• USD 1,7000 0,00% EUR 2,0390 -1,10%
    • GBP 2,3789 -0,67% RUB 0,0235 -0,43%

II “Aprel müharibəsi”nin AYAQ SƏSLƏRİ, 14 aydan sonra QİSAS... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

II “Aprel müharibəsi”nin AYAQ SƏSLƏRİ, 14 aydan sonra QİSAS... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Heç şübhəsiz ki, Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər edən və barəsində cinayət işi açılan məşhur bloger Aleksandr Lapşinin Bakıya təhvil verilməsi həftənin gündəmində əsas hadisə oldu. Hadisə Ermənistanda ciddi təşviş yaradıb. Yanvar ayının sonunda baş verən dördgünlük döyüşlərdən sonra nisbi sakitlik yaransa da, Donbasdan həyəcanlı xəbərlər gəlməkdədir. ABŞ-la İran arasında münasibətlər hər keçən gün daha da gərginləşir. Rusiyanın hərbi təyyarələri fevralın 9-da Suriyanın Əl Bab mahalında yanlışlıqla Türkiyə hərbçilərini vurub.

2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olan əsgərimiz Çingiz Qurbanovun nəşi fevralın 5-də qarşı tərəfdən alınıb. Çingiz Qurbanov fevralın 6-da Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə Sərəncam imzalayıb.

İlham Əliyev fevralın 9-da Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb. Prezident İlham Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşündə Çingiz Qurbanovun doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olduğunu deyib.

Azərbaycan Prezidenti Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulayıb: “Bütün dünya Dağlıq Qarabağı məhz belə tanıyır və bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər”.

Fransa prezidenti Fransua Olland erməni diasporu ilə görüşdə bildirib ki, “Madrid prinsipləri” tətbiq olunarkən Dağlıq Qarabağ erməniləri özləri öz müqəddəratını müəyyən etməlidirlər.F.Olland Ermənistan prezidenti Serj Sarkisyanı Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Parisə dəvət etdiyini bildirib. S.Sarkisyanın martın 8-də Fransaya səfər edəcəyi gözlənilir.

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov “RİA Novosti” agentliyinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən danışıb. Nazir qeyd edib ki, mövcud status-kvo ola bilsin ki, Ermənistandan başqa heç kəsi qane etmir: “Danışıqlar masasını tədricən problemlərdən təmizləmək lazımdır. Ən əsas problem isə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində mövcudluğudur”.

Azərbaycan xarici işlər naziri deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşündə iştirak etməyə hazırdır. Nazir bildirib ki, konkret vaxtla bağlı hələ ki, təklif yoxdur.

Rusiyanın Ermənistanda hərbi bazasının mövcudluğuna toxunan Məmmədyarov bunun Moskva və İrəvanın öz iş olduğunu, lakin Bakının bunu hər zaman nəzərə aldığını deyib. Nazir qeyd edib ki, Ermənistanda Rusiyaya məxsus “İsgəndər” raket komplekslərinin kodlarının kimdə olması məsələsi də açıq qalıb.

Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etdiyi üçün saxlanılan bloger Aleksandr Lapşin fevralın 7-də Belarusdan Azərbaycana gətirildi. Lapşinin ekstradisiyası fevralın 7-də Belarus Ali Məhkəməsinnin onun apelyasiya şikayətini rədd etməsindən sonra gerçəkləşdi.

Hadisə Ermənistanda ciddi təşviş yaradıb.

Erməni siyasətçilər Belarusu ittiham etməklə yanaşı, rəsmi İrəvanı da uğursuz diplomatiyada günahlandırırlar. Onlar Lapşinin ekstradisiyasını “İlham Əliyevin növbəti zərbəsi” olaraq da qiymətləndirirlər.

Moskva Rusiya Federasiyasının vətəndaşlığına malik olan bloger Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyası ilə bağlı Minskin verdiyi qərardan məyusluğunu ifadə edib. Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, Minskin qərarı Rusiya və Belarus arasında ittifaq münasibətlərinin ruhuna uyğun deyil. Qeyd edilib ki, Rusiya vətəndaşının qanuni maraqlarının müdafiəsi və onun ailəsinə tezliklə qaytarılması məqsədilə bütün lazımlı ölçüləri qəbul etmək niyyətindədir.

Azərbaycan Xarici İşlər Nazirliyi isə açıqlama verərək bildirib ki, hadisəyə siyasi siyasi don geyindirilməsi cəhdləri düzgün deyil.Ayrı-ayrı ölkələrin vətəndaşlığını daşıyan Aleksandr Lapşin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işinin açılması və onun Azərbaycana ekstradisiya edilməsi məsələsinin siyasiləşdirilməsi və ya ona siyasi don geyindirilməsi cəhdləri düzgün deyil. Sırf hüquqi xarakter daşıyan bu məsələyə hüquqi müstəvidə baxılmalıdır”, - açıqlamada deyilir.

İşğal edilmiş Azərbaycan torpaqlarında erməni hərbiçilərinin məhv edildiyinin göstərən görüntülərin Azərbaycan Müdafiə Nazirliyi tərəfindən yayılması da Ermənistanda məğlubiyyət qorxusunu gücləndirib. Bu görüntülərə istinadən edən Ermənistan mediası isə “müharibə başlayır” deyə həyəcanlı xəbərlər yayıblar.

Kiber-ordumuz fevralın 5-də 51 erməni saytını sıradan çıxararaq, həmin internet resurslarına “KARABAKH BELONGS TO AZERBAIJAN!” (Qarabağ Azərbaycana məxsusdur!) habelə Ermənistan tərəfindən Azərbaycana və xalqına qarşı yönəldilmiş işğalçılıq siyasəti barəsində faktlar yerləşdirib. “Anti-armenia Team” qrupunun yaydığı məlumatda deyilir ki, dağıdılan saytlarda həmçinin, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin Ermənistan tərəfindən hələ də yerinə yetirilməməsi barədə qeyd də yerləşdirilib.
Qrup bəyan edir ki, bu hücum əməliyyatı Xocalı soyqırımının ildönümünə hazırlıq xarakteri daşıyır və kiber-hücum əməliyyatları mütəmadi olaraq yerinə yetiriləcək.

Dağlıq Qarabağ zonasında maraqların toqquşması fəallaşacaq və Rusiya, İran, Türkiyə, həmçinin, Qazaxıstanın özü belə status-kvonu dəyişdirmək üçün birgə hərəkət edəcəklər. Bu barədə erməni siyasi şərhçi Pavel Dallakyan “Regionda maraqların çarpazlaşması fonunda Qarabağda status-kvo” adlı məqaləsində yazıb.

Erməni şərhçi hesab edir ki, Qərbə qarşı böyük koalisiya yaradılır. Dallakyan hesab edir ki, Astanada Suriya danışıqları Dağlıq Qarabağ üçün yeni presedent yaradıb.

Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski "Tsarqrad TV" kanalına müsahibəsində növbəti dəfə millətçi və şovinist bəyanatlar səsləndirib. Partiya liderinin sözlərinə görə, Rusiya prezidenti olsaydı, ABŞ prezidenti Donalda Trampa SSRİ-nin bərpasını təklif edərdi.

ABŞ-la İran arasında münasibətlər hər keçən gün daha da gərginləşir. ABŞ prezidenti Donald Tramp "Fox News” televiziya kanalına müsahibəsində İranı “bir nömrəli terror dövləti” adlandırıb.

ABŞ prezidenti İsrail mediasına müsahibəsində isə nüvə sazişini İsrail üçün fəlakət adlandırıb. “İranla nüvə razılaşması İsrail üçün fəlakət oldu. Mən biznesmen kimi yaxşı razılaşmanı pis razılaşmadan ayıra bilirəm. Bu razılaşmanı anlamaq mümkün deyil”, - deyə ABŞ prezidenti vurğulayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı Böyük Britaniya, ABŞ və İsraildən ibarət ortaq cəbhə formalaşdırmaq istiqamətində çalışdığını bildirib. Qeyd edək ki, Netanyahu bu gün Britaniyaya, fevralın 15-də isə ABŞ-a səfər edəcək.

Tehran isə geri çəkilmək niyyətində deyil. İranda İslam inqilabının 38 illiyi münasibəti ilə təşkil edilən mitinqdə çıxışı zamanı İran prezidenti Həsən Ruhani söyləyib ki, Tehran öz ünvanına səsləndirilən bütün təhdidlərlə sərt cavab verəcək.

Fevralın 7-də ABŞ prezidenti və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub. 45 dəqiqəlik telefon danışığı zamanı ikitərəfli əlaqələr və terrorla mübarizə müzakirə olunub.

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın NTV telekanalının efirində deyib ki, ABŞ prezidenti türk həmkarını Fəthullah Gülənin Türkiyəyə verilməsi haqqında Ankaranın sorğusuna çox ciddi yanaşacağına inandırıb.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) yeni başçısı Maykl Pompeo ilk xarici səfərinin fevralın 9-da Türkiyəyə edib.

Fevralın 6-da Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqların növbəti mərhələsi keçirilib. Toplantıda Türkiyə, Rusiya və İranla yanaşı, BMT və İordaniyanın nümayəndələri də iştirak edib. Suriya üzrə növbəti danışıqların 15-16 fevral tarixlərində keçirilməsi planlaşdırılıb.

Türkiyə, Rusiya və İranın liderliyi ilə fevralın 6-da Qazaxıstanın paytaxtı Astanada keçirilən Suriya üzrə toplantıda İŞİD, “Fəth əl-Şam” və loyal müxalifətin olduğu bölgələr xəritə üzərində ayrılıb. Bu haqda toplantının nəticələri ilə bağlı “Rossiya 24” kanalına müsahibə verən Rusiya nümayəndə heyətinin başçısı Stanislav Hacımaqomedov deyib.

Azad Suriya Ordusuna bağlı qrupların Hələb və İdlibdə “Fəth əl-Şam”a qarşı döyüşdüyünü deyən rusiyalı səlahiyyətli bildirib ki, bunun Suriyanın cənub və mərkəzi bölgələrində də etmək lazımdır. O, Astanadakı toplantıda Suriya konstitusiyasına aid müzakirələrin aparılmadığını bildirib.

Suriya prezidenti Bəşər Əsəd silahlı müxalifətin nümayəndələri ilə əlaqələrə hazırdır. Bu haqdaRusiya Dövlət Dumasının üzvü Dmitri Sablin jurnalistlərə deyib. “Bugünkü görüşümüzün gedişatında prezident vurğulayıb ki, müxalifətin bütün nümayəndələri, həmçinin silahlı müxalifətlə əlaqələrə və güzəştlərə hazırdır”, - deyə Bəşər Əsədlə danışıqların nəticəsinə görə Sablin bildirib.

Parlament üzvünün sözlərinə görə, prezident silahlı müxalifətin nümayəndələri ilə birbaşa danışıqların mümkünlüyünü vurğulayıb.

Rusiya hərbi təyyarələri fevralın 9-da Suriyanın Əl-Bab mahalında yanlışlıqla Türkiyə hərbçilərini vurub. Hadisə nəticəsində üç əsgər şəhid olub, biri ağır olmaqla 11 əsgər yaralanıb.

Suriya mövzusu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığında əsas mövzu olub. Dövlət başçıları İŞİD terror qruplaşmasına qarşı aparılan mübarizədə hərbi əməkdaşlığın artırılması mövzusunda razılaşıblar. Rusiya prezidenti Vladimir Putin türk hərbiçilərin ölümü ilə əlaqədar həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Kremlin sözçüsü Dmitri Peskov Suriyanın Əl-Bab şəhərinin ətrafında türk hərbiçilərinin Rusiya qırıcıları tərəfindən vurulmasını şərh edib. Peskovun sözlərinə görə, terrorçulara zərbələrin vurulması gedişatında rus qırıcıları türk partnyorların verdikləri koordinatları əsas tuturdular.

O bildirib ki, tərəflər hadisənin koordinatların verilməsində ortaya çıxan uyğunsuzluğa görə baş verdiyini qəbul ediblər.

Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı isə açıqlayıb ki, aviazərbəyə məruz qalan hərbiçilərin koordinatları hadisədən bir gün əvvəl Xmeymim bazasında olan Rusiya hərbçilərinə verilmişdi. Məlumata görə, türk hərbiçiləri 10 gün ərzində həmin mövqedə idilər.

Hadisəni şərh edən bəzi analitiklər hesab edir ki, Rusiya 2015-ci il noyabrın 24-də Su-24 təyyarəsinin vurulmasına görə Türkiyədən qisas alıb.

Bu gün AFR agentliyinin yazdığına görə, türk hərbçiləri və Suriya müxalifləri Əl-Babın mərkəzinə girib.

Həftə ərzində Rumıniyanın ən böyük şəhərlərində hökumətin istefası tələbi ilə etiraz aksiyaları keçirildi. Aksiyalara qoşulan insanların sayı 500 mini keçib. Xatırladaq ki, etiraz aksiyaları fevralın 1-də başlanıb. Etiraza səbəb yeni hökumətin yanvarın 31-də amnistiya aktı və cinayət qanunvericiliyinə (Cinayət Məcəlləsi və Cinayət-Posessual Məcəllə) dəyişikliklərə dair iki qanun layihəsini qəbul etməsidir.

Kiyevdə fevralın 20-nə genişmiqyaslı etiraz aksiyaları təyin edilib. Ukraynanın “Vesti” nəşrinin məlumatına görə, müddətsiz aksiyalarda banklar tərəfindən aldadılmış əmanətçilər, kiçik biznes federasiyaları və radikal sağçı təşkilatların, həmçinin “Hajdak” hərəkatı və "Ukrayna xalq özünümüdafiəsi" Ümumukrayna ictimai təşkilatının (UNA-UNSO) millətçi döyüşçüləri iştirak edəcəklər.

Ukraynanın Donetsk vilayətində “Givi” ləqəbli məşhur terrorçu, “Somali” taborunun başçısı Mixail Tolstıx öldürülüb. “Donetsk Xalq Respublikası”nın (“DXR”) “Müdafiə Nazirliyi”ndən bildirilib ki, tabor rəhbəri “terror aktı” nəticəsində ölüb.

Təmas xəttinə hərbi texnika toplanır – BÖYÜK MÜHARİBƏYƏ HAZIRLIQ

Yanvar ayının sonunda baş verən dördgünlük döyüşlərdən sonra nisbi sakitlik yaransa da, Donbasdan həyəcanlı xəbərlər gəlməkdədir. SİTA agentliyinə “Luqansk Xalq Respublikası” separatçı qurumun “xalq milisi”nin nümayəndəsi Andrey Marçenko deyib ki, Ukrayna ordusu mümkün hücum əməliyyatı üçün separatçılarla təmas xəttinə tanklar və ağır artilleriya toplayır.

Onun sözlərinə görə, Ukrayna tərəfinin aktivliyi Debaltsevo və Avdeyevkada xüsusi müşahidə edilir.

Fevralın 7-də isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov deyib ki, Rusiya Donbasın işğal edilmiş ərazisinə hərbi texnika, silah, döyüş sursatları, həmçinin hərbi qulluqçuların çatdırılmasını aktivləşdirib.

Turçinov qeyd edib ki, yalnız son üç gün ərzində Rusiyadan Donbasa xeyli sayda tanklar, BMP (piyada döyüş maşını), “Qrad” yaylım atəş sistemləri, həmçinin “Pion” və “Giasint” özüyeriyən artilleriya sistemləri gətirilib. O, həmçinin bildirib ki, Rusiyanın hərbi komissarlıqlarında Ukraynanın şərqində döyüş əməliyyatları üçün müqaviləli əsaslarla döyüşçülərin açıq şəkildə toplanması gedir.

Turçinov əlavə edib ki, Rusiya Ukraynada təcavüzkar hərəkətlərini beynəlxalq cəmiyyətdən gizlədə bilməyəcək.

Litva prezidenti Dalya Qribauskayte isə Riqada çıxışında deyib ki, Rusiya və Belarusun “Qərb-2017” birgə hərbi təlimləri Moskva və Minskin Qərblə müharibəyə hazırlaşdığını göstərir. “Biz müxtəlif təhlükələrin olduğunu və onların artdığını görürük. Həmçinin, “Qərb-2017” təlimlərini narahatlıqla gözləyirik. Təlimlər çərçivəsində Qərblə müharibəyə əyani hazırlıq gedir”, - deyə Qribauskayte bildirib.

İŞİD terror qruplaşması Misirin Sinay yarımadasından İsrailin Eylat kurort vilayəti istiqamətində edilən raket atəşinə görə məsuliyyəti üzərinə götürüb. Bununla da terror təşkilatı İsrailə müharibə elan etmiş olub. Fələstinin “Maan” agentliyinin bildirdiyinə görə, terrorçuların yaydığı bəyanatda birbaşa mətnlə “İsraillə qarşı müharibənin başlanması”ndan danışılır.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR