Ştetina və uşaqlarının "klassik çayxana söhbətləri"
Bizi izləyin

Nida Təhlil

Ştetina və uşaqlarının "klassik çayxana söhbətləri"

Yaxud "5-ci kolon"un qrantyeyənləri ilə Çexiyadan olan ermənipərəst parlamentarini nə bağlayır?

Yaxud "5-ci kolon"un qrantyeyənləri ilə Çexiyadan olan ermənipərəst parlamentarini nə bağlayır?

Məlum olduğu kimi, fevralın 6-da Avropa Parlamentinin qərargahında "Azərbaycandakı vəziyyətə dair" adlı "tədbir" keçirilib. Elə "5-ci kolon" nümayəndələri arasında növbəti qovğa da bundan sonra başlayıb. Hazırda xüsusilə sosial şəbəkələrdə "qrantyeyənlər"i üz-üzə qoyan "kimdir ermənipərəst" sualına cavab axtarışlarıdır.

Yaromir Ştetina kimdir?

Etiraf edək ki, xaricdəki bəlli ermənipərəst dairələrin Azərbaycanla bağlı müxtəlif vaxtlarda tədbirlər keçirməsinə artıq bir növ adətkar olmuşuq. Rübdə bir dəfə, yaxud ildə bir neçə dəfə belə teatral olayların şahidinə çevrilirik. Brüsseldə keçirilən və konkret məqsədlərə xidmət edən sonuncu məzhəkədə isə Avropa "bazar"ında lövbər salmış, çörəyi erməni diasporu və onların dəstəkçilərindən çıxan "5-ci kolon" təmsilçiləri iş başında idilər. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri ərəfəsində antiazərbaycançı mərkəzlərin və Avropa Parlamentinin Çexiyadan olan üzvü Yaromir Ştetinanın dəstəyi ilə keçirilən "tədbir"də "Meydan TV"nin rəhbəri Emin Milli və jurnalist Xədicə İsmayıl çıxış ediblər. Bu çıxışların məğzinə keçməzdən əvvəl tədbirin əsas dəstəkçisinin kimliyinə qısa bir aydınlıq gətirək ki, nəyin baş verdiyi daha aydın görünsün.

Az-çox gündəmi izləyən hər kəs Ştetinanın ermənilərin məşhur təbliğatçısı və qondarma "DQR"in tanınması üçün ən azı erməni diasporu qədər fəallıq göstərən keçmiş jurnalist, hazırda isə siyasətlə məşğul olan birisi olduğunu bilir. O, müxtəlif dövrlərdə Azərbaycanın işğal altında olan torpaqlarına qeyri-qanuni səfərlər edib, qatıldığı tədbirlərdə "erməni soyqırımı" və qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyi ilə bağlı "parlaq" çıxışlarına görə erməni diasporunun dərin rəğbətini qazanıb. Y.Ştetina hətta tədbirlərin birində həyasızcasına "Xocalı faciəsini də azərbaycanlılar törədiblər" kimi yalana imza atıb. Çexiyada yaşayan, Azərbaycan hakimiyyətinə qarşı sərt tənqidi fikirlər səsləndirən Zamiq Məmmədli adlı şəxs özünün "facebook" səhifəsində Ştetinanı bu sözlərlə təqdim edir: "Avropa Parlamentinin Çexiyadan olan üzvü Yaromir Ştetina ömrünü "DQR"-in müstəqilliyinin tanınmasına və Azərbaycanı hər yerdə aqressor və "başkəsən" kimi təqdim etməyə həsr edən bir şəxsdir".

"Maska"ya deyil, möhürə baxın!

Deməli, aydın olur ki, E.Milli və X.İsmayıl erməni nökərlərinin çaldığı havaya süzüblər. Onların çıxışlarının böyük hissəsi ənənəvi mövzulara həsr olunub: Emin Milli iftira və böhtanlarını sıralayıb, X.İsmayıl isə əlinə düşən fürsətdən özünün 119 nəfərlik "siyasi məhbus" siyahısına müştəri axtarmaq üçün faydalanmağa çalışıb. Əsil komediya çıxışların bu hissəsindən sonra başlayıb. Belə ki, "5-ci kolon"un əsas simalarından olan Emin Milli və Xədicə İsmayıl nədənsə birdən-birə "vətənpərvər" olmağa qərar verərək, çıxışlarının böyük bir bölümünü ermənipərəst olmadıqlarını sübut etməyə həsr ediblər. Serj Sarkisyan və Dağlıq Qarabağın işğalı ilə bağlı səsləndirdikləri müəyyən tənqidi fikirlər də məhz bu niyyəti ortaya qoyub. Görünür, bu yolla onlar xüsusilə daxili auditoriya üçün özləri haqqında "dinsizin imana gəlməsi" təəssüratı yarada biləcəklərini düşünüblər. Amma çifayda. Çünki insanlar vətənpərvərlik maskası altında gizlədilmiş bu simaların kimlərə məxsus olduğunu yaxşı anlayırlar. Bütün fəaliyyətlərini antimilli mərkəzlərin və ermənipərəst dairələrin təlimatları əsasında quran, mayaları xəyanətdən yoğrulmuş Xədicə İsmayıl, Emin Milli kimilərinin Dağlıq Qarabağ məsələsində bu cür mövqe ortaya qoymaları paradoksaldır. Nə rəhbərlik etdiyi "Meydan TV"də qondarma "erməni soyqırımı"nı təbliğ edən və onun tanınması istiqamətində aparılan kampaniyaya dəstək verən Emin Millinin, nə də Azərbaycan nümayəndələrinin beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ münaqişəsi və erməni vandalizmi ilə bağlı çıxışlarına arxasını çevirərək, bəzən də fit çalaraq təpki göstərən Xədicənin Dağlıq Qarabağ məsələsində “prinsipial mövqeyi” səmimi ola bilər. Ona görə də harada olmalarından, nə danışmalarından asılı olmayaraq, bu adamların möhürləri üzərlərindədir. Məgər Y.Ştetinanın dostları olmaları bu saxta vətənpərvərlərin əsil mahiyyətini ortaya qoymağa yetərli deyilmi?

Xədicə və Emin ermənipərəst PİN təşkilatından hansı məqsədlə qrant alıblar?

Sosial şəbəkələrdə də bununla bağlı diqqətçəkən paylaşımlar edilib. Məsələn, Zamiq Məmmədli yazır: "Avropa Parlamentindəki məlum tədbirin iç üzünü ifşa etməyimiz Xədicə İsmayıl və Emin Milli cütlüyünün sonradan sırf azərbaycandilli auditoriyaya ayırdıqları çıxışlarında Qarabağ və "Sarkisyan" mövzularına toxunmağa, çıxışlarına tələm-tələsik düzəlişlər və əlavələr etmələrinə səbəb oldu (hər kəsin bildiyi, klassik "çayxana" söhbətləri). Bu teatral ritorika faktı dəyişmir. Fakt isə ondan ibarətdir ki: 1. "MeydanTV" erməni soyqırımı"nı tanıyan bəyanat verib, Azərbaycanı antierməni təbliğatı aparmaqda günahlandırıb və bu bəyanat hələ də "Meydan TV"nin saytındadır; 2. "Milli" ləqəbli Emin Abdullayevə sponsorluq edən erməni lobbisinin AP-dəki təmsilçisi Yaromir Ştetinadır... Nöqtə!".

Praqada yaşayan başqa bir azərbaycanlı, vaxtilə Leyla Yunusla bir ofisdə oturmuş və birgə layihələr həyata keçirmiş Mətanət Əzizova da özünün sosial şəbəkələrdəki səhifəsində belə bir paylaşım edib: "... İctimai sektorun aktivistləri, dəvəti qəbul edərkən və ya kiminləsə əməkdaşlıq etməyi nəzərdə tutursunuzsa, bir sağınıza, solunuza baxın, kiminlə bir masada oturmusunuz. Baxmayanda "erməni dəyirmanı" söhbəti gündəmdə olacaq. Və haqlı olacaq".

Xədicə İsmayıl özünə yönələn tənqidləri qarşı tərəfin "ermənipərəst" olması yönündə iddialarla cavablandırmağa çalışıb. Daha da konkretləşdirsək, Xədicə belə düşünür ki, ona qarşı "erməni dəyənəyi" ittihamı irəli sürənlərin özləri vaxtilə ermənilərlə işbirliyində olublar: “Ermənilərlə təmaslara gəlincə, Mətanətdən bu barədə irad eşitmək çox gülüncdü. Uzun illər onlarla əməkdaşlıq layihələrində mən yox, o olub”. X.İsmayıl özü haqqında sosial şəbəkələrdə tənqid yazanları "hakimiyyətin trolları" adlandırıb. Amma bu qədər adamın ünvanına əsassız fikirlər səsləndirən X.İsmayıl və əqidaşları ermənipərəst "People İn Need" (PİN) təşkilatı ilə əməkdaşlıqları haqqında susmağa üstünlük veriblər. Nə X.İsmayıl, nə də E.Milli 2014-2015-ci illərdə erməni diasporu və müxtəlif anti-Azərbaycan mərkəzlərdən 6 milyon dollardan artıq pul alan PİN-lə əməkdaşlıqlarının səbəblərini, bu təşkilatdan hansı məqsədlə qrant aldıqlarını da açıqlamayıblar. Amma pafosla "ermənipərəst" olmadıqlarını deyirlər. Onda özlərini bir az əziyyətə salıb bu sualın da cavabını versinlər görək, bunların etdikləri ermənipərəstlik deyilsə, onda ermənipərəstlik necə olur?

Aqşin ŞAHİNOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm