• USD 1,7000 0,00% EUR 2,0120 0,00%
    • GBP 2,2300 0,00% RUB 0,0232 0,00%

“Kiçik müharibə”nin gətirəcəyi QƏLƏBƏLƏR: Üç versiya və Putinlə MƏXFİ RAZILAŞMA

“Kiçik müharibə”nin gətirəcəyi QƏLƏBƏLƏR: Üç versiya və Putinlə MƏXFİ RAZILAŞMA

Bu gün dünyanın gündəmi ABŞ tərəfindən Suriyaya aid hərbi hava bazasının bombalanmasıdır. Çoxları ABŞ prezidenti Donald Trampı “qətiyyətinə” və Suriya lideri Bəşər Əsədin öz xalqına qarşı zülmünə “dözməməsinə” görə təqdir edir. Amma...

2013-cü ilin avqustunda Dəməşq yaxınlığındakı Guta bölgəsində Suriya rejiminin kimyəvi silahdan hücum zamanı minlərlə insan öldü. Keçmiş prezident Barak Obama Əsədin “qırmızı xətt”i keçdiyini bəyan edərək hərbi gəmiləri, təyyarələri və on minlərlə əsgərini Suriyada hücum üçün hazırlamağa başladı. Amma araya Rusiya girdi və Moskvanın vasitəçiliyi ilə Suriya ordusunun arsenalındakı kimyəvi silahların ölkədən çıxarılması və məhv edilməsi barədə ABŞ-la razılaşma əldə edildi. Beləliklə, Əsəd Putinin sayəsində xilas olub.

Aprelin 4-də isə müxalifətin nəzarət etdiyi İdlib vilayətində kimyəvi silahdan istifadə edilməklə aviazərbələr endirildi. Nəticədə, 100-dən çox insan öldü, 500-dən çoxu yaralandı. Və ABŞ prezidenti Donald Tramp bir gün sonra Vaşinqtonda səfərdə olan İordaniya kralı II Abdullahla görüşdən sonra keçirilən birgə mətbuat konfransında bombardmanın anonsunu verdi.

“Mənim Suriya və Bəşər Əsədə qarşı münasibətim çox dəyişdi. Bu hadisə “Qırmızı xətt”in keçilməsidir. Suriyadakı kimyəvi silah hücumuna qarşı hərəkətə keçmək üçün məsuliyyətim var. Dünən edilənlər mənim üçün qəbuledilməzdir. Hücum olduqca dəhşətlidir. Günahsız insanlar, uşaqlar və gözəl körpələr öldü. Əsəd rejiminin iyrənc fəaliyyətinə icazə verilə bilməz”, - o bildirib.

Tramp “günahsız insanlar, uşaqlar və gözəl körpələr”in ölməsindən danışır. Bu arada 4 il əvvələ qayıtmağa dəyər. Obama Bəşər Əsəd rejiminin Suriyanın tarixindən silməyə hazır olduğu bir vaxtda Tramp buna qarşı çıxdı. Tramp xüsusilə Amerika Konqresinin icazəsi olmadan Suriyanın bombalanmasına qarşı çıxırdı.

“Biz Suriyanın bombalamasına görə borcun artması və uzunmüddətli münaqişə imkanından başqa nə alacağıq?” - Tramp 2013-cü il avqustun 30 tvitter səhifəsində yazırdı. Halbuki həmin hücumda öldürülən və zəhərlənən “günahsız insanlar, uşaqlar və gözəl körpələr”in sayı onlarla və yüzlərlə deyil, minlərlə idi. Həmin hücum daha dəhşətli və iyrənc idi.

Tramp o vaxt bildirirdi ki, ABŞ Suriyadan uzaq durmalıdır. “Bunda heç bir xeyir yoxdur”, -Tramp 2013-cü ilin sentyabrında yazırdı.

O, prezident kampaniyası zamanı da ABŞ-ın Suriyaya müdaxiləsinə qarşı çıxırdı. Ötən ilin mayında televiziya müsahibəsində söyləmişdi ki, İŞİD-i məhv edəcək, amma Əsəd rejimi ilə mübarizə ideyasını dəstəkləmir. Qeyd etmişdi ki, ABŞ-ın Əsəddən daha ciddi problemlər var.

2013-cü ildə Suriyanın vurulması üçün Konqresdən icazə alınmalı olduğunu deyən Tramp indi ABŞ prezidenti olaraq Hərbi-Dəniz Qüvvələrinə Suriya bazasının vurulması üçün birbaşa əmr verdi. Respublikaçı senator Rend Pol da bildirib ki, Tramp Konqresin icazəsini almalı idi.

Nə dəyişdi və Tramp münasibətlərini normallaşdırmaq istədiyi Rusiyanın müttəfiqi olan Suriya rejimini niyə raket atəşinə tutdu? Doğrudanmı, günahsız suriyalı körpələrin ölümü ona çox toxunub?

Tramp “Rusiya işi”ndən xilas olmaq və daxili elitanı birləşdirmək istəyir.

Məsələ bundadır ki, prezident seçilməsi böyük sürpriz sayılan Trampa qarşı daxildə güclü müxalifət formalaşıb. Trampın təmsil etdiyi Respublikaçılar Partiyasının nümayəndələrinin bir hissəsi də onun atdığı addımları qəbul etmir. Bunu “Obamacare”nin ləğvi üçün hazırlanan yeni səhiyyəti islahatı ilə bağlı qanun layihəsinin səsverməsi də açıq şəkildə göstərdi.

Seçkiqabağı kampaniyası zamanı verdiyi vədləri yerinə yetirməkdə çox aciz görünən Trampın ölkədə reytinqi azalır. Bundan başqa, Trampın təhlükəsiszlik məsələləri üzrə keçmiş müşaviri Maykl Flinn bəyan edib ki, o özünün cinayət məsuliyyətinə cəlb olunmaması şərtilə, Amerikada keçirilən son prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı istintaqa ifadə verməyə hazırdır. Maykl Flinn həmçinin yeni maliyyə bəyannaməsi ilə çıxış edib. Sənəddə onun Rusiya ilə əlaqələrinə aydınlıq gətirilir. Deyilir ki, Rusiyanın dövlət tərəfindən maliyyələşdirilən RT teleşirkəti ona 10 illiyi münasibəti ilə təşkil edilən tədbiqdə çıxış etməsi üçün 45 min dollar ödəyib. Bundan əlavə iki digər şirkət də ona çıxışı üçün bir neçə min dollar məbləğində vəsait ödəyib. Bütün bunlar isə Trampı “Rusiya işi”ndə pis vəziyyətə qoyur və üfüqdə artıq impiçment aydın şəkildə görünür.

Rusiyanın “Komsomolskaya Pravda” nəşri hesab edir ki, Rusiya ilə real münaqişə, həmçinin Suriyaya hərbi zərbə bütün bu problemləri həll edəcək. Nəticədə, Tramp elitaları birləşdirəcək, “Rusiya işində” günahsızlığını sübut edəcək, reytinqi yüksəldəcək, Yaxın Şərq müttəfiqləri ilə münasibətləri yaxşılaşdıracaq, nəhayət Suriyada İranla vuruşmağa imkan verəcək. Heç şübhəsiz ki, Tramp üçün ən vacib olan məsələ Putinin onu seçməsinə kömək etmədiyini sübut etməkdir. Bu isə Moskva ilə münasibətləri pisləşdirməkdən keçir.

Rusiya nəşri qeyd edir ki, bu ssenariyə Şərqi Avropa ölkələri, xüsusilə, Ukrayna sevinəcək. Belə ki, yaxın vaxtlara kimi Trampın Rusiya ilə sazişi real hesab edilirdi və bu halda Ukrayna prezidenti Pyotr Poroşenkonun istefası praktik olaraq qaçılmaz hesab edilirdi.

Suriya ordusuna aid bazanın bombalanması ilə bağlı başqa bir versiya ondan ibarətdir ki, Tramp belə bir əmr verməyə sadəcə oluraq məcbur qalıb.

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə başçısı Konstantin Kosaçevin şərhi də bu versiyanı gücləndirir. Onun sözlərinə görə, Ağ Evin Suriya üzrə mövqeyinin yumşalması Pentaqon və ABŞ xüsusi xidmət orqanlarının xoşuna gəlməyib. Komitə sədri iddia edir ki, Pentaqon və ABŞ kəşfiyyatı hansısa “təkzibedilməz sübutlar”la (Ağla ilk növbədə Rusiya ilə əlaqələr, həmçinin Moskvanın seçkiləri müdaxiləsi ilə bağlı sübutlar gəlir - red.) ABŞ prezidentini Suriya təyyarə bazasına zərbələr endirməyə məcbur edə bilərdilər.

“Qəribə vəziyyətdir ki, Amerikanın Əsədə münasibətinin kəskin vəhşiləşməsi Ağ Evin Suriya lideri ilə bağlı açıqlamasından iki gün sonra baş verdi. (Ağ Evin sözçüsü bildirdi ki, ABŞ Suriyada Bəşər Əsəd hakimiyyətinin dəyişdirilməsi variantını artıq nəzərdən keçirmir və onu siyasi reallıq hesab edir – red.) Ciddi təəssürat formalaşır ki, bu tezislə nə Pentaqon, nə də Amerika xüsusi xidmət orqanları razılaşdı və onlar dərhal növbəti dəfə “təkzibedilməz sübutlar”la Trampı divara sıxdılar”, - Kasaçev feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, İdlibdə kimyəvi silah hücumu Ağ Evin sözçüsünün məlum bəyanatından əvvəl reallaşmışdı. Bu baxımdan rusiyalı senatorun fikirləri ağlabatan görünür.

Aviazərbələrlə bağlı digər bir versiya isə mümkün Tramp-Putin razılaşmasıdır.

Belə bir görüntü var ki, Moskva məhdud ərazinin, yəni bir bazanın bombalanmasına razılıq verib. Kremlin sözçüsü Dmitri Peskovun “Assoşieyted Press” agentliyinə “Rusiyanın Bəşər Əsədə dəstəyi sərhədsiz deyil” deməsi də belə qənaətə gəlməyə əsas verir.

Məsələ bundan ibarətdir ki, Moskva Trampın 3 aya yaxındır hakimiyyətdə olmasına baxmayaraq, Rusiya ilə bağlı vədlərin yerinə yetirilməməsindən olduqca narahatdır. Ötən həftə Beynəlxalq Arktika Forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin də Trampdan gözləntilərini dilə gətirdi. “ABŞ prezidenti Donald Trampa seçkiqabağı çağırışları həyata keçirməyə imkan vermirlər. Rusiya ABŞ-da olanlara qarışmır və gözləyir ki, orada daxili siyasi vəziyyəti nə vaxt sabitləşəcək. Ancaq görürük ki, prezident Donalda Trampa bir çox məsələlər üzrə seçkiqabağı çağırışları həyata keçirməyə imkan vermirlər. Bura səhiyyə və beynəlxalq məsələlər, o cümlədən Rusiya ilə münasibətlər daxildir”, - Putin bildirib.

Kremlin başçısının özü də Trampın ölkə daxilində güclənməsində maraqlıdır. Parçalanmış elita və Trampa qarşı güclü cəbhələşmənin olduğu dönəmdə Rusiya ilə bağlı vədlərin yerinə yetirilməsi mümkünsüz görünür. Görünür, Kremldə də düşünürlər ki, “kiçik qələbəli müharibə” Trampın əlini gücləndirə bilər.

Türkiyə mediasının yazdığına görə, Suriya bazasına zərbələrin endirildiyi vaxt Rusiyanın bu ölkədəki hava hücumundan müdafiə sistemini bağlayıb.

Nəhayət, Rusiya 100-dən çox insanın ölümü, 500-dən çoxunun zəhərlənməsi ilə nəticələnən hücuma görə Əsədi müdafiə etməsi Moskvanın beynəlxalq nüfuzuna növbəti zərbə olardı.

Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın Suriyaya raket zərbələri ilə bağlı şərhi də olduqca diplomatik və “razılaşdırılmış” görünürdü. Prezidenti hadisəni “suveren dövlətə təcavüz və beynəlxalq hüquq normalarının pozulması” adlandırdı.

Rəsmi Dəməşqdən verilən açıqlama da sözügedən versiyanı gücləndirir. “Hərbi gərginliyin artmasını gözləmirik. Hücum məhdud idi və gözlənilirdi”, - açıqlamada deyilir.

Hər halda Suriya böhranı ətrafında olduqca xaotik vəziyyət yaranıb. Suriya hücumun məhdud olacağını düşünsə də, qarşıdakı günlər ABŞ-ın nələri planladığını ortaya çıxaracaq. Qarşıdakı günlərdə Vaşinqton və Moskvanın addığı addımlar da yuxarıda versiyalardan hansının daha ağır gəldiyini göstəmirş olacaq.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR