Hacı Cavad məscidi: imanlı etiraz, yoxsa provokasiya?
Bizi izləyin

Nida Təhlil

Hacı Cavad məscidi: imanlı etiraz, yoxsa provokasiya?

Bu qədər məscid tikən və təmir edən dövlətin niyə Hacı Cavad məscidi ilə bağlı qəbul etdiyi qərar mübahisələndirilir?

Bu gün Hacı Cavad məscidi ətrafında başlayan və sosial şəbəkədə hələ də davam edən müzakirələrdə əsas diqqət bu məscidin tarixi abidə olması ilə bağlı deyilənlərdir.

Dolayısı ilə binanın konstruksiyasının zədələndiyi və istifadə müddətini tamamladığını kimsə inkar etmir. Sadəcə, əsas diqqət tarixi bina olmasınadır və haqlı olaraq da sual yaranır: tarixi bina niyə sökülməlidir və onu təmir edib imanlı şəxslərin istifadəsinə vermək olmazmı?

Bu sualın ardınca isə sosial şəbəkə istifadəçiləri ümumiyyətlə məscidin sökülməməli olduğu barədə də fikir irəli sürürlər.

Azərbaycanda din və dövlət

Azərbaycanda din dövlətdən ayrı olsa da, ölkədə nəinki böyük əksəriyyətin etiqad etdiyi din olan islam tərəfdarlarına – müsəlmanlara, hətta digər dinlərin nümayəndələrinə də sayğı ilə yanaşılır. Ölkədə kilsə (alban, rus və s) və sinaqoqlardan tutmuş, hazırda heç kəsin etiqad etməməsinə rəğmən, tarixi abidə kimi atəşgahların özü belə dövlətin nəzarətindədir və böyük əksəriyyəti yüksək səviyyədə təmir edilib. Dini tolerantlıq mühitinin qorunub saxlanması, hər bir vətəndaşın dini inanclarına hörmət göstərilməsi, dini ayinlərin yerinə yetirilməsinə şərait yaradılması, dini abidələrin, məscidlərin qorunub-saxlanması, təmir və bərpa işlərinə hər il büdcədən onmilyonlarla vəsait ayrılır. Təkcə onu demək kifayətdir ki, əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 2166-ya çatıb. Bu məscidlərin 306-sı isə tarixi abidə kimi qorunur. Yalnız son illərdə Prezident Prezident İlham Əliyevin tapşırığı və şəxsi nəzarəti ilə Azərbaycanda Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, Heydər məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə İmamzadə kompleksi və onlarla digər dini abidə və məscid əsaslı şəkildə təmir və bərpa edilib.

Bəs, bu qədər məscid tikən və təmir edən dövlətin niyə Hacı Cavad məscidi ilə bağlı qəbul etdiyi qərar mübahisələndirilir?

Hacı Cavad məscidi

Hacı Cavad məscidi 1912-ci ildə inşa edilib. Bir neçə ildən sonra isə Azərbaycanda sovet işğalı başlayıb və məscid fəaliyyətini dayandırıb. Uzun illər – Sovet illəri ərzində bu məscid təyinatı üzrə istifadə edilməyib, baxımsızlıq və diqqətdən kənarda qalması isə nəticə etibarilə öz sözünü deyib.

Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra isə məscidin fəaliyyəti bərpa edilib və bir müddətdir dindarların ixtiyarındadır.

Ancaq bu məsciddə hələ də dini icma yaradılmayıb, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edilməyib. Maraqlıdır ki, yalnız bu məscidin istifadə müddəti bitdiyi barədə məlumat verildikdən və sökülməsi qərara alındıqdan sonra qısa vaxtda dini icma formalaşdırıb dövlət qeydiyyatından keçməyə hazır olduğunu bildirib.

Məsciddə dini ayinləri icra edən Əhliman Rüstəmovun da Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyinatı yoxdur, qeyri-rəsmi fəaliyyət göstərir.

Tarixi abidə kimi Mədəniyyət və Turizm Nazirliyində qeydə alınmayan, icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyən, axundu Qafqaz Müsəlmanları İdarəsinə müracitə etməyən və təyinatı rəsmiləşməyən Hacı Cavad məscidinin binası da nə şəhərin arxitekturasına uyğundur, nə də istifadəyə yararlıdır. Onda bu məscid niyə sökülməməli, yeni, daha geniş imkanları olan növbəti, məsələn, 2167-ci məscidin inşası başlamamalıdır?

Əgər söhbət imanlı şəxslərin ibadətindən gedirsə, Hacı Cavad məscidinin bir neçə addımlığında Azərbaycanın dini mərkəzi sayılan Təzə Pir məscidi fəaliyyət göstərir. Eyni zamanda, yaxınlıqda tarixi və böyük məscidlər olan “İmam Hüseyn”, “Qasım bəy”, “Hacı Sultanəli” və “Xanım Zəhra” məscidləri var. Niyə onlardan istifadə edilməməlidir?

Daha bir maraqlı məqam: məhəllə məscidi kimi inşa olunan Hacı Cavad məscidinin minarəsi belə yoxdur. Bütün bu faktların fonunda isə bu gün məscidin sökülməsinə etiraz edən dindarların əsl niyyəti ilə bağlı şübhəli məqamlar ortaya çıxmış olur.

Əlbəttə, bu gün məscidin sökülməsinin dayandırılması və etiraz edən kəsimlə maarifləndirici söhbətlərin aparılması düşünülmüş provokasiyaya həqiqi dindarların uymaması baxımından yerində və düzgün verilən qərardır. Ancaq buna baxmayaraq, istər istəməz, gərginlik yaratmağa çalışan şəxslərin məhəllə əhalisi yox, kənardan gəlmiş şəxslər olması barədə rəsmi açıqlama, Taleh Bağırzadənin adının hallanması bu prosesin “məsciddə namaz qılanların imanlı etirazı” assosiasiyasını qətiyyən yaratmır. (axar.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm