• USD 1,7000 0,00% EUR 2,0259 0,00%
    • GBP 2,3667 0,00% RUB 0,0235 0,00%

Torpaqların alınması üçün GİZLİ PLAN, bir gün sonra MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Torpaqların alınması üçün GİZLİ PLAN, bir gün sonra MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı məsələyə baxılıb. Azərbaycan Pakistandan MFI-395 “Super Mushshak” təlim təyyarəsi alacaq. Ermənistanda birinci diversiya-kəşfiyyat dəstəsini komandiri Vova Vartanov ağılsızcasına Azərbaycanı yox etmək çağırışı edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ-a səfər edib. Rusiya prezidenti Vladimir Putin ölkəsinin PYD terror təşkilatına silah verməsi barədə iddialara cavab verib. İŞİD terror təşkilatının “Siyasi bürosu” “paytaxt” adlandırdığı Rakkada aprelin 22-də toplanıb.

Bu gün yerli Moskvada Rusiya Ali Məhkəməsinin Plenumunda Ədliyyə Nazirliyinin iddiası əsasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı məsələyə baxılıb. Ali Məhkəmə Ədliyyə Nazirliyinin iddiasını təmin edərək, ÜAK-ın qeydiyyatının ləğv olunması barədə qərar verib.

Mayın 11-də Türkiyə ilk dəfə uzaq mənzilli raketini sınaqdan keçirdi. Bu sınağın mayın 1-dən 5-dək Türkiyə ordusu ilə Azərbaycan ordusunun keçirdiyi birgə hərbi təlimlərdən sonraya təsadüf etməsi diqqət çəkdi. Daha əvvəl isə, 16-21 aprel tarixlərində Azərbaycan Ordusu 30 minlik şəxsi heyətin qatıldığı genişmiqyaslı təlimlər keçirmişdi.

Ermənistanın siyasi rəhbərliyi bütün bunların təsadüf olmadığını düşünür. “Armeninareport” saytı İrəvanın siyasi kulislərində və Ermənistanın hərbi rəhbərliyində ciddi narahatlığın yarandığını yazıb.

Sayt iddia edir ki, Azərbaycan və Türkiyənin regionda birgə hərəkət etməsi Dağlıq Qarabağ münaqişəsi ətrafında Ermənistanın arzulamadığı vəziyyətin yaranmasına işarədir.

ABŞ Milli Kəşfiyyat Agentliyinin 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proqnozu regionda yeni gərginliyin “müjdəçisi” oldu. Agentliyin direktoru Daniel Kouts Konqresə dünyada artan risklərlə bağlı təqdim etdiyi hesabatda yeni Qarabağ müharibəsindən xəbər verdi.

“Dağlıq Qarabağ zonasında Ermənistan və Azərbaycan arasında gərginlik 2016-cı ilin aprelində baş verdi. Tərəflərin güzəştə getmək istəməməsi və daxili təzyiqlərin artması nəticəsində münaqişə zonasında 2017-ci ildə hərbi toqquşmaların yenilənməsi riski böyükdür”, - deyə hesabatda bildirilir.

Rusiyalı jurnalist Boris Djerelievskiy iddia edir ki, Amerika Qarabağda müharibəni başlatmağı planlaşdırır.

Azərbaycan Pakistandan MFI-395 “Super Mushshak” təlim təyyarəsi alacaq. Bu barədə ötən həftə İstanbulda İDEF-2017 sərgisində iştirak edən Pakistan Aeronautical Complex (PAC) təşkilatından məlumat verilib.

İlk mərhələdə Azərbaycan Pakistandan 10 ədəd “Super Mushshak” təlim təyyarəsi alacaq.

“Bunun davamı olaraq biz JF-17 “Thunder” döyüş təyyarələrini Azərbaycana təqdim edəcəyik”, – deyə istehsalçı müəssisədən bildirilib.

Ermənistanda birinci diversiya-kəşfiyyat dəstəsini komandiri Vova Vartanov ağılsızcasına Azərbaycanı yox etmək çağırışı edib. Ən maraqlısı isə o, bunun üçün Hitler kimi davranmağı və İŞİD-lə ittifaqa girmək təklifini irəli sürüb.

Türkiyə “Fərat Qalxanı” hərəkatına qatılan Azad Suriya Ordusunun (OSO) 2 min üzvünü Suriyada silahlı təşkilatların əsas sığınacağına çevrilən İdlib vilayətinə göndərməyib. “Aydınlıq” qəzeti xəbər verir ki, bunun səbəbi Afrində həyata keçirilməsi planlaşdırılan əməliyyatdır.

Afrindən sonrakı hədəf isə Münbiç şəhəri olacaq.

Qeyd edək ki, cənub sərhədlərində “kürd dəhlizi”nin yaradılmasının qarşısını almaq hazırda Ankara qarşısında duran əsas strateji hədəfdir. Bölgədə enerji marşrutlarının əsas mərkəzinə çevrilməyi qarşısına məqsəd qoyan Ankara, “kürd dəhlizi”nin yaradılacağı halda buna nail olmayacaq. “Kürd dəhlizi” kürdlərə Aralıq dənizinə açıq çıxış verir. Beləliklə, Şimali İraqda kürdlərin nəzarət etdiyi neft ehtiyatları “kürd dəhlizi” adlanan bu ərazilərdən keçərək Aralıq dənizinə, oradan da Avropa bazarlarına çıxarılır.

Hələ bir müddət əvvəl keçmiş kəşfiyyat rəisi Bülent Orakoğlu “Yeni Şafak” qəzetinə yazdığı köşəsində bildirmişdi ki, Türkiyəyə qarşı oynanılan “beynəlxalq oyun”un əsas məqsədlərindən biri Aralıq dənizinə yaxın Hatay vilayətinin qonşuluğunda yerləşən Afrin kantonuna qədər uzanan bir “kürd dəhlizi” yaratmaqdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ-a səfər edib. Türkiyə prezidenti Vaşinqtonda amerikalı həmkarı Donald Trampla mayın 16-da təkbətək görüşəcək.

Qeyd edək ki, Ərdoğanın səfəri ABŞ prezidentinin YPG-yə (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı - red.) ağır silahların çatdırılması barədə qərarı verdiyi dövrə təsadüf edir. Məlumata görə, ABŞ terror təşkilatına minaatanlar, istiliklə idarə olunan raketlər, ağır pulemyotlar, avtomatik silahlar, zirehli avtomobillər və tanklar çatdıracaq.

İraq və Suriyada baş verənlər bizim üçün təhdiddir. Bunu “Sözcü”qəzetinə açıqlamasında ehtiyatda olan türkiyəli general Osman Pamukoğlu söyləyib.

“Bəzi addımları atmaq üçün gecikirik. Türkiyədəki NATO və ABŞ bazalarıyla bağlı yeni format tətbiq edilməlidir. İraqda Bərzani sayəsində Kürdüstanın quruluşu tamamlandı. İndi isə Suriyada Kürdüstan qurulur. ABŞ bu gün partizan dəstələrini orduya çevirir. Bunun adı “dövlətdir”.

Qonşumuz İraq və Suriyada qurulacaq Kürdüstanın təsirləri bizə də olacaq. Ölkəmizdə muxtariyyət kimi tələblər dilə gətiriləcək. Kürdüstanın qurulması tarixini ABŞ hələlik hərbi və siyasi səbəblər ucbatından ertələyir.

Onlar bizi bu prosesdən uzaq tuturlar. Suriya Kürdüstanı ilə əlaqədar işlərdə ancaq ABŞ-ın adı çəkilir, lakin bu prosesin içində İngiltərə, Rusiya və Fransa da var. Onlar Afrin (Suriya vilayəti – red.) vasitəsilə enerji nəqlinin necə həyata keçiriləcəyini müzakirə edirlər. Ağıllarına gələn ilk yer İsgəndərun limanıdır. Bunun anlamı isə yaxın zamanlarda Türkiyədən torpaq alınacağıdır”, – deyə o bildirib.

"Rusiya Suriyadakı kürdlərə silah göndərmir". Bunu Çinə səfər zamanı mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin bildirib.

“Rusiya Suriyadakı kürdlərə silah göndərməyib. Buna görə də Türkiyənin narahatlığına əsas yaradacaq bir vəziyyət yoxdur”, - dövlət başçısı deyib.

Suriyadakı kürd qruplarla iş səviyyəsində təmaslarını saxlayacaqlarını söyləyən Putin qeyd edib ki, bu, Türkiyədə narahatlıq yaratmamalıdır.

“Başqa ölkələrdən fərqli olaraq kürd qruplara silah göndərmirik. Onların da bizim göndərəcəyimiz silahlara xüsusi ehtiyacı yoxdur. Çünki silah alacaq başqa mənbələri var. Bu mövzunu Türkiyə prezidenti ilə Soçidə danışdıq. O, bu mövzudakı narahatlığını izah etdi”, - o vurğulayıb.

Almaniya kansleri Angela Merkel alman millət vəkillərinin İncirlik hərbi hava bazasına buraxılmamasına reaksiya verib. Merkel alman əsgərlərinin İncirlikdən çıxarılacağını bildirib.

“Almaniya hərbi birlikləri üçün alternativlərimizi qiymətləndirəcəyik. İordaniya bunlardan biridir”, - Merkel deyib.

Qeyd edək ki, Türkiyə alman millət vəkillərinə İncirlik hərbi bazasında xidmət edən əsgərləri ziyarət etməsin icazə verməyib. Türkiyənin alman millət vəkillərini hansı səbəbdən bazaya buraxmaması bəlli deyil.

Bu isə ilk analoji hadisə deyil.

İŞİD terror təşkilatının “Siyasi bürosu” “paytaxt” adlandırdığı Rakkada aprelin 22-də toplanıb. İŞİD lideri Əbubəkr əl-Bağdadinin iştirakı ilə keçirilən toplantıda son ayların ağır itkilərinə diqqət çəkilib.

Toplantıda İŞİD-in son qalası hesab edilən Rakka şəhərindən müxtəlif ölkələrə çəkilmə və “yer altına” enmə vaxtının gəldiyi qərarı alınıb.

Ukraynanın xarici işlər naziri Pavel Klimkin Vaşinqton səfərinin nəticələri ilə bağlı TSN kanalına verdiyi müsahibəsində deyib ki, ABŞ prezidenti Donald Trampla yalnız “Rusiyaya təzyiq və sanksiyanın iqtisadi alətləri” müzakirə edilməyib. Onun sözlərinə görə, Vaşinqton Donbasla bağlı sonrakı addımları Berlin və Parislə uyğunlaşdıracaq.

“Rusiyanı cəzalandırmasaq, vahid ölkə kimi qala bilməyəcəyik”. Bunu ABŞ Konqresinin respublikaçı senatoru Qrem Lindsi NBC telekanalının efirində deyib.

Senatorun sözlərinə görə, o, “min faiz” əmindir ki, Rusiya xüsusi xidmət orqanları Demokratlar Partiyasının qərargahı serverlərini və keçmiş dövlət katibi, prezidentliyə namizəd Hillari Klintonun elektron poçtunu qırıb.

Qrem qeyd edir ki, Amerika demokratiyasına təhdidin aradan qaldırılması üçün Rusiya cəzalandırmalıdır. O vurğulayıb ki, hakerlər seçkilərin nəticəsinə təsir edə bilməsə də, belə hərəkətləri cavabsız qoymaq olmaz.

Senator bildirib ki, Rusiyaya qarşı sanksiyaların yeni layihəsi hazırlanıb və onu hər iki partiya dəstəkləyir. O qeyd edib ki, layihəni prezidentə təqdim etmək niyyətindədirlər.

Rusiya Silahlı Qüvvələrinin hərbi təminatı ABŞ-la tammiqyaslı hərbi münaqişə halında Amerika ordusuna qarşı dayanmağa imkan verməyəcək. Bunu ABŞ Müdafiə Nazirlyinin keçmiş əməkdaşı, CNA korporasiyasının elmi işçisi Mixail Kofman “Azadlıq” radiosuna müsahibəsində deyib.

O vurğulayıb ki, ABŞ az müddət ərzində Hərbi Dəniz Donanmasının köməyi ilə mayın 9-da Moskvada paradda nümayiş etdirilən Rusiyanın ən yeni hərbi texnikasını məhv edə bilər.

Qlobal kiberhücumların ikinci dalğası başlayacaq. Bunu jurnalisltlərə açıqlamasında Fransanın İnformasiya Sistemlərinin Təhlükəsizliyi üzrə Milli Agentliyinin rəhbəri Giyom Pupar söyləyib.

“Yaxın günlərdə və həftələrdə hücumların təkrarlanacağını müşahidə edəcəyik. Belə hücumlarla bağlı təcrübəyə sahibik və təəssüf ki, bunu ilk dəfədir ki, yaşamırıq. Hakerlər sistemlərin ən zəif yerlərindən yararlanırlar. Kiberxaos təhlükəsi hələlik yoxdur”, – deyə o bildirib.

Qeyd edək ki, mayın 12-də qlobal kiberhücum təşkil edilib. FTB kiberhücumun dünyanın 150 ölkəsinə qarşı təşkil olunduğunu bildirib.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR