Nida Təhlil
“Amerika, Amerika” – yeni dünya ssenarisini kim yazacaq? - TƏHLİL
"Hansı qalib gəlirsə, gəlsin, onsuz da mənim həyatım
dəyişməyəcək".
2000-ci ildə restoranlardan birində işləyən afroamerikalı qadın
oğul Buşun qalib gəldiyi seçkilərdən öncə belə deyirdi. O vaxtdan
16 il keçib, Amerikada hər şeyin dəyişdiyini demək mümkün olmasa
da, budəfəki prezident seçkiləri əvvəlkilərlə müqayisədə çox fərqli
görünür.
"Sən yaxşı dövlət katibi olsaydın...".
"Sən yaxşı iş adamı olsaydın...".
Donald Trampla Hillari Klintonun mübarizəsini bu iki ifadə ilə
xarakterizə etmək olar. Tramp Klintonun dövlət katibi olduğu
müddətdə etdiyi səhvləri üzünə vurdu, ikinci isə birincini vergidən
yayınmaqla ittiham etdi. Amerika bir gün sonra vergidən yayınan
biznesmenlə yanlış siyasəti ilə yadda qalan keçmiş dövlət katibi
arasında öz seçimini edəcək. Tramp, yoxsa Klinton? Bəlkə də 16 il
öncə olduğu kimi, bu dəfə də amerikalılar üçün heç bir fərqi
yoxdur, amma bu sual bütün planeti maraqlandırır.
Bu seçkinin Amerika tarixində uzun müddət unudulmayacağını deyə
bilərik. Xüsusilə, seçki kampaniyasında qarşılıqlı ittihamların
təhqir müstəvisinə qədər gedib çıxması, demokratiyadan çox uzaq
addımların atılması, hazırki prezident Obamanın postunu tərk
etməməsinə baxmayaraq, Trampa qarşı kampaniyaya açıq şəkildə
qoşulması, seçki saxtakarlığının olacağı haqda qabaqcadan
xəbərdarlıqların edilməsi, eləcə də respublikaçıların demokratların
hazır bülletenlər hazırladığı haqda söylədiklərinə qədər bir çox
"ilk"lər müşahidə olundu.
Amerika həm də kimin seçilməsindən asılı olmayaraq, tarixində "ilk
belə prezident" möhürünü də vurmuş olacaq. Çünki Tramp seçilərsə,
siyasətlə məşğul olmayan, biznesmen və qalmaqallı prezident,
Klinton seçilərsə, ilk qadın prezident olacaq.
Ağ Evə kimin gedəcəyini müəyyən etmək asan deyil, amma bir sıra
faktorlar müxtəlif ehtimallara yol açır.
"Amerika, Amerika": anqlosakson və
afroamerikalı
Seçki kampaniyası dövründə aparılan sorğuların əksəriyyətində
Klinton öndə olub. Hətta Hillarinin seçilməsi 70 faiz
proqnozlaşdırılır. Yalnız sonuncu sorğuda Tramp rəqibini ciddi
şəkildə üstələdi. Buna səbəb isə Federal Tədqiqatlar Bürosunun
Klintonun yazışmalarını yenidən ortaya çıxarması idi. Lakin
respublikaçılar və demokratlara amerikalıların gözü ilə baxanda
ortaya fərqli mənzərə çıxır. 1930-40-cı illərdən etibarən,
respublikaçılar və demokratların elektoratı aydın şəkildə
bir-birindən ayrılmağa başladı.
Respublikaçılar: mühafizəkar və daha çox
vətənpərvər rolunda çıxış edən bu partiyanın əsas elektoratı "ağ
amerikalı" hesab olunur. Onlara görə, ABŞ ağlarındır və gəlmələr,
xüsusilə qaradərililər ağlarla eyni sırada dayana bilməz.
1861-65-ci illərdə yaşanan vətəndaş müharibəsinin səbəblərindən
biri də məhz bu idi. Bu gün respublikaçıların ən çox cənub
ştatlarında güclü olması da təsadüfi deyil. Lakin ABŞ
müasirləşdikcə respublikaçılar irqçi və populist düşüncələrindən əl
çəkməsələr belə bu haqda açıq danışmağı bir qədər arxa plana
keçirtdilər. (Buna baxmayaraq, Trampın bunları açıq şəkildə
dilə gətirməsinin səbəbləri haqda bir az sonra). Son 20-25
ildə, xüsusilə SSRİ-nin dağılmasından sonra cəzbediciliyini artıran
ABŞ-a kənardan axınların olması ilə respublikaçıların elektoratı
zəiflədi.
Demokratlar: bu partiyanın elektoratını
liberallar, azlıqlar, həmçinin, gənc nəsil təşkil edir. Xüsusilə
Latın Amerikasından olanlar (hansı ki, Tramp prezident
seçiləcəyi təqdirdə, Latın Amerikası ilə sərhəddə divar hörəcəyini
açıqlamışdı) və digər ölkələrdən gələn miqrantlar
demokratları dəstəkləyir. Bu təbəqə son illər ağ amerikalı və
mühafizəkar təbəqəni ciddi şəkildə üstələyib. Madonnadan tutmuş,
Cenifer Lopezə qədər Hollivud ulduzlarının, Eminem, "50Cent" kimi
məşhur rep qruplarının Hillariyə dəstək olması da müasir və liberal
Amerikanın demokratların namizədi üçün səfərbər olunduğunu
göstərir.
Bütün hesablamalar Klintonun öndə getdiyini və Ağ Evə bir addım
daha yaxın olduğunu göstərir. Lakin məsələ təkcə respublikaçı
elektoratın zəifləməsi, yaxud Hillari ilə müqayisədə Trampın özünü
Jirinoviski kimi aparması deyil. Təcrübə göstərir ki, Amerika
maraqları üçün istənilən şəxsi Ağ Evdən qova, istəniləni ora köçürə
bilərlər. Və II Dünya Müharibəsindən sonra başlanan Amerika
hegemonluğu sevdasında prezidentlərin seçilməsi də daha çox xarici
siyasətin konturlarına bağlı olur.
Və bu konturlar içində hər iki namizədin tutduğu yer
onlardan hansının seçiləcəyini ehtimal etməyə əsas
verir.
Tramp "Bütün müsəlmanları ABŞ-dan qovmaq lazım olduğunu" deyəndə
Yaxın Şərqdə aparılan müharibə və müsəlman miqrant problemi fonunda
Ağ Evin yeni sahibinin o, olacağı ehtimalı önə çıxırdı. Təsadüfi
deyildi ki, onun reytinqi məhz bu cür populist çıxışlar zamanı
yüksəlirdi. Lakin respublikaçıların bu "dəli oğlanı" təkcə
müsəlmanlara qarşı yox, Amerikadakı bütün miqrantlara, o cümlədən
latınlara qarşı da eyni sərtliklə münasibət bəsləyir. "Müsəlmanları
qovun", "Latın Amerikası ilə sərhəddə divar hörün"... və budur,
bütün dünya mediasının manşetini qızılsaçlı namizədin fotosu
bəzəyir.
"Qalmaqallı sözlərlə pul xərcləmədən gündəm
olmaq". Trampın prezident olmaq istəyən şəxsin istifadə
etməyəcəyi sözləri dilə gətirməsinin arxasındakı səbəblərdən biri
budur. Bunu, amerikalı reklamçılar da təsdiqləyirlər. Misal üçün,
Tramp qaradərililəri, qadınları, miqrantları söyür, prezident
seçkilərinin ləğv etməyə və onun prezident elan edilməsinə çağırış
edir, Krımın Rusiya tərəfindən ilhaqını dəstəkləyir, beləliklə,
bütün medianın gündəminə çevrilir. Bu, bir sent də xərcləmədən
reklam olunmaq üçün seçki texnologiyası (güman ki, yeni
texnologiya) hesab oluna bilər.
Lakin Trampın xarici siyasət kursunda Amerika hegemonluğunu axsadan
və "silah baron"larının maraqlarına zidd olan məqamlar da diqqətdən
qaçmır.
NATO: Trampa görə, Şimal Alyansına dəstək
kəsilməlidir və bu, ABŞ-a ciddi maliyyə itkisinin qarşısını almaq
imkanı verəcək.
1. NATO Amerikanın Şərqə doğru genişlənməsinin əsas vasitəsidir.
Buna dəstəyi kəsmək, hər şeydən əvvəl Rusiyanın əl-qolunu
açacaq.
2. Bu, ABŞ-ın Avropa üzərində təsirini azaldacaq. "Brexit"dən sonra
Almaniya və Fransanın Avropada güclənməsinə, beləliklə, hegemonluğu
uzaq Amerikanın əlindən almasına səbəb ola bilər.
3. NATO-ya xərclənən böyük miqdarda pullar həm də hərbi bosların
qazanc yeridir. Dolayısı ilə bu, Pentaqon üçün qəbuledilməzdir.
Asiya: Tramp Cənubi Koreya və Yaponiyaya verilən
hərbi dəstəyin də dayandırılmasını istəyir və burada da Amerikada
ciddi söz sahibi olan hərbiçilərin quyruğunu tapdalayır; bunu etmək
Uzaq Şərqdə Çin üçün göydəndüşmə hesab oluna bilər; bu, Amerika
hegrmonluğunun, eləcə də supergücün gələcək planlarının arxivə
göndərilməsi deməkdir.
Trampın Çin siyasəti də diqqət çəkir. Onun fikrincə, Çinlə hərbi
qarşıdurmadan vaz keçmək, əvəzində, Pekinin ABŞ-a satdığı
məhsullara vergi qoyaraq, onu ovucun içinə almaq lazımdır. Bu,
ağıllı strategiya kimi görünə bilər. Lakin burada diqqətdən qaçan
bir məqam var.
Pentaqon uzun müddət 2025-ci ildə Çinlə müharibənin ssenarilərini
hazırlayır. Bir neçə ay öncə bu ssenarilərdən birinin adı da
yayılmışdı: "Çinlə müharibə: ağlasığmaz haqda
düşünmək". Bu, ssenarinin hazırlanması təkcə o demək deyil
ki, Amerika Çinlə böyük müharibəyə hazırlaşır. Hər şeydən əvvəl bu,
büdcədən Pentaqona milyardlarla dollar vəsaitin ayrılması deməkdir.
İndi Çinlə qarşıdurmaya son qoyulması həm də ordunun əleyhinə
atılmış addımdır. Pentaqon güman ki, "Tramp təhlükəsini" düşünməmiş
deyil. Ümumiyyətlə, ABŞ siyasətində "xarici düşmən" əsas
faktorlardan biri olub. SSRİ-dən sonra bu, müsəlman Şərqi və
Rusiyadır. Bura Çini də əlavə etmək olar, lakin Pekinin "açıq
təhlükə" elan olunması görünür sonrakı mərhələyə saxlanılıb. Bu,
dünyada kiçik dövlətlərə "seçimini et" təzyiqinin edilməsi, daxildə
əhaliyə daim qorxu sirayət edilərək, xaricdə atılan bütün addımlara
dəstəyin qazanılması ilə yanaşı, həm də ordu üzərindən milyardlarla
dollarların silinməsinə xidmət edir.
Müdaxilə və "rəngli inqilab"lar: "Biz xaricdə
demokratiya qurmağa və rejimləri devirməyə çalışmayacağıq", - Tramp
vəd verir. Amerika dərin dövləti bundan vaz keçərmi? Yaxud,
Amerikanın super güc olmasını zorla qəbul etdirmək istəyənlər
müdaxilə siyasətindən imtina edərlərmi? Heç inandırıcı görünmür.
Amerika üçün "soyuq müharibə"dən sonra ən böyük faktor müdaxilə və
"rəngli inqilab"dır. Məhz bu faktor istənilən ölkəni tabe
etdirməyə, tabe olmayanları devirməyə və bütün "bulanıq suların"
demokratiya ilə "distilə" edilməsinə imkan verir.
Rusiya dostdur: Trampın bəlkə də ən böyük yanlışı
budur və Hillari zaman-zaman bu yanlışı onun üzünə "soyuq su" kimi
çilədi. Respublikaçıların namizədi Putinlə dost olduğunu deyir,
Rusiya ilə savaşdan əl çəkəcəyini vəd edir, hətta Krımın ilhaqını
tanıyacağını bəyan edir. Bu, faktiki olaraq, Ukraynanı yenidən
Kremlin ağzına atmaq, Baltikyanı ölkələrini nişangaha çevirmək və
"Rusiya təhlükəsi" adı altında aparılan bütün siyasətin alt-üst
olması deməkdir.
Bu amillər ABŞ-ın hegemon maraqlarına uyğun gəlmir. Güman ki,
Trampın özü də dediklərinin gerçəkləşməsinin çətin olduğunu
anlayır. Hesab etmək olar ki, bu, onun seçicilərin səsini qazanmağa
hesablanmış populist çıxışlarıdır. Xüsusilə yuxarıda qeyd etdiyimiz
kimi, bir sent də xərcləmədən medianın gündəmində olmaq
texnologiyasının bir parçasıdır. Lakin burada iki amil var.
Birinci: Amerikanı idarə edənlər Trampın
sözlərinin seçiciyə hesablanmış seçkiqabağı gedişlər olduğunu
anlasalar belə, onun prezidentliyinin riskli olduğunu düşünürlər.
Və bu riski gözə almaq istəməyəcəklər.
İkinci: Amerikaçılığın bel sütunu olan
respublikaçılar bunu bilə-bilə niyə Trampı namizəd olaraq irəli
sürdü?
İkinci amil ABŞ seçkilərində çoxlarının diqqətdən qaçırdığı kiçik
detalı önə çıxarır. Niyə Amerika siyasətinin "ağır top"u
olan Makkeyn, sərt və təcrübəli siyasətçi Kondaliza Rays, yaxud heç
olmasa Konqresin Nümayəndələr Palatasının sədri Pol Rayn yox,
təcrübəsiz Tramp? Respublikaçıların seçimi düşündürücüdür.
Axı dünyada müharibələrin getdiyi, Amerikanın da bütün
münaqişələrdə dolayısı da olsa təmsil olunduğu bir vaxtda "müharibə
partiyası" olan respublikaçılar daha uyğun namizədlə seçkiyə gedib,
Ağ Evə yiyələnə bilərdilər. Burada çoxlarına inandırıcı görünməsə
belə, bir ehtimal aydın şəkildə görünür. Trampın
namizədliyi Hillari Klintonun qələbəsinə hesablanıb.
Gərgin seçki kampaniyasının altında görünməz olan bu amil
Amerikanın gələcək siyasətinin, həm də dünyanın gələcəyinin necə
olacağı və ya amerikalı bosların hansı strategiyanı izləyəcəyini
aydınlaşdırmağa imkan verir.
Müharibənin dəyişən üzü: məntiqi ardıcıllıq
hazırda Vaşinqtonda "müharibə partiyası"nın əmr verməli olduğunu
göstərir. Hansı ki, 2000-ci ildə oğul Buşun rəqibindən geri
olmasına baxmayaraq, Ağ Evə gətirilməsinin səbəbi də bu idi. Buş
ona verilən missiyanı layiqincə yerinə yetirdi. Əfqanıstana girdi,
İraqda müharibə apardı və belə demək mümkünsə, dünyanın gedişatını
dəyişdirdi. Lakin məhz İraq müharibəsi Vaşinqtonun gələcək
müharibələrə yanaşmasını da dəyişdirmişdi.
"Mənə həqiqəti de. Mənə oğlumun İraqda neft üçün öldüyünü
de".
Oğlunu itirən amerikalı ana Sindi Şihenin bu sözləri müharibə
yanaşmasının dəyişmə səbəblərini aydın şəkildə göstərir. Amerika
İraqda əsil palçığa bulaşmışdı və növbəti bir əsgərin belə
öldürülməsi ciddi daxili problemlərə yol aça bilərdi. Həm də
minlərlə başıboş olduğu təqdirdə, niyə amerikalı əsgər ölməli idi.
Burada maliyyə faktoru də əsas rol oynayırdı. Misal üçün, İraq
müharibəsində amerikalı əsgərlərin təkcə "kondisioner xərcləri"
milyonları ötürdü. Halbuki, onların əvəzinə səhraların istisində
doğulmuş ərəb sevə-sevə ölümə getməyə hazır idi. Amerikalılar bunu
gec də olsa anladılar. Və yeni strategiya hazırlandı. Bunun bir adı
"vəkalət müharibələri"dir. Yəni sənin əvəzinə başqası döyüşür.
Lakin bu böyük tablonun bir parçasıdır.
Böyük tablonun adı "Holizm"dir:
2009-cu ildə indiki namizəd Hillari Klintonun Dövlət katibi
vəzifəsinə başlayarkən, gələcək strategiya ilə bağlı məqaləsi
yayımlandı.
"Bundan sonra Yaxın Şərqə holizm cərəyanını
gətirəcəyik", - Klinton məqaləsində yazırdı.
"Holizm": yunanca bütöv, tam deməkdir.
Siyasi-fəlsəfi cərəyan olan "holizm"ə görə, əgər bir insanın
hansısa orqanı, yaxud əzası xəstədirsə, deməli onun bütöv bədəni
xəstədir. Onu sağaltmaq üçün xəstə olan orqana, yaxud əzaya deyil,
bütöv bədənə dərman verilməlidir. Lakin bu, kənardan edilməlidir,
yəni bədənə birbaşa müdaxilə olunmamaldır.
Məhz "birbaşa müdaxiləyə yox" amili yeni strategiyanın ana xətti
idi. Yəni oğul Buş dönəmində İraqa birbaşa müdaxilə edildiyi
strategiyasından imtina olunur, əvəzində yenisi ortaya qoyulurdu.
Misal üçün, X ölkədə demokratiyanın olmadığı deyilir və həmin ölkə
xəstə elan olunur. Onun sağalması üçün kənardan "dərman" verilir.
Bu dərman müxalifətin ayağa qaldırılması və onlara dəstəyin
verilməsidir. Bu dəstək maliyyədən tutmuş, Suriyada olduğu kimi
silaha qədər bir çox vasitələr ola bilər. Məhz bu strategiyadan
sonra "ərəb baharı" başlandı, Suriya müxalifəti silahlandırıldı,
İŞİD yaradıldı, Ukraynada "Maydan" yaşandı. Amerika birbaşa
müdaxilə olmadan, okeanın o tayından oyunu idarə edir. İndi Trampla
müqayisədə, bu strategiyanı gətirən demokratların namizədi
Klintonun seçiləcəyi, seçilməsə belə Buş kimi mütləq şəkildə
prezident olacağı ehtimalı böyükdür. Burada həm də müharibələrin
getdiyi bir vaxtda Ağ Evə "müharibə partiyası"nın deyil,
"müharibələrə qarşı" görüntüsü yaradan demokratların gəlməsini
mümkün edən səbəb də aydın görünür.
Başa çatmayan missiya: Klintona "yaşıl işığın"
yandırılacağına əsas verən digər amil "demokratiya missiyası"nın
başa çatmamasıdır. Obamanın birinci prezidentliyindən (2008-ci il)
başlayaraq, dünyanın "demokratikləşdirilmə dövrü" başlandı. Lakin
yeni demokratiya təkcə söz azadlığı, yaxud toplaşma azadlığını
ehtiva etmir. Bura homoseksualların hüquqlarının tanınması da
daxildir. 2015-ci il 26 iyun tarixində ABŞ Konstitusiya Məhkəməsi
eyni cinslərin evlənə biləcəyini tanıyan qərar qəbul etdi.
"ABŞ-ın heç bir ştatı eyni cinslərin evlənməsini qadağan
edə bilməz", - deyə qərarda bildirilir. Bu qərarın
qəbulundan sonra prezident Barak Obama "bərabərlik
mübarizəsində böyük məsafə qət edildi" deyə bəyan etdi.
Dövlət katibi Con Kerri isə "Məhkəmənin qərarı dünyanın
bütün nöqtələrinə çatdırıldı. Ayrı-seçkiliyi qəbul edən heç bir
qanun ədalətin qarşısına keçə bilməz" deyə Amerikanın
gələcək strategiyasını açıqladı. Bu, bütün dünyanı homoseksualların
hüquqlarını tanımağa çağırış idi. Əks təqdirdə, qarşılarından
Amerikanı görəcəklər.
Burada hədəflər ayındır:
1. Müdaxilə siyasətində yeni vasitə əldə etmək. Belə ki, indiyə
qədər müşahidə olunan müdaxilə siyasətində siyasi məhbuslar,
jurnalistlər, etnik azlıqlar və digərləri vasitə kimi istifadə
olunur. Lakin bu vasitələrin nə üçün istifadə edildiyi də artıq
ifşa olunmaqdadır. Bununla yanaşı, həmişə "cəsarətli siyasətçi,
yaxud jurnalist" tapmaq da çətin olur. Homoseksualların hüquqlarını
müdafiəsi isə yeni vasitədir. Digər tərəfdən, hər bir ölkədə
homoseksual tapmaq, "cəsarətli siyasətçi", yaxud "cəsarətli
jurnalist" tapmaqdan daha asandır.
2. Nə qədər konsproloji yanaşma olsa da, homoseksuallığın
leqallaşdırılmasının dünya əhalisinin sayının azaldılması
siyasətinin bir parçası olduğunu deyə bilərik. İndiyə qədər
müharibələr, kimyəvi silahlar, viruslar və keyfiyyətsiz qidalarla
aparılan bu siyasətin onu tətbiq edən ölkələr, yaxud güclər üçün
əks-effekti olur. Lakin homoseksualizm yeganə təsirli və zərərsiz
vasitədir.
3. Homoseksualizmin populyarlığı cəmiyyətlərdə dəyərlər sisteminin
də məhv olmasına gətirib çıxara bilər. Dəyərləri olmayan
cəmiyyətləri idarə etmək daha asandır.
Məhz bu missiyanın başa çatmaması Klintonun, yəni demokratların
xallarını çoxaldır. Çünki bütün bu proseslər demokratiya üzərində
aparılacaq, mühafizəkar respublikaçı bu siyasəti yürüdənlər üçün
əlverişli deyil.
Əgər Klinton prezident seçilərsə: homoseksuallar milli
hökumətlərin baş ağrısına çevriləcək; demokratiyanın yeni barometri
cinsi azlıqlara görə işləyəcək.
Müsəlmanlara münasibət: Trampın "müsəlmanları
qovun" çağırışı Qərbi çulğalamış islamafobiya ilə nə qədər
uyğunlaşsa da, Klintonun müsəlmanların müdafiəsinə qalxması bir o
qədər Amerikanın işinə yarayır. Hər şeydən əvvəl, bu ABŞ-ın
müsəlman əhalisinin Klintona səs verməsini təmin edəcək. Bununla
yanaşı, Şərqin müsəlman əhalisi üçün Klintonun prezident olduğu
Amerika xilaskar kimi görünəcək. Beləliklə, ABŞ xilaskar rolunda
müsəlman Şərqi üçün düşündüyü "sabitsizləşdirmə və parçalanma"
ssenarisini daha rahat şəkildə həyata keçirə biləcək. "Trampın
namizədliyinin Klintonun qələbəsinə hesablandığı" fikri burada bir
daha ortaya çıxır.
Namizədin biri (Tramp) "pis", digəri isə (Klinton) "yaxşı" rolunda
çıxış edir; Pis namizəd yaxşının əlinə işləmək üçün lazımi sözləri
bəyan edir; beləliklə, müsəlman dünyasının "yaxşı" namizədin
rəhbərlik etdiyi Amerikaya inamı artır; bu, həm də müsəlman
dünyasında Amerikanın "işğalçı" obrazını aradan qaldırır və ABŞ-ın
istədiyini etmək üçün yolu açılır.
Qadın prezident: Hillari Klinton prezident olacağı
təqdirdə, Amerikaya ilk dəfə qadın rəhbərlik edəcək. Bu, qaradərili
Obamadan sonra Amerikanın atacağı daha bir "ilk" olacaq. Böyük
Britaniyada Tereza Meyin Baş nazir olmasından sonra Ağ Evin yeni
sahibinin Hillari olacağı ehtimalı yüksəkdir. Çünki: Amerika "dərin
dövləti" anqlosaksonların nəzarətindədir və onların gəldiyi
Britaniyada qadın Baş nazir oldu; anqlosaksonlar Amerikaya da eyni
ssenarini tətbiq edə bilər; Bu, Amerikanın, ümumilikdə Qərb
dünyasının yeni humanizm dalğasının və bütün dünyada qadınların
ölkənin idarəçiliyinə gətirilməsi siyasətinin başlanması ola bilər;
Hansı ki, qadın liderlərə təsir etmək kişi liderlərlə müqayisədə
daha asandır. Qadın liderlərin olduğu ölkələrə homoseksualizm və
cəmiyyətlərin qəbul etmək istəmədiyi digər ənənələri gətirmək də
asan ola bilər. (bu kiçik də olsa, diqqətdən qaçmayan variantlardan
biridir).
***
a) Rusiya və Çin məsələsində daha sərt mövqe.
b) "rəngli inqilablar" və hakimiyyətlərin devrilməsi
siyasəti.
Klintonun vəd etdiyi xarici siyasət kursunda bu iki məqam da aydın
görünür.
Hər iki məqam müharibədən qazanc götürənlər və Amerika
hegemonluğunu istəyənlər üçün sərfəlidir. Burada Klintonun "Amerika
bütün proseslərin önündə getməlidir" sözləri də yada düşür. O da
undulmamalıdır ki, Klinton dövlət katibi olarkən, Obamanı Liviyaya
müdaxiləyə razı salmışdı. Bu, onun güc yolunu sevdiyini də
göstərir, hansı ki, Pentaqon bundan çox məmnun olardı. Və ABŞ-da
prezident seçkiləri öncəsi iki hərbi əməliyyat diqqət çəkdi:
oktyabrın 17-si Mosul əməliyyatı başlandı; noyabrın 6-sı -
seçkiyə iki gün qalmış Rakka əməliyyatına start verildi.
Hər iki əməliyyatın hədəfi İŞİD-dir. Hansı ki, Tramp seçki
kampaniyasında Hillarini İŞİD-i dəstəkləməkdə və terrorla mübarizə
apara bilməməkdə ittiham edirdi. Hesab etmək olar ki, Pentaqonun
liderliyi ilə aparılan Mosul və Rakka əməliyyatının səbəblərindən
biri də Amerika daxili siyasətinə, yəni Hillarinin qələbəsinə
hesablanıb.
Amma bütün hallarda seçki qutularından "qızıl saçlı oğlan" da çıxa
və dünya üçün sürpriz ola bilər. Hər şey 9 noyabrda aydın olacaq.
Lakin o ehtimal da diqqətdən qaçmamalıdır ki, hər iki halda dünyanı
yaxşı gələcək gözləmir.
Asif Nərimanlı
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular