• USD 1,7000 0,00% EUR 1,9143 +0,64%
    • GBP 2,1553 +0,95% RUB 0,0267 +0,75%

Qarabağ üçün MƏXFİ PLAN, paytaxta SON HÜCUM... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Qarabağ üçün MƏXFİ PLAN, paytaxta SON HÜCUM... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Dağlıq Qarabağda müharibə təhlükəsi haqda növbəti xəbərdarlıq edilib. Rusiya agentlərinin Qarabağa göndərilməsi iddiası ortaya atılıb. ABŞ vitse-prezidenti Mayk Pens Rusiya, İran və terrorizmi dünya üçün əsas təhdidlər adlandırıb. Qətər və digər ərəb ölkələri arasında qarşıdurma gündəmin əsas mövzularındandır. İŞİD terror təşkilatının “paytaxt”ı hesab olunan Suriyanın Rakka şəhərinin azad edilməsi üçün əməliyyat başlanıb. Ukrayna Rusiyanın Rostov vilayətində keçirdiyi hərbi təlimləri müharibə hazırlığı kimi qiymətləndirir.

“Qarabağda vəziyyət hər an nəzarətdən çıxa bilər”. Bu barədə erməni politoloq Manvel Sarkisyan deyib.

Onun sözlərinə görə, müharibə ilə uzun sürən qarşıdurma arasında zəif əlaqə var: “Ya qəfil müharibə başlanacaq, ya da atəşkəsin pozulması davam edəcək. Müharibənin olması istisna deyil”.

Sarkisyan əlavə edib ki, Azərbaycan öz tələbində israrlıdır.

“Bakı ərazilərin qaytarılması üçün müharibəyə tam şəkildə hazırdır. Buna görə də danışıqlara üstünlük verilməlidir. Əks təqdirdə toqquşma qaçılmaz olacaq”, - deyə o bildirib.

Rusiya Ermənistandakı Erubuni hərbi bazasına MiQ-29 təyyarələri göndərəcək. “Voennoye obozreniye” nəşrinin məlumatına görə, Rusiyanın Kurskda yerləşən Qərb Hərbi Dairəsinin 14-cü alayına məxsus Xalino aerodromuna çoxtəyinatlı “Su-30SM” qırıcı təyyarələri gətiriləcək.

Rusiyanın Ermənistandakı hərbi bazasını gücləndirməsinin səbəbləri maraqlıdır. Erməni jurnalist Sarqis Artsruni “Rusiya Ermənistandakı hərbi bazasını niyə gücləndirir” sualını araşdırıb.

S.Artsruni məqaləsində maraqlı bir məqamı da açır. Yazır ki, son dövrlər Rusiya xüsusi xidmət orqanlarının agentləri Ermənistana və Qarabağa baş çəkir.

İsrail Fələstin konfliktinin istənilən həll variantında İordan çayının qərb sahilindəki əraziləri öz nəzarəti altında saxlayacaq. Bunu jurnalistlərə açıqlamasında İsrail Baş naziri Benyamin Netanyahu söyləyib.

“Biz öz qonşularımızla sülhə çalışırıq. Bu elə bir sülhdür ki, o, uzun illər boyunca davam edəcək. İstənilən həll variantı zamanı biz İordan çayının qərb sahilini öz əlimizdə saxlayacağıq”, – deyə o bildirib.

Qeyd edək ki, İsrail İordan çayının qərb sahili və Şərq Qüdsü İordaniyadan 1967-ci ildə baş tutan altıgünlük müharibə zamanı alıb.

Rusiya, İran və terrorizm dünyadakı əsas təhdidlərdir. Bunu “Atlantik Konsul”da çıxışı zamanı ABŞ vitse-prezidenti Mayk Pens söyləyib. O, ABŞ-ın bu məsələdə özünün NATO-dakı müttəfiqlərinə yardım etməyə hazır olduğunu bildirib:

“Rusiyanın beynəlxalq sərhədləri dəyişmək cəhdindən, İranın Yaxın Şərqdə qeyri-stabillik yaratmaq, qlobal terrorizmin istənilən zərbəni, istənilən yerdə endirmək cəhdinə qədər hər şeyə yardım etməyə hazırıq. Bu gün dünya kommunizmin 25 il əvvəl çöküşündən daha təhlükəlidir. Biz NATO qarşısında bütün öhdəliklərimizi icra etməyə hazırıq”.

ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistan səfərindən sonra 8 ölkə - Səudiyyə, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Liviya, Maldiv adaları və Mavrikiy terroru dəstəkləmək və İranla əməkdaşlıq etməyi əsas gətirərək Qətərlə diplomatik əlaqələri kəsdi. Bu qərarın qəfil verilməsi və Qətərin bütün təkziblərinə rəğmən, “rəhm edilməməsi” məsələnin alt qatında nələrin olduğuna dair suallar yaradır.

Türkiyəli mütəxəssis Sadıq Ünay Qətərlə bağlı böhranın gizli səbəbinin təbii qaz olduğunu açıqlayıb.

“Qətər dünyanın ən böyük təbii qaz qaynaqlarına sahibdir. 2013-cü ildən başlayaraq, İran-Qətər münasibətləri çox yaxşıdır. Bu vəziyyət ABŞ və Səudiyyə Ərəbistana təsir edir. 2013-cü ildə başlanan İran-Qətər əməkdaşlığı bölgədəki siyasi tarazlığı dəyişdirə bilər. Qətərlə İranın dünyanın ən böyük təbii qaz istehsalına başlamaq qərarı bu böhranın əsas səbəbidir”, - deyə mütəxəssis bildirib.

Qətər ərəb ölkələri ilə münasibətləri bərpa etmək üçün diplomatik böhranın həlli üçün fəaliyyət planı təqdim etməlidir. Bunu jurnalistlərə açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Ənvər Qarqaş söyləyib. O, Qətərlə münasibətlərin bərpası üçün zəmanətli planın gərəkli olduğunu söyləyib.

Qətərlə bəzi ərəb ölkələri arasında yaşanan böhranı yaxından izləyən siyasi ekspertlər böhranın səbəblərini və gedişatını qiymətləndiriblər. “Anadolu” agentliyinə danışan Oksford Universitetinin müəllimi və Körfəz ölkələri üzrə mütəxəssisi Camal Abdullah Səudiyyə Ərəbistanı başda olmaqla bəzi ərəb ölkələrinin Qətərin son illər yürütdüyü müstəqil xarici siyasətindən narahat olduqlarını söyləyib.

ABŞ prezidenti Donald Tramp Qətər böhranına ilk dəfə münasibət bildirib. "Yaxın Şərqə səfərim zamanı bundan sonra radikal ideologiyaların maliyyəlləşdirilməməsi zərurətini söylədim. Liderlər Qətəri göstərdi”, - ABŞ prezidenti özünün Tvitter hesabında yazıb.

Artıq İsrailə qarşı ərəb koalisiyası mövcud deyil. Bunu jurnalistlərə açıqlamasında İsrailin keçmiş müdafiə naziri Moşe Yalon söyləyib.

“Altıgünlük savaş zamanı bizə qarşı koalisiya yaradıb, bizi yox etmək istəyən ərəblər bu gün özlərini bizimlə eyni gəmidə görürlər. Bu gün Qətərdən başqa bütün sünni ərəb ölkələri ilə eyni gəmidə hərəkət edirik. Bunun nəticəsidir ki, İran hamımızın bir nömrəli düşmənidir”, – deyə o bildirib.

“Röyters” agentliyinin ABŞ Administrasiyasına istinadən yaydığı məlumata görə, administrasiya Qətərin fəaliyyətinin təkcə Fars körfəzi ölkələri yox, həm də ABŞ üçün təhdid olduğunu bildirib. Bununla belə, rəsmi Vaşinqton Qətərlə digər ölkələrin münasibətlərini əvvəlki səviyyəyə qaytarmağa cəhd edəcəyini söyləyib.

Qətər onunla diplomatik münasibətləri kəsən ölkələrə dialoq çağırışı edib. Qətərin xarici işlər naziri şeyx Məhəmməd bin Al Sani Körfəz ölkələrinə eyni cavabı verməyəcəklərini və dialoq istədiklərini deyib.

“Qarşılıqlı razılaşmaya hazırıq”, - deyə qətərli nazir bildirib.

Səudiyyə Ərəbistanı Qətəri işğal etməyə hazırlaşır. Bu sözləri Körfəz ölkələri İnstitutunun qurucusu və direktoru Əhməd Əli deyib

“Qətər sərhədləri yaxınlığında Səudiyyə ordusunun manevrlər etdiyi barədə məlumatım var. Səudiyyənin Yəməndəki hücumlarına baxın. Ər-Riyad güc toplayır. Ani hücum planı hazırlanır”.

İnstitut direktoru onu da əlavə edib ki, kral ailəsinin bu planını Tramp və Tillerson dəstəkləyir.

Qətər hökuməti terror təşkilatlarına 1 milyard dollar həcmində ödəniş edib. Bu informasiyanı “Faynənşıl Tayms” qəzeti yayıb. Rəsmi Doha bu ödənişi əmirliyin hakim ailəsinin üzvlərini terrorçuların əlindən qurtarmaq üçün verib. Belə ki, bu şəxslər terrorçuların əlinə İraqda ov edərkən düşüblər.

Pullar “Əl-Qaidə”yə və İraq hökumətinə bağlı olan qruplara çatıb. Tərəflər arasında müqavilə bu ilin aprel ayında bağlanıb.

İŞİD terror təşkilatının “paytaxt”ı hesab olunan Suriyanın Rakka şəhərinin azad edilməsi üçün əməliyyat başlanıb. Əməliyyatı ABŞ-ın dəstəklədiyi “Suriya Demokratik Gücləri” (SDG) həyata keçirir.

Əsas hissəsini YPG terror təşkilatının təşkil etdiyi SDG Rakkanın şimalında yerləşən və İŞİD-in əlində olan hərbi hissəyə hücuma başlayıb. Eyni zamanda, şəhərinin şərqində yerləşən bölgəyə də hücumun başlandığı bildirilir.

Son məlumatlara görə, SDG Rakkanın şərqindən şəhərə girib.

“Rusiya ordusunun Ukrayna sərhədinə yaxın ərazilərində təlimləri və döyüş hazırlığının yoxlanılması iki motivlə bağlı ola bilər: Ukrayna ordusunun mümkün hücumunun qarşısının alınmasına hazırlıq və şəxsi hücumun planlaşdırılması”. Bunu “İnformasiya müqaviməti” qrupunun koordinatoru , Ukrayna Ali Radasının üzvü Dmitri Tımçuk deyib.

Onun sözlərinə görə, 2016-cı il ərzində və 2017-ci ilin başlanğıcında Ukrayna ilə sərhəddə rusiyalıların hərbi qüvvələrinin yenidən format edilməsi prosesi gedib:

“Yeni diviziyalar və daimi dislokasiya yerləri yaradılıb, briqadaların yeri dəyişdirilib və genişləndirilib. Hazırda hərbi bölmələrin çox güclü və genişmiqyaslı yenidən təşkili başa çatıb. Növbəti mərhələ Rostov vilayətində daimi təlimlərdir”.

Deputat qeyd edir ki, Rusiya iki ildir Ukrayna ordusunun hücumunu gözləyir: “Bu məqsədlə Ukrayna ilə sərhəd ərazisində və işğal edilmiş ərazilərdə döyüş hazırlığı məsələləri yerinə yetirilir. Təlimlərin ikinci mümkün səbəbi ehtimal edilən hücum əməliyyatlarıdır”.

Ekspert hesab edir ki, təlimlərə hansı qoşun bölmələrinin cəlb edilməsini müşahidə etmək lazımdır.

Ömər Dağlı

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR