• USD 1,7000 0,00% EUR 1,9008 +0,29%
    • GBP 2,1523 +0,13% RUB 0,0262 -0,76%

Vatikanda döyüş başlandı: intim alətin səbəb olduğu müharibə və GİZLİ PAKTIN LƏĞVİ -FOTOLAR

Vatikanda döyüş başlandı: intim alətin səbəb olduğu müharibə və GİZLİ PAKTIN LƏĞVİ

Bu ilin 25 yanvarında qədim Malta ordeni (İoannitlər ordeni, yaxud, Hospitalyerlər ordeni. Bütöv rəsmi adı belədir: Müqəddəs İohannın Qüdslü, Rodoslu və Maltalı hospitalyerlərinin suveren hərbi ordeni) Böyük magistrsiz qaldı. Çünki magistr Metyu Festinq vəzifəsindən istefa vermişdi.

Publika.az
xəbər verir ki, buna səbəb Myanmada prezervativlərin (qoruyucu) paylanılmasına görə Roma Papası ilə Malta ordeni arasında yaranmış qalmaqal idi.

Yanvarın 24-də gecə yarısı Metyu Festinq Roma Papası Fransiskin qəbuluna düşmək üçün Apostol sarayının pilləkənlərini qalxdı. Danışıq qısa oldu: Festinq tezliklə Malta ordeninin rəhbəri vəzifəsindən istefa etdi və Papanın iqamətgahını adi cəngavər kimi tərk etdi.

Metyu Festinq doqquz il Malta ordenini idarə edib. Britaniyalı feldmarşalın oğlu Festinq Kembric Universitetindən tarixçi kimi məzun olub. Britaniya ordusunun ehtiyatda olan polkovnikidir. O, vaxtilə Balkanlarda Malta ordeninin humanitar missiyasının rəhbəri kimi məşhurlaşmışdı. O, özünə tabe olanlarla əsil ata kimi rəftar edir, onlara məsləhətlər verir, problemlərini həll edirdi. Məhz buna görə hazırda ordenin daxilində Festinqin gedişindən narazıdırlar. Festinq isə hesab edir ki, onun addımı qardaş hospitalyerlər arasında qarşıdurmanın dayanmasına səbəb oldu: Vatikanda isə baş verənləri vətəndaş müharibəsi adlandırırlar.

Prezervativ qalmaqalı

Rəsmi məlumata görə, Myanmada pulsuz prezervativlər paylanılıb. Hamiləliyə qarşı olan istənilən vasitə isə Vatikanın gözündə böyük günahdır. Məlum oldu ki, prezervativlərin verilməsi proqramı 2005-ci ildən etibarən həyata keçirilir. Metyu Festinqin müavini, ordenin kansleri vəzifəsini icra edən Albrext fon Boselaqer isə and içdi ki, bu proqramı ordendəki qardaşlar özbaşına həyata keçiriblər. Çox güman ki, bu, qalmaqal orden daxilində yatırılardı. Çünki ordendə hər kəs Boselaqeri sevir, onun fədakarlığını və zəhmətkeşliyini qiymətləndirirdi. Həmçinin, onun atası cəngavər hospitalyer Filip Boselaqer 1944-cü ildə Hitlerə təşkil edilən sui-qəsdə iştirak etmişdi. Hitler yalnız möcüzə sayəsində qurtula bildi. Belə şeylər Malta ordenində də unudulmur. Lakin qalmaqal ordenin xaricinə çıxdı və Papa Fransisk məsələyə qarışdı. 2016-cı ilin noyabrında Papa Malta ordeni ilə əlaqələrə nəzarət edən kardinal Reymond Byorka öz narahatlığını bildirdi. Dekabrda isə o, kardinala tədbir görməyi tapşırdı. Bu hadisəyə görə günahkar cəzalandırılmalı idi.

M. Festinq öz müavinini yanına çağırdı, görüşdə kardinal Byork da var idi. Festinq Boselaqerə öz postunu könüllü tərk etməyi üçün iki dəfə xahiş etdi, lakin o qəti sürətdə imtina edirdi. Yalnız bundan sonra o, Boselaqerə ordenə daxil olarkən, əmrə sözsüz tabe olmaqla bağlı and içdiyini xatırlatdı. Kardinal Byork da bildirdi ki, istefanı Papanın özü tələb edir. Sonda Boselaqer tabe oldu. Onun yerinə Con Kriteni təyin etdilər.

Cavab zərbəsi

Ordenin əksər üzvləri kadr dəyişikliyini sakit qarşıladı. Çünki ordenin birliyi daha əhəmiyyətlidir, nəinki kanslerin taleyi. Ümumi yığıncaqda Boselaqeri 40 milli bölmədən yalnız beşi dəstəklədi. Lakin onların arasında Vatikanla sıx əlaqəyə malik olan knyaz Erix fon Lobkovitsenin rəhbərlik etdiyi nüfuzlu alman bölməsi də var idi. Erix və digər dostları Boselaqerə tezliklə Vatikanın dövlət katibi kardinal Petro Parolina ilə görüş təşkil etdilər.

Çox keçmədi ki, Festinq Vatikandan istefa verməyini əmr edən məktub aldı. Məktubda deyilirdi: “Zati-aliləri həmişə problemlərin həllində dialoqa üstünlük verir. O haqda danışılır ki, kimsə postundan çıxarılıb”.

Bir neçə gün sonra Festinq yeni zərbə aldı. Onun haqqında araşdırma başladılmışdı. Araşdırma komissiyasına isə Boselaqerə simpatiyası olan keşiş Silvano Tamozi rəhbərlik edirdi. Festinq kardinal Byorkun Boselaqerin istefasının Papa tərəfindən tələb edildiyi haqda dediklərinə istinad etdiyini sübut etməyə çalışırdı. Lakin Vatikandan cavab gəldi ki, o, kardinalın dediklərini yanlış anlayıb, çünki Papa kanslerin istefası haqda sərəncam verməyib.

Və bundan sonra orden əks-həmləyə keçdi. Hospitalyerlərin rəhbərliyi bəyanat yaydı ki, bütün kadr dəyişikliyi suveren Malta ordeninin daxili işidir və heç kim buna qarışmaq hüququna malik deyil. Festinq elan etdi ki, araşdırma yanlışdır. Eyni zamanda, orden üzvlərinə araşdırmaya kömək etməməyi əmr etdi və Vatikanı ordenin müstəqilliyini pozmaq cəhdində ittiham etdi.

Gizli pakt



Malta ordeni 1099-cu ildə yaradılıb. Məqsədi xəstə zəvvarların müdafiəsini təmin etmək olub. Lakin artıq çoxdan hərbi orden olmaqdan imtina edib və daha çox xeyriyyə təşkilatı olaraq fəaliyyət göstərir. Ordenin üzvləri Afrikada QİÇS-ə qarşı mübarizə aparır, Amerika və Britaniyada evsizlərə kömək edir, Latın Amerikasında azyaşlı oğlanları narkotikdən xilas etməyə çalışır və Aralıq dənizində bədbəxtliklə üzləşən miqrantlara yardımlar edir. Orden öz qədim ənənəsini də saxlayır: qardaşlar indiyə qədər öz müstəqilliklərini müqəddəs tutaraq qoruyurlar.

Malta 105 ölkə ilə diplomatik əlaqəyə malikdir, şəxsi pasportları var, öz valyutalarını və markalarını çap edirlər. Ordenin qüvvədə olan konstitusiyasına əsasən, Roma Papası onların işinə qarışmaq hüququna malik deyil. Lakin Vatikan onların müstəqilliyinə icazə verdiyi kimi, ləğv də edə bilər. Bu isə yalnız ordenin tamamilə ləğvindən sonra mümkündür.

Vatikanla Malta cəngavərləri arasında bu, ilk münaqişə deyil. Hələ 1950-ci illərin əvvəllərində Vatikan ordeni idarə etməyə qərar verdi: kardinallar hesab edirdilər ki, hospitalyerlər çox müstəqil oldular və protestantlarla əlaqələr quraraq, oyun oynayırlar. Hətta o haqda şayiələr gəzirdi ki, masonlar ordenin rəhbərliyinə daxil olublar. Həmin vaxt mühafizəkar kardinal Nikola Kanali hospitalyerlər üzərində sərt idarəçilik yaratmağa çalışdı. Lakin cəngavərlər birləşərək, ona layiqli müqavimət göstərdilər. Və nəticədə Malta ordeni ilə Vatikan arasında qarşılıqlı qarışmamaq haqqında gizli pakt bağlandı. Bu gizli razılaşma 2016-cı ilin payızına qədər qüvvədə idi.

Mühafizəkarların məhvi

Vatikan inandırır ki, bütün günah təsadüflər zəncirində və anlaşılmazlıqdadır. Festinq Papanın iradəsini yanlış izah etdi, kardinal Parolin cəngavərləri təsadüfən qəzəbləndirdi. Lakin burada xüsusi diqqət çəkən məqam Papa Fransiskin ardıcıl tənqidçisi olan kardinal Reymond Byorkla bağlıdır. O, Papanın Boselaqerin istefa verməsi tələbini irəli sürdüyünü bildirmişdi, lakin sonradan Vatikan belə dediyini təkzib etmişdi.

Amerikalı olan Byork Vatikanda ən mühafizəkar kardinallardan biri kimi məşhurdur. Onu Vatikana Papa XVI Benedikt gətirib. Byork fahişəliyə qarşı çıxır, əxlaqsızlığı təbliğ edən pop-ulduzları tənqid edir, abortları qəbul etmir. Papa Fransiskin homoseksualizmlə bağlı mövqeyini də sərt tənqid edirdi.

Çoxları baş verənləri Malta ordeni üzərindən kardinal Byorka qarşı qurulmuş yaxşı plan hesab edir. İtaliya mediası yazır ki, bütün bunlar Vatikanda mühafizəkar qanadın təsirini qırmağa yönələn kampaniyadır. Bir müddət əvvəl Papa Fransisk mühafizəkarların doktrinasını ləğv etdi və daha sonra bildirdi: “Mən Papayam və öz qərarlarımın səbəbini izah etməyə məcbur deyiləm”.

Malta ordeninin bundan sonrakı taleyinin necə olacağı sual altındadır. Papa Fransisk Festinqin istefasından sonra ordenə şəxsi nümayəndəsini rəhbər təyin edib. Papanın nümayəndəsi yeni rəhbər seçilənə qədər bu postda qalacaq. Orden üzvləri isə ehtiyat edirlər ki, konstitusiyaya yenidən baxıla və müstəqillik qismən itirilə bilər.

Asif

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR