• USD 1,7000 0,00% EUR 2,0195 +0,06%
    • GBP 2,3629 -0,02% RUB 0,0233 +0,43%

“Cihadçıların universiteti”: Müharibə təklifi və atasının yalanlarını təkrarlayan namizəd – TELEDEBAT

“Cihadçıların universiteti”: Müharibə təklifi və atasının yalanlarını təkrarlayan namizəd

Fransa tarixində prezident seçkilərindən əvvəl keçirilən debatlarda ilk dəfə bütün namizədlər bir araya gəldi.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, BFMTV və CNews telekanalları, həmçinin RMC radiostansiyası tərəfindən təşkil edilən debatda 11 namizəd iştirak etdi.

Bunlar keçmiş təhsil naziri Benua Amon, sabiq baş nazir Fransua Fiyon, sabiq iqtisadiyyat naziri Makron Emmanuel, “Milli Cəbhə” Partiyasının lideri Marin Le Pen, "Sol cəbhənin" təmsilçisi Jan-Lyuk Melanşon, “Ayağa qalx, Fransa” partiyanın sədri Nikolya Düpon-Enyan, "İşgüzar mübarizə" partiyasının nümayəndəsi Natali Arto, "Yeni Antikapitalist Partiyası"nın lideri Filipp Putu, "Həmrəylik və Tərəqqi" hərəkatının sədri Jak Şeminad, mərkəzçi deputat Jan Lassal və "Respublika Xalq Birliyi" partiyasının sədri Fransua Asselino idilər.

Atmosfer

Debatda cavablar üçün namizədlərin hər birinə ümumilikdə 17 dəqiqə vaxt ayrılmışdı. Hərçənd, reqlamentə tamamilə riayət etmək mümkün olmadı. Sonda məlum oldu ki, Marin Le Pen 19 dəqiqədən çox, Jak Şeminad isə cəmi 15 dəqiqə danışıb.

Prezidentliyə namizədlərə mobil telefonlardan istifadə etməyə icazə verilib-verilməməsi məsələsi də ciddi mübahisələr doğurdu. Daha əvvəl məlum olub ki, Fiyon birbaşa yayımda öz komandasından mesajlar alırdı. Bu dəfə isə teledebatın təşkilatçıları namizədlərə mobil qurğuları daşımağı qadağan etdilər.

Amma içəriyə “dəstək qrupu”nu keçirmək mümkün idi. Studiyada namizədlərin tərəfdarları üçün xüsusi yerlər ayrılmışdı.

Teledebat üçün mövzular

Əsas diqqət ölkənin daxili siyasət və Avropa İttifaqı ilə bağlı məsələlərin müzakirəsinə yönəlmişdi. Namizədlər üç əsas suala cavab verməli idilər: yeni iş yerlərini necə yaratmaq, fransızları necə qorumaq və namizədlərin reallaşdırmaq istədiyi sosial model.

Müzakirələr kifayət qədər canlı idi. Bəzən bir neçə namizədin çıxışları bir-birinə qarışır, onların fikirlərini ayırd etmək mümkün olmurdu. Aparıcılar namizədlər arasındakı atışmaya son qoymaq üçün bir neçə dəfə müzakirələrə ciddi şəkildə qarışmalı oldu.

Təhlükəsizlik məsələləri

Xarici siyasət haqqında müzakirələr demək olar ki, tamamilə Fransanın Avropadakı roluna həsr edilmişdi. Digər beynəlxalq məsələləri demək olar ki qaldırılmırdı.

Lakin Benua Amon Rusiya (Sankst-Peterburqdakı terror aktı – red.) və Suriyaya (İdlibə endirilən aviazərbələr nəticəsində təxminən 100 nəfər ölüb, 500-dən çoxu yaralanıb – red.) başsağlığını ifadə etdi. Namizəd həmçinin bildirib ki, Vladimir Putinin Rusiyası və Donald Trampın ABŞ-ı ilə mübarizə aparmaq niyyətindədir.

Onun bütün rəqibləri xarici partnyorlara eyni münasibətə tərəfdar deyildilər. Məsələn, Fransua Fiyon dedi ki, Rusiya, Çin və ABŞ-la açıq danışmaq lazımdır. O, həmçinin radikal islamla mübarizə üçün Rusiya ilə ittifaqın yaradılmasına çağırdı.

Öz növbəsində, Emmanuel Makron bildirib ki, terrorizmlə mübarizə üçün təhlükənin kökünü kəsmək lazımdır. Xüsusi xidmət orqanlarının gücləndirilməsi, Suriya, İraqda və Malidə hərbi əməliyyatların davamı isə onun terrorizmlə mübarizə metodudur.

Marin Le Pen terrorizmlə mübarizə haqqında mövzunu inkişaf etdirərək bildirib ki, Fransa “cihadçıların universiteti” oldu. O, miqrantların axınını məhdudlaşdırmaq üçün ölkənin sərhədlərini bərpa etməyə, həmçinin polislərin və jandarmın sayının artırılmasına çağırdı.

Putu və Asselino isə təhlükəsizlik məsələləri barədə çıxışında bildirdiər ki, Fransa diktaturalara silah satışına son qoymalıdır. Onlar xüsusi halda, Qətər və Səudiyyə Ərəbistanını nəzərdə tuturdular.

İqtisadiyyat

Fransa iqtisadiyyatının gələcəyi ciddi müzakirələr üçün mövzu oldu.

Fransanın Avropa İttifaqından çıxmasını dəstəkləyən Marin Le Pen iqtisadi proteksionizm haqqında yenidən danışmağa başladı. Ona Makron etiraz etdi və bildirdi ki, rəqibin təklifləri alıcılıq qabiliyyətinin azalmasına və iqtisadi müharibəyə gətirib çıxaracaq. O, hətta Marin Le Peni ittiham etdi ki, “əvvəllər atasının tələffüz etdiyi yalanı təkrarlayır”.

Nümunəvi prezident

“Nümunəvi prezident” haqqında sual da ciddi mübahisələr üçün daha bir səbəb oldu. Jan Lassalın fikrincə, artıq ölkədə qırx ildir nümunəvi prezident seçilmir.

Fransua Fiyon bildirdi ki, nümunəvi prezident, onun fikrincə, öz baş nazirinə hörmət edir, fransızlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir və jurnalistlərə hərbi sirləri danışmır.

Nəticə

Teledebatın sonuna yaxın “Elabe” şirkəti ənənəvi sorğunun nəticələrini elan etdi. Reytinqdə birinci yeri Melanşon tutdu. Tamaşaçıların 25 faizi onu dəstəklədi. İkinci yeri 21 faizlə Makron, üçüncü yeri isə 15 faizlə Fiyon tutdu. İlk beşliyi Marin Le Pen (11) və Amon (9) tamamladı.

Qeyd edək ki, Fransa prezidentinin seçkilərinin ilk turu aprelin 23-də, ikinci turu isə mayın 7-də keçiriləcək.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR