Putin üçün dəhşətli savaş başlayır: Kremli şoka salan BÖYÜK SAZİŞ
Bizi izləyin

Nida Təhlil

Putin üçün dəhşətli savaş başlayır: Kremli şoka salan BÖYÜK SAZİŞ

Putin bəxtinə düşən “qarpız”ın ağ çıxacağını gözləmirdi.

Amerikanın daxilində “BÖYÜK DÖYÜŞ” gedir, BARONLAR ilə TRAMP qarşı-qarşıya idi. Hazırkı mənzərəni nəzərdən keçirərək əminliklə demək olar ki, Tramp qarşıdurmanın elə ilk raundunda MƏĞLUB vəziyyətə düşdü.

Prezident seçkisi kampaniyasında heç bir media qrupu Trampın yanında yer almadı. Hamı – media, incəsənət adamları, senatorların əksəriyyəti, hətta keçmiş respublikaçı prezidentlər demokrat namizəd, sabiq dövlət katibi Hillari Klintonun qələbəsini proqnozlaşdırdı, onu dəstəklədilər.

Tramp bütün proqnozları alt-üst edərək, rəqiblərinə qarşı təkbaşına mübarizə apararaq qalib gəldi. Görünür, BARONLAR bunu hesablamamışdılar. Elə buna görə də “DƏRİN DÖVLƏT” “Tramp seçkiləri rus hakerlərin müdaxiləsi nəticəsində qazandı” tezisi üzərində işləməyə başladılar. Və bütün dünyanı bu tezisə inandırmağa çalışdılar.

Heç olmasa Trampı Rusiya oxundan imtina etdirənə qədər! Və buna da nail olduqlarını demək olar.

Ötən həftə ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsində Rusiya hakerlərinin ABŞ-da prezident seçkilərinin gedişinə müdaxiləsi haqqında dinləmələr keçirildi. Milli Kəşfiyyat direktoru Ceyms Klepper Kremlin kiberməkanda daha təcavüzkar xətti öz üzərinə götürdüyünü, hökumət təşkilatlarını, beyin mərkəzlərini, siyasi təşkilatları və korporasiyaları hədəfə aldığını bildirdi.

Həmçinin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), Federal Təhqiqatlar Bürosu (FTB) və ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) məruzəsində bildirildi ki, rəsmi Moskva ABŞ-da keçirilmiş seçkilərdə Demokratlar Partiyasının namizədi Hillari Klintona mane olmağa çalışıb. Məruzə Rusiyanın kiber hücumlarını təsdiq edən ilk rəsmi sənəd idi. Prezident Barak Obamaya təqdim olunan məruzədə qeyd edilir ki, Rusiyanın məqsədi ABŞ cəmiyyətinin demokratik prosesə inamını sarsıtmaq və Hillari Klintona prezident seçilməsinə mane olmaqdan ibarət olub. Məruzədə həmçinin bildirilir ki, ABŞ kompüter sistemlərinə kiberhücumda əli olan Guccifer 2.0 adlı haker və DCLeaks.com saytının arxasında Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş Kəşfiyyat İdarəsi durur. Beləliklə, ABŞ bu qənaətdədir ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-da seçkiqabağı kampaniya zamanı haker hücumlarına şəxsən cəlb olunub.

Ötən həftə nəhayət, Trampın MKİ, FTB və MTA səlahiyyətliləri ilə çoxdan gözlənilən görüşü baş tutdu. Xüsusi xidmət orqanları Rusiyanın kiberhücumu barədə “DƏLİLLƏR”i Trampın qarşısına qoydular. Görüşdən sonra yeni seçilmiş prezident kəşfiyyatçılara inandığını açıqladı. BAŞQA YOLU YOX İDİ!

Tramp ötən gün seçkilərdə qələbəsindən sonra keçirdiyi ilk mətbuat konfransında da eyni fikri təkrarladı. Daha əvvəl isə o, seçkiqabağı kampaniyaya Rusiyanın kiberhücumları barədə bəyanatları “siyasi cadugər ovu” adlandırmışdı.

“Düşünürəm ki, bu, Rusiya idi”, - deyə Tramp mətbuat konfransında “DƏRİN DÖVLƏT”ə təslim olduğunu etiraf etmiş oldu.

Nə baş verdi, Tramp mövqeyində 180 dərəcə dəyişikliklərə səbəb olan nə idi? Görünür, ŞOUMEN MİLYARDER kiberhücum barədə deyilənlərin zarafat olmadığını bir qədər gec anladı. Seçkilərdən sonrakı ilk günlərdə sadəcə bəyanatlarda səsləndirilən ittihamlar rəsmi sənədlərə tökülərək prezidentin qabağına qoyuldu. Prezidentin, ardınca Konqresin təsdiqi Trampa vurulan “seçkilərin nəticələrini Amerika xalqı deyil, Putin müəyyən etdi” damğası demək idi. Yol seçkilərin nəticələrinin ləğvinə qədər uzana bilərdi. Beləliklə, Trampla görüşən kəşfiyyatçılar onun fakt qarşısında qoydular və BÖYÜK SAZİŞ...

1. Tramp seçkilərə kiberhücumlar şəklində müdaxilənin olduğunu qəbul edir.

2. Rusiya ilə bağlı verdiyi vədləri hafizəsindən silir.

Amma bu güzəştlərin əvəzində “Rusiyanın kiberhücumları seçkilərin nəticələrinə təsir etməyib” bəyanatını səsləndirmək icazəsini alır. Yəni, “seçkilərin nəticələrini Putin deyil, Amerika xalqı müəyyən edib”.

Amma hər şeyin razılaşdırıldığı düşünüldüyü bir vaxtda, “DƏRİN DÖVLƏT”in “B planı” ortaya çıxdı. Amerika KİV-nin yazdığına görə, Rusiya agentləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı etibardan salan informasiyalara malikdirlər. Çox güman ki, sözügedən informasiyalar da Trampın Rusiya ilə yaxınlaşmasına mane olacaq əlavə tədbirlər paketinə daxil idi. Aydındır ki, belə şəraitdə Trampın ilk addımları heç bir halda rusiyayönlü olmayacaq. Əks halda,“Rusiya heç vaxt mənə təzyiq göstərməyə çalışmayıb. Mən Rusiya ilə ən kiçik əlaqələrə malik deyiləm. Heç bir saziş yoxdur” deyən Tramp, bunun əksini göstərəcək, həm də Rusiya agentlərinin əlində onunla bağlı informasiyaların olduğuna dair iddiaları gücləndirmiş olacaqdı.

Ortaya atılan iddia həm ilk mətbuat konfransı öncəsi Trampın, həm də ABŞ dövlət katibi postuna namizəd olan Reks Tillersonun Senatda keçirilən dinləmələrdə səsləndirəcəyi bəyanatlara yön vermək məqsədi daşıyırdı. Hər ikisinin Rusiya ilə bağlı bəyanatları “DƏRİN DÖVLƏT”in məqsədinə çatdığını göstərdi.

Reks Tillerson Trampın seçilməsinə görə Moskvanın sevincinin əbəs olduğunu nümayiş etdirdi. Putinin “kiçik qardaşı” Aleksandr Lukaşenko da vaxtilə Moskvaya məsləhət görürdü ki, Trampın seçilməsinə sevinməyə tələsmək lazım deyil, o, sirli qutudur. Görünür, “kiçiklər”in də məsləhətlərinə qulaq asmaq lazımdır.

1. Moskva ABŞ-ın yeni prezidentinin Krımın ilhaqının tanınmasını gözləyirdi. Buna Tramp seçkiqabağı kampaniyası zamanı söz vermişdi. Tillerson isə bildirdi ki, Rusiya Ukraynaya soxulub və Krımı işğal edib. “Krımın Rusiyaya birləşdirilməsinin qanuni əsasları yoxdur. Bu, ərazinin tutulması idi”, - deyə o bildirib.

2. Tramp bildirmişdi ki, Rusiya ilə Suriya böhranın həlli üçün razılaşa bilər.Amma Tillerson qeyd etdi ki, Moskva müharibə qanunlarını pozan Suriya güclərini dəstəkləyir.

3. Tramp seçkiqabağı kampaniyasında dəfələrlə Ukraynaya silah çatdırılmasına qarşı olduğunu bildirmişdi. Tillerson isə Ukraynaya bütün hərbi güclərini şərq sərhədlərində cəmləməyi məsləhət görüb. Dövlət katibi postuna namizəd qeyd edib ki, Amerika Kiyevə münaqişənin gedişatında silah yardımı göstərə bilər.

Donald Trampın özü Rusiya lideri Vladimir Putinlə münasibətlərin qaydaya salınmasını mümkün hesab edir. “Əgər Tramp Putinin xoşuna gəlirsə, bu çox yaxşı”, - yeni seçilmiş prezident deyib.

Ağ Evin yeni sahibi əlavə edib ki, Klinton onun yanında “toya getməli” ola bilər. O, Putinlə Klintondan daha sərt ola biləcəyini vurğulayıb.

Beləliklə, “kəsilməyən qarpız” adlandırılan Trampın Rusiya ilə bağlı gedişlərinin məlum olması üçün yanvarın 20-sini – inauqurasiya mərasimindən sonrakı addımlarını gözləməyə ehtiyac qalmayıb, “qarpız” içini 9 gün əvvəl göstərib. Putin və Obamanın duelinə qiymət verən Norveç mətbuatı Putinin futbol dili ilə desək, 6:0 hesabı ilə qələbə qazandığını bildirmişdi. Və qeyd etmişdi ki, Trampın gəlişi ilə rəqəmlər sıfırlanacaq.

Putinin özü də yəqin ki, bəxtinə düşən “qarpız”ın ağ çıxacağını gözləmirdi. Onun üçün savaş yenidən başlayır. Sanksiyalar və kəskin düşən neft qiymətlərinin zəiflətdiyi Rusiyanı arxasına alaraq aparılacaq bu savaş daha çətin olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm