, yaxşıdır" deyə açıqlaması ailə bağlılığı
ilə yanaşı, həm də PKK terrorunun iki üzünü özündə birləşdirirdi:
dağlarda və şəhərlərdə olanlar. Biri silahla terror
törədir, o biri sözlə, siyasətlə.
İndiyə qədər Səlahəddin Dəmirtaş başda olmaqla, HDP-dən olan millət
vəkillərinin Qəndilə getməsi, Türkiyəni qana boyayan terrorçularla
qol-boyun foto çəkdirməsi haqda yetərincə faktlar var. Təsəvvür
edin: PKK Türkiyəyə terror hücumu edir, onlarla insan həlak
olur, əsgərlər şəhid olur, çoxsaylı yaralılar var, ölkə matəm
içindədir, Səlahəddin Dəmirtaş rəhbərliyi altındakı millət
vəkilləri isə "onlar (PKK) öz haqlarını müdafiə edir" deyə
açıqlamalar verirlər və bu sözləri məhz Türkiyə Böyük Millət
Məclisinin (TBMM) tribunasından deyirlər.
Bu, iqtidarlardan öncə, cəmiyyətin qəbul etməyəcəyi məsələdir.
Bunun qəbul edilməyəcəyini HDP yaxşı bilir, lakin elə bilərəkdən də
söyləyir.
Çünki: HDP-nin yaradılması və parlamentdə təmsil
olunmasının uzağa gedən hədəfi məhz PKK-nın sivilləşdirilməsi,
Türkiyə tərəfindən terror təşkilatının legitimliyinin
tanınmasıdır.
Əzilənlərin, homoseksualların və...
HDP-nin yaranması və 2015-ci il seçkilərində parlamentdə MHP-dən
çox səslə təmsil olunmasının səbəblərinə diqqət edək:
2011-ci il parlament seçkilərində İnqilabçı Sosialist İşçi
Partiyası, Əmək Partiyası, Əzilənlərin Sosialist Partiyası,
Sosialist Demokratiya Partiyası, Sosialist Yenidən Quruluş
Partiyası, Yaşıllar və Sol Gələcək Partiyası, Sülh və Demokratiya
Partiyası, feminist qruplar, LGBT (Lezbian, Gey, Biseksual,
Transseksual) qrupları birləşərək, "Əmək, Demokratiya və Azadlıq"
bloku adı altında seçkiyə getdilər. Nəticə istənilən kimi olmadı.
Bunun ardınca 2013-cü ilin 27 oktyabr tarixində qurultay
keçirilərək, yuxarıda sadaladığımız siyasi təşkilatlar və qruplar
Xalqların Demokratik Partiyası (HDP) adı altında birləşdi. 2014-cü
ilin iyunun 22-də dünən gecə həbs olunan Səlahəddin Dəmirtaş və
Fiqen Yüksekdağ HDP-nin həmsədrləri seçildi.
Məqsəd: terroru dəstəkləyənlərdən tutmuş seksual
azlıqlara qədər olan qrupları, dolayısı ilə Türkiyə dövlət
quruluşuna qarşı çıxanları bir dam altında birləşdirmək; beləliklə,
kürdlərin PKK-nı dəstəkləyən kəsiminin parlamentdə fraksiya
şəkilində təmsil olunmasını təmin etmək.
2015-ci il 7 iyun parlament seçkiləri: HDP-nin
TBMM-də partiya olaraq təmsil olunması üçün 10 faizlik baryeri
aşması lazım idi. Əks təqdirdə, partiyanın namizədləri ayrı-ayrı
parlamentə daxil olacaq və fraksiya planı baş tutmayacaqdı. Lakin
AKP-nin gözləmədiyinə rəğmən, HDP baryeri aşdı və 80 millət vəkili
ilə TBMM-də Türkiyənin bel sütunu sayılan MHP-ni də qabaqladı.
Üstəlik, AKP-nin təkbaşına hökumət qurmasının qarşısını
almışdı.
Səbəb: həmin vaxt irəli sürülən əsas fikirlərdən
biri belə idi ki, cəmiyyət arasında yüksək nüfuzu olan Ərdoğan
prezident postuna getdiyi üçün, seçki kampaniyasını baş nazir olan
Əhməd Davudoğlunun, yəni daha zəif natiqin aparması nəticələrə
təsir edib. Seçki texnologiyası baxımından bu, qəbul olunan fikir
idi. Lakin əsas səbəb heç də bu deyildi. HDP 2013-cü il "17-25
dekabr" hadisələrindən sonra AKP ilə bütün körpüləri yandıran Gülən
camaatı və yenə Ərdoğanla qarşıdurmada olan Aydın Doğanın
mediasının dəstəyi ilə baryeri aşa bilmişdi. Əslində, sonrakı
proseslər bu qrupların eyni mərkəzdən idarə olunduğunu, hədəfin
eyni olduğunu göstərəcəkdi. (15 iyul dövlət çevrilişindən sonra
Gülən camaatının PKK ilə əlaqələrinə dair yayılan məlumatlar da bu
kontekstdə diqqət çəkir).
Hədəf 1: AKP-nin təkbaşına hökumət qurmasının
qarşısını almaq; Türkiyədə koalisiya hökumətlər dövrünün başlanması
və ölkənin başının siyasi intriqalara qarışması (koalisiya
hökumətlər təcrübəsində adətən belə olur); beləliklə, xarici
siyasətin zəifləməsi və xüsusilə Yaxın Şərqdə ABŞ-ın planlarının
rahat şəkildə həyata keçirilməsi; zəifləyən Türkiyəyə PKK-nın qəbul
etdirilməsi.
Hədəf 2: HDP-nin əzilən müxalifət görüntüsünü
yaratmaqla daim Türkiyəyə qarşı "demokratiya ittihamı" irəli
sürmək. HDP-ni PKK-nın sivil üzünə çevirmək və terror təşkilatının
"azadlıq mübarizəsi" apardığına dair ictimai rəy yaratmaq;
Birinci hədəf baş tutmadı: AKP nəzərdə tutulan 45 gün ərzində
koalisiya hökuməti qurmadı və bundan sonra noyabrın 1-nə
növbədənkənar parlament seçkiləri təyin olundu. Bu seçkidə
Ərdoğanın partiyası təkbaşına hökumət formalaşdırmağa imkan verən
səsləri aldı. HDP isə parlamentdə 59 millət vəkili ilə təmsil
olundu. Lakin 10 faizlik baryeri aşa bildiyi üçün fraksiya yarada
bildi.
Ötən ilin sentyabr ayında – növbədənkənar seçkilərin keçirilməsi
haqda müzakirələrin apardığı vaxt – ABŞ Mərkəzi Kəşfiyyat
İdarəsinin Türkiyə üzrə keçmiş mütəxəssisi Henri Berkayın
açıqlaması proseslərin analizi fonunda yada düşür.
"HDP parlamentdə yer almalıdır. Əks təqdirdə, Türkiyədə
şəhərlər bombalanacaq", - Berkay belə deyirdi.
Əslində bu, yuxarıda göstərilən hədəfləri və bunun arxasında məhz
ABŞ-ın dayandığını bir daha təsdiq etdi.
Birinci hədəf – Türkiyəni siyasi xaosa sürükləmək istəyi baş
tutmadı. Lakin ikinci hədəf haqda bunu demək çətindir. Dəmirtaş və
onun rəhbərlik etdiyi fraksiyanın üzvlərinin həbsinə Qərb
mediasının "türk polisi müxalifət partiyasının sədrini həbs etdi"
manşetləri ilə reaksiya verməsi Türkiyəyə qarşı hələ bundan sonra
da "demorkatiya ittihamları"nın sürüləcəyini göstərir. İkinci
hədəfin birinci mərhələsi həyata keçdi. Lakin Türkiyə üçün əsas
olan ikinci mərhələnin – HDP-nin PKK-nı sivilləşdirməsi – həyata
keçməsinin qarşısını almaqdır.
Türkiyədəki həbsləri də məhz terrorun sivil üzünün
zərərsizləşdirilməsi əməliyyatı adlandırmaq olar.
Terrorun sivil üzü və həbsxanaya aparan yol:
Dəmirtaş: "Öcalanın heykəlini ucaldacağıq".
HDP-nin Hakkaridən olan millət vəkili Abdullah Zeyd:
"PKK-nın elə bir gücü var ki, sizi tüpürcəyində
boğar". HDP həmsədri Figen Yüksekdağ: "Arxamızı
PYD-yə (PKK-nın Suriya qolu -red) söykəmişik". PKK 7 iyun
seçkilərində silah gücü ilə səs topladı. PKK liderlərindən olan
Cəmil Bayık: "Mübarizəmizə dəstək olun, HDP-yə səs
verin". Dəmirtaş və digər millət vəkillərinin Qəndilə
səfərləri. Və saydıqca bitməyən PKK terroru ilə əlaqələr.
Ankara PKK-ya qarşı mübarizə fonunda onun sivil üzünü yox etmək
qərarını verdi. Bu istiqamətdə iki addım atıldı və hər ikisində
Qərbin sərt reaksiyası ilə qarşılaşdı.
1. Bu ilin mayında TBMM millət vəkillərinin
toxunulmazlıq hüququ ləğv edildi. Bu, bütün millət vəkillərinə aid
idi. Lakin əsas məqsəd terrora dəstək verən HDP-li millət
vəkillərinin toxunulmazlıq hüququnu aradan qaldırmaq və onların
cəzasızlıq mühitindən istifadə edərək, gündüz TBMM-də, axşam
Qəndildə olmasının qarşısını almaq idi. Məhz bu qərar çıxandan
sonra Avropa Birliyi Türkiyə ilə viza sadələşdirilməsi ətrafında
apardığı müzakirələri dayandırdı.
2. Sentyabrdan başlayaraq, HDP-nin PKK-ya açıq
dəstək verən, terror təşkilatının hücumlarında əyani şəkildə yer
alan bələdiyyə sədrlərinin yerinə qəyyumlar təyin etməyə başladı.
Məqsəd terrora yerli dəstəyi aradan qaldırmaq və PKK-nın "xəndək
taktikası"nı sıradan çıxarmaq idi. Dərhal okeanın o tayından
amerikalı siyasətçilər prosesdən narahat olduqlarını açıqladılar.
Lakin bu dəfə Türkiyəyə qarşı əməli addım atmaq imkanları zəif idi.
Çünki Ankara 15 iyuldan sonra Moskva ilə "saatlarını eyni vaxta
qurmuş" və birgə hərəkət edirdi.
Terrorun sivil üzünün yox edilməsi prosesində üçüncü addımın, daha
dəqiq desək, sonuncu zərbənin vurulması gözlənilən idi və kimin nə
deməyindən asılı olmayaraq, haqlıdır. Burada iki açıq sual var.
Üçüncü zərbə niyə indi vuruldu?: toxunulmazlığı
ləğv olunan millət vəkillərinin həbsxanadan çıxsalar belə, TBMM-yə
dönüşü çətin görünür. Bütün təzyiqlərə baxmayaraq, Ankaranın seçki
yolu ilə seçilən HDP-li bələdiyyə sədrlərini bir qələmdə silib
atması, millət vəkillərinin də qələmini qıra biləcəyini deməyə əsas
verir. Çünki Türkiyənin əli güclüdür. Birincisi, Rusiya ilə
münasibətlərin yoluna qoyulması və Qərbə qarşı Moskva ilə birlikdə
hərəkət etməsi. İkincisi, ABŞ-da keçirilən prezident seçkilərinə
görə, Obama Administrasiyasının "Topal ördək" (Lame Dock) olmasına
görə yaranan fürsət.
Ankara bu zərbənin sonuncu və öldürücü olmasına çalışacaq.
Türkiyəni gözləyən təhlükə: Burada üç təzyiq
vasitəsinin dövriyyəyə girəcəyi mümkündür.
Terror: Artıq ilk zərbə vuruldu. Bu gün səhər
yerli vaxtla saat 08:00-da Diyarbəkirdə 8 nəfərin ölümü, 100-dən
çox insanın yaralanması (statistika arta bilər) ilə nəticələnən
partlayış törədildi. Terror aktını PKK öz üzərinə götürdü. Bundan
sonra müxtəlif yerlərdə bombaların partlaması, türk əsgərlərinə
hücumların edilməsi intensivləşəcək.
Demokratiya: Qərb institutları Ankaranı
anti-demokratiyada ittiham edəcək və total informasiya hücumu
başladacaqlar. Xüsusilə bu, Ərdoğana qarşı olacaq.
PKK-ya qucaq açmaq: Bir müddət öncə Brüsseldə
terror təşkilatının sərgisi açıldı, həmçinin, Avropa Birliyinin
inzibati binası önündə PKK çadrıları quruldu. Bir sıra Avropa
ölkəsində isə PKK-nın rəsmi nümayəndəliyi açılıb. Mümkündür ki,
"qucaq açmaq" prosesi bundan sonra daha geniş şəkildə
aparılacaq.
Təbii ki, proseslərin istiqamətini həbslərlə bağlı veriləcək son
qərar daha aydın müəyyən edəcək. Əgər Dəmirtaş və digərləri məhkəmə
qarşısına çıxarılarsa, hücum təhlükəsinin ciddi olacağı
gözləniləndir. Yox, həbs olunanlar dindirildikdən sonra
buraxılsalar, Ankara bununla Qərbə "Terrora qarşı mübarizə
çərçivəsində istənilən addımı atan bilərəm" mesajını
verəcək.
Asif Nərimanlı
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır