“Kasablanka quldurları” və Əli Kərimlinin qanlı aksiya planı - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

“Kasablanka quldurları” və Əli Kərimlinin qanlı aksiya planı - TƏHLİL

Əsas olan pulun verilməsidir, kimin hansı musiqini sifariş verməsinin o qədər də önəmi yoxdur.

“Pulu kim verirsə, musiqini də o sifariş edir”. Və pulu verənlər bu dəfə musiqini aprelin 9-na sifariş etdilər. Milli Şuranın bu günə təyin olunmuş mitinqi fonunda bu ifadələr təsadüfən ön plana çıxmır. Axı illərdir müxalifətçilik üzərində inhisar siyasəti aparanların - ən müxtəlif siyasi cəbhələrin iştirakçısı olan və asanlıqla qarşı tərəfə keçməyi bacaran Cəmil Həsənlinin, ona “xaç atalığı” edən, özünü sadə cəbhəçinin üzərində diktatorluğu ilə təsdiqləyən Əli Kərimlinin qərarlarının ölkə hüdudlarından çox uzaqlarda verildiyinin şahidi olmuşuq. Axı onlar lazım olanda liberal, olmayanda mühafizəkar, hətta radikal olmağın sirlərini hamıdan daha yaxşı bilirlər. Əsas olan pulun verilməsidir, kimin hansı musiqini sifariş verməsinin o qədər də önəmi yoxdur.

Milli Şuranın mitinq keçirmək arzusu “hər bir kəsin ifadə və sərbəst toplaşma hüququ” baxımından qəbul edilə bilər. Mitinq üçün müraciət olunub, meriya xüsusi yer ayırıb, iştirakçıların təhlükəsizlyinin qorunması üçün lazımı tədbirlər görülüb. Hər şey qanunun tələb etdiyi çərçivədədir.

Lakin ortada düşündürücü məqamlar var: mitinq niyə indi keçirilir?

Təsəvvür edin, aylardır nəinki siyasi səhnədə, hətta qəzet səhifələrində belə görünməyən Əli Kərimli Novruz bayramını keçirir və martın 29-da Milli Şuranı toplayaraq, “mitinq edirik” qərarını verir. Səbəb: ölkədə “demokratiya yoxdur”.

Hər şey bu qədər sadədirmi? Hər şey doğrudanmı qanunun verdiyi hüquqlardan istifadə etmək istəyi ilə yekunlaşır? Həqiqətənmi illərdir sadə cəbhəçinin idealları üzərində hökmranlıq edən Əli Kərimlini demokratiya və ölkə düşündürür?

AXCP sədri sonuncu dəfə ötən ilin sentyabrında “Məhsul” stadionunda qurduğu tribunada görünmüşdü. Həmin vaxtdan dünyada çox şey baş verdi, Azərbaycanda isə əsas gündəm cəbhədə erməni təxribatlarının davam etməsi idi: Ordumuz ötən ilin 29 dekabrında erməni hərbi birləşmələrinin Ermənistan-Azərbaycan sərhədində təxribat hücumlarının qarşısını alarkən, şəhid verdi. Şəhid Çingiz Qurbanovun nəşi 40 gün düşmən girovluğunda qaldı. Şəhidimizin nəşi fevralın 5-də Ali Baş Komandan İlham Əliyevin səyi nəticəsində Bakıya gətirildi və torpağa tapşırıldı.

- Əli Kərimli və onun Milli Şurası gözə dəymirdi.

Fevralın 7-də rəsmi Bakının diplomatik manevrləri və prinsipial mövqeyi nəticəsində işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən Aleksandr Lapşin Azərbaycana gətirilərək, məhkəmə qarşısına çıxarıldı. Bu, Azərbaycanın ərazilərinin işğaldan azad olunması istiqamətində aparılan işin ən böyük nəticələrindəndir. Hansı ki, Azərbaycan Prezidentinin haqq işimizə edilən təzyiqlərin qarşısını almaq üçün atdığı addımlar da ümumi mənzərədə aydın görünür.

- Əli Kərimlini sanki “evdən çıxmış və bir daha geri qayıtmamışdı”.

Fevralın 25-də düşmən cəbhədə yeni təxribata əl atdı. Azərbaycan Ordusu düşmənin təxribatının qarşısını aldı. Şəhid verdik.

- Bu gün mitinqə çıxmağa hazırlaşan Milli Şuranın səsi gəlmirdi.

Və aylar sonra Milli Şura “azadlıq və demokratiya” qışqırmağa hazırlaşır.

Bu qışqırıqların indi səslənməsi, haradan qaynaqlanması və bizi haralara aparmaq istəyi diqqətdən yayınmır.

Var olduğunu göstərmək: Müxalifətin uzun illər cəmiyyət tərəfindən ciddiyə alınmamaq sindorumu fonunda Milli Şuranın mitinqi təəccüblü deyil. Hesab etmək olar ki, Milli Şura mitinqlə özünü “varlığını” göstərmək, siyasi səhnədən getmədiyini eşitdirmək istəyir. Bu, onların illərdir etdikləri uğursuz cəhdlərdən biridir.

Lakin mitinqin keçirilməsi haqda qərarın verilmə tarixi və post-sovet məkanında baş verən proseslər Milli Şuranın özünü biabır etmək bahasına azsaylı tərəfdarını küçəyə çııxarmaq gedişinin arxasında daha dərin məqsədlərin dayandığını göstərir.

Martın 25-də Belarus müxalifəti “müftəxorluq haqda dekret”ə (işləməyənlərin də vergi verməsi) etiraz olaraq aksiya keçirtdi. Prezident Aleksandr Lukaşenko mitinqdə silahlı təxribatın baş verə biləcəyi haqda açıqlama verdi.

Silahlı təxribatlar hazırlayan onlarla döyüşçü saxlanılıb. Ekstremistlər Bobruysk və Osipov bölgəsində hərbi təlim keçiblər. Qalan düşərgələr Ukrayna, Litva, yaxud da Polşadadır. Bu haqda iddia etməyəcəm, lakin haradasa oralarda yerləşir. Pul Polşa və Litva vasitəsilə ötürülür”, - deyə Lukaşenko açıqladı.

Martın 26-da Rusiya müxalifəti küçələrə çıxdı və polislə qarşıdurmalar fonunda mitiq keçirməyə cəhd etdi.

Bu iki ölkədə daxili situasiya Azərbaycandan fərqlənir və orada baş verənlərin bizimlə hansısa əlaqəsi görünmür. Lakin Milli Şuranın mitinq keçirmək haqda qərarının verildiyi tarix müəyyən əlaqəyə işarə edir.

29 mart: Milli Şura Belarusda keçirilən mitinqdən 4, Rusiyadakı mitinqdən isə 3 gün sonra, məhz bu tarixdə mitinq keçirmək haqda qərar qəbul etdi. Şura mitinq müzakirələrinə martın 22-də başlamışdı. Belarus müxalifəti bu tarixdən bir həftə öncə mitinq qərarı verdi, Rusiyada da müxalifət təxminən həmin ərəfədə mitinq qərarı çıxartdı. Bu təsadüfdürmü?!

Bunun təsadüf olmayacağı ehtimalını artıran başqa bir məqam da var. Lukaşenko ölkəsində qanlı aksiyalar təşkil etmək cəhdi haqda danışarkən, Polşa, Litva və Ukraynanın adını çəkir.

Məlumdur ki, post-sovet məkanının sərhədlərində yerləşən bu bölgə Qərbdə inqilabçı dairələr üçün I Dünya müharibəsinin Kasablankası rolunu oynayır. Xüsusilə, Ukrayna Maydandan sonra inqilab ixracatçılarının qərargahına çevrilib. Və biz onu da unutmamışıq ki, Kiyevin küçələrində “slavyanların asi oğullarına” “inqilab kökələri”ni paylayan Viktoriya Nulandın (ABŞ-ın keçmiş dövlət katibi Con Kerrinin müavini) o kökələrdən birini Bakının küçələrində Əli Kərimliyə verməsi üçün hər cür ssenarilər qurulmuşdu.

Bütün bunların fonunda Milli Şuranın mitinq qərarını verdiyi tarix nə dərəcədə təsadüf ola bilər?!

Sifarişçi kimdir?: ABŞ prezidenti Donald Trampın andiçmə mərasimində Obama dönəmindən qalmış “inqilab ixracatı”ndan əl çəkəcəklərinə dair açıqlaması mitinq sifarişinin arxasında Amerikanın, yaxud hansısa dövlətin dayandığı ehtimalını azaldır. Söhbət daha çox caynaqlarını milli dövlətlərin belinə sancmaq üçün əlləşən dairələrdən gedir. Hansı ki, Obama dövründə onlar Ağ Evin ayaqyolusuna qədər sızmışdı. Və bu gün asanlıqla ehtimal edə bilərik ki, Milli Şuranın mitinqinin sifarişçisi məhz “caynaqlı inqilabçı”lardır.

Bu dairələrin heç bir planının baş tutmayacağı da dəqiqdir. Bu Milli Şuranın mitinqində daha aydın şəkildə məlum olacaq. Lakin biz təhlükənin haradan gəldiyini, Milli Şuranın heç də Azərbaycan insanını düşünmədiyini və Azərbaycanda da qanlı aksiyaların olmasını arzulayanların fürsət gözlədiklərini də bilməliyik.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm