• USD 1,7000 0,00% EUR 2,0120 0,00%
    • GBP 2,2300 0,00% RUB 0,0232 0,00%

Hitlerdən “dərs alan” Tramp dünyanı necə aldatdı?

Hitlerdən “dərs alan” Tramp dünyanı necə aldatdı?

ABŞ-ın yeni prezidenti Donald Tramp hakimiyyətə gələr-gəlməz III Dünya müharibəsinin “dibinə su verdi”. Halbuki seçim prosesində tamamilə bunun əksini deyir, özünü “sülh göyərçini” kimi təqdim edirdi. Varidatını və dövlət büdcəsini Amerikanın rifahına, müharibələrə deyil, dünya dövlətlərinin onun ölkəsi ilə sağlam əməkdaşlığına sərf edəcəyini illah edən Tramp kreslonun yumşaqlığını altında hiss edən kimi əsl niyyətini həyata keçirməyə başladı. Özü də vaxt itirmədən!

Üç aydan bir az artıq olar ki, adam “Ağ ev”ə yerləşib, qaradərili prezidentdən sonra evin üzünü ağartmaq yerinə, bir az da qaraldıb. Yəni Barak Obamanın 8 ilə cəsarət edə bilmədiyini Tramp 3-cə ayda həyata keçirdi. Burda deyiblər, “Ağıllı fikirləşənədək, dəli vurdu çayı keçdi”. Çay nədir, okeanı keçən Donald Suriyaya raket zərbələrini endirdi. Koreya yarımadasına nüvə raketlərini göndərdi. İndi bütün kainat III Dünya müharibəsinin qoxusunu ciyərinə çəkir. Yeri gəlmişkən, seçimlər zamanı psixoloqlar çox deyirdi ki, Trampın əqli problemləri var, amma o həngamədə psixoloqa qulaq asan kim idi?! Bu barədə sonra...

Bəs bu sülhsevər Trampa nə oldu? “Göyərçin” necə “Qırğı”ya çevrildi? Dünyanı puluna dolayan bu milyarder başçı Rusiya kimi həmişəayıq bir dövləti də inandıra bilmişdi. Hələ seçimlərdə rus şərhçilər inanırdılar ki, Trampla işləri yağ kimi gedəcək. Çünki buna qədər Trampın biznesinin çiçəklənməsində rus qızlarının az əməyi olmayıb. Onun gözəllik, moda müsabiqələrinin əsas gül-çiçəyi uzunayaq slavyan gözəlləri olub. Amma indi bu uzun ayaqlar okeanın bu üzündən o üzünə körpü sala bilmir. Dövran dəyişib: daha müasir imperiya rəhbərləri sələfləri kimi əməkdaşlıq qurmaq üçün qadın alış-verişi, “quda ittifaqı” qurmurlar. Odur ki, “Ağ ev”də nə qədər ruspərəst siyasətçi var idisə, Tramp onları qara siyahıya saldı. Elə sülhsevərlər də qara günlərini qablaşdırmağa başlayıblar. Yeni prezident yanında ən çılğın silahdaşlarını – Rusiya, İran, Şimali Koreya, Çin və Suriya ilə müharibə istəyənləri saxladı. Trampa inananlar dad çəkirlər ki, prezidenti elə bu “pis oğlanlar” yoldan çıxarıblar. Yoxsa, onun sülh göyərçini kainatın ənginliklərində süzəcək, özü isə var gücü ilə korrupsiya ilə mübarizə aparıb Vaşinqton bataqlığını qurutmaqla məşğul olacaqdı. Amma kişini qınamaq da olmur: o, Vaşinqtonda ağcaqanadların əlindən təngə gələndə Suriya, Koreya qızıl günəşin şəfəqlərində dincələcəkdi? Qoy onlar da “dəmir ağcaqanadlar”ın – raketlərin əlindən dəng olsunlar. Beləcə ədalətin tərəzisi də birtərəfli dayanmaz.

Suriyanı heç bir sənəd-sübut olmadan kimyəvi hücumda ittiham edən Tramp dərhal əks hücuma keçdi. Bir də ki sübut axtarmaq prezidentin işi deyil! Bu işi həmişə Hollivud öz üzərinə götürüb: Vyetnam kimi dəhşətli müharibədə əli körpə qanına batmış Amerika əsgərini dünyaya qəhrəman kimi tanıtmağa müvəffəq olan Hollivud bunu bacarmayacaq? Bu dəqiqə adını dağlara yazan film şəhəri nə ssenarilər hazırlayır ki, tezliklə dünyaya dağ çəksin, yox e... film çəksin.

Bir daşla iki quş vurmağa hazırlaşan ABŞ həm sözəbaxmayan müsəlman ölkəsinin qulağını buracaq, həm də Rusiyanın cibinə girəcək. Axı Rusiyanın Avropanın qazla təmin edən xətləri Suriyadan keçir... Bu günlərdə Reks Tillerson Rusiyaya səfər etdi. Süni təbəssümlərin altında nəyin gizləndiyini sezmək üçün müdrik olmağa ehtiyac yoxdur. Amma Reksin Rusiyada nə işi vardı? Qaz xətlərini darmadağın etmək planı onun başının altından çıxıb axı... Fevralda dövlət katibi postunu tutan ABŞ-ın neftxudası dərhal hərəkətə keçib. İndi Putinlə nə danışıb-danışmadıqları qalıb bağlı qapılar arxasında. Amma deyir dostunu mənə göstər, sənin kim olduğunu deyim. Tramp hazırda “Ağ ev”ə ABŞ milyarderlərini yığıb. Amma bu milyarderlər Tramp kimi sarı gözəllər vasitəsilə deyil, “qara qız” – neft vasitəsilə sərvətlərini artırıblar.

Başqa bir fərziyyəyə görə, Tramp Putinə deyil, Obamaya barmaq silkələyir. Yəni “ay sadə amerikalılar, baxın kimi prezident seçmişdiz, qəti qərara gələ bilmirdi ki, dədəsinin dindaşlarını qırsın, qırmasın? Amma mən Amerikanın gəlmiş-getmiş ən yaxşı kovboyuyam. Atımı bir çapdımmı, tozanağını yatırmaq mümkün olmayacaq.”

Yuxarıda Trampın psixoloji problemləri ilə bağlı bir qeyd vardı. O biri cümlələrə qarışıb it-bat olmayıbsa, indi o məsələyə toxunaq. Rusiyanın Korperativ Kəşfiyyat mütəxəssisi Yelena Larina "Komsomolskaya pravda"ya deyib ki, hamıda olduğu kimi Trampda uşaqlıq dövrünün gərginlikləri şəxsiyyətə təsir edib. Tramp ailəsinin ögey münasibət gördüyü doğmalarındandır. Anası kiçik qardaşını, atası isə böyüyünü əzizlərmiş. Donald isə diqqət azlığından əziyyət çəkirmiş. Donald dərslərini zəif oxuyur, pis vərdişlərə qurşanıbmış. Amma yenə də missiz və mister Tramplar uşağın vəziyyəti ilə maraqlanmırmışlar. Özbaşına böyüyən Donaldı o vaxtkı Vyetnam müharibəsinə də aparmayıblar. Bioqrafiyasında buna səbəb dabanındakı sümükləşmə göstərilsə də, əslində məktəbdə özünü pis aparmağı, sinif yoldaşlarına qarşı daim aqressiv olması səbəb olub.

Hərbi mütəxəssislər düşünüblər ki, beləsi müharibəyə getsə, daha düşmənə ehtiyac qalmaz, elə bu özününküləri qırıb tökər. İndi döyüşmək həvəsi Trampın içində necə qalıbsa, əlinə keçən ilk fürsətdə hərəkətə keçib. Deyilənə görə, bu gün hərbçilərlə ona görə oturub-durur ki, revanş alsın. Yəni bir vaxtlar sizlər məni saymırdız, indi qulluğumdasız. Amma özü XX əsrin ən qatı müharibə əleyhinə olan əsərini – Remarkın “Qərb cəbhəsində yenilik yoxdur”u stolüstü kitab edib. Maraqlıdır ki, kitabda müharibənin gənc nəsli necə məhv etdiyindən bəhs olunur. İkinci sevimli kitabı isə Adolf Hitlerin “Mənim yeni quruluşum” kitabıdır. Amma keçmiş dostlarının dediyinə görə, Trampı maraqlandıran Hitlerin ideyaları deyil, onun çılğın natiqlik qabiliyyəti və kütləni ələ almağıdır. Seçim çıxışlarını göz önünə gətirək: bənzərlik tapmaq olar. Tramp da insanlardan ancaq hədəfinə çatmaq üçün istifadə edir. İstənilən auditoriya ilə “öz dilində” danışır. Aqillə aqil, cahillə cahil kimi.

Yeri gəlmişkən, Oksford Universitetinin psixoloqu Kevin Datton deyir ki, Trampda psixoloji çatışmazlıqlar Hitlerdən daha çoxdur. Hitlerdə çılğınlıq göstəricisi 169 dərəcə olubsa, Trampda 171-dir. Filmdə deyildiyi kimi, “Söyün şükürlüdü, bu lap dəliymiş ki!” Harvard Universitetinin professoru Hovard Hardner isə əmindir ki, Tramp narsisizmdən əziyyət çəkir və cəmiyyət üçün təhlükəli adamdır. Onda narsisizmin ən dəhşətli əlaməti var: empatiya əskikliyi, yəni insanların halına acımamaq, özü etdiyi səhvdən peşman olmamaq.

Həmçinin mütəxəssislər onun danışdığı yalan dərəcəsini də ölçüblər. Belə məlum olub ki, Tramp çıxış və müsahibələrinin birində yalnız 4%, digərində 12%, başqa birində isə 14% həqiqəti danışıb. Yerdə qalan nitqi tamamilə absurd və yanlışdır. Bildirilir ki, Amerikanın ondan əvvəlki 44 prezidentinin heç biri bu qədər yalan danışmayıb. Yəni Tramp yalan danışmaqda rekord vurur. Amma psixoloqlar xəbərdarlıq edirlər ki, dəli olmaq axmaq olmaq deyil. Trampın hiyləgər idarəçiliyini qiymətləndirməyən özünə ziyan etmiş olar. Amma Tramp çıxışlarının birində bir həqiqəti söyləyib ki, o da bütün yalanlarına dəyər. Adam açıq-aydın bildirirdi ki, Amerika bütün ölkələrdən üstündür, onun xalqı da alidir (burda Hitlerlik damarı tutub). Başqa sözlə, Tramp qlobalist yox, imperialistdir.

Şəfiqə ŞƏFA

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR