İranın elit ordusu üç ölkəni zəbt edir - “HİBRİD MÜHARİBƏSİ”
Bizi izləyin

Nida Təhlil

İranın elit ordusu üç ölkəni zəbt edir - “HİBRİD MÜHARİBƏSİ”

Ötən ay İranın Yəmən münaqişəsində iştirakını genişləndirəcəyinə dair məlumatlar yayıldı.

Ötən ay İranın Yəmən münaqişəsində iştirakını genişləndirəcəyinə dair məlumatlar yayıldı. Tehran Yəməndə sünni hakimiyyətə qarşı çıxan şiə husiləri dəstəklədiyini gizlətmir, lakin üsyançılara hərbi və maliyyə yardımı etdiyini inkar edir. İranın Yəməndə öz maraqları var, lakin bu ölkə ilə yanaşı, Tehran Suriya və İraqda da maraqlarını həyata keçirmək üçün əyani addımlar atır.

Publika.az
xəbər verir ki, İranın bu ölkələrdəki fəliyyəti “hibrid müharibəsi” elementləri ilə bənzərdir: yerli qruplardan birini dəstəkləmək və onlar vasitəsilə müharibə aparmaq. Biz bunu Qərb, eləcə də Rusiyanın təcrübəsində görürük. Görünür, İran da eyni metodologiyanı mənimsəyib və onu tətbiq edir.

Yəmən

Bu ölkə ərəb dünyasının ən kasıb dövlətlərindən biridir. Ölkə hökumət gücləri və şiə husilərin döyüşü nəticəsində praktiki olaraq tamamilə dağıdılıb. Hökumət qüvvələrini Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya gücləri, husiləri isə İran dəstəkləyir. BBC-nin məlumatına görə, 2015-ci ildən indiyə kimi Yəməndə 7,6 min insan müharibənin qurbanı olub, 42 min insan yaralanıb. “Röyters” isə ölənlərin sayının 10 min olduğunu yazır.

İran husilərə hərbi dəstək verdiyini inkar edir və etiraf edir ki, şiə güclərinə yalnız diplomatik olaraq dəstək göstərir. “The New York Times” qəzeti isə hələ 2012-ci ildə Amerikanın hərbi və kəşfiyyat mənbələrinə istinadən yazırdı ki, İran İslam İnqilabının Keşişçiləri Korpusunun “Qüds” elit birliyi üsyançı şiələrə AK-47, qumbaralar və digər silahlar çatdırır.

2013-ci ildə CNN telekanalı bildirirdi ki, Yəmən sahillərində gəmidə gizlədilən silahlar aşkar olunub. Gəmidə həmçinin, yer-yer tipli raketlər tapılıb. Bütün silahların üzərində İranın nişanı var və onlar üsyançılara çatdırılmalı imiş.

“Röyters” mənbələrə istinadən yazır ki, İran Yəmənə silahı ya gəmilərlə birbaşa, ya da Somali vasitəsilə çatdırır. Mənbə danışır ki, yüklər sahilə yaxın ərazidə kiçik balıqçı gəmilərinə yüklənir və onları tapmaq çətin olur. Çünki sularda yüzlərlə kiçik balıqçı gəmisi var.

Husi liderlərindən biri isə deyir ki, Tehranın onlara silah verməsi iddiasını Səudiyyə Ərəbistan ortaya atır. Çünki Ər-Riyad bununla öz məğlubiyyətini ört-basdır etməyə çalışır.

Səudiyyə Ərəbistanı Yəməndə vətəndaş müharibəsinə 2015-ci ildə prezident Abed Mənsur Hadi paytaxt Sanadan qaçanda qarışdı. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə qarşı hava əməliyyatları həyata keçirir. Koalisiyada Ər-Riyadla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn, Qətər və İordaniya var.

“Röyters” martın 22-də məlumat yaydı ki, İran Yəməndə şiə qoşunlarına silahla yanaşı, hərbi məsləhətçilərlə də yardım edir. Hərbi əməliyyatları yaxından izləyən mənbə agentliyinə bildirib ki, son aylarda İranın husilərə dəstəyi artıb. Yüksək vəzifəli İran məmuru isə agentliyə deyib ki, “Qüds” elit birliyinin rəhbəri, general-mayor Qasım Sülymani bu ilin fevralında husilərin qurduğu hökumətin rəhbərliyi ilə görüş keçirərək, onların “imkanlarını genişləndirməyin” üsullarını müzakirə edib.

“Görüşdə onlar husilərə silah və maliyyə yardımının artırılması üzrə razılaşdılar” – iranlı məmur qeyd edib.

İran rəsmi olaraq husilərə birbaşa yardımı təkzib edir. Ərəb koalisiyasının briqada komandiri, general Əhməd Asser isə deyir ki, Tehrandan husilərə gələn yardımlarla bağlı dəqiq informasiyaları var.

İranın xüsusi xidmət orqanlarının keçmiş yüksək rütbəli əməkdaşı “Röyters”ə açıqlamasında rəsmi Tehranın Yəməndə şiə qoşunlarını gücləndirmək planlarının olduğunu deyib: “İran Səudiyyə Ərəbistanının düşmən siyasətinə qarşı Yəməndə “Hizbullah” kimi ordu yaratmaq istəyir”.

Yəmən münaqişəsi kifayət qədər mürəkkəbdir: bir tərəfdə hökumət qüvvələri ilə husilər, digər tərəfdə isə İŞİD-lə “Əl-Qaidə” döyüşür.

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Boris Dolqov deyir ki, İran Yəməndə olduğu kimi, Suriya və İraqda da radikal sünnilərə qarşı döyüşür.

Onun fikrincə, bütün bu münaqişələrdə sünni-şiə qarşıdurmasının elementləri var: “Bu, yalnız İran və Səudiyyə Ərəbistan arasında olan münaqişə deyil”.

Suriya

Suriya münaqişəsində İran Bəşər Əsədi dəstəkləyir. Əsədin hakimiyyətdə qalması Tehran üçün mühüm rol oynayır. Hələ 1979-cu ildə İslam İnqilabından sonra Suriya Livanda fəaliyyət göstərən “Hizbullah”la əlaqə üçün İrana lazımdır.

Suriyada vətəndaş müharibəsi başlayana qədər İslam İnqilabı Keşişçiləri Korpusunun təxminən iki-üç min hərbiçisindən ibarət elit birlik yaradılmışdı. Onlar Livana silah və pulun çatdırılmasında Suriya qoşunlarına kömək göstərirdi. Suriyada müharibə başlayandan sonra isə Tehran aparıcı hərbi məsləhətçilərini bu ölkəyə göndərdi. İranlı mütəxəssislər Suriya ordusunun hərbiçilərinin hazırlığını həyata keçirdirdi. 2013-cü ilin sonuna olan məlumata görə, Suriyada İran hərbiçilərinin sayı 10 minə qədər idi. Lakin Tehran əsgərlərinin Suriya müharibəsində iştirakını təkzib edir.

Bununla yanaşı, Suriya rejiminin əsas müttəfiqlərindən biri “Hizbullah”dır. Bu birlik hücum əməliyyatlarında Əsədə dəstək verməklə yanaşı, Suriya hökumətinin lehinə hərbi qruplar yaradır. Misal üçün, Homs əyalətində fəaliyyət göstərən “Kyvat al-Ridxa” və Hələbdəki “Djunud al-Yell” şiə qruplaşmalarını “Hizbullah” hazırlayıb.

“Qüds” elit birliyinin hərbi komandirləri də Suriyada döyüşür. Mərkəzi Kəşfiyyat İdarəsinin İraqda fəaliyyət göstərən keçmiş əməkdaşı Con Maquayr “The New York Times” nəşrinə danışır ki, “Qüds” elit birliyinin komandiri, general-mayor Qasım Süleymani bu gün Yaxın Şərqdə ən güclü fiqurdur və heç kəs onun haqqında heç nə bilmir.

Belə fikirlər var ki, Rusiyanın Suriya münaqişəsinə daxil olmasını Qasım Süleymani təmin edib.

“Röyters”in məlumatına görə, Süleymani Moskvaya Suriyaya müdaxilə ssenarisini təqdim etdi və Rusiya rəhhbərliyini inandırdı ki, “Ölkədə vəziyyət hələ tamamilə nəzarətdən çıxmayıb və münaqişədə təşəbbüsü ələ almaq imkanı qalır”.

Agentliyin iddiasına görə, Süleymaninin Moskvaya birinci səfəri 2015-ci ilin iyulunda olub. Hansı ki, həmin ilin sentyabrında Rusiya Suriya müharibəsinə rəsmən daxil oldu.

Amerika və İran xüsusi xidmət orqanlarındakı mənbələr agentliyinə bildirir ki, Süleymaninin Moskvaya ikinci səfəri 2015-ci ilin avqustunda olub. İranın “Fars” agentliyi və ABŞ-ın “Fox News” telekanlının məlumatlarına görə, iranlı general 2015-ci ilin dekabrında və 2016-cı ilin aprelində də Rusiyaya səfər edib.

“Qazeta.ru” saytı isə öz mənbələrinə istinadən yazır ki, Süleymani hələ 2013-cü ildə Moskva ilə Suriya münaqişəsinə müdaxilə məsələsini müzakirə edib. Lakin həmin dövrdə Ukraynadakı vəziyyətə görə bu məsləhətləşmələr dayandı.

Boris Dolqov izah edir ki, Suriya və bu ölkənin rəhbərliyi İran üçün radikal sünnilərə qarşı mübarizədə əsas mütttəfiqdir.

O həmçinin, bildirir ki, Suriya İran üçün İsrailə qarşı da vacib müttəfiqlərdəndir və hər iki ölkə İsrail-Fələstin münaqişəsində ikincini dəstəkləyir.

“Burada İran və Suriyanın mövqeləri uyğun gəlir. İran Fələstin xalqına öz dövlətinin yaradılmasında ən böyük dəstək verən ölkələrdən biridir”, - deyə ekspert vurğulayır.

İraq

İŞİD 2014-cü ildə İraq ərazilərinin əhəmiyyətli hissəsini ələ keçirəndə, Qasım Süleymani öz bölməsinin ən seçmə döyüşçülərini Bağdada göndərdi. Tikritdə, Fallucada və Mosulda İraq ordusunun əsas qələbələrinin arxasında da məhz “Qüds” elit birliyinin dayandığı deyilir.

“Qüds” birliyi 2003-cü ildə Səddam Hüseynin devrilməsində əhəmiyyətli rol oynadı. Həmin vaxt İran İraqdakı kürdlərə və şiələrə böyük miqdarda hərbi texnika və silah, həmçinin, özünün hərbi mütəxəssislərini göndərdi. İndi də İraqda kürdlər amerikalılarla əlaqələrinə baxmayaraq, İranla əməkdaşlığı kəsməyiblər.

2014-cüi ildə Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani bildirdi ki, İran onların silah xahişinə müsbət cavab verən ilk ölkə olub. İraqın baş naziri isə dəqiqləşdirdi ki, Tehran kürdlərə silahı birbaşa yox, Bağdad vasitəsilə verib.

İranın xarici işlər naziri Məhəmməd Zərif bildirir ki, Tehran İraqa hərbi kömək göstərir, lakin İran qoşunlarının bu ölkəyə daxil olması planları yoxdur: “Bizim İraqa qoşun göndərmək fikrimiz yoxdur. Biz mərkəzi hökumətlə və kürdlərlə hərbi əməkdaşlığı dəstəkləyirik”.

Göründüyü kimi, bu gün İran Yaxın Şərqdə “hibrid müharibəsi”ni uğurla aparır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm