Trampın Ermənistan PLANI: İrəvana içəridən vurulacaq zərbə
Bizi izləyin

Nida Təhlil

Trampın Ermənistan PLANI: İrəvana içəridən vurulacaq zərbə

Rusiyanın boyunduruğunda olan İrəvan rejimi Moskvanın regionda varlığının əsas səbəbidir.

ABŞ prezidenti Donald Tramp Con Hantsmanı Rusiyaya səfir təyin etmək istəyir. “NBC News” telekanalı mənbələrə istinadən məlumat yayıb ki, Hantsman Trampın təklifini artıq qəbul edib. C.Hantsman 2009-2011-ci illərdə Çində səfir olub. Onun böyük diplomatik təcrübəyə malik olduğu deyilir. Daha sonra o, Yuta ştatından qubernator seçilib. 2016-cı il prezident seçkilərində Trampın əleyhinə çıxış etsə də, sonradan münasibətləri bərpa edilib.

Trampın Con Hantsmanı Rusiyaya səfir təyin etmək istəyində diqqətçəkən nüans Hantsmanlar ailəsinin Ermənistana yaxınlığıdır.

Ata Hantsman

Con Hantsmanın milyarder atası Ermənistana investisiya yatıran ilk qərb investorlarından olub. İrəvanda vaxtilə Hantsman zavodu fəaliyyət göstərirdi. 2013-cü ildə isə ata Hantsmanın adı Ermənistanda siyasi qalmaqalda hallanmağa başladı. Belə ki, keçmiş xarici işlər naziri Vardan Oskanyanın hesabına Hantsmanın pul köçürdüyü iddia edilirdi. Daha sonra bu məsələnin üstü bağlandı.

Lakin Ermənistanda kifayət qədər tanınan, bu ölkənin siyasətinə təsir imkanlarının olduğu bir şəxsin oğlunun Rusiyaya səfir göndərilməsi təsadüfə bənzəmir.

Trampın Ermənistan planı

Donald Trampın ABŞ-dakı erməni diasporuna münasibəti sələfi Obamadan fərqlənir. Əgər Obama erməni diasporunu, eləcə də lobbisini öz yaxınına qədər buraxmışdısa, Tramp onların üzünə qapıları hələki bağlı saxlayır. Hətta ermənilər bundan şikayətlənirlər. Belə versiya aktualdır ki, ABŞ-ın yeni administrasiyası Cənubi Qafqazda Rusiya maraqlarına zərbə vurmaq və təsir imkanlarını artırmaq niyyətindədir. Bölgədə Rusiyanın əsas qalası Ermənistan hesab olunur, xüsusilə Rusiyanın boyunduruğunda olan İrəvan rejimi Moskvanın regionda varlığının əsas səbəbidir.

Con Hantsmanın Rusiyaya səfir göndərilməsi təbii ki, birbaşa Ermənistanı ələ almaq və rusların Cənubi Qafqazdakı “son qalası”nı tutmaq strategiyasına hesablanıb. Burada əsas prioritet Rusiya-ABŞ münasibətlərinin gələcəyi ilə bağlıdır. Xüsusilə ABŞ-Çin gərginliyi fonunda Conun bundan əvvəl Pekində səfir işləməsi diqqəti bu istiqamətə yönəldir. Lakin ümumi strategiyada Ermənistanla bağlı da planların olması ehtimalı istisna deyil.

Hesab etmək olar ki, Con Hantsman Moskvaya səfir olaraq gələrsə, İrəvan-Moskva xəttində çatlar yaratmaq istiqamətində də hərəkətə edəcək. Bunun üçün o, atasının vaxtilə əlaqədə olduğu Vardan Oskanyandan istifadə edə bilər. Hazırda Vardan Oskanyan Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkilərinə “Ohanyan-Raffi-Oskanyan” blokunda təmsil olunur. Bura Oskanyanla yanaşı, keçmiş müdafiə naziri Seyran Ohanyan və erməni müxalifətində ciddi gücə malik olan “İrs” partiyasının sədri Rafii Oskanyan daxildir. Bu blok aprelin 2-də qələbə qazanmasa belə, onun Ermənistanın daxili siyasətində güclü alternativ yarada biləcəyi mümkündür. Con Hantsman da məhz Oskanyan vasitəsilə Rusiyanın İrəvandakı gücünə - prezident Sarkisyan və baş nazir Karapetyan – qarşı formalaşan alternativə dəstək ola bilər. Və bütün bu işlərin Moskvadan idarə olunması daha çox effekt verə bilər. İndi hər şey Con Hantsmanın Moskvaya göndərilib-göndərilməyəcəyindən asılıdır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm