Kremldəki “qiyamçılar” və rus-türk müharibəsinə hesablanmış ssenari - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Kremldəki “qiyamçılar” və rus-türk müharibəsinə hesablanmış ssenari - TƏHLİL

Rusiya təyyarələri Əl-Babda türk əsgərlərini bombaladı: 3 şəhid, 11 yaralı. Kreml dərhal bunun səhvən baş verdiyini elan etdi. Müharibə şəraitində belə səhvlərin olması mümkünsüz deyil, lakin hadisələrin inkişafı və siyasi təxminlər rusların səhvinin dırnaq içinə alınmasını zəruri edir.



“Səhv”, yoxsa: türk əsgərlərinin bombardman edildiyi gün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) yeni şefi Maykl Pompeo Türkiyədə idi və diqqətçəkən məqam odur ki, yeni şef ilk səfərini məhz Ankaraya etmişdi; Kremlin sözçüsü Dmitri Peskov türk əsgərlərini türk tərəfdaşlarının verdiyi koordinatlar əsasında vurduqlarını açıqladı.

Və bu amillərin fonunda ortaya çıxan versiyalar rus təyyarələrinin yağdırdığı bombaların təsadüf olmadığı fikrini gücləndirir:

Ssenari 1: Maykl Pompeo CİA şefi olaraq Ankaraya gəldi. Onun Tramp Amerikasının ilk yüksək vəzifəli şəxsi olaraq, türk torpaqlarına gəlişi Vaşinqtonun Türkiyəyə 15 iyul hadisələrini unutdurmaq və münasibətlərdə yeni səhifəni açmaq istəyini göstərir. Və bu səfərin Ərdoğanla Tramp arasında telefon danışığının ardınca baş verməsi də diqqət çəkir.

İki liderin telefon danışığında Ərdoğan Trampdan iki xahiş etdi:

1. Suriyada YPG-yə (PKK-nın Suriya qolu olan PYD-nin silahlı gücü – red.) dəstəyin verilməməsi.
2. FETÖ və PKK terror təşkilatlarına qarşı birgə mübarizənin aparılması.

Bu iki məsələyə Trampın razılıq verdiyi haqda məlumat yoxdur. Lakin iki liderin Əl-Bab və Rakkada İŞİD-ə qarşı birgə mübarizə apardığına dair razılıq əldə etdiyi təsdiqlənir. Və burada aydın görünür ki: bu razılıq ABŞ-ın Obamadan sonra Suriyada (ümumilikdə Yaxın Şərqdə) aktivləşməsinə səbəb ola bilər; Trampın dediyi kimi, “Türkiyə bölgəni ABŞ-dan daha yaxşı tanıyır və bir çox məsələdə onun strategiyasına uyğun hərəkət etməliyik” prinsipi irəli sürülə, beləliklə, ABŞ arxada, Türkiyə öndə “yeni Suriya” siyasəti başlana bilər; bunun baş verməsi Yaxın Şərqdə Rusiya və İranın maraqlarına ziddir.

Telefon danışığından sonra CİA şefinin Ankaraya gəlişi “tərəflər qarşıdakı planları üzbəüz və daha detallı şəkildə müzakirə edir” ehtimalını gücləndirir. Bu, kontekstdə “səhv”in səbəbinin izahı belədir: Rusiya türk əsgərlərini bombalayaraq, Ankaraya “ABŞ-la yaxınlaşmağın cəzasını” verir. Lakin Putinin “cəza” üçün bu qədər sərt yola əl atması inandırıcıdırmı? Axı, bu “səhv” qeyri-rəsmi müharibə elanı səviyyəsində qiymətləndirilə və Türkiyənin üzünü tamamilə ABŞ-a çevirməsinə səbəb ola bilərdi. Bununla yanaşı, hələ yeni olan CİA şefinin Ankaraya səfəri o demək deyildi ki, Ankara bütün olanların üzərindən xətt çəkir və Rusiyaya qarşı cəbhədə əsas oyunçu vəziyyətinə qayıdır. ABŞ-Türkiyə münasibətləri hələ yeni mərhələdədir və Putinin hadisələrin inkişafını izləmədən müharibə vəziyyəti yarada biləcək gediş etməsi ehtimalı da azdır. Deməli, “səhv” başqa yerdə axtarılmalıdır.

Ssenari 2: Peskovun “koordinatları türklərdən almışıq” sözləri proseslərin mərkəzində lupasız görünən “qırmızı xətt” kimi dayanır. Yəni, “türk əsgərlərinin ölümünə səbəb elə türklərdir”. Peskov bunu demək istəyir. Və burada sual meydana çıxır: Türkiyə ordusu ruslara niyə səhv koordinatlar verir, yaxud öz əsgərlərinin ölümünə niyə səbəb olur?
Hesab etmək olar ki, Kreml “səhvi” Türkiyənin öz üzərinə atır. Lakin bu açıqlama qarşısında Ankaranın susqunluq nümayiş etdirməsi diqqət çəkir. Məhz bu susqunluq hadisənin planlı şəkildə olması versiyasını gündəmə gətirir:

a) “Koordinatları türklərdən almışıq” açıqlaması Ankara və Moskva arasında razılaşdırılıb; bu razılaşma ordu içində FETÖ bağlantısı olan, yaxud Ankaraya qarşı çıxan hansısa qüvvəni zərərsizləşdirməyə hesablanıb; beləliklə, Ankara bu hadisədən sonra ordu içindəki qüvvələrin təmizləmənməsi əməliyyatına başlaya bilər.

b) Burada Türkiyə ordusunun içindəki qüvvənin koordinatları həqiqətən də səhv verməsi, beləliklə, Rusiya-Türkiyə münasibətlərini çətin vəziyyətə salaraq, Qərbin əlinə oynaması versiyası da nəzərdən qaçmamalıdır. Suriya sərhədində Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulması və ondan sonra baş verənlər eyni ssenarinin yenidən oynanılması ehtimalını ön plana çıxarır.

(Bu ssenarinin mümkünlüyü hadisələrin inkişafında aydınlaşacaq).

Lakin “B” variantı hadisələrin Rusiya daxilində cərəyan etdiyi ssenarisinə diqqət çəkir.

Ssenari 3: Türk əsgərlərini Putinin icazəsi olmadan Rusiya ordusunun daxilindəki qüvvələr vura bilər:

- 2015-ci ildə Qərb Türkiyə ordusunun içindəki FETÖ-yə bağlı zabitlərin əli ilə rus təyyarəsini vuraraq, Ankara-Moskva müharibəsini başlatmaq istədi. Hətta müharibənin kandarına qədər gəlindiyini desək yanılmarıq. Lakin bu, baş tutmadı, 15 iyul hadisələrindən sonra isə Türkiyə və Rusiya yeni əməkdaşlıq mərhələsinə qədəm qoydular. Hesab etmək olar ki, Qərb indi eyni ssenarini Rusiya ordusunun üzərindən tətbiq edərək, iki ölkəni qarşıdurma həddinə çatdırmağa cəhd edir.

- Hadisəni məhz CİA şefinin Ankaraya səfər etdiyi gün törətməklə diqqətləri Putinin üzərinə yönəldir.

Bu versiyanı gücləndirən iki məqam var:

1. Putin hadisədən dərhal sonra Ərdoğana zəng etdi və Türkiyə tərəfi baş verənləri sakit qarşıladı. Hesab etmək olar ki, Putin Ərdoğana “səhv”in əsil səbəbini izah edə bilib. Əsil səbəb hadisənin Putinin iradəsindən kənar baş verməsidir.

2. Rusiya ordusunun içində Putinə tabe olmayan qüvvələrin olması ehtimalı Belarus prezidenti Aleksandr Lukaşenkonun qalmaqallı açıqlamasından sonra təsdiqlənir. Belarus liderinin sözlərinə qədər siyasi arenada “Rusiyada Putinin iradəsindən kənar addım atmaq mümkün deyil” məsələsi hakim idi. Lakin Lukaşenko bəyan etdi ki, “Rusiya rəhbərliyində olan müxtəlif siyasi güclər var, onlardan bir hissəsinin mövqeyi Rusiya prezidentinin mövqeyi ilə ziddiyyət təşkil edir. Son zamanlar vəziyyət pis istiqamətdə inkişaf edir. Amma yenə vurğulayıram: orada müxtəlif güclər var. Və prezident Vladimir Putin mənə birbaşa deyir: “Sən diqqət yetirmə!”. Lukaşenkonun bu sözləri siyasi arenaya “Rusiyada Putinin iradəsindən kənar hərəkət edən qüvvələr var” fikrini gətirdi. Deməli, Rusiya ordusunun daxilində də Putinin iradəsinin əksinə gedən qüvvələrin olması mümkündür və türk əsgərlərinin vurulması planını onlar həyata keçirib.

***

Bütün bu ssenarilərin fonunda kiçik olsa belə bir ehtimal da var: hadisənin arxasındakı qüvvə İrandır.

İran faktoru niyə önə çıxır?: Trampın gəlişindən sonra İran bölgədə “zəif bənd” oldu və Tehran Vaşinqtonun Türkiyəni öz yanına çəkməsi, ardınca da Suriyadakı əsas müttəfiqi Rusiyanı neytrallaşdırması ehtimallarını gözardı etmir. Belə olanda ABŞ Yaxın Şərqdə Türkiyə ilə birlikdə hərəkət edir, Rusiya maraqlarının təmin olunması halında vəziyyətə laqeyd qalır və İran bölgədə təklənir. Bu situasiyada İrana öz müttəfiqi Rusiyanı itirməmək vacibdir. Hazırda Moskva Ankara ilə daha yaxın görünür, Suriyada da əsasən onunla birlikdə hərəkət edir. İstər Hələbin təxliyəsi zamanı İran tərəfindən atəşkəsin pozulmasına qarşı reaksiyası, istərsə də Astana görüşlərindən öncə Suriyada atəşkəsi pozarkən Kremlin “vuracam” xəbərdarlığı Tehranın ruslar tərəfindən də təzyiqə məruz qaldığını göstərir.

Və Suriyada türk əsgərlərinin vurulması Moskva-Ankara münasibətlərində çat yaradır; Tehran üçün ABŞ-Türkiyə cəbhəsinə qarşı həyati əhəmiyyət kəsb edən İran-Rusiya cəbhəsinin güclənməsi imkanları yaranır.

İran üçün bu, ona görə əhəmiyyətlidir ki, ABŞ Türkiyənin Yaxın Şərqdəki nüfuzunu nəzərə alarsa, Ankara regionda əsas oyunçu mövqeyini bərpa edəcək, Tehran isə əvvəlki kimi “izolyasiya” vəziyyətinə düşəcək. Yeganə çıxış yolu Rusiyanın ona dəstək verməsi və təklənməməsidir.

Bu siyasi maraqları həyata keçirmək üçün İranın rus ordusuna sızaraq, türk əsgərlərinin “səhvən” bombalanması ssenarisini həyata keçirməsi mümkünsüz görünür. Lakin Rusiya daxilində İranla eyni hərəkət etməyə üstünlük verən siyasi qüvvənin ola bilməsi ehtimalı nəzərdən qaçmamalıdır. Putinin iradəsinə qarşı onlar da hərəkət edə bilər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm