“Batka”nın “Belarus” traktoru
Bizi izləyin

Nida Təhlil

“Batka”nın “Belarus” traktoru

Alçalmışlar və təhqirolunmuşlar

Cinayət və cəza

Aleksandr Lapşin demokratiya və bloger pərdəsi ilə gizlənən, məşhur olmaq, özünü təsdiq etmək üçün hər şeyə əl atan adam kimi sadə cinayət törətdi. O düşünürdü ki, bir xalqın, dövlətin maraqlarını oyuncağa çevirmək, dövlətlə zarafat etmək və əvəzsiz bloger olmaq mümkündür. Odur ki, cinayəti bilərəkdən törətdi və bunu edəndə də fikirləşdi ki, mağmın kimi əməlləri ətrafında səs-küy qaldırmaqla iş bitəcək. İllah da bu qədər havadarın ola. Amma sataşdığı dövlətin başında milli maraqları hər şeydən üstün tutan, əmin siyasi addımları olan, ən əsası da baş əyməyən liderin durduğunu ağlına da gətirmədi. Hava limanında bürüşmüş halda təyyarədən düşəndə yəqin, anladı ki, havadarları ona kömək, lavrovların bəyanatları da arxayınlıq balışı olmayacaq. Nəhayət, cinayət cəzasını tapdı. Hətta bundan sonra o Bakıda azadlığa buraxılsa da, əfv olunsa da onun bura gətirilməsi ağlın, diplomatiyanın təntənəsi, haqqın yerini tutması, böyük uğurun xəbərçisi idi.

Alçalmışlar və təhqirolunmuşlar

Mən çox ümidsiz idim bu məsələdə: bir neçə dövlətin vətəndaşı, bloger və çoxsaylı havadarı olan bir kəsin belə qətiyyətlə cəzasına çatacağına inanmırdım. Şəhidimiz Çingizin nəşinin uzun müddət qaytarılmaması dünyanın dəyişkən havasında yerimizin balaca olduğunu düşünürdüm. Nə yaxşı ki, yanıldım. Çünki alçalmış və təhqirolunmuş ölkənin vətəndaşı olmaq yükünü daşımağa heç hazır deyildim. Yenə dövlət və onun önündə olanın sərt iradəsi, iti zəkası milyonlarla mənim kimi düşünəni bu qorxudan qurtardı. Hansı ki, vətənə qaytarılan şəhidin milli qəhrəman elan olunduğu gündə. Bax, budur insanı vətəndaşa çevirən - onun dövləti ona şərəf veririsə, şərəfini qoruyursa, onu şərəfli vətəndaş edir! Bunu təkbaşına Prezident bacardı! Dövlətimin, onun imzasının hörmətindən, sayılıb-seçilməsindən xəbər verdi. Biz “banan respublikası” deyilik və könlü istəyən bizi alçalda bilməz!

Qumarbazın “idiotizmi”

Lapşin bloger şousu ilə məşhurluq və pul qazanmaq istəyən qumarbaza oxşadı. O, öz azadlığını, bəlkə də mənliyini qumara qoydu. Çox fəndlər etdi. Öz aləmində əlinə oynayan dövlətlər və qorxaq görünən Belarus meydanında cəzasızlıq xəyallarında idi. Düz əməlli yazı yazmağı da bacarmayan, sıradan da aşağı olan bloger bir xalqın mənliyinə toxunub əvəzində şöhrət qazanmaq istəyirdi. Amma fərasətsizliyi və ən əsası “idiotluğu” onu qandala apardı. Doğrudanmı, o, elə düşünürdü ki, Rusiya səsini qaldıracaq, İsrail açıq hücuma keçəcək, ya da özünə yiyə dura bilməyən Ermənistan ona qahmar olacaq?

Həyatla oyun oynamaq istəyən Lapşinin son yazılarında ümidsizlik ironiyası açıq görünür. Onu “idiot” vəziyyətinə salan xalqın dəstəyinə arxalanıb sözünü deyə bilən liderin qarşısında sonu bəlli olan oyun oynamaq cəhdi idi. Amma geriyə yolu da qalmamışdı. Bircə yolu və bircə layiq olduğu mənzərə var idi: Bakı Hava Limanında bürüşmüş halda 7 fevral gecəsini görmək.

“Batka” “Belarus”la şumladı

Tərəddüd nədi, qəti əmin idim ki, Lavrovun da məlum çıxışından sonra Lukaşenko adaşının ekstradisiyasına getməyəcək, çəkinəcək. Onsuz da Belarus liderinə qarşı addımbaşı kampaniya, təzyiq var. Daha bir baş ağrısına gedərmi? Bir yandan hər dəfə imkan düşən kimi Ermənistanın xətrinə dəyən “Batka” bu dəfə də belə edəcək? Amma etdi! O, “Belarus” traktoru ilə Lapşinin ümidlərini şumladı və onun üstündən qürurla ona qarşı çıxan ölkələrə tərəf baxdı. Çünki, özü demiş qanunsuz və ədalətsiz heç nə etməyib. İnterpolun axtarışı ilə həbs edilən şəxsin ekstradisiyası adi normadır. Burada Lukaşenko həmişə olduğu kimi qətiyyətlik edib, köhnə dostu olan Azərbaycanı seçib, ona qarşı ədalətsizlik edilməsinə imkan vermədi. Əhsən, “Batka” belə olar!

O, təkcə haqqın tərəfini tutmadı, “Batka” kimi belarusaların da mənafeyini qorudu. Bu xalqın, dövlətin kiminsə diktəsi ilə yaşamadığını, öz düşüncəsi, müstəqil siyasətinin olduğunu sübut etdi. Nə olsun sülh tərəfdarıdır Belarus, yazıq ki, deyil. İllah bu qədər haqlı olduğu halda kiminsə diktəsi ilə haqsızlıq edə bilməzdi və etmədi də!

Cocuq Mərcanlıda ölən ümidlər

Lapşinin ekstradisiyası Ermənistanın Qarabağı dövlət kimi tanıtmaq ümidlərini puç elədi. Onsuz da Cocuq Mərcanlıya başlayan dönüşlə Azərbaycan Dağlıq Qarabağ məsələsinin daxili işimiz olduğunu göstərdi. Üstəlik bu məsləyə şübhəli yanaşanın cəza masasına əyləşdirilməsi ilə bir daha əminlik və mövqe ortaya qoyuldu. Bu məsələdə Azərbaycan heç bir güzəştə getmək fikri yoxdur və Ermənistanın vaxt uzatmaqla yaranan ümidləri bir kənddəcə, ya da 7 fevralda olduğu kimi, bir neçə saatdaca ölə bilər. Lapşinin Azərbaycana verilməməsi Ermənistanın apreldə biabırçı məğlubiyyətindən sonra öz vətəndaşları arasında dilini bir azca uzun edə biləcəkdi. Lakin bu ümid də tez öldü. Cocuq Mərcanlı məsələsi son günlər onsuz da onların bütün işıqlarını söndürmüşdü - ümid Lapşinin cəzasızlığı ola bilərdi. Amma Azərbaycan Prezidenti buna imkan vermədi!

Digər tərəfdən Azərbaycanın həm siyasi, həm də hərbi sahədə ardıcıl qələbələri Ermənistanın işğalçılıq siyasətinin iç üzünü açır, məzlum pərdəsini cırır. Aleksandr Lapşinin ekstradisiyası həm də qondarma “DQR”-in təbliğatını aparan şəxslərə mesaj oldu. Onlara hansı aqibətlə üzləşəcəkləri barədə bir daha dərindən düşünməyə və Lapşin kimi özünü qumara qoyub “idiot” vəziyyətinə düşəcəklərini göstərdi.

Son olaraq deyək ki, Lapşinin söz azadlığına və ya azad jurnalistika fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Qanunsuzluğu, irticanı və işğalı təbliğ etmək jurnalistika deyil, siyasi əxlaqsızlıq, oyunbazlıqdır. Oyunbazın və bir dövlətin şərəfinə qəsd etmək istəyən adamın aqibəti bir olar! Bir şey mənə maraqlıdır, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloger Aleksandr Lapşin ötən gecə Belarusdan Azərbaycana gətirilib və indi Bakı İstintaq Təcridxanasında saxlanılır, görən ona yeməyə əriştə verirlər?

Dilrubə Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm