Nida Təhlil
İrəvanın Bakıya tuşladığı məxfi silah: Sarkisyanın əsl hədəfi nədir?
Ermənistan Müdafiə Nazirliyinin müdafiə siyasəti
idarəsinin rəisi Levon Ayvazyan ötən həftə erməni ordusunun məxfi
silaha malik olduğu haqda danışdı. Ayvazyan erməni jurnalistlərinin
önündə bildirdi ki, “Ermənistan zərbə vuran pilotsuz uçuş
aparatlarına (BPLA) malikdir, lakin gəlin, bu haqda danışmayaq və
məxfiliyi saxlayaq”.
Olduqca iddialı görünən bu açıqlamanın arxasında hansı məqsədlərin
dayandığı, yaxud həqiqətən də erməni ordusunun dünyanın barmaqla
sayılacaq qədər az ölkəsində olan bu silaha sahib olması sualları
cavabsız qalır.
Ayvazyan bu sözləri “Rusiyadan 2018-2019-cu illərdə yeni silah
partiyaları alacağıq” açıqlamasından sonra vermişdi. Bu baxımdan,
ermənilərin məxfi adlandırdığı silahı Moskvadan ala bilməsi
ehtimalı yarandı. Lakin Rusiyanın özündə belə silahın olması
şübhəlidir. Hətta rusiyalı hərbi ekspert Aleksandr Xramçik də
Moskvanın zərbə endirən pilotsuz təyyarələrə sahib olmadığını
deyir: “Ağlasığmazdır ki, Ermənistan zərbə vuran BPLA-nı Rusiyadan
alsın. Çünki Rusiyanın özünün bu sferada problemləri var”. Xramçik
əlavə edir ki, BPLA təyyarələri ABŞ, İsrail və Çində var.
Son illər sürətlə inkişaf edən Türkiyə hərbi sənayesi də xüsusi
modeldə zərbə endirən pilotsuz təyyarələr istehsal edir. (zərbə
vuran pilotsuz təyyarələrin müxtəlif növləri var. Misal üçün,
Azərbaycanın İsraildən aldığı “Harop” pilotsuz təyyarəsi kamikadze
hesab olunur. Ermənilərin iddia etdikləri BPLA təyyarəsi isə
kamikadze təyyarələdən fərqli olaraq, özü-özünü məhv etmir, əksinə
hədəfi taparaq vurur və geri qayıdır). Deməli, zərbə endirən
pilotsuz təyyarələrin yalnız 4 ölkədə olduğu məlumdur: ABŞ, İsrail,
Çin və Türkiyə.
Və burada sual ortaya çıxır: Ermənistan zərbə endirən
pilotsuz təyyarələri bu ölkələrin hansından alıb?
Türkiyə: Məlumdur ki, Ankara
ermənilərə nəinki zərbə endirən pilotsuz təyyarələr kimi müasir
silahlar, ümumiyyətlə bir boş gilizi belə verməz. Türkiyə qardaş
hesab etdiyi Azərbaycanın ərazi bütövlüyünə dəstək verən əsas
ölkədir, artıq 20 ildən artıqdır ki, işğal faktına görə
Ermənistanla sərhədi bağlayıb. Digər tərəfdən, ermənilərin
Türkiyəyə qarşı qondarma soyqırımı ilə yanaşı, ərazi iddiaları
var.
İsrail: Təl-Əviv Bakı ilə sıx münasibətlərə
malikdir, hətta israillilər Azərbaycanı İslam dünyasında yeganə
müttəfiq hesab edirlər. Bu gün Azərbaycan-İsrail münasibətlərində
hərbi əməkdaşlıq xüsusi önəm daşıyır. İki ölkə arasında sonuncu
dəfə 5 milyard dollarlıq silah müqaviləsi imzalanıb, İsrail faktiki
olaraq regionun silah bazarında Rusiya ilə payları bölüşdürür. Ötən
ilin aprel müharibəsində Azərbaycan İsraildən aldığı silahlarla
Ermənistana ciddi zərbə vurdu. Bundan sonra İrəvan eyni silahları
almaq üçün İsraillə danışıqlara cəhd etsə də, bu, baş tutmadı. Bu
baxımdan, İsrail faktoru də aradan çıxır.
Çin: Pekin ümumilikdə səssiz diplomatiyanın
tərəfdarıdır və Cənubi Qafqaz ölkələri ilə balansı şəkildə
əməkdaşlığa üstünlük verir. Lakin bu əməkdaşlıq əsasən iqtisadi
sferada investisiyaların yatırılması ilə aparılır. Cənubi Qafqazın
silah bazarında Çinin heç bir iştirakı yoxdur. Deməli, Ermənistan
iddia etdiyi məxfi silahı Çindən ala bilməz. Digər tərəfdən, Pekin
Bakı ilə münasibətlərə daha çox önəm verir. Bu, “Yeni İpək Yolu”
layihəsi çərçivəsində xüsusi əhəmiyyət kəsb edir.
ABŞ: Bu ölkədə erməni lobbisinin güclü olduğunu
nəzərə alsaq, Vaşinqtonun Ermənistana hər hansı silah verməsi
ehtimalı daha böyükdür. Bir müddət öncə “komandos” ləqəbli erməni
general Arkadi Ter-Tadevosyan iddia etmişdi ki, Amerika Ermənistana
müasir hərbi avadanlıq verilib və bu avadanlıq təmas xəttinə
yerləşdirildiyi üçün Azərbaycan Ordusunun bütün addımları
izlənilir. Bu iddianın sübutları yox idi, lakin “komandos”un
sözlərində həqiqət payının olub-olmaması müzakirəsi fonunda hesab
etmək olar ki, ABŞ Ermənistana bu silahı verə bilər.
Amma burada diqqətçəkən bir məqam ABŞ-ın ermənilərə belə güclü
silahı verməyəcəyi ehtimalını gücləndirir: Ermənistan Rusioyanın
müttəfiqidir, daha dəqiq desək, Moskva Ermənistana hansı silahın
daxil olub-olmayacağına nəzarət edəcək qədər bu ölkənin üzərində
hakim mövqeyə malikdir. Yəni ABŞ bu silahı Ermənistana veribsə,
deməli rusların bundan xəbəri var. Və burada sual yaranır: Amerika
Rusiyanın müttəfiqinə belə bir silahı niyə versin? Xramçikin dediyi
kimi, Rusiya bu sferada problemlər yaşayır. Əgər belə bir silah
ermənilərdə varsa, deməli, ruslar dərhal bu hərbi texnikanın
sirrini tapmaq və ona uyğun istehsal etmək gedişi edərlər. Bu
baxımdan, ABŞ-ın da Ermənistana belə bir silah verməsi ehtimalı
azdır, hətta mümkünsüzdür də deyə bilərik.
Ermənistan zərbə endirən pilotsuz təyyarələri heç bir ölkədən
almayıbsa, deməli, məxfi silah iddiaları yalandır. Lakin bu yalanın
dilə gətirilməsinin arxasındakı məqamlar da diqqət çəkir.
Və burada iki amil aydın şəkildə görünür: hərbi-siyasi ritorika;
İrəvanda iqtidar müharibəsi.
Hərbi siyasi ritorika: Ermənistanın hərbi-siyasi
rəhbərliyi bu yalanla erməni cəmiyyətində güclü görünmək istəyir.
Ayvazyan məxfi silah iddiası Azərbaycan Ordusunun mayın 15-də
Ermənistanın “OSA” zenit-raket kompleksini məhv etməsindən təxminən
bir həftə sonra gündəmə gəldi. Ermənistan tərəfi texnikanın məhv
edildiyini təsdiqləsə də, itki vermədiklərini açıqladı. Halbuki,
hərbi texnika hərəkətdə olarkən vurulmuşdu və onun içindəki şəxsi
heyət də məhv edilmişdi. Erməni jurnalist Tevos Arşakyan da
İrəvanın şəxsi heyətin məhv edildiyi faktını gizlətdiyini yazdı.
Ermənistan tərəfi zenit-raket kompleksinin məhv edilməsindən bir
neçə gün sonra cəbhəyanı kəndlərdə mülki əhalini atəşə tutdu,
ardınca da ordumuzun mövqeləri vurması haqda saxta video yaydı. Bu,
erməni cəmiyyətində “cavab atəşi”nin nümayişi idi. Bu proseslərdən
bir neçə gün sonra – mayın 23-də Ayvazyanın “məxfi silah”
açıqlaması yayıldı. Daşları bir-bir yerinə qoyanda mənzərə tam
görünür: İrəvan erməni cəmiyyətinə hesablanmış saxta video
yaydı, daha sonra hədəfin məhz əllərindəki zərbə endirən pilotsuz
təyyarə ilə vurulduğunu iddia etdi. Ümumilikdə belə
gedişlər Ermənistan hakimiyyəti tərəfindən zaman-zaman istifadə
olunur. Lakin hazırda konkret Serj Sarkisyanın mövqeyinin
güclənməsindən söhbət gedir.
İrəvanda iqtidar müharibəsi: 2018-ci ilin
aprelində prezident səlahiyyətlərini təhvil verəcək Serj Sarkisyan
hakimiyyəti əlində saxlamaq üçün müxtəlif vasitələrdən istifadə
edir. Erməni mediasının məlumatına görə, Sarkisyan Milli
Təhlükəsizlik Şurasını gücləndirmək, şuranın baş katibi olmaq və
hakimiyyətə nəzarəti əldə verməməyi planlaşdırır. Bu planın
dövriyyə daxil edilməsinə hələki bir il vaxt var. Lakin Sarkisyanın
hərbi rotirikanı gücləndirməsi, cəbhədə vəziyyəti kəskinləşdirməklə
Azərbaycan hədəflərinin “vurulması” kimi gedişlərə indi start
verməsi təsadüfi deyil. Ermənistan daxilində Karen Karapetyanla
Sarkisyan arasında hakimiyyət uğrunda mübarizə açıq müstəviyə
keçir. Xüsusilə parlament seçkilərindən sonra Karapetyan Sarkisyana
hücumları intensivləşdirib. Misal üçün, “1in.am” saytı yazır ki,
son günlər hökumətdə Sarkisyana yaxın şəxslər rüşvətxorluq ittihamı
ilə ya işdən uzaqlaşdırılır, ya da həbs edilir. Bu prosesin
arxasında isə baş nazir Karen Karapetyan dayanır.
Hesab etmək olar ki, Sarkisyan “məxfi silah” uydurmaları və cəbhədə
gərginliyi görükləməklə Ermənistanda orduya ehtiyacın olduğu rəyini
gücləndirir. Ordunun rəhbərliyində isə özünün varisi hesab etdiyi
Viqen Sarkisyan dayanıb. Yəni dolayısı ilə özünün vacibliyini
gündəmdə saxlamağa çalışır. Digər tərəfdən, təhlükəsizlik amilinin
ön plana çıxması Sarkisyanın Milli Təhlükəsizlik Şurasının baş
katibi olaraq ölkəyə nəzarəti ələ alması planlarına dəstək ola
bilər. Bu proseslər ermənilərin cəbhədə gərginliyi daha da
artıracağını deməyə əsas verir.
Asif Nərimanlı
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO