• USD 1,7000 0,00% EUR 2,0120 0,00%
    • GBP 2,2300 0,00% RUB 0,0232 0,00%

“Şeytan ittifaqı”nın HƏDƏFİ, uzunsürən müharibəyə HAZIRLIQ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

“Şeytan ittifaqı”nın HƏDƏFİ, uzunsürən müharibəyə HAZIRLIQ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

ABŞ prezidenti Donald Trampın qondarma “erməni soyqırımı” barədə bugünkü çıxışı maraqla gözlənilirdi. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün İstanbulda erməni patrixliyində keçirilən dini ayinə mesaj göndərib. Fransada keçirilən prezident seçkilərinin birinci turunda sensasiya baş vermədi. Şimali Koreya ABŞ-ı növbəti dəfə təhdid edib. Rusiya Suriyaya quru qoşunlarını göndərə bilər.

“Tramp soyqırımı sözünü işlədəcəkmi?”. Bu gün qondarma “erməni soyqırımı”nın ildönümünü qeyd edən Ermənistanı bu sual düşündürürdü. Ermənilər ABŞ prezidenti Donald Trampın qondarma “erməni soyqırımı” haqda danışacağına və “soyqırımı” ifadəsini işlədəcəyinə ümid edirdi

Tramp Ağ Evə gələndən sonra Türkiyə ilə münasibətləri pozacaq heç bir ifadə işlətməyib. Bəzi konqresmenlər isə Trampa “soyqırımı” kəlməsini deməsi üçün müraciət etmişdilər. “Lakin böyük ehtimalla belə bir şey olmayacaq. Xüsusilə Tramp referendumla bağlı Ərdoğanı təbrik etməsindən sonra onun bu sözü işlətməyəcəyi dəqiqdir”, - deyə nəşr yazmışdı.

Gözlənilən baş verdi. Donald Trump Osmanlı dövlətində 1915-ci ildə baş verən hadisələrlə bağlı çıxışında "soyqırım” ifadəsini işlətmədi. O, sələfi Barak Obama kimi böyük fəlakət mənasını verən “Meds Yeghern” ifadəsini işlədib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün İstanbulda erməni patrixliyində keçirilən dini ayinə mesaj göndərib. Ərdoğan məktubunda 1915-ci il hadisələrinə toxunub.

“Türkiyə ermənilərinin patrixi hörmətli Aram Ateşyan, çox dəyərli erməni vətəndaşlarım sizləri sevgi və hörmətlə salamlayıram. I Dünya müharibəsinin çətin şərtlərində həyatını itirən Osmanlı ermənilərini bu il də hörmətlə anır, nəvələrinə baş sağlığı diləyirəm”, - deyə məktubda bildirilir.

Ermənilərlə türklərin Osmanlı dövründən etibarən mehriban şəraitdə yaşadığı qeyd olunan məktubda 1915-ci ilə hadisələrində həlak olan türklər də yad edilib.

Rusiyaya miqrantlar ən çox Moskva və Sankt-Peterburq şəhərlərinə, Moskva və Leninqrad vilayətlərinə gəlir. Bunu Rusiya Vətəndaş Təşəbbüsləri Komitəsində keçirilən dəyirmi masada “Miqrasiya XXI əsr” Fondunun başçısı Vyaçeslav Postavnin deyib.

Onun sözlərinə görə, adıçəkilən ərazilərə miqrantların yarısından çoxu - ümumi sayın 57 faizi gəlir.

“Sibir və Uzaq Şərq regionları isə əhalilərini itirirlər. Bu, faciəlidir və əhalisi çox olan Çinlə qonşuluq fonunda ciddi geosiyasi təhlükə təşkil edir” - Vyaçeslav Postavnin bildirib.

Rəsmi rəqəmlərə görə, şimal ölkəsində 200 minə qədər azərbaycanlı əməkçi miqrant çalışır. Amma bu rəqəmin rəsmi rəqəmlərdən bir neçə dəfə çox olduğuna şübhə yoxdur.

Fransada dünən keçirilən prezident seçkilərində “İrəli!” hərəkatının namizədi, keçmiş iqtisadiyyat naziri Emmanuel Makron və “Milli Cəbhə” partiyasının ultrasağçı lideri Marin Le Pen ilk iki yeri tutaraq seçkilərin ikinci turunda iştirak etmək hüququ qazandılar.

Seçkilərdə iştirak faizi kifayət qədər yüksək idi: təxminən 80 faiz. Makron 23,75, Le Pen 21,53, Respublikaçılar Partiyasının namizədi Fransua Fiyon 19,91, sol hərəkatının lideri Jan-Luk Melanşon 19,64 faiz səs topladı. Sosialist Partiyasının namizədi Benua Amond (son beş ildə Fransaya rəhbərlik edən Fransua Olland məhz bu partiyadandır) 10 faizdən də aşağı səslə kifayətləndi. Müşahidəçilər bunu iqtidar partiyasının tam müvəffəqiyyətsizliyi kimi qiymətləndirdilər.

Vaxtilə favorit hesab edilən Fiyon da daxil olmaqla, seçki kampaniyasının digər iştirakçıları öz məğlubiyyətlərini etiraf etdilər. Onlardan bir çoxu növbəti turda tərəfdarlarını Makrona səs verməyə çağırdılar.

Fransanın ultrasağçı Milli Cəbhə Partiyasının lideri Marin Le Penə ölkə əhalisinin 7 milyon nəfəri səs verib. Bu göstərici fransız ultrasağçıların indiyə qədər topladıqları ən yüksək səs hesab olunur.

Le Penin partiyası neonasist təşkilat sayılır. Bu partiya qalib gələcəyi təqdirdə Fransa Avropa Birliyi və NATO-dan çıxacaq, ölkəyə miqrant axını dayandırılacaq və Avropada islamla mübarizə aparılacaq. Le Pen həmçinin rusiyayönlü siyasətçidir. O, prezident olacağı təqdirdə Rusiyaya qarşı sanksiyaları ləğv edib, Krımı Rusiya ərazisi kimi tanıyacağını bəyan edib.

Fransada keçirilən seçkilərdə də ənənə pozulmadı. Söhbət xaricdə bir çox ölkədə keçirilən seçkilərdə seçki qutularından Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adının çıxmasından gedir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə S-400 zenit-raket sistemlərinin Türkiyəyə çatdırılmasını məsələsini müzakirə etməyi planlaşdırır. Bunu Türkiyənin müdafiə nazir Fikri İşık deyib.

Nazirin sözlərinə görə, mayın 3-də Soçidə baş tutacaq görüşdə sözügedən sistemlərlə bağlı müzakirələr aparıla bilər: “Oradakı müzakirənin nəticəsinə görə, artıq bu iş bağlanmış olacaq. Hazırda detallı məlumat vermək doğru deyil. Məsələ dəqiqləşdikdə konkret açıqlamalar olacaq”.

Türkiyə hakimiyyəti Rusiya vətəndaşları üçün vizasız rejimin müddətinin 90 günə qədər uzadıb. Daha əvvəl Türkiyəyə səyahət edən Rusiya vətəndaşları üçün vizasız rejimin müddəti 60 gün idi.

Bu, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü öncəsi Ankaradan Moskvaya verilən müsbət mesaj hesab oluna bilər.

Şimali Koreya ABŞ-ın Koreya yarımadasına göndərdiyi “USS Carl Vinson” döyüş gəmisini vurmağa hazırlaşır. Şimali Koreya Fəhlə Partiyasının Mərkəzi Komitəsinin rəsmi yayım orqanı olan “Sinmun” qəzetində yayımlanan açıqlamada bildirilir.

“İnqilabçı güclərimiz ABŞ-ın nüvə gücünə sahib olan təyyarə gəmisini bir zərbə ilə batırmaq üçün müharibəyə hazırdır”, - deyə açıqlamada bildirilir.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) dünya ölkələrinin 2016-cı ildə hərbi xərcləri üzrə yeni tədqiqatının nəticələrini açıqlayıb. Syahıda birinci yeri əvvəlki ilə görə 1,7 faiz artımla ABŞ tutub.

ABŞ 2016-cı ildə hərbi xərclər üçün 611 milyard dollar ayırıb.

“Əl-Qaidə” üzvləri Suriyada uzunsürən müharibəyə hazır olmalıdırlar. Bu barədə bəyanatı Əl Qaidə lideri Ayman Zəvahiri “Əs Saxab” saytı vasitəsilə yayıb. O, tərəfdarlarını partizan müharibəsinə keçməyə səsləyib.

Zəvahiri “beynəlxalq şeytan ittifaqı”nın Suriyada heç vaxt islami hökuməti qəbul etməyəcəyini bildirib. “Əl-Qaidə” lideri partizan müharibəsinin təkcə suriyalılar üçün olmadığını da bildirib.

Rusiya Suriyaya quru qoşunlarını göndərə bilər. Bu barədə informasiyanı “Əl Qüds Əl Arabi” qəzeti yayıb. Qəzet bunun üçün Suriya Prezidenti Bəşər Əsədin rusiyalı həmkarı Vladimir Putindən bu orduları xahiş etməli olduğunu bildirib.

Qeyd edək ki, Rusiyanın hələlik Suriyada hərbi-dəniz, hərbi-kosmik və hava hücumundan müdafiə qüvvələri var.

İdlibdə həyata keçirilən kimyəvi hücuma maliyyə dəstəyini Səudiyyə Ərəbistanı və İsrail verib. Bunu Livanın “Ahbar” qəzetinə müsahibəsində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Robert Stil söyləyib. O, bu addımın Suriya hökumətini günahkar göstərmək üçün atıldığını bildirib.

Stil qəzetə açıqlamasında informasiyanı haradan əldə etdiyini açıqlmaqdan imtina edib:

“MKİ-nin keçmiş rəhbəri Con Brennan İdlib əməliyyatının maliyyəsi üçün Ər-Riyad və Tel-Əvivi razı saldı. Onun Səudiyyə Ərəbistanı ilə yaxın əlaqələri var. Ona görə ki, 1996-1999-cu illərdə o, Ərəbistanda MKİ müdiri kimi çalışmışdı. Bu illər ərzində Ər-Riyad Brennandan kifayət qədər istifadə etdi”.

Qeyd edək ki, Suriyanın Xan-Şeyhun yaşayış məntəqəsinə kimyəvi hücum aprelin 4-də baş verib. Hadisə nəticəsində 80-dən çox insan ölüb, 500-dən çoxu xəsarət alıb. BMT-nin Uşaq Fondunun (UNİCEF) məlumatına görə, hücum nəticəsində 27 uşaq ölüb.

Rusiya Xarici İşlər Nazirliyinin silahların yayılmaması və nəzarət departamentinin direktoru Mixail Ulyanov bildirib ki, Moskva Suriyanın İdlib vilayətinin Xan-Şeyxun şəhərində kimyəvi silahın tətbiq edildiyini istisna etmir. “Kimyəvi silahın tətbiqi tamamilə ehtimal ediləndir. Əsas məsələ odur ki, kimyəsi silahı hadisə yerinə kim və necə çatdırıb”, - Ulyanov deyib.

Böyük Britaniya nüvə silahı ilə qabaqlayıcı zərbə vurmaq hüququnu özündə saxlayır. Bunu “BBC Radio 4”ün efirində krallığın müdafiə naziri Maykl Fellon bildirib.

“Ən ekstremal şərtlərdə qabaqlayıcı zərbə kimi nüvə silahının tətbiqini istisna etmək olmaz”, - nazir deyib.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR