• USD 1,7000 0,00% EUR 1,9164 0,00%
    • GBP 2,1547 0,00% RUB 0,0263 0,00%

İranın ürəyinə endirilən zərbə: Tehran niyə bombalandı? - TƏHLİL

İranın ürəyinə endirilən zərbə: Tehran niyə bombalandı? - TƏHLİL

Bu gün səhər İranı vurdular, Tehranın küçələrində terrorçularla hüquq-mühafizə orqanları arasında sözün əsl mənasında döyüş getdi. Küçə döyüşlərinin Suriyada, Yəməndə, İraqda və Yaxın Şərqin digər ölkələrində, hətta Türkiyədə baş verməsi adiləşib, lakin məhz İranda, 38 ildir qapalı olan ölkədə terrorçular parlament binasını ələ keçirirsə, iranlıların ən müqəddəs yeri hesab etdikləri Xomeyni türbəsini bombalayırsa, metronun məhz “Xomeyni” stansiyası partladılırsa, bu, regionda siyasi qarşıdurmanın açıq müstəviyə keçdiyinin siqnalıdır.



Ağ Evə gələn kimi anti-İran mövqeyini Vaşinqtonun xarici siyasət kursuna çevirən ABŞ prezidenti Donald Tramp ilk rəsmi səfərini Səudiyyə Ərəbistanına (məhz İranla düşmən cəbhədə olan ölkəyə) etdi; Ər-Riyadda Ərəb-İslam-Amerika sammiti keçirildi, hansı ki, bu ərəb dünyası da daxil olmaqla bütün Yaxın Şərq regionunda siyasi tarazlığın dəyişdiyinin müjdəçisi idi; Ərəb torpaqlarından zəfərlə ayrılan Tramp İranı qatı düşməni hesab edən, həmçinin, İranın qatı düşmən hesab etdiyi İsrailə getdi; ABŞ prezidentinin bu turnesindən sonra qəfil 8 ərəb ölkəsi Qətərə qarşı diplomatik hücuma keçdi - əsas səbəb Qətərin İranla əməkdaşlığı göstərilirdi, hansı ki, bu əməkdaşlıq 2013-cü ildən başlayaraq möhkəmlənmişdi. Ərəb ölkəsinin Səudiyyə ilə ABŞ-ın əleyhinə olaraq İranla dünyanın ən böyük təbii qaz istismarı məsələsində razılaşdığı deyilirdi; Və Qətərə diplomatik hücumdan bir gün sonra İranı vurdular.

Hadisələrin inkişafı fonunda İranın vurulmasının arxasında kimlərin dayana biləcəyi aydın görünür, lakin əvvəlcə kiçik ehtimal olsa belə bir versiyanı və bu versiyada paradoks olan məqamları da diqqətdən qaçırmaq olmaz.

Daxili döyüşmü? İran hücumunda diqqəti çəkən detallar vurulan obyektlərdir. Xomeyni türbəsi, “Xomeyni” stansiyanı və parlamentin binası. İran 38 il ərzində qapalı ölkə olub və illərdir ABŞ-la aparılan mübarizədə dizini yerə qoymayan bu ölkədə cəmiyyət üçün “strateji” hesab olunan məkanları vurmaq bu qədər asan ola bilərmi? İranlılar üçün müqəddəs hesab olunan Xomeyni türbəsi ilə yanaşı, niyə məhz parlament binasına da hücum edildi? Burada İŞİD-in hücumları dərhal üzərinə götürməsi də diqqətdən yayınmır, hansı ki, İran Suriyada məhz bu terror qruplaşmasına qarşı döyüşür.

Bu sualların cavabları arasında İran daxilindəki mühafizəkarlarla islahatçıların qarşıdurması da var. Prezident seçkilərində islahatçı qanadın əsas fiquru olan Həsən Ruhani yenidən seçildi. Bu Qərblə qarşıdurma xəttini seçmiş mühafizəkarların əlinin zəifləməsi ola bilər. Çünki prezident seçkilərindən sonra İranın əsas postu olan ali dini lider seçiləcək. Hazırkı dini lideri Xamenei postunu təhvil verəcəyini açıqlayıb. Dini lider postuna hazırda ölkədə daha güclü olan islahatçıların nümayəndəsinin seçilməsi ehtimalı var. Bu ilin yanvar ayında islahatçı qanadın əsas hamisi hesab olunan Rəfsancaninin müəmmalı ölümü, daha sonra ərəb əsilli əhalinin yaşadığı Ahvaz bölgəsində kütləvi etirazların başlaması və dini lider Xameneinin bu hadisələrə görə prezident Ruhanini ittiham etməsi İran daxilində mühafizəkar-islahatçı qarşıdurmasının nəticələri idi. Bu hücum da eyni qarşıdurmanın nəticəsi ola bilərmi?

- Məhz Xomneyinin türbəsi vurulur. Bəlli ki, bu İran cəmiyyətini anti-ABŞ, anti-İsrail mövqeyini gücləndirəcək. Hərçənd, prezident seçkilərində Ruhaninin qalib gəlməsi İran əhalisinin təcrid halında yaşamaqdan bezdiyini, düşmənçilik ruhunun öldüyünü göstərirdi. Bu hücum əhalinin mühafizəkarlar ətrafında birləşməsini təmin edəcək.

- Hədəflərdən birinin məhz islahatçıların qalası hesab olunan parlament binası olması bu kontekstdə düşündürücüdür.

- Və bu da məlumdur ki, hücumdan sonra İranın Suriya əməliyyatları ciddi legitimlik qazanacaq. Hansı ki, İdlibə kimyəvi silah atılması ilə ABŞ eyni legitimliyi qazanmışdı. Hesab etmək olar ki, İran əks-taktikaya əl atır.

Lakin hədəfdə olan İranın “daxili partlayışlar” törədərək, xarici əməliyyatları legitimləşdirməsi əks cəbhədəki ABŞ və Səudiyyənin anti-İran mövqeyinə haqq qazandıra bilər. Bu baxımdan, gözlər ölkə sərhədlərindən uzaqlara dikilir.

Hadisələrin xronologiyası, dünyada güclənən anti-İran koalisiyası, xüsusilə hücumun məhz Qətər böhranından bir gün sonra baş verməsi və məsuliyyəti İŞİD-in rəsmi şəkildə üzərinə götürməsi də nəzərləri Səudiyyəyə, dolayısı ilə ABŞ-a yönəldir. İlk mesaj “səni öz evində vura bilərik”dir. Amma hər şey bu qədər sadə ola bilməz.

Hücumda xarici faktoru əsas götürsək, əsas hədəf budur: İran üçün tələ qurulub və bu hücum yemdir. İran bu hücuma qarşılıq verərək, Yaxın Şərqdə fəaliyyətini daha da genişləndirsə, ona qarşı əks cəbhənin daha şiddətli hücuma keçməsinə şərait yaranacaq. Beləliklə, ABŞ Obama dövründə qaldırılmış sanksiyaları asanlıqla yenidən gündəmə gətirə bilər.

Hesab etmək olar ki: Terror və döyüşlər İrana keçirilir; 38 ildir içinə qapanan ölkəni bu üsulla məhv edirlər; Daha konkret desək, Suriya, yaxud İraq ssenarisi həyata keçirilir.

Bu hədəfin ümumi cizgiləridir. Bu cizgilər arasında cari hədəflər də var.

a) İran daxildə aldığı zərbələrlə öz içinə çəkilir, Suriya və Yəmən planları yarımçıq qalır, həmçinin, Səudiyyə Ərəbistanına maneə yarada bilmir. Bu, ABŞ-ın Ərəb-İslam-Amerika sammitindən sonra bölgədə başlatdığı yeni siyasətini daha asan və tez həyata keçirməsinə şərait yaradır.

b) İranın öz qınına çəkilməsi Livandakı Hizbullah qruplaşmasının dəstəkdən məhrum olması və asanlıqla məhv edilməsi ilə nəticələnə bilər.

c) Suriyada da Əsəd, eləcə də Rusiya təklənir. Bu, İdlibə kimyəvi silahın atılması və Koreya yarımadasında gərginliyin yaradılması ssenarisinin davam hesab oluna bilər: İdlibə kimyəvi silah atıldıqdan sonra “Əsədin yanında olmaq dünyanın düşməni olmaq” prinsipi irəli sürüldü. Ardınca Koreya yarımadasında yaranan gərginlik Çinin diqqətini öz sərhədlərinə yönəltdi və Yaxın Şərqdə Rusiyaya dəstəyinə təsir etdi; İndi İran daxildən partladılaraq, öz içinə gömülür və güman ki, bu, Tehranın Suriyadakı addımlarına təsirsiz ötüşməyəcək; Bu, Rusiyanın Suriyada təklənməsi deməkdir.

Mümkündür ki:

- İran terrorun yeni hədəfi olacaq.
- Rusiya Suriyada sıxışdırılacaq.
- Moskvanı Suriyadan çıxarmaq üçün Şərqi Avropada-Rusiya sərhədlərində hansısa gözlənilməz hadisələr ola bilər, hətta Ukraynada döyüşlərin yenidən başlanması ehtimalı da istisna deyil.
- Çin, İran və Rusiya Suriyadan çıxarılsa, ABŞ Əsədi göndərib, “Yeni Suriya” xəritəsini çəkəcək və Türkiyə ilə müəyyən mənada anlaşacaq.

Hələ ki, görünən mənzərə belədir. Lakin İranın bu hücumlardan sonra hansı addım atacağından da çox şey asılıdır.

Asif Nərimanlı

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR