• USD 1,7000 0,00% EUR 1,8952 -0,06%
    • GBP 2,1496 -0,53% RUB 0,0264 0,00%

Qarabağ üçün BÖYÜK PLAN, işğala geyindirilən MASKA... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Qarabağ üçün BÖYÜK PLAN, işğala geyindirilən MASKA... – GÜNÜN SİYASİ XÜLASƏSİ

“Dağlıq Qarabağ Respublikasında” bu gün “konstitusiya dəyişiklikləri” ilə bağlı “referendum” keçirilib. Erməni politoloqu İqor Muradyan 1998-ci ildə Heydər Əliyev və Süleyman Dəmirəlin prinsipial görüşündən danışıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd etmək istəyən 44 nəfərlik dəstənin məhkəmə prosesi başlayıb. ABŞ prezidenti Donald Tramp administrasiyasına Ukrayna üzrə yeni plan təqdim olunub. Ukraynada isə bu gün müddətsiz etiraz aksiyaları başlayıb.

Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş torpaqlarında yaradılmış separatçı “Dağlıq Qarabağ Respublikasında” bu gün “konstitusiya dəyişiklikləri” ilə bağlı “referendum” keçirilib.

Dəyişiklik prezident idarəçiliyi formasına keçidi nəzərdə tutur. Mövcud “konstitusiyaya” görə “DQR” yarım prezident respublikası sayılır.

Heydər Əliyevlə Dəmirəlin BÖYÜK PLANI İŞƏ DÜŞÜR: Ermənistan Azərbaycanın quberniyası olacaq

Serj Sarisyan iqtidarına qarşı tənqidi çıxışları ilə tanınan politoloq İqor Muradyan Qarabağın azad olunması ilə nəticələnək Azərbaycan və Türkiyə əməkdaşlığından və bunun Ermənistan üçün təhlükələrindən danışıb.

Muradyan 1998-ci ildə Heydər Əliyev və Süleyman Dəmirəlin prinsipial görüşünü xatırladıb.

Bildirib ki, həmin görüşdən sonra Türkiyə və Azərbaycan arasında gələcək strategiya cızıldı. Muradyan Ermənistan hakimiyyətini passiv diplomatiyadan ittiham edib və qeyd edib ki, İrəvanda siyasi hakimiyyətin zəifliyi Heydər Əliyevlə Süleyman Dəmirəlin planının reallaşması ilə nəticələnə bilər.

Ermənistan prezidenti Serj Sarkisyan parlament seçkiləri öncəsi maraqlı etirafla çıxış edib. Sarkisyan əhalini parlament respublikasına keçidi dəstəkləməyə çağıraraq, bunun ölkənin gələcəyi üçün lazım olduğunu bildirib.

“Bizim xarici mühitimiz mürəkkəbdir. Tez-tez fövqəladə hadisələr baş verir. Lakin bu o demək deyil ki, biz bütün bunlarla barışmalı və heç nə etmədən gözləməliyik. Mən dəfələrlə demişəm ki, Qarabağ məsələsi həll olunmayıb və biz uğursuzluğa məhkum olmuşuq. Türkiyə ilə sərhəd bağlıdır və blokada ləğv olunmayıb. Biz milli təhlükəsizliyimizə diqqət etməliyik. Hansı ki, pis idarəçilik bilavasitə milli təhlükəsizliyə və ölkənin müdafiə qabiliyyətinə təsir edir. Biz məhz buna görə konstitusiya islahatına getdik”, - deyə o bildirib.

ABŞ və Rusiya 2012-2016-cı illərdə silah ticarəti sahəsində dünyanın ən böyük ixracatçı ölkələridir. Bu barədə Dünya Problemlərini Araşdırma üzrə Stokholm İnstitutunun (SIPRI) hesabatında deyilir.

Hesabatda bildirilir ki, satılan silahların 74 faizi ABŞ, Rusiya, Çin, Fransa və Almaniyanın payına düşür. Təkcə ABŞ və Rusiyanın payı 56 faizdir. 2007-2011-ci illərlə müqayisədə hesabat dövründə silah ticarətinin həcmi 8,4 faiz artıb. Son 5 ilin rəqəmləri “soyuq müharibə” bitəndən sonra qeydə alınan ən böyük göstəriciləridir.

Hesabata əsasən, Asiya, Okeaniya, Yaxın Şərq bölgələrinə silah satışı daha çox artıb, Avropa, Afrika və Amerika qitələrinə isə azalıb. Qeyd olunan dövrdə 50 ölkə Rusiyadan hərbi texnika alıb. Rusiyanın satdığı silah və texnikanın 4 faizini Azərbaycan alıb. ABŞ isə həbi texnika və silahlarını 100 ölkəyə satıb.

Hesabatda qeyd olunur ki, 2012-2016 illərdə Azərbaycan Ermənistandan 20 dəfə çox silah alıb.

Şimali Afrika ölkələri arasında hərbi idxala görə lider ölkə Əlcəzairdir. Regiona silah satışının 46 faizi bu ölkənin payına düşür.

ABŞ prezidenti Donald Tramp administrasiyasına Ukrayna üzrə yeni plan təqdim olunub.

“The New York Times” nəşrinə istinadən xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Andrey Artemenko planın hazırlanmasında iştirak edib. Ukrayna-Rusiya münasibətlərinin normallaşması əsas hədəf olan plan Rusiya qoşunlarının Ukraynanın şərqindən çıxarılmasını və ümumukrayna referendumunun keçirilməsini nəzərdə tutur. Referenduma Krımın 50 və ya 100 ildə Rusiyaya “icarə”yə verilməsi haqqında sual çıxarılacaq.

Artemenko bildirib ki, onun planı Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafının dəstəyini alıb.

“Krımın zəbtindən sonra Rusiya prezidenti Vladimir Putin Ukraynaya birbaşa müdaxiləyə qərar vermədi. Çünki “rus baharı” Donbas və cənub regionlarınin sakinləri tərəfindən geniş dəstəklənmədi”.

Bunu “Apostrof” nəşrinə müsahibəsində Rusiya prezidentinin keçmiş məsləhətçisi Andrey İllarionov deyib.

O vurğulayır ki, Rusiya-Ukrayna sərhədində 50 min hərbi qulluqçunun cəmlənməsindən sonra açıq müdaxilənin planlaşdırılmadığı məlum oldu.

Andrey İllarionov həmçinin deyib ki, Donbas və Krımın Ukraynaya qayıdışı mütləq olacaq. Eyni zamanda, o, hesab edir ki, işğal edilmiş ərazilərin qayıdışı Vladimir Putinin prezidentliyi dövründə olmayacaq.

Sevastopol Şəhər Şurasının deputatı Aleksey Çalıy SİTA agentliyinə müsahibəsində deyib ki, Sevastopol “rus baharı”ndan daha əvvəl – 2014-cü ilə qədər Rusiyanın tərkibinə girmək istəyirdi.

“Demək olar ki, uyğun vəziyyətlər bir neçə dəfə yaranmışdı. İlk dəfə 2004-2005-ci illərdə “Narıncı inqilab”la əlaqədar çevrilişə hazırlaşırdıq. Amma bu baş vermədi. Eyni kritik dövr 2008-ci ildə - Rusiya-Gürcüstan müharibəsi zamanı yaranmışdı. Ukrayna prezidenti Viktor Yuşenko Rusiya hərbi donanmasının Sevastopoldakı bazasına buraxmamaq barədə komanda verdi. Donanmanı şəxsi bazasına buraxmamaq müharibə elanına yaxın səviyyədə təxribatdır. Həmin vaxt şəhər hakimiyyətinin tutulmasına hazırlaşırdıq. Amma alınmadı”, - o deyib.

Çalıy vurğulayıb ki, 2014-cü ildə hər şey alındı. “Biz anlayırdıq ki, Rusiyaya qayıdış üçün son imkanı da itirə bilərik”, - deputat əlavə edib.

“Bild”qəzetinə müsahibəsində Ukrayna Prezidenti Pyotr Poroşenko Rusiyanın Donbasda ikinci Hələb yaratmaq istədiyinin bildirib. Bunu “Ukraynanın şərq vilayətlərinin bir qismində vəziyyət dramatikdir. Əlimizdə separatçıların dinc sakinlərə məqsədyönlü şəkildə hücumları ilə bağlı faktlar var. Putin Donbasda Ukrayna Hələbi yaratmaq istəyir”, – deyə o bildirib.

Ukraynada isə bu gün müddətsiz etiraz aksiyaları başlayıb (yerli vaxtla saat 19.00-da). Müddətsiz aksiyalarda banklar tərəfindən aldadılmış əmanətçilər, kiçik biznes federasiyaları və radikal sağçı təşkilatların, həmçinin “Hajdak” hərəkatı və "Ukrayna xalq özünümüdafiəsi" Ümumukrayna ictimai təşkilatının (UNA-UNSO) millətçi döyüşçüləri iştirak edirlər.

Rusiyanın bir sıra dövlət orqanları Monteneqrodakı dövlət çevrilişi cəhdində iştirak ediblər. Bunu Prva TV-yə müsahibəsində Monteneqronun xüsusi prokuroru Milivoye Katniç söyləyib.

“Ölkədə baş tutacaq çevriliş cəhdinə Rusiya vətəndaşı olan Eduard Şirokov rəhbərlik etməli idi. Onun əsl soyadı Şirokov yox, Şişmakovdur. O, 2014-cü ildə Rusiyanın Polşadakı səfirliyinin hərbi attaşesinin müavini olub. Şişmakov Varşava tərəfindən casusluğa görə arzuedilməz şəxs elan edilərək Polşadan qovulub. O, Rusiya xüsusi xidmət orqanlarında çalışır. Əvvəl biz düşünürdük ki, bu işin arxasında Rusiyanın millətçi strukturları dayanır, lakin indi buraya Rusiyanın dövlət orqanlarının da qarışdığını görürük”, – deyə, o bildirib.

Qeyd edək ki, oktyabrın 16-da Monteneqro polisi ölkədə çevriliş cəhdinin qarşısını alıb. Nəticədə Rusiya və Serbiya vətəndaşlarından ibarət dəstə tutulub. Sonradan bəlli olub ki, bu dəstə Baş nazir Milo Cukanoviçə sui-qəsd hazırlayıb. Çevrilişin əsas təşkilatçıları Şirokov, Popov və Serbiya Hərbi Polisinin eks-komandiri Bratislav Dikiç olub.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə Moskvanın çevriliş cəhdində günahlandırılmasının qəbuledilməz olduğunu bildirib. O, bu xəbərin Qərbə qarşı kiberhücumlar, Rusiyanın Qərb ölkələrinin çoxunda seçkilərə müdaxiləsi və Trampın rus kəşfiyyatı ilə əlaqələri kimi informasiyalarla eyni sırada yer aldığını bildirib.

2016-cı il iyulun 15-də hərbi çevrilişə cəhd gecəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd etmək istəyən 44 nəfərlik dəstənin məhkəmə prosesi başlayıb. Muğla şəhərində keçirilən məhkəmə prosesində Mərmərisdə Ərdoğanın qaldığı otelə basqında sui-qəsd bölüyünü idarə edən general Gökhan Şahin Sönmezateş hakimin suallarını cavablandırıb.

General prezidentə sui-qəsd əmrini qiyamçı generallardan olan Semih Terzidən aldığını bildirib.

Qeyd edək ki, Semih Terzi həmin gecə öldürülüb.

Suriyada dörd rusiyalı hərbi məsləhətçi ölüb, ikisi yaralanıb.

Bu haqda Rusiya Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, hadisə fuqas olan (Fuqas - zirehdələn mərmi. Müasir tank və tank əleyhinə toplarda zirehdələn mərmi kimi istifadə olunur – red.) avtomobilin partlaması nəticəsində baş verib.

Xəbərə görə, hadisə fevralın 16-da baş verib.

“İsrail İrana hücum etməyə cəsarət edərsə, Təl-Əviv və Hayfanı yerlə-yeksan edərik”. Bunu İnqilab Mühafizəçilərinin keçmiş komandiri Möhsün Rızai deyib.

O, bu gün İranın amerikalılar, ərəblər və türklərin edə bilmədikləri işləri bacardığını vurğulayıb.

“İran bu gün nöqtə vuruşu edən raketləri bazardakı qiymətdən səkkiz dəfə daha ucuz istehsal edir. İsrail İrana hücum etməyə cəsarət edərsə, Təl-Əviv və Hayfanı yerlə-yeksan edəcəyik. Hərçənd İran müharibə və macəra arxasında deyil”, - Möhsün Rızai vurğulayıb.

ABŞ keçmiş amerikalı və Şimali Koreya siyasətçilərinin görüşünü hazırlamağa başlayıb. Bu haqda “Vaşinqton Post” nəşri yazıb. Bu səviyyədə görüş son 5 ildə ilk dəfə baş tutacaq. Qəzet Şimali Koreyanın bu addımının Pxenyanın Tramp administrasiyası ilə danışıqlara başlamaq istəməsilə bağlı birbaşa siqnal olacağını bildirib.

Ömər Dağlı

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR