Tramp Putinin dostunu niyə seçdi? – İKİ VERSİYA
Bizi izləyin

Nida Təhlil

Tramp Putinin dostunu niyə seçdi? – İKİ VERSİYA

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp yeni dövlət katibinin adını açıqlayıb.

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp yeni dövlət katibinin adını açıqlayıb. Tramp ABŞ-ın iri neft şirkəti "Exxonmobil"in rəhbəri Reks Tillersonu ölkənin dövlət katibi postuna seçdiyini deyib.

Reks Tillersonun 64 yaşı var. O, Texas Universitetini bitirib. Əvvəlcə “Exxonmobil” şirkətində sadə mühəndis olaraq işə başlayıb. 1990-cı illərin sonlarında şirkətin Rusiyadakı layihələrinə rəhbərlik edib. 2006-cı ildən şirkətin baş direktoru vəzifəsinə seçilib. 2011-ci ildə o, “Rosneft”lə Arktikada qazıntı aparmaq haqqında razılaşma imzalayıb. 2014-cü ildə Rusiyaya tətbiq olunan sanksiyalara etiraz edənlərdən biridir və sanksiyaların tətbiqindən sonra da Tillersonun korporasiyası Rusiyanın “Rosneft” şirkəti ilə əməkdaşlığı davam etdirib. O, 2012-ci il sentyabrın 20-də Rusiya prezident Vladimir Putin tərəfindən dostluq ordeni ilə mükafatlandırılıb.

Göründüyü kimi, ABŞ-ın yeni dövlət katibi ilə bağlı iki məqam aydın şəkildə özünü göstərir. Birincisi, Reks Tillersonun heç bir siyasi təcrübəsi yoxdur və Trampın özü kimi biznesmendir. İkinci məqam isə onun ABŞ-ın ən böyük rəqibi olan Rusiya rəhbərliyi ilə yaxşı münasibətlərdə olmasıdır. Bu baxımdan, ABŞ kimi dünyaya liderlik etmək arzusunda olan bir ölkənin xarici siyasətinin Tillersona həvalə edilməsi təccüb doğurmaya bilməz.

Publika.az-a Donald Trampın qərarını şərh edən politoloq Qabil Hüseynli Respublikaçılar Partiyasının neft şirkətləri ilə sıx əlaqədə olan partiya olduğunu bildirib.

Politoloqun sözlərinə görə, respublikaçılar adətən öz komandalarına iri neft şirkətlərinin nümayəndələrini daxil etməyi sevirlər. Q.Hüseynli bununla belə qeyd edib ki, dövlət katibi ABŞ-da kifayət qədər yüksək postdur və bu posta kifayət qədər siyasi səriştəsi olan şəxslərin təyin olunması daha məqsədəuyğundur.

Donald Tramp seçkiqabağı kampaniyada Moskva üçün kifayət qədər ümidverici vədlər verib. Buraya sanksiyaların ləğvi və Krımın Rusiyanın tərkib hissəsi kimi tanınmasının nəzərdən keçirilməsi də daxildir. Reks Tillersonun dövlət katibi postuna təyinatı konkret olaraq nəyin ifadəsidir: respublikaçıların neft şirkətlərinə yaxınlığı, yoxsa Trampın Rusiyaya verdiyi vədlərə sadiq olması.

Q.Hüseynli birinci versiyaya üstünlük verir. O, Respublikaçılar Partiyasının həmişə neft şirkətləri tərəfindən maliyyələşdirildiyini xatırladıb. “Amma Rusiya ilə yaxınlaşmaq siyasətini də hesabdan silmək olmaz. Amma bu yeni komanda üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər”, - deyə politoloq bildirib.

Q.Hüseynlinin sözlərinə görə, Rusiyanın güclənməsi, az qala supergücə çevrilməsi ABŞ-ın mövqelərinin zəifləməsinə gətirib çıxaracaq: “Siyasətdən uzaq bir şəxsin dünyanın bir nömrəli ölkəsinin dövlət katibi postuna təyinatı çox təəccüblü bir haldır. Onun Rusiya ilə əlaqələrinin bu gün də davam etməsi və iri neft şirkətlərindən biri olması ABŞ-da dünya siyasətində hakim olmaq imkanları verməyəcək. Prezident və dövlət katibi siyasətdən uzaq şəxslərdirsə, ABŞ-ın dünyadakı maraqları necə qorunacaq?”

Politoloq Trampın Rusiya ilə bağlı vədlərini yerinə yetirəcəyinə şübhə edir: “ABŞ kimi dövlətlərdə məsuliyyətli vəzifə sahiblərini özbaşına qoymurlar. Senat ölkə siyasətinin formalaşmasına, Konqres prezidentin siyasətinə kifayət qədər təsir edir. Hələ “dərin dövlət”in təsir rıçaqlarından danışmıram. Mənə elə gəlir ki, Trampın Rusiya ilə bağlı verdiyi ritorik bəyanatlar əks istiqamətdə dəyişməkdədir. Tramp çıxışlarından birində Rusiya və Çinin beynəlxalq münasibətlərə qarşı çıxmaqda ittiham etdi. Dünən Rusiyanı tərifləyən şəxs bu gün təhdid xarakterli bəyanat verir. 2017-ci ildə münasibətlər çox gərgin olacaq. 2017-ci il yanvarın 20-dən (Trampın andiçmə mərasimi keçiriləcək – red.) sonra proseslərin daha da qəlizləşəcəyini proqnozlaşdırmaq olar”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm